Kəlbəcər Aşıqları

Aşıq sənətinin qısa tarixi arayışına baxaq.
 
Azərbaycanda aşıq ənənələrinin yaşı yüz illərlə ölçülür və o öz başlanğıcını görkəmli ədəbi abidəsi «Kitabi-Dədə Qorqud» olan türk ozanlarının sənətindən götürür. Ozanlar - nəğməkarlar, dastançılar, qopuz adlanan qədim simli alətinin ifaçıları, türk dilinin, eposunun, daha genişi, türk ruhunun qoruyucuları oğuz-türk tayfaları arasında xüsusi mənəvi nüfuz sahibi idilər. Bunlardan ən hörmətliləri, məsələn, məşhur ozanlar Dədə Qorqud, Dədə Abbas, Dədə Yedigar, Dədə Qasım, Dədə Kərəm «dədə» (mənəvi ata) titulu daşıyırdılar. Ozanların XVII əsrdə tarix səhnəsindən getmələri bir sıra səbəblərlə şərtlənmişdi. Belə ki, İslamın, onun üstmilli ideologiyasının türkoğuzlar arasında geniş şəkildə təbliği, ərəb dilinin, ədəbiyyatının və bütövlükdə İslam dəyərlərinə istiqamətlənmiş mədəniyyətinin üstün mövqeyə çıxarılması ozan sənətinin təməl-əsasını aradan çıxarır və qaçılmaz şəkildə türkçülük daşıyıcısı olan ozanları cəmiyyətdənxaric vəziyyətə salırdı. Bəzi anlamda qocaman ustad ozan Dədə Yedigar və cavan aşıq Dirili Qurbani arasında XVI əsrdə Gəncədə baş tutmuş yarışın aşığın qələbəsi ilə başa çatmasını özünəməxsus «dövr nişanı», dəyişən zəmanənin rəmzi hesab etmək olar. Qədim ozanların irsi Azərbaycan, türkmən, qazax, uyğur, türk və özbək xalq nəğməkarları-dastançılarmın ümumi təməl-başlanğıcı idi. XVI-XVII əsrlərdə Azərbaycanda və Türkiyədə öz aşıq, eləcə də Türkmənistan, Özbəkistan və İranda baxşi sənəti ənənələrinin formalaşması ilə bu xalqlardan hər birinin sənətində fərdi cizgilər - məxsusi musiqilipoetik material, musiqi alətləri ərsəyə gəlir. Aşıq ənənələri Azərbaycan mədəniyyətində XV- XVI əsrlərdən etibarən kök salmağa başlayır, amma «aşıq» termininin özü bizim hazırda bu anlayışa verdiyimiz mənanı dərhal almamışdır. Onun etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir qisim mütəxəssislər onun yaradılmasını ərəb sözü olan «eşq» (eşq, aşiq - sevən, vurulmuş) ilə bağlayır və onu mistik məhəbbət kimi izah edirlər, digərləri isə türk sözü olan “işıq”la əlaqələndirərək ilahi nurun rəmzi tək qəbul edirlər. Belə bir ehtimal da var ki, “aşıq” sözü “şeyx” sözünün (ya da onun fonetik yerli şəkli olan «şıx»m) dəyişilmiş formasıdır ki, ortacaq şərq ruhani qardaşlıqlarının (təriqətlərinin) rəhbərlərini bu cür adlandırardılar. «Aşıq» və «aşiq» sözlərinin fonetik oxşarlığı da diqqət çəkir. «Aşiq» sözünə müraciət titulu kimi ilk dəfə türk mistik şairi Əhməd Yasəvinin (1105-1166) əsərlərində rast gəlinir. O «Haqqa vurulmuş» sufi dərvişlərini bu cür adlandırırdı. 14 «Haqq qulları dərvişlər, Həqiqəti bilmişlər, Haqqa aşiq olanlar Haqq yoluna girmişlər» Professor Məhərrəm Qasımlının fikrinə görə, aşiqlərin dərvişdən nəğməkara, aşığa çevrilməsi yolu musiqinin və poetik sözün, bəzən də ekstatik rəqslərin aşiq-dərvişlərin öz ilahi sevgi obyekti ilə qovuşma vasitəsinə çevrildiyi sufi zikrindən keçirdi. Sonralar, müxtəlif dinlərin ayin təcrübəsində olduğu kimi, poetik söz və musiqi tədricən dərvişaşiqlərin müstəqil fəaliyyət sahəsinə ayrıldı ki, bu fəaliyyət XVIXVII əsrlərdə müəyyən qədər sitayiş (ideoloji) funksiyasını qoruyub saxlasa da, XIX əsrdə bədii-estetik mahiyyətli oldu. Lakin hətta XIX əsrdə de aşıq poeziyasında dini motiv və süjetlərə rast gəlinirdi, aşığın yaradıcı istedadı isə ona Allah tərəfindən verilmiş ilahi qüvvə, “vergi” hesab olunurdu. Bu günümüzə qədər də Azərbaycanda aşıqlar və onların pərəstişkarları arasında aşıq sənətinin və bu sənətin mütləq rəmzi olan sazın sakral, müqəddəs mənşəli olması ilə bağlı dərin inam yaşamaqdadır.

Azərbaycan aşıq sənətinə öz töhvəsin verən aşıqların sırasına Kəlbəcər Aşıqlarında aid etmək olar.Bunlar aşağıdakılardan ibarətdir.

Şair Aşıq Dədə Şəmşir

Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb. 

Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb. Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır. Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşnda dünyasını dəyişib.

Şair aşıq Allahverdi Qəmkeş

Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Söz-sənət adamı olan atası Əli kişinin el-obada böyük hörmət və nüfuzu vardı. Allahverdi 1955-ci ildə Şuşa Pedaqoji Texnikumuna qəbul olunur. O, bir il sonra Moskvada keçirilən Azərbaycan incəsənəti festivalında çıxış edir. Festivalın laureatı olan Allahverdini geri qayıdanda pis qarşılayırlar, daha doğrusu, texnikumun direktoru Armen Xaçaturyan azərbaycanlı tələbənin bu qələbəsini həzm edə bilmir. İş, canlı-cüssəli Allahverdinin Xaçaturyanı döyməsi ilə nəticələnir. Və gələcəyin məşhur aşığı bununla da texnikumu tərk etməli olur. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. Oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Allahverdi o günlərdən öz ustadları ilə toylara getməyə, söz-sənət meydanında püxtələşməyə başlayır. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiya respublikalarından gəlir. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir. 

Bir az qabağa gedib deyim ki, 1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə cənnət yurd-yuvasından didərgin düşəndən sonra təbrizli aşıqlar Gəncəyə - məşhur aşığın ziyarətinə gəldilər. Özü də dəfələrlə. Allahverdi Qəmkeşlə Təbriz aşıqlarının saz-söz deyişmələrinin hamısını Ramiz lentə alıb. Biz də onlardan bəzi parçalara böyük həvəslə baxdıq. Sonralar Qəmkeş VI Ümumdünya, neçə-neçə Ümumittifaq festivallarının qalibi, Aşıqlar Birliyinin üzvü kimi III-IV-V Aşıqlar Qurultayının iştirakçısı olur, iki şeir kitabı çap olunur. Əlbəttə, bütün bu sadaladıqlarım məşhur aşığın zəngin ömrünün bəzi məqamlarıdır.

Aşıq Ədalət Dəlidağlı

1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdır. Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur. Bu Ədalət Dəlidağlının Azərbaycandan kənarda qazandığı ilk uğuru olmuşdur. 2006-cı ildə “Azərsun”un keçirdiyi “Ozan” müsabiqəsində birinci yerə layiq görülmüşdür.

Onun sənətdə qazandığı bu uğurlar rəsmi dövlət qurumları tərəfindən də diqqətə alınaraq, 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülür. Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır. Onun səsləndirdiyi saz havalarında Murov dağlarının əzəməti, nigarançılığı, nisgili və bir də bizlərə ünvanlanan qınağı gizlənib sanki. Qol-boyun olduğu sazında Kəlbəcərin ruhunu, itirilmiş torpaqlarımızın xiffətini və bir də canımızı ruhumuzdan ayıran “Ruhani”sində həm də o torpaqlara dönmək ümidini yaşadır bizə Ədalət Dəlidağlı. Tanrı Kəlbəcər yaylalarını “Ruhani”siz qoymasın. Allah “Bala Ədalət”ə Dədə Şəmşirin ruhunu şad etməyi nəsib etsin, Ulu sazımızın Kəlbəcərdən hicrətinə son qoysun!

Digər Aşıqlarımız
 

Aşıq Islam – ustad aşıqlardan biri sayılırdı.Məclisləri ədəb-ərkanla idarə edirdi.səsi və sazı valehedici idi.Dinləyici onun məclisində 1 sutka da otursaydı yorulmazdı.
 

Aşıq İsmayıl – məhşur zurnaçı Aşıq Sadığın oğludur.Özü zurna-balaban çalsa da saz aşığı idi.Məclislər idarə edir,dastanlar söylərdi.
 

Aşıq Əbülfət – ali təhsilli müəllim idi.lakin ustad aşıq kimi daha məhşur idi.Şirin səsə malik və şifahi xalq ədəbiyatın axşı bilənlərdən idi.
 

Aşıq Firudin – məclislər,toylar yola salan tanınmış bir aşıqdır.Hər zaman məclisləri daha da canlandırmaqda böyük əməyi olan aşıqlarımızdan idi.
 

Aşıq Bəhmən – çox şirin,zil səsə malik idi.Onu dinləyən birdə dinləmək istəyirdi.
 

Aşıq Sabir – rayonun ən zil havalar üstündə oxuyan,kür səsli bir aşıq idi.”Aşıq Alının İran səfəri” dastanın məharətlə ifa edirdi.
 

Aşıq Hidayət – Respublikanın ən kamil,saz havalarını düzgün,yerli-yataqlı çala bilən sənətkarlardan idi.Sinəsi dastan və çap olunmamış şeirlər xəzinəsi olmuşdu.
 

Aşıq Telman- Kəlbəcərin tanınmış aşıqlarından biri idi.Gözəl saz çalır, məclisləri məharətlə idarə edir, çoxlu dastan bilirdi.Hər kəs onun keçirdiyi məclislərdə iştirak etməyə can atırdı.
 

Aşıq İmran- təkcə Kəlbəcərdə yox başqa rayonlarda da tanınmışdı.Laçın rayonunda çoxlu toy məclislərində iştirak etmiş,tükənməz söz ehtiyatına malik idi.Məlahetli səsi onu Kəlbəcərin ustad aşıqlar sırasına qoşmuşdu.
 

Aşıq Məşədi Novruz-səsi zilə qaldıranda otağda lampa sönmüşdü.Öz təşəbbüsü ilə 400 gündən artıq vaxt ərzində müxtəlif bölgələrdə əsgərlərimiz qarşısında maraqla qarşılanan çıxışlar etmişdir.
 

Aşıq Mirzə (Ağ Aşıq) - tanınmış aşıqlardan biri idi.Mələhətli səsə malik idi.Şairlərin ,aşıqların çoxlu şeirlərinin ifaçısı idi.
 

Aşıq Eyvaz-səsi kür olan aşıqlardan biri idi.Aşıq Eyvaz Kəlbəcərin işğalı zamanı erməni elinə düşüb əsir getdi.Min bir zülm və istirablara tab gətirən bu el sənətkarı əsirlikdən xilas olmuşdur.
 

Aşıq Əziz- Kəlbəcər mədəniyyət evinin ən fəal üzvlərindən biri idi.Kamil bir aşıq kimi atası Əsəd kişi mahir saz qayiran usta kimi tanınmışdı.
 

Balabançı Salman-Respublikanın ən kamil balaban və zurna çalan aşıqlarından idi.O ,qara zurnada “ Koroğlu Cəngisi” havasını çalanda elə bil dağ- daş yerindən oynayırdı.
 

Aşıq Firudin-məclislər ,toylar yola salan tanınmış aşıq olmuşdur.
 

Aşıq Bəhmən- çox şirin zil səsə malik idi.Onu dinləyən birdə dinləmək istəyirdi.
 

Aşıq Qardaşxan-məlahətli səsə malik olan bir el aşığı idi.Sazda çaldığı havalar, söylədiyi dastanlar ,oxuduğu şeirlər dinləyicini heyran edir,özüdə hərdən qoşma və gəraylı yazırdı.Məclisləri ustalıqla keçirdi.