Gözəl yaraşırsan qoşa bulağa,
Yetişibsən ada, sana, ana yurd.
Murovla durubsan qulaq-qulağa,
Boy çəkmisən asimana, ana yurd.
Babama babasan, atama ata,
Səndə ilham alıb çatıblar ada.
Qailəm verdiyin boyük barata,
Süd veribsən sən Qurbana, ana yurd.
Ələsgər su içdi daş bulağında,
Toy etdi Qurbanla Pilov dağında.
Arif məclisində, el yığnağında,
Qiymət çatıb gövhər-kana, ana yurd.
Boz təpənin damı moruq, qarağat,
Dərir dəmirçilər, durmur farağat.
Salırrsan sərinə çəmənli çarğat,
Bənzəyirsən gülüstana, ana yurd.
Qarmaq itirənin gülü, nərgizi,
Behbudallar yalı, Qazaxlar düzü.
Pir bulaq, qanlı yurd, görəydim sizi,
Bir çıxaydım o Çolpana, ana yurd.
Açar qanadını Qabaq qılıcı,
Gürnəş daş gözlərinin qıyğacı,
Ağdaş, Şəfi biçən, Ələm ağacı,
Vəsfin gəlməz həddə, sana, ana yurd.
Çiyələkli olur Qoçunun beli,
Ondan ayrılmamış gözəllər əli.
Aran sünbülünü səhərin yeli,
Tel kimi darayır yana, ana yurd.
Çay çəpəri, Goy qum, Səslənən qaya,
Dirənibdi sütun kimi göy çaya.
Olur bir ağ maya, çatanda yaya,
Gah bürünür boz dumana, ana yurd.
Yasəmənli Göy qum, var, yadımdadı,
Şəmşirin o yerdə qoyulub adı.
Anam səndə çox telini daradı,
Sənsən mənə şirin ana, ana yurd.
1970