




Qədim köklərə malik olan Azərbaycan aşıq
sənəti ənənələrinin davam etdirilməsi və
zənginləşdirilməsində Aşıq Şəmşirin
böyük əməyi vardır.
Heydər Əliyev


Sərəncamlar

Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
02 aprel 2018-ci il.
2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.
Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2018-ci il.
Aşıq Şəmşirin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05 iyul 2003-cü il.
2003-cü ildə Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi Şəmşir Qurban oğlu Qocayevin (Aşıq Şəmşirin) anadan olmasının 110 illiyi tamam olur. Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır. Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Elmlər Akademiyası Yazıçılar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsinlər.
2. Azərbaycan Respublikasının Xanlar rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2003-cü il.


MEHDİ HÜSEYN 73, MƏNZİL 1 | (+994 12) 492-68-28 | NFO@DEDESHEMSHİR.COM | FACEBOOK | YOUTUBE