ERMƏNİ VANDALİZMİ:
________________________________

Əsirlikdə olan Azərbaycan abidələri

1/1

Cəbrayıl rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 km2, əhalisi 72 700 nəfərdir (01.01.2011). Mərkəzi Cəbrayıl şəhəridir. Rayon 23 avqust 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli, Xudafərin, Mahmudlu qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Keçəl Məmmədli, Yanarxac, Alıkeyxalı, Maşanlı, Hasanlı, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynalılar, Hacılı, Tulus, Dağ Tumas, Qarağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsus, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqaydı, Mahmudlu, Cocuq Mərcanlı kəndləri daxildir.

Səthi, əsasən, maili düzənlik (İncəçöl, Gəyan cölü), şimalda alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri).
İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutub. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub müəssisəsi, 78 kitabxana, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) mövcud olub.

1/2

«Başıkəsik gümbəz» (Sərdabə)

Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə «Başıkəsik gümbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. Erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçə yerdən dağıdılmışdır.

Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi

Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi 1980-ci il dekabrın 8-də yaradılmışdı. Bu müddət ərzində muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur.
Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir.

1/1

Cəmil Əhmədovun xatirə muzeyi

 


Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyi Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi 1985-ci ildə yaradılmışdır.
Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin həyətyanı sahəsində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzey üç otaqdan ibarət idi. 
Cəmil Əhmədovun xatirə kompleksindəki büstü tanınmış heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdır.
Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı.
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən bir qədər əvvəl Cəmil Əhmədovun xatirə muzeyindən çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzinə təhvil verilmişdir. Həmin eksponatlar hazırda İstiqlal muzeyində qapalı şəraitdə saxlanılır.

Çələbilər kəndində məscid-mədrəsə

 

Cəbrayılın Çələbilər kəndində yerləşən tikintisi XVI əsrə aid olan məscid-mədrəsə Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs demişdir. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. 
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun işğalına qədər bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdi. 
Hazırda dağıdılmış vəziyyətdədir.

1/3

Xubyarlı kəndində türbələr

 

Cəbrayıl şəhərinin şimalında Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid «Dairəvi » türbə, XVI əsrə aid 8 guşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən Cəbrayıl rayonunun işğalından əvvəl tam bərpa olunmuşdu. Əldə olunan məlumatlara görə, bu abidələr də işğalçılar tərəfindən yerlə - yeksan edilmişdir.

Xudafərin körpüləri

 

Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. 
Körpülərin böyüyünün- bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 m, ən iri tağ aşırımı 8,7 m, ən kiçik tağ aşırımı 5,8 metrdir.
Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. 
On bir aşırımlı Xudafərin körpüsü isə çay axarının yuxarısında olub bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir.
Tədqiqatçılar bu körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. On bir aşırımlı Xudafərin körpüsünün yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə məşhurdur. 
Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir.
Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili və ölkələrarası deyil, qitələrarası əlaqələrdə də faydalı olmuşdur. 
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Xudafərin körpüləri də əsirlikdə qalmışdır.

1/9

1/1

Şıxlar türbəsi (Dairəvi türbə)

 

Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında XIV əsrdə tikilmiş Şıxlar türbəsinin hündürlüyü 8 metrə, diametri 6 metrə yaxındır. Şıxlar türbəsinin günbəzinin yuxarı hissəsi erməni silahlı qüvvələrinin işğalı zamanı dağıdılmışdır.

Cəbrayıl rayonu

Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.

Mənbə : www.armenianvandalism.az

            Copyright  © 2019        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev