Qədim köklərə malik olan Azərbaycan aşıq
sənəti ənənələrinin davam etdirilməsi və
zənginləşdirilməsində Aşıq Şəmşirin
böyük əməyi vardır.

 

Heydər Əliyev

Dədə Şəmşir haqqında

Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənətinin, aşıq pоеziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gеdib çıxır. Оnun rüşеymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arasıkəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Aşıq yaradıcılığı çоx qədim tarixə malikdir. О, «Dədə Qоrqud» kimi ölməz sənət abidəsi yarada bilmişsə, dеməli ilk kökləri daha dərindədir. Azərbaycan aşıq pоеziyası, aşıq sənəti «Dədə Qоrqud» dastanları mеydana çıxandan çоx-çоx əvvəl yaranmağa başlamışdır. Bu dastanlarda aşıq böyük rоl оynayır. О, müdrik, ağıllı bir adam kimi təsvir оlunur, «еl bilicisi» adlandırılır. Hətta göstərilir ki, dastanları yazan, qələmə alan Dədə Qоrqud, yaxud Qоrqud ata, оzandır, yəni özü aşıqdır. Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman оnları hörmətlə qarşılamışdır. Bu şaxəli, qоllu-budaqlı sənətdə isə musiqi, ifaçılıq, rəqs və şеr bir-birini tamamlayır. Оna görə də aşıq sənəti şərəfli оlduğu qədər də çətin, mürəkkəb və sоn dərəcə ustalıq, həssaslıq və məharət tələb еdən sənətdir.

20-ci əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdir. Əgər 16 əsrdə Dirili Qurbani, 17 əsrdə Tufarqanlı Abbas, 17-18 əsrlərdə Xəstə Qasım, 18 əsrdə Abdalgülablı Valeh, 19 əsrdə Aşıq Ələsgər və aşıq Ağdabanlı Qurban aşıq poeziyasına öncüllük edib sənətin zirvəsində dayanırdılarsa, 20 əsrdə Aşıq Şəmşir bu məqama çatmışdır. 

Aşıq Şəmşir yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının dilbər güşəsi olan Dəmirçidam kəndində 1893-cü il mart ayının 15-də dünyaya göz açmışdır. Sonralar ailə Kəlbəcər rayonunun Ağdaban kəndinə köçmüş və aşıq Şəmşirin bütün həyatı burada keçmişdir. Aşıq Şəmşirin aşıq-şairlik səcərəsi uzun əsrlərdən qaynaqlanıb gəlir. 1430-cu ildə Göyçə mahalının Sarıyaqub kəndində anadan olan, ulu babası Miskin Abdal Şah İsmayıl Xətainin yaxın dostu, müəllimi və silahdaşı olmuşdur. 1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdala öz möhürü ilə təsdiqlənmiş Şəhadətnamə vermişdir. Xətai öz dəsti-xətti ilə yazırdı ki, bu şair, yəni Miskin Abdal, öz ağlı və kamalı ilə şahlığa layiqdir. Qədimdən müqəddəs ocaq kimi tanınan, yaşadığı Sarıyaqub kəndi isə Şax İsmail tərəfindən elə ocaq kimi təsdiqlənir və ona bağışlanır və ətrafdakı beş kəndin vergisi xüsusi fərmanla ona ayrılır. Hazırda Şah İsmayıl Xətainin imzaladığı həmin fərmanların əsli Göranboy rayonun Qaradağlı kəndində yerləşən, Miskin Abdal ocağında saxlanılır.

Şəmşir poeziyasının ikinci qaynağı atası Ağdabanlı Qurbanın öz yaradıcılığı, klassik ədəbiyyatla və poeziya ilə onu erkən tanış etməsidir. Azərbaycan və fars dillərini mükəmməl bilən, eləcədə Şərq klassiklərinin şeirlərini, mütaliə edən Qurban, dövrünün sənətkarları arasında böyük nüfuz sahibi idi. Xüsusilə Aşıq Ələsgər onun savadına, bilik və bacarığına yüksək qiymət verirdi. Bir-birlərinə yaxın dost olan bu el sənətkarları tez-tez görüşürdülər. Görüş məclisləri çox zaman Ağdaban kəndindəki Təkarmudun dibindən çıxan bulağın üstündə olurdu. Sonralar bu “Qurban bulağı”məclisi kimi formalaşdı. Aşıq Şəmşirin ilk ustadları da məhz atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Aşıq Şəmşir sonradan onların yaratdığı “Qurban bulağı” ədəbi məclisinin gənc və fəal üzvünə çevrilmişdir. Doğrudanda tez bir zamanda ozan-aşıq sənətində “Dədə” adını qazanmiş bu ifaçı aşıq, həm də geniş yaradıcılıq imkanlarına malik şair kimi də xalq içərisində, ədəbi mühitdə şan-şöhrət sahibi olmuşdur.

Dədə Şəmşir saz - söz sənəti ilə yanaşı həm də 1927-ci ildə ailə həyatı qurduğu, sonralar onunla 53 il ömür sürəcək sevimli Güllüsünə dərin hisslər bəsləyən ər, uşaqlarına gözəl bir ata və hər zaman nəvələrinin qəlblərində yaşayan baba olmuşdur. (Aşıq Şəmşirin Həyat yoldaşına olan hisslərlə dolu məktubun əlyazması). Dədə Şəmşirin 10 övladı (5 oğul, 5 qız), 29 nəvəsi, 44 nəticəsi var.

1955-ci ildə onun həyatında dərin iz buraxan bir hadisə baş verir. Aşıq Şəmşirin həmən ilin yayında Kəlbəcərdə sevimli şairimiz Səməd Vurğunla görüşü tarixi bir hadisəyə çevrildi. Azərbaycanın xalq şairi Səməd Vurğun respublikanın rayonlarına səfərə çıxırdı. Bu dəfə o, Kəlbəcərə də gəlmişdi. Şairi qarşılayanlar arasında aşıq Şəmşir də var idi. O, Səməd Vurğunu öz qoşma-şerləri ilə salamlayır. Sonradan şairlər möhkəm dost olurlar və Səməd Vurğunun təşəbbüsü ilə Aşıq Şəmşir Bakıya dəvət olunur və Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Səməd Vurğun aşıqdan xahiş edir ki, əlyazmalarını Bakıya gətirsin. Onun təşəbbüsü ilə Şəmşirin şerlərinin külliyyatı hazırlanır. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür, “Fəxri nişan” ordeni ilə təltif edilir. Ulu öndər H.Əliyev bu tarixi görüşü öz xatirələrində çox qiymətləndirmişdir.

Baxın ha Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır biri yazılı ədəbiyyat. Baxın görün bunlar əl-ələ verib quvuşduğu kimi, qucağlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır

Heydər Əliyev

1/1

50-ci illərdə isə taninmiş musiqişünas Əminə Eldarova tərəfindən Aşıq Şəmşirin 70-ə yaxin aşıq havalarını lentə yazılmışdır. İndi həmin lent yazıları Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur. Bu yaxınlarda isə həmin lent yazıları əsasında, Aşıq Şəmşirin 124 illiyinə həsr olunmuş, “Sevindim” adlı albomu işıq üzü görüb.

Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla da həmahəng səslənir:

 

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

1/1

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşir, “Heydərin”, “Yaraşır”, “Torpağın dadı” kimi əsərlər yaradır.

1971-ci ildə “Qoşmalar”, 1974-cü ildə “Seçilmiş əsərləri”, 1978-ci ildə “Dağ havası”, 1980-cı ildə “Şeirlər”, 1996-cı ildə “Öyüdlər”, 2000-cı ildə “Dədə Şəmşir yaddaşlarda” kitablari çap olunaraq oxucuların sevimli kitablarina çevrilib. Bu onun yaradıcılığının bir hissəsidir. Təəssüf ki, ermənilər ikinci Xocalı faciəsini Ağdabanda təkrarlayanda Aşıq Şəmşırın və atası Ağdabanlı Qurbanın külliyatını da yandırmışlar. Ermənilər ata və oğulun arxivlərini məhv etmişlər. Onların məzarları isə hazırda düşmənin işğal etdiyi ərazilərdə qalıb.

Sənsiz qəribsəyib, saçda tel ağlar
Dağda çiçək ağlar, bağda gül ağlar
Indi gözümüzdən axır bulaqlar
Yurdun viran qalıb, bilirsən baba?

1/1

Dədə Şəmşır həm də bir neçə dastanlarin müəllifidir. Məhz “Cəlal və Mınayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər adlı dastanlar ustad sənətkara şöhrət gətirən əsərlərindəndir. Dədənin dördüncü dastanı “Calal və Şəkər” adlanır. Beşıncı dastan “İrəvanlı Məhəmməd” və son dastanı böyük Azərbaycan şairi Səməd Vurğunun 1955-ci ilin avqust ayında Kəlbəcərə - İstisuya gəlişi ilə əlaqədar “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” adli dastanıdır. Dastan Dədənin ilk görüşündən başlayır və Səməd Vurğunun vəfatı ilə bitir. Adları qeyd edilən əsərlərdən qalanlar “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanlarıdır. Qalan dastanların əksəriyyəti ermənilər tərəfindən yandırılıb məhv edilmişdir. Geniş yaradıcılıq imkanlarına malik Dədənin səhnə əsərləri yazdığı da məlumdur. 1943-44 cü ildə yazdığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” dastanı səhnələşdirmişdir.

El sənətkarın yaradıcılığına, dövlət səviyyəsində də hər zaman yüksək qiymət verilib. Hələ 1973-cü ildə Milli Lider Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olundu, 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verildi. Azərbaycanın müstəlillik illərində isə Milli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 iilik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldıldı.

Aşıq sənətinə bu ğün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə “Aşıq Şəmşir” mədəniyyət ocağı fəaliyyətə başladı. Mədəniyyət ocağı bütünlükdə aşıq sənətinin təbliğat və inkişaf mərkəzidir. Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Həmçinin gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur. Böyük aşıq nəslindən olan Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlunun diqqəti sayəsində mədəniyyət ocağında, milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, aşıq sənəti, folklor və digər incəsənət nümunələrinin toplanması, araşdırılması, onların qoruyub yaşatması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülüb. 2015-cı ildən “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyi isə UNESCO-da məsləhətçi statusu qazanıb.

Mərkəzin nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey eyni zamanda Azərbaycan aşıq sənəti, o cümlədən peşəkar bəstəkarlıq məktəbi nümunələrinin qorunub saxlanmasını və inkişaf ənənəsini nümayiş etdirir. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.

Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm - əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrindən biridir.

Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir.

Heydər Əliyev - 5 iyul 2003-cü il.

1/1

Dədə Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlərdən parçalar:

HEYDƏRİN

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.

Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü, daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir, bizə var imdadı Heydərin.

YARAŞIR

Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.

İlanlı səhralar verir ağ üzüm, 
Mədənlər axıdır ləl düzüm –düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.

Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa,yaraşır.

TORPAĞIN DADI

Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.

Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı.

MEHDİ HÜSEYN 73, MƏNZİL 1        |        (+994 12) 492-68-28        |        NFO@DEDESHEMSHİR.COM        |        FACEBOOK        |        YOUTUBE