Sözüm bəyənilsə açar beh-bazar,
Arif olan qiymətini ala-hey.
Cavanlıqdan məskənimdi bu dağlar,
Buz bulaqlı, sıx meşəli tala-hey.
Kim üzdü torpaqdan bir qızıl gülü,
Yarısa baxtından bir qız il günü.
Bülbüllər sevmişdi bir qızıl gülü,
Açsa qonmaz yüz min nərgiz, lala hey.
Çatanda ömrünün sanı Şəmşirin,
Bir quşdu cəsəddə canı Şəmşirin.
Adı sağdı, özü hanı Şəmşirin,
Qohum, qardaş onda yada sala hey.