Qədim köklərə malik olan Azərbaycan aşıq
sənəti ənənələrinin davam etdirilməsi və
zənginləşdirilməsində Aşıq Şəmşirin
böyük əməyi vardır.

 

Heydər Əliyev

Dədə Şəmşir şeirlər

A Gözəl


Üfuqdən baş verın afitab kimi, Yanardı gözümdə gözün, a gözəl. Çeşmeyi-əntəhur-pak olan şərab, Şəkərdi, şərbətdi sözün, a gözəl. Mirvari dişindi, yaqut xalındı, Sevgilim xoş olan sənin halındı. Səhər-oxşarındı, nur-camalındı, Sanıram qəmərdi üzün, a gözəl. Şəmşir sevib sən tək nəcib bəşəri, Hüsnünə heyrandı, ey gözəl pəri. Xilqətində nəcabətin əsəri, Muqəddəs mələksən özün, a gözəl. 1972




A Lələ


Ana dünya, nələr saldın yola sən, Hanı Məcnun, Əsli, Kərəm, a lələ. Dedim bəlkə bizlə yaşa dolasan, Demədim ha xəlbirini al, ələ Kənar keçdi nədən uzaq baxdı yar, Indi bizə bir cənnətdi bax diyar. Əgər olsa bir insana baxtı yar, Daş götürsə dönməlidi a lələ. Şəmşir, güldür bəsdi, sən bu dağları. Görübsən sinəndə sən bu dağları. Gəzdin cavanlıqda sən budaqları, Qocalıqda telli sazı al ələ.




A Zalım Gözəl


Niyə üzün döndü yad oldun məndən, Mən sənə neylədim, a zalım gözəl. Düşkün oldum sənin dərdi-qəmindən, Qoymadın dərdini az alım, gözəl. Namərd kösöyütək əl yandırırsan, Aşıqlar ağzında dil yandırırsan. Şahid olsun oba, el-yandırırsan, Duracaq üzünə mahalım, gözəl. Daş yanır atəşə, torpaq da yanır, Piltə külə dönür, çıraq da yanır. Çəkirsən sümüyə, bıçaq dayanır, Sənə xoş gəlirmi bu halım, gözəl. Ləlidim, bu bağda qalmadın, getdin, Unutdun, yadına salmadın, getdin. Məni hicr əlindən almadın getdin, Artdı həsrətindən məlalım, gözəl. Sən yazıq Şəmşirin qəsdinə durdun, Üzdün bu canımı, dərd ilə yordun. Günahsız məhbusam, məhkəmə qurdun, Tükənmədi sorğu-sualın, gözəl.




Adamı


Vaxt olur bir yalan danışır insan, Yalan ilan kimi çalır adamı. Ancaq vaxt olur ki, bir kəlmə yalan Düşmənin əlindən alır adamı. Doğruların yalan gəlməz eyninə, Niyə deyim onun qəlbi dəyinə. Yalan söz misaldı qəm köynəyinə, Qaratikan olur yolur adamı. Yalan ilə beş gün saxlanan bir baş, Yaranıb dünyaya gəlməyəydi kaş. Şəmşiri aldatma, ürəyi sərt daş, Yalan el gözündən salır adamı. 1967




Alacaqmı?


Hüsnü gözəl, boyu goyçək, Baxışın can alacaqmı? Bu sitəmdən bəsdi, əl-çək, Bizə rəhmin olacaqmı. Qoy dolanım yar, başına, Bax qəlbimin təlaşına. Yenə məni atəşinə, Xumar gözün salacaqmı? Sənin varmı intizarın, Söylə, kimdi vəfadarın. Gülə oxşar yanaqların, Görən o da solacaqmı? Şəmşir desin eşit sözü, Sənsən ayın, günün özü. Yarın xumar baxan gözü, Görən mənsiz dolacaqmı?




Alar Hey


Sözüm bəyənilsə açar beh-bazar, Arif olan qiymətini ala-hey. Cavanlıqdan məskənimdi bu dağlar, Buz bulaqlı, sıx meşəli tala-hey. Kim üzdü torpaqdan bir qızıl gülü, Yarısa baxtından bir qız il günü. Bülbüllər sevmişdi bir qızıl gülü, Açsa qonmaz yüz min nərgiz, lala hey. Çatanda ömrünün sanı Şəmşirin, Bir quşdu cəsəddə canı Şəmşirin. Adı sağdı, özü hanı Şəmşirin, Qohum, qardaş onda yada sala hey.




Ana


Alışıram şamlar kimi, Düşəndə hər sözün, ana. Yoxsa məni yetim qoydun Bilə-bilə özün, ana. Mənə ömür diləyirdin, Üzümə gül ələyirdin. Hey açırdın, bələyirdin Çəkdin oğul nazı, ana. Arılar tək sızıldaram, Ana, sənsiz biqəraram. Cüyür kimi axtararam Bulaqlardan izin ana. Yerdə necə dayanısan, Daha çətin oyanısan. Sanki dağlar tərlanısan Murovun, Kəpəzin, ana. Şəmşir ağlar, sərvinazdım, Dərd üz verdi, nələr yazdım. Yüz yaşında qocalmazdım Mənə baxsa gözün, ana. 1968




Ana Yurd


Gözəl yaraşırsan qoşa bulağa, Yetişibsən ada, sana, ana yurd. Murovla durubsan qulaq-qulağa, Boy çəkmisən asimana, ana yurd. Babama babasan, atama ata, Səndə ilham alıb çatıblar ada. Qailəm verdiyin boyük barata, Süd veribsən sən Qurbana, ana yurd. Ələsgər su içdi daş bulağında, Toy etdi Qurbanla Pilov dağında. Arif məclisində, el yığnağında, Qiymət çatıb gövhər-kana, ana yurd. Boz təpənin damı moruq, qarağat, Dərir dəmirçilər, durmur farağat. Salırrsan sərinə çəmənli çarğat, Bənzəyirsən gülüstana, ana yurd. Qarmaq itirənin gülü, nərgizi, Behbudallar yalı, Qazaxlar düzü. Pir bulaq, qanlı yurd, görəydim sizi, Bir çıxaydım o Çolpana, ana yurd. Açar qanadını Qabaq qılıcı, Gürnəş daş gözlərinin qıyğacı, Ağdaş, Şəfi biçən, Ələm ağacı, Vəsfin gəlməz həddə, sana, ana yurd. Çiyələkli olur Qoçunun beli, Ondan ayrılmamış gözəllər əli. Aran sünbülünü səhərin yeli, Tel kimi darayır yana, ana yurd. Çay çəpəri, Goy qum, Səslənən qaya, Dirənibdi sütun kimi göy çaya. Olur bir ağ maya, çatanda yaya, Gah bürünür boz dumana, ana yurd. Yasəmənli Göy qum, var, yadımdadı, Şəmşirin o yerdə qoyulub adı. Anam səndə çox telini daradı, Sənsən mənə şirin ana, ana yurd. 1970




Anam Yadıma Düşdü


Səhərin vaxtında uca dağlara Gün düşəndə anam yadıma düşdü. Qulagıma həzin bir layla səsi Yetişəndə anam yadıma düşdü. Çəməngül açanda Murov dağında, Bülbül oxuyanda səbzə bağında. Körpəcə quzular yaylım çağında Mələşəndə, anam yadıma düşdü. Gəldi xəyalıma analı çağlar, Anasız sinəmə çəkilib dağlar. Gördüm ki, dalaşır dəcəl uşaqlar, Dilləşəndə, anam yadıma düşdü. Balasın çağırır meşədə əlik, Şəmşir də dinləyir əlində çəlik. Qartal qıy vuranda, qayada kəklik Ötüşəndə anam yadıma düşdü. 1938




Aralandı


Mən qəlbimi sənə verdim, Sənin qəlbin qaralıdı. Qoşa vuran ürəyimiz, Bir azcana aralıdı. Olmaz belə insan yazıq, Təkcə mənəm inan-yazıq. Atəşində yanan yazıq, Heç demirsən haralıdı. Dəli dağdı mənim dağım, Kəpəz, Murovdu ovlağım. Qarabağdan ovladığım, Kəlbəcərin maralıdı. Müştaq oldum şirin dilə, Yıxma məni gülə-gülə. Kəsdin möhnət baltasilə, Bağrım hələ paralıdı. Səmşir səni sevir çoxdan, Səni var istəyir yoxdan. Müjganların atan oxdan, Bax gör sinəm yaralıdı. 1972




Arayanın


Dərsi varmı ustadından, Mənim elmim arayanın. Əli gərək təbib olsun Sınıq könül sarayanın. Bülbül qonar gül başına, Mən dolanım el başına. Görüm olsun kül başına, Tək başını qoruyanın. Uyma bu dünya malına, Şəmşir, güvən iqbalına. Bu cahanda xoş halına, Öz baxtından yarayanın.




Axı


Sənin fərmanına, sənin əmrinə, Nə desən sözünə bəliyəm, axı. Qoca vaxtı eşqin vurub başıma, Olmuşam divanə, dəliyəm, axı. Cəfa çəkdim neçə ildi sənə mən, Yetişmişəm indi ada, sana mən, Nə zamandı yalvarıram sənə mən, Insafın yoxdumu, ləliyəm, axı. Şəmşir, mərdin kökü-zatı, ya nəsli, Gəldi-keçdi sevgisindən yan Əsli Kərəm yandı, sən də oda yan, Əsli, Deyən olmaz qara Möliyəm, axı.




Ay Qara Bağlar


Qış olanda könlüm səni arzular, Al-yaşıl çəmənlər, ay qara bağlar. Qatı keçər zimistanda havalar, Kəsər gədikləri ay qar a bağlar. Ayrı düşdük iqbal belə, baxt belə, Firqətindən qədd əyildi-bax belə. Mən düşmüşəm gör nə günə, bax belə, Günəş göy bürünər, ay qara bağlar. Şəmşir sual verdi, cavab nəs aldı, Yar don biçib öz boyuna nəs aldı. Eşqin məni bu günlərə nə saldı, Məcnun tək boynuma ay qara bağlar.




Ağdabanda


Iltimas elərəm məktub alana, Eyləsin bu sözü car Ağdabanda. Arif duyar, bir söz çatmaz nadana, Dərd əhlinə eylər kar Ağdabanda. Vurğunu olmuşam mən o diyarın, Soyuq bulaqların, buzlu dağların. Keçirmişəm altmış yeddi baharın, Qış vaxtı görmüşəm qar Ağdabanda. Məhəbbəti zövqü-səfasız olan, Dərd üstə qəm qoyan, şəfasız olan, Ilqarsız, imansız, vəfasız olan, Neçə bəd illərim var Ağdabanda. Yamanları nə şad olsun, nə gülsün, Bilinməz sirləri qoy aləm bilsin. Elin qəzəb əli başını bölsün, Çəksin o da ahu zar Ağdabanda. Şəmşirəm bu işə eli qatmıram, O namərdin tikəsini dadmıram. Gecə-gündüz nifrin edib yatmıram, Məhv olsun o xain mar Ağdabanda.




Ağlama


Anam-bacım, bu milləti yaradan, Bir gün imdadına çatar ağlama. Filləri aparan azğın sellərin, Nəzilər, köpüyü yatar, ağlama. Axır su yerinə insanın qanı, İmdada yetişən ədalət hanı, Dövran belə qalmaz, kəsmə gümanı, Başımda qiyamət qopar, ağlama. Qisas qalmayacaq bu zülmkara, Məhv olub Mənsuru çəkdirən dara, Təbib qarşı gələr-sağalar yara, Bu qəmli hicrandan qurtar, ağlama. Şəmşirin qəlbində dərd belə qalmaz, Hasil olmalıdır gözlənən muraz. Keçər bu zimistan, qorxma, gələr yaz, Biz də görəcəyik bahar, ağlama. 1916




Ağlar


Öz elindən cida düşən insanın, Can deyib yanını kim kəsər, ağlar. Vətən deyib cənazəsi sızıldar, Qəbrini qazanda bel, düsər, ağlar. Ayrı salmaq bu fələkdən peşədir, İnan, söz qanana söz əndişədir. Qəribə toxunma-qəlbi şüşədir, Xətrinə dəyərsən-tez küsər, ağlar. Xəyalımda gör dolandı haralar, Sevgilimdən uzaq düşüb aralar. Xorryat sözü məni ox tək yaralar, Dincəlməz gözlərim sərbəsər ağlar. Bu misal mahalda, eldə əyandı: Tülkü öz yerində şirdi, aslandı, Qarğa vətənində tülək tərlandı, İgid qürbət eldə bel bukər, ağlar. Şəmşirin gözündə hələ var muraz, Dolanar zimistan, qarşı gələr yaz. Körpədir evimdə Ələsgər, Çimnaz, Anasını gəzib dərbədər, ağlar. 1920 × Ana səhifə Haqqımızda Tədbirlər Muzey e-Kitabxana Qalereya Kəlbəcər Əlaqə Vətən Dağları (00:00) Şeirlər





MEHDİ HÜSEYN 73, MƏNZİL 1        |        (+994 12) 492-68-28        |        NFO@DEDESHEMSHİR.COM        |        FACEBOOK        |        YOUTUBE