Gələn şair verməlidir, təzə qiymət Abşerona.
Halal olsun qurğu, büsat, bu şan, şövkət Abşerona
Yığılıbdır qardaş kimi, bizim millət Abşerona.
Qoyubdu dövlətimiz gözəl adət Abşerona.
Inqilabla xoş gəldi belə hörmət Abşerona.
Dincəlməyə çoxdu gələn, nə hesaba, sana gəlir.
Ellər təmiz hava üçün dərdinə dərmana gəlir.
Təbiblər xəstə üstünə elə bil ki, ana gəlir.
Tez sağalır, şəfa tapır quru bədən qana gəlir.
Sayasını qoyub çoxdan, loğman, əlbət, Abşerona.
Xalqlarımız bəxtiyardı, partiyanın qüdrətiylə.
Bu torpağa gələn qonaq qarşılanır hörmət ilə,
Qulaq verin hər büsatdan mən danışım cürət ilə,
Hər kəs tapır istəyini, kama çatır ləzzət ilə.
O səbəbdən bəslər hamı hüsn-rəğbət Abşerona.
Daşır, təlatüm eyləyir, “qara qızıl”ın bulağı,
Hər yan gülüstana dönüb, dövrümüzün bu şən çağı.
Istisuyun, Naftalanın aləmə çatıb sorağı.
Azərbaycan torpağının, sayılmaz sərvət, yatağı.
Axır dadlı “Badamlı”dan sanki şərbət Abşerona.
Yüz yaşasın, səd afərin bu işiqlı səhərinə.
Külüng vurur, kanal çəkir əhsən onun hünərinə.
Süd gölündə üzür hamı eli alıb nəzərinə.
Görənlər heyran qalır, Bakının simu zərinə.
Şəmşir, indi səadətdən, çatıb xələt Abşerona.