ÇƏRƏKDAR DÖYÜŞÜ

1992-ci ilin yayı idi. Qarabağ cəbhəsindən xoş xəbərlər alınmaqdaydı. Azərbaycan ordusunun bölmələri Tərtər, Ağdam və Goranboy batalyonları müxtəlif istiqamətlərdən hücuma keçərək Ağdarə bölgəsinin xeyli ərazisini düşməndən azad etmişlər. Ağdərə şəhəri, və onun ətrafındakı kəndlər-Tərtər batalyonları, tərtər çay boyunca olan ərazilər Goranboy, Xanlar və tərtər batalyonları tərəfindən azad edilmişdir. Eyni zamanda Ağdərə bölgəsinin qərbindən-Kəlbəcərdən isə Əfsanəvi hərbi hissə Ağdərənin Çapar, Həsənriz, Umudlu, Qozlu körpü, Çıldıran, Dovşanlı və s. istiqamətindən isə hücumlara başlamaq üçün Çərəkdar, Ağdaban, Mərcimək və Narışdar məntəqələrində toplaşmışdı. Hərbi hissə son hazırlıq işlərini görürdü. Aprelin 8-də Ağdabanda vəhşiliklər törədən ermənilər daha da azğınlaşaraq 500 nəfərədək canlı qüvvə, tank, PDM və zirehli texnika ilə silahlanaraq Qozlu körpüdə toplaşmışdı. Bizim kəşfiyyatçılar düşmənin hücuma hazırlaşdıqlarını xəbər vermişdilər. 2 iyul 1992-ci il tarixdə ermənilər rus hərbi birləşmələri ilə birlikdə Çərəkdar kəndinə hücum etdilər. Polkovnik Z.Rzayevin komandanlığı altında Çərəkdar kəndində erməni və rus hərbi birləşmələri ilə döyüş başladı. Ermənilər Rusların artilleriyasının köməyi ilə beş tank, 2 PDM və 500 nəfərədək canlı qüvvə ilə hücum edirdilər. Lakin, əvvəlcədən əsas yüksəkliklərdə mövqe tutmuş döyüşçülərimiz düşmənləri duyuq salmamaq üçün yaxşı gizlənmişdilər. Düşmən onların yüksəkliklərdə olduğunu bilmirdi. Buna görə də onlar tank və PDM-lərin müşaiyəti ilə asfalt yol və onun ətrafı ilə arxayın Çərəkdar kəndinə yaxınlaşırdılar. Polkovnik Z.Rzayev bütün döyüşçülərə düşməni xeyli yaxına buraxmaq üçün əmr vermişdi. Düşməni gözləmədən yaxalamaq lazım idi. Artıq düşmən PDM-i kəndin girəcəyinə çatmışdı. Döyüş əmri verilən kimi erməni piyadalarının sıraları güclü pulemyot və avtomat atəşinə məruz qaldı. Lakin, ermənilərin PDM-i xeyli irəliləyərək öz atəşi ilə bizimkilərin mövqelərini xeyli sıxışdırmağa başladı. Bu zaman komandirin əmri ilə bizim PDM yolla düşmən PDM-nə doğru hərəkətə başladı. Bir azdan PDM-lər qarşı-qarşıya gələcəkdi. Amansız bir döyüş başlamışdı. Əsgərlərimiz qəhrəmanlıqla döyüşürdü. Sayca üstün olan düşmən elə zənn edirdi ki, Çərəkdar kəndini də Ağdaban kimi asan işğal edəcəkdir. 
Bizim döyüşçülər tərəfindən əvvəlcədən yüksəkliklər tutulmuş, ermənilərin gözləmədikləri yerlərdə pulemyotçular və qumbaratanlar yerləşdirilmişdi. Kəndin içərisində və güneydəki qayalarda mövqe tutmuş əsgərlərimiz asfalt yolla və onun ətrafı ilə 4-5 ədəd zirehli texnikanın köməyi ilə irəliləyən düşməni kəndin lap yaxınlığına buraxaraq qəfil atəşlə onları biçib yerə tökürdü. Kəndin qarşı tərəfindəki güney qayalıqlarında mövqe tutmuş Yunis Nəcəfovun bölüyünün əsgərləri aşağıdan yol ilə kəndə tərəf hərəkət edən düşməni bir qədər də irəli buraxıb arxa tərəfini kəsməyi nəzərdə tutmuşdular. Elə bu məqsədlə bir dəstə döyüşçü dağın yamacı ilə aşağı endirilmişdi. Düşmən Tərtərçay dərəsinə sıxışdırmaq lazım idi. Beləliklə, ermənilər demək olar ki, mühasirə vəziyyətində qala bilərdilər. Kəndin girəcəyindəki döngələrin birində qəflətən düşmən PDM-i ilə bizim PDM üz-üzə gəldi. Hər ikisi eyni vaxtda atəş açdılar. Bizim döyüş maşınından atılan mərmi düşmən maşınının zirehinə dəyərək partlamadan çovudu. Lakin düşmənin atəşi ilə bizim maşın vuruldu, maşın tüstüləməyə başladı. Lakin düşmən irəliləməyə macal tapmadı. Tərtərçayın sağ sahilində, kəndin içərisində mövqe tutmuş bizim əsgərlərdən biri qumbaratanla düşmən PDM-nə atəş açdı. Düşmən maşını da alışdı. Sən demə həmin əsgər vurulan bizim PDM-in sürücüsünün qardaşı imiş. Amansız bir döyüş gedirdi. Geriyə qaçan düşmən isə yolun döngələrində məhv edilirdi... 4-5 saat davam edən döyüşdə düşmənin iki zirehli maşını, 54 əsgəri məhv edildi, onlar 106 yaralı ilə qaçmağa məcbur oldular. Bizim briqadanın bir PDM-i vuruldu, bir əsgər şəhid oldu və bir əsgər yaralandı. Bu döyüşdə Kəlbəcər batalyonunun döyüşçüləri də fərqləndilər. Onlar ərazini yaxşı tanıdıqları üçün döyüşün müvəffəqiyyətlə aparılmasına böyük kömək göstərdilər. Bu döyüşdən sonra ermənilər uzun müddət özlərinə gələ bilmədilər.

DİGƏR ƏMƏLİYYATLAR :

            Copyright  © 2019        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev