Niyə üzün döndü yad oldun məndən,
Mən sənə neylədim, a zalım gözəl.
Düşkün oldum sənin dərdi-qəmindən,
Qoymadın dərdini az alım, gözəl.
Namərd kösöyütək əl yandırırsan,
Aşıqlar ağzında dil yandırırsan.
Şahid olsun oba, el-yandırırsan,
Duracaq üzünə mahalım, gözəl.
Daş yanır atəşə, torpaq da yanır,
Piltə külə dönür, çıraq da yanır.
Çəkirsən sümüyə, bıçaq dayanır,
Sənə xoş gəlirmi bu halım, gözəl.
Ləlidim, bu bağda qalmadın, getdin,
Unutdun, yadına salmadın, getdin.
Məni hicr əlindən almadın getdin,
Artdı həsrətindən məlalım, gözəl.
Sən yazıq Şəmşirin qəsdinə durdun,
Üzdün bu canımı, dərd ilə yordun.
Günahsız məhbusam, məhkəmə qurdun,
Tükənmədi sorğu-sualın, gözəl.