"Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

 

Heydər Əliyev

Ümummilli lider

Xocalı Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən rayondur. Onun ərazisi Azərbaycan Sovet Sosialist Respublikası (SSR) nəzdində yaradılan və 26 noyabr 1991-ci il tarixinə kimi mövcud olmuş keçmiş Dağlıq-Qarabağ Muxtar Vilayətinin (DQMV) bir hissini təşkil edirdi. DQMV inzibati bölgə kimi Ermənistan SSR-in ərazi iddialarına cavab olaraq süni şəkildə yaradılmışdır və bu səbəbdən onun inzibati sərhədləri erməni əhalisinin çoxluq təşkil etməsi üçün məqsədyönlü formada müəyyən edilmişdir. Xocalı bu inzibati vahidin azərbaycanlılar yaşayan bir neçə bölgəsindən biri idi. 

1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etmək üçün tarixi planlarını həyata keçirmək məqsədilə Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərbi fəaliyyətlərə start verməsi ilə regionda silahlı münaqişə başladı. Dağlıq Qarabağın birtərəfli olaraq Azərbaycandan ayrılması və onun Ermənistana birləşdirilməsi bu planın özəyini təşkil edirdi. Nəticədə Ermənistan Xocalı da daxil olmaqla bu regionu və Azərbaycanın daha yeddi rayonunu işğal etdi. Bu təcavüzün ardınca baş verən müharibə otuz min insanın ölümünə, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və minlərlə sakinin itkin düşməsinə səbəb oldu. İyirmi ildən çox müddətin keçməsinə baxmayaraq hələlik Ermənistanın davam edən təcavüzdən imtina etməsinin və öz qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmasının əlaməti görünmür.

Coğrafi vəziyyət
 

Xocalı 940 kv. km əraziyə və işğaldan qabaq 7000 nəfər əhaliyə malik olmuşdur. Xocalı Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalı regionda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi sayılırdı. Xocalı Mərkəzi Asiyada etnik zəmində baş verən qanlı toqquşmalardan xilas olmaq üçün Məhsəti / Ahıska türkləri, həmçinin Ermənistandan qovulan Azərbaycan qaçqınları üçün sığınacaq təşkil edirdi.      

Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala (2843 m) və Qırxqızdır (2830 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

Tarixi və mədəniyyəti

Xocalı Azərbaycanın tarixi və mədəniyyətinin bir hissəsini təşkil edir. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Bu qalaya aid digər əlamətdar özəllik 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqlarının bu qalada aparılmasıdır, bu da qalanın tarixi əhəmiyyətini daha da artırmışdır.  

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. İşğala qədər rayonda onlarla mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri və s. ictimai təşkilatlar fəaliyyət göstərirdi. Xocalı şəhərində toxuculuq fabriki, iki orta məktəb və iki natamam orta məktəb var idi. 
 

İnzibati vahidləri


Qonşu rayonlar: Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa.

Rayonda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd olmuşdur.

Kəndləri: Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaç, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə.

Viktoriya İvleva

O həmin mənzərəni belə xatırlayır:

“Türklərin həmin böyük kütləsinin sonunda üç uşaqlı bir qadın hərəkət edirdi. O, qarda ayaqyalın addımlayırdı. O, çətinliklə hərəkət edir və tez-tez yıxılaraq düşürdü. Sonra məlum oldu ki, onun ən kiçik uşağı yalnız iki gündür ki doğulub. İki gün! Mən uşağı əllərimə götürdüm və türklərlə birlikdə addımlamağa başladım. Biz hər ikimiz – mən və o qadın ağlayırdıq. Zülmət, iri kütlə… Geyimim məni türklərdən ayırsa da, mən bir neçə dəfə daha tez yerimək üçün kötək zərbəsi və söyüşə məruz qaldım. Təhlükədə olmadığımı bilsəm də bir anlıq həmin vaxt mən özümü əsir kimi hiss etdim. Heç kəsə bu cür vəziyyətə düşməyi arzulamazdım.”

SOYQIRIMIN TÖRƏDİLMƏSİ

SOYQIRIMIN TÖRƏDİLMƏSİ


Ermənistan-Azərbaycan münaqişəsi post-Sovet məkanında ən çox tarixə malik davam edən münaqişədir. Bu münaqişənin köklərinin Ermənistanın Azərbaycana qarşı əsrlər boyu sürən ərazi iddiaları ilə bağlı olması ilə yanaşı, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birtərəfli şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi. 1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsildi və helikopter yeganə nəqliyyat vasitəsinə çevrildi. Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı kəsildi. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı. Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər. 28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və skalpları götürülmüşdür. Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”. Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı bir çox cəhətlərinə görə öz özəlliyi ilə seçilir. Birincisi, Xocalı heç bir ciddi hərbi texnika və istehkamlara malik olmayan bütövlükdə mülki yaşayış məskəni idi. Buna görə ağır texnika ilə şəhərə hücum heç bir hərbi zərurətə malik olmadığından hərbi cəhətdən heç cür əsaslandırıla bilməz. Beləliklə, bu zəruri olmayan və artıq güc tətbiqi idi. İkincisi, Xocalıya hücum hərbi əməliyyatların dövlətlər-arası mərhələsinin başlanması dövrünə təsadüf edir. Bu səbəbdən şübhəsiz Ermənistan növbəti təcavüzkar əməliyyatlarını həyata keçirməkdə psixoloji üstünlük əldə etmək məqsədilə azərbaycanlıları qorxutmaq niyyətini güdürdü. Erməni qəddarlığının misilsiz dərəcəsi, o cümlədən erməni işğalçıları tərəfindən əhalinin yaxın məsafədə və xüsusi amansızlıqla öldürülməsi və ardınca meyitlərin üzərində aparılan təhqiredici hərəkətlər bu nəticəyə gəlmək üçün şübhə yaratmayan əsaslar verir. Digər vacib məqam ermənilərin “dəhliz” iddiaları ilə bağlıdır. Ermənistan iddia edir ki, guya dinc sakinlərin şəhəri tərk etməsi üçün “humanitar dəhliz” təmin etmişdir. Bu xüsusda məntiqi olaraq sual çıxır: Ermənistanın niyyəti şəhəri məhv etmək idisə onlar nə üçün əhalinin şəhərdən çıxmasına imkan verən bu çıxışı açıq saxlamışdır? Cavab sadədir: Ermənistan bu çıxışı özünün iddia etdiyi kimi humanitar səbəblərdən açıq saxlamamışdır – onlar ya bu sonuncu çıxışı bağlamaq imkanına malik olmamış, ya da sonradan mülki əhali üçün seçim imkanı yaratdığını və onları qırmaq niyyəti güdmədiyini iddia etmək üçün qəsdən onu açıq buraxmışdır. Dəhliz iddiasının zəifliyi və əsassızlığı təşəkkül tapmış sübutlar, o cümlədən şahidlərin ifadələri, eləcə də beynəlxalq hesabatlar, hətta erməni rəsmilərinin etirafları fonunda asanlıqla görünə bilər. Bu sübutlar onu göstərir ki, əhali şəhəri məqsədsiz, xaotik, heç bir təlimat və qabaqcadan məlumatlandırma olmadan tərk etmişdir. Əgər bu cür “dəhliz” mövcud olsaydı əhali ondan xəbərdar olardı. Bundan əlavə, Ermənistanın niyyəti humanitar çıxış təmin etmək idisə, onda o, nə üçün əhali azərbaycanlıların nəzarətində olan Ağdam şəhərinə çatmaq üçün şəhəri tərk edən kimi onların yol boyunca – həmin “dəhliz”də - Ermənistan hərbçiləri tərəfindən pusquya salındığını və öldürüldüyünü izah etməlidir. Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə (təcrid olunmuş) hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir. Xocalı ilə yanaşı, Ermənistan Dağlıq Qarabağ regionun digər ərazilərini və ona bitişik yeddi rayonu işğal etmişdir. Ermənistan işğal etdiyi ərazilərdə bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla etnik təmizləmə fəaliyyəti həyata keçirmiş və münaqişə zamanı digər ciddi cinayətlər törətmişdir. Nəhayət, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında eyni etnik tərkibə malik, tabeli qurum yaratmışdır. Mənbə : justiceforkhojaly.org




XOCALI SOYQIRIMI – HÜQUQİ ASPEKTLƏR


Cinayətin tövsifi 1990-cı illərin əvvəllərində silahlı münaqişə zamanı ələ keçirilmiş Dağlıq Qarabağ regionu və yeddi ətraf rayondan ibarət hal-hazırda Ermənistanın işğalında olan ərazilərdəki vəziyyətə münasibətdə bir sıra beynəlxalq hüquqi prinsiplər tətbiq olunur. Bu cür hüquqi prinsiplərə güc tətbiq etməyə; beynəlxalq humanitar hüquqa; beynəlxalq insan hüquqları hüququna və beynəlxalq məsuliyyətə aid prinsiplər daxildir. Beynəlxalq hüquqa görə cinayət kimi qiymətləndirilən beynəlxalq humanitar və insan hüquqları hüququnun ciddi şəkildə pozulması hallarına görə Ermənistan Respublikası hökumətinin və beynəlxalq hüquqa görə onun cavabdeh olduğu tabeli qüvvələrin məsuliyyət daşıdığını sübut edən yetərli əsaslar mövcuddur. Ermənistan tərəfindən müharibənin aparılması qaydalarının pozulması halları sırasına daxildir: mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumlar; girov götürmə və saxlama; müharibə əsir və girovları ilə qəddar rəftar etmə və onların lazımi hüquqi prosedurlar həyata keçirilmədən öldürülməsi. Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycanda kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi, mülki əhaliyə qarşı hücumlar və Azərbaycanda əhalinin yaşadığı yerlərin bombalanması halları da daxil olmaqla beynəlxalq humanitar hüququn pozulmasını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa, xüsusən də Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyaya əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırım cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir: öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi); cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu; və irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırım niyyəti. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar; məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; və cinayətin xüsusi coğrafi məkanda törədilməsi. Beynəlxalq hüquqa görə məsuliyyət Ermənistan və Azərbaycan arasında münaqişə zamanı törədilmiş pozuntular beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi məsuliyyət yaradır. Belə ki, Ermənistan Respublikası Azərbaycana qarşı ilkin və davam edən təcavüzə görə beynəlxalq hüququn pozuntularına görə tam beynəlxalq məsuliyyət daşıyır. Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri nəticəsində ortaya çıxan bu cür məsuliyyət bu əməlləri dayandırmaq, onların bir daha baş verməyəcəyinə dair müvafiq qaydada təminat və qarantiyalar vermək və fərdi və ya birgə şəkildə restitusiya, kompensasiya və satisfaksiya formasında vurulmuş ziyanı aradan qaldırmaq öhdəliyində təzahür olunan hüquqi nəticələr doğurur. Ermənistan Respublikasının beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən beynəlxalq hüquq pozuntularına görə dövlət qismində məsuliyyəti ilə yanaşı, silahlı münaqişə kontekstində, o cümlədən Xocalıda törədilmiş müəyyən əməllər beynəlxalq cinayətlər hesab olunur və bu əməlləri törətmiş şəxslərin, onların iştirakçıları və yardımçılarının fərdi məsuliyyətinə səbəb olur. Məlum olduğu kimi Ermənistanın həm hazırkı, həm də əvvəlki prezidentləri, Serj Sarkisyan və Robert Koçaryan, həmçinin bu dövlətin bir çox digər yüksək vəzifəli siyasi və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri Azərbaycan torpaqlarının işğalında və Azərbaycanlı mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş əməllərdə şəxsən iştirak etmişlər. Aydındır ki, onların törətdikləri əməllərin miqyası və ağırlığı bu şəxslərə qarşı cinayət təqibinin aparılmasının zəruriliyini şərtləndirir. Azərbaycan torpaqlarının işğalında məsuliyyətini və orada mövcudluğunu inkar etməklə yanaşı, rəsmi Yerevan Xocalıda baş verən qırğını azərbaycanlıların özlərinin əməli kimi təqdim etmək üçün əlindən gələni edir, guya onların ərazidən mülki əhalinin evakuasiyasına mane olduğunu və hətta mülki əhalinin böyük sayda itkisindən daxili siyasi məqsədlər üçün istifadə məqsədilə öz soydaşlarını qırdığını iddia edir. Lakin şahid ifadələri, hökumət, hökumətlər-arası və qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri də daxil olmaqla müxtəlif mənbələrin yazılarında Ermənistanın, o cümlədən onun siyasi və hərbi rəhbərliyinin və tabeli separatçı silahlı qruplarının Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıdığını göstərən kifayət qədər sübutlar mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakıları qeyd edir: Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur. Öz kitabını qardaşı, məşhur beynəlxalq terrorçu Monte Melikonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir. Belə ki, onun sözlərinə əsasən şəhərin bəzi sakinləri “[erməni] əsgərləri onları təqib edənədək” təxminən altı mil məsafə qət etdikdən sonra demək olar ki təhlükəni arxada qoymuşlar. Ardınca bildirir ki, “əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və [onları] bıçaqlamağa başladılar”.[1] Xocalı hadisələri Ermənistan Respublikasının indiki prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin “özünü-müdafiə qüvvələri komitəsi”nin rəhbəri olan dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir. Cənab Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. Və biz həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur”.[2] Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına cənab Sarkisyan utanmadan cavab vermişdir: “Mən heç bir təəssüf keçirmirəm” çünki, “hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”. Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri əlavə şərhi lüzumsuz edir və münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini inkar etmək üzrə səyləri heçə endirir. _________________________________________________________________________ [1] Markar Melkonyan, "My Brother’s Road: An American’s Fateful Journey to Armenia" (London və Nyu York, 2005), səh. 213-214 [2] Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War" (Nyu York və London, 2003), səh. 172




XOCALI SAKİNLƏRİ İLƏ GÖRÜŞƏN JURNALİSTLƏR


Vaşinqton Post, 28 Fevral 1992 AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ DAĞLIQ QARABAĞ ŞƏHİDLƏRİ - QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər. Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər. Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır. Bugün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir. Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür. Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları "müsəlman olduqları üçün" döyürdülər. Fərarilər bildirdi ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdi ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: "Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü". İndependent, 29 Fevral 1992
Elen Vomak
Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zaımını öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız". Sandey Tayms, 1 Mart 1992
ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ QAÇQIN AİLƏNİ QIRIR
Tomas QOLTS, Ağdam, Azərbaycan
Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkədə minlərlə insan itkin düşmüş və ölmüşdür. İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi. Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb. Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi. Sağ qalanların dediyinə görə daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər. Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı. Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir. Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü. Tayms, 2 Mart 1992
QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRİ Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub. Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi. Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itgin düşmüşdür. Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu. Vaşinqton Post, 2 Mart 1992
ERMƏNİ BASQINLARI AZƏRİLƏRİN ÖLÜMÜ VƏ QAÇQIN DÜŞMƏSİ İLƏ NƏTİCƏLƏNİR Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir. Nyu-York Tayms, 3 Mart 1992
ERMƏNİLƏRİN TÖRƏTDİYİ QIRĞIN Ağdam, Azərbaycan, 2 Mart (Röyters) - Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunmuşdur. Vertalyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi. İnsanların başlarının dərisi soyulmuşdur Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: "Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləborana tutdular". Meyitlərin yük maşınları ilə daşınması Röyterin fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi". Tayms, 3 Mart 1992
İŞIQLANDIRILMAMIŞ SOYQIRIM Anatol LİVEN Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi. Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darma-dağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur. Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: "Biz olduğumuz yerdə 200 nəfər öldürüldü". Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləborana tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi. Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi. Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar. BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992 Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb. BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 Mart 1992 Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər. Vaşinqton Tayms, 3 Mart 1992
VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR
Brayn KİLLEN, Ağdam, Azərbaycan
Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur. Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb. Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı. Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq "Telman!" deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu. Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertalyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır. Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir. Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu. Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşaiyət etdiyi vertolyot erməni hərbçiləri gülləborana başlamazdan əvvəl yalnız 3 uşaq meyidini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular. Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya işarə edərək dedi: "Hərbi vertalyotlar qırmızı fişənglər buraxaraq ermənilərin yaxınlaşdığını xəbər verdilər. Biz artıq çıxmalı idik. Əsir götürələcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim". Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi". Ağdam məscidi insan meyitlərilə dolu idi. İnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmış təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər çalışmamışdır. Çöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huşlarını itirərək öldürülmüş qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi) yanına yıxılırdılar. Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir. Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki kömək diləyirdi. Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya Müharibəsi zamanı Nasistlərin əməllərini xatırlayaraq dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir" Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazasına zəng edərək kömək diləyirdi: "Meyitləri gətirmək və insanlara nə baş verdiyini göstərmək üçün bizə kömək edin". Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb. Nyu York Tayms, 3 Mart 1992
ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIM Ağdam, Azərbaycan, 2 Mart (Röyters) Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edir. İtar-Tass İnformasiya Agentliyi xəbər verir ki, 366-cı Motoatıcı Alayı ərazidən çıxmağa, əslində isə müharibə edən iki etnik qrup - ermənilər və azərbəycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır. Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər təşkil edir. Şəhərin bombardman edilməsi Azərbaycanın informasiya agentliyi AZERİNFORM xəbər vermişdir ki, Bazar günü gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Şuşa şəhəri ermənilər tərəfindən raket atəşinə tutulub. Vəncəli qəsəbəsinə edilmiş digər bir hücum zamanı isə bir neçə adam yaralanmışdır. Ermənistan respublikası keçən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfərin onun hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların soyqırımını inkar edir. Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir. Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə başlarının arxa hissəsi tamamilə dağıdılmış 3 uşaq meyidi gətirmişlər. Onlar bildirdi ki, ermənilərin gülləbaranı meyitlərin hamısını yığmağa onlara mane olub. Dağlıq Qarabağın Azərbaycan rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu, biz meyidləri yığmağa başlayanda onlar bizi atəşə tutdular. Azərbaycanlı hərbi komandir Rəşid Məmmədov dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir". İki yük maşını meyitlə dolduruldu Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi". Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbəycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı. Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi. Dağlıq Qarabağın mərkzi Stepanakert şəhərində yerləşən 366-cı alay döyüşlərin mərkəzində idi və bu döyüş nəticəsində onun 3 əsgəri həlak olmuşdur. Ermənistanın paytaxtı Yerevanda parlamentdə çıxış edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi əməliyyatlarda iştirak etməydiyini, onun yalnız vəziyyəti stabilləşdirdiyini bildirmişdir. Boston Qlob, 3 Mart 1992
Pol Kuin - Cac, Bakı, Azərbaycan Dünən Azərbaycan erməni hərbçlərini keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi. Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir. Erməni rəsmiləri bunları inkar edir. Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməklə çətinlik çəkir. Ancaq Röytersin fotoqrafı iki yük maşının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törəldiyi barədə xəbər verir. Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub. İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır. Azərbaycan televizisiyası bazar günü Ağdam meyitxanasından qadın və uşaqlar da daxil olmaqla 10 meyit göstərmişdir. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBS xəbər vermişdir ki, Fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur. Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücuma başçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir. Eyc, Melburn, 6 Mart 1992
Elen VOMAK, Ağdam, Azərbaycan, Çərşənbə axşamı Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur. Anklavın Azərbaycan şəhəri Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərfindən onların evlərinə edilən hücumu təsdiq edən küllü miqdarda faktlar söyləyir. Onlar bildirir ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın və uşaqları gördük. Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir. Ağdamın polis komandiri Rəşid Məmmədov Ağdama yalnız 500 nəfərin qaçdığını dedi. "Bəs qalanları hanı?" deyən C-b Məmmədov onların əsir götürüuldüyünü yaxud qaçdıqlarını dedi. Çoxları hələ də dağlardadır, çünki vertolyot yoxdur. O, onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi. Azərilər silahlanmış erməniləri gördükdə başa düşdülər ki, özlərini müdafiə edə bilməyəcəklər və meşələrə qaçdılar. Bir neçə saatdan sonra soyqırım başlandı. Cənab Nasir arvadının və iki uşağının əsir götürüldüyünü güman edir. Digər qaçqınlar kimi, o, da keçmiş sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə kömək etdiyini dedi: "Bu mənim fikrim deyil, gözlərimlə gördüklərimdir". Nyu York Tayms, 6 Mart 1992
AZƏRBAYCANDA VİDA MƏRASİMİ "Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi. Vaşinqton Post, 6 Mart 1992
SON VİDALAŞMA "Dünən azərbaycavnlıların qəbirstanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı". Sandey Tayms, 8 Mart 1992
Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir. Xocalı qeyri-məhsuldar bir Azəri şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur. Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüd bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölmünü gözləyir. O və ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər. Beş övlad atası 55 yaşlı Balakişi Saqıqov dedi: "Ermənilər uzaq kəndlərin hamısını bir-bir işğal etdilər, hökumət isə heç nə etmədi". Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüşdü. "Biz ermənilərin mövqelərinə çox yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən yağış kimi yağdırılırdı. Biz sadəcə tələyə düşmüşdük". Azərbaycanlılar bir-bir qətlə yetirilirdi. Sağ qalanların söylədiklərinə görə görmədikləri halda ermənilər tərpənən hər bir şeyə atəş açırdılar. Bir azəri operatoru ağlaya-ağlaya hər bir meyiti lentə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığnacaq tapdığı ağaclıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Ağdam xəstəxanasına gətirilmiş Ömər Veysəlov dedi: "Ermənilər dayanmadan atırdılar. Mənim arvadım və qızım düz yanımda öldürüldülər". Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: "Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülüb. İtib". Mond, Paris, 14 Mart 1992 Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onların dırnaqları çıxarılmışdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazır. Nyusuik, 16 Mart 1992
SOYQIRIMIN ÜZÜ
Paskal Priva və Stiv Lö Vən, Moskva Ötən həftə Azərbaycan yenidən qəbirstanlığa dönmüşdü: matəm içində olan qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darma-dağın edilmiş Xocalıdan olan sadə Azəri kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu. Taym, 16 Mart 1992 XOCALIDA QIRĞIN
Cil SMOLOU
Yuri ZARAXOVİÇ, Moskva Mübahisələrə baxmayaraq aydın olan bir şey var: iki həftə öncə Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları iyrənc hala salınıb, ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağdan dəfn olunmaq üçün qonşu rayona gətirilib. Azərbaycanlılar iddia edir ki, 1324 mülki vətəndaş qətlə yetirilib. Onların çoxu - qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur… Svoboda, 12 İyun 1992
FACİƏNİ TÖRƏDƏNLƏR CƏZALANDIRILMALIDIR Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında hesabatı Hesabatda dinc əhalinin şəhərdən qaçması haqqında yazılır: "Qaçqınlar ermənilər tərəfindən qurulmuş pusquya düşərək atəşə tutuldular. Onların bəziləri Ağdama çata bildilər: digərləri, əsasən qadınlar və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmış və donub ölmüşlər. Ağdama çatanların dediklərinə görə, onların bəziləri Pircamal və Naxçıvanik kəndləri yaxınlığında əsir götürülüblər. Artıq dəyişdirilmiş Xocalı əsirlərinin dediyinə görə, əsirlərin bəziləri öldürülmüşdür… 4 gün ərzində Ağdama təxminən 200 meyit gətirilmişdir. Ağdam qatar-xəstəxanasının həkimləri bildirdi ki, 4 meyitin başlarının dərisi soyulmuş, birinin isə başı kəsilmişdi. Ağdamda 181 cənazə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində yoxlama aparılmışdır və aşkar olunmuşdur ki, 151 nəfər güllə, 20 nəfər qəlpə yarasından və 10 nəfər küt alətlərdən aldıqları yaralardan ölmüşdür. Xocalıdan olan bütün yaralıların gətirildiyi Ağdam qatar-xəstəxanasının sənədlərində göstərilir ki, 597 nəfər yaralanmış, yaxud donmuş, bir nəfərin diri-diri başının dərisi soyulmuşdur. İndependent, London, 12 İyun 1992
Frederik LENQAN, Röyter
Arif Sadıqov Bakıda Xəzər dənizinin sahilindəki bir kafenin kölgəliyində sakitcə oturdu və düz 3 ay bundan qabaq, Xocalı şəhərindən qaçan zaman erməni gülləsinin cırdığı şalvarını göstərdi. 51 yaşlı xarrat dedi: "Mən hələ də bu paltarları geyinirəm, çünki başqası yoxumdur. Mən 5 dəfə yaralandım, amma bəxtim gətirdi və sağ qaldım". Cənab Sadıqov və arvadı bir aydan çox ac və işıqsız qalıblar. Cənab Sadıqov dedi: "Təxminən axşam saat 11-də bombardman başlandı. Biz hələ heç vaxt beləsini eşitməmişdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır pulyemotlardan istifadə olunurdu". Tezliklə qonşular küçələrə tökülüşdü. Bəziləri gizləndi, digərləri isə qarın içi ilə meşələrə doğru qaçmağa başladı. Xilas olmaq üçün şəhər camaatı təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idi. Sübh çağı iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı yerə çatanadək onlar düşünürdülər ki, bunu edə biləcəklər. Cənab Sadıqov dedi: "Buna qədər mənlə gələn qrupun heç birinə heç nə olmamışdı… sonra yolda bizi bir maşın gördü və ermənilər bizə atəş açmağa başladılar. Bizimlə olan 80 nəfərdən yalnız on nəfəri sağ qaldı. 67 yaşlı böyük qardaşım da daxil olmaqla 7 yaxın qohumum qətlə yetirildi. Mən ancaq qardaşımın papağı ilə onun gözlərini bağlamağa imkan tapdım və biz heç vaxt o meyitlərdən heç birini qaytara bilmədik". Cənab Sadıqov dedi ki, birinci qrupdakı qaçqınların bəzilərinin bəxti gətirdi. Evakuasiyanın qəhrəmanlarından biri Arif Hacıyev üçüncü qrupun qaçmasına kömək etmək üçün silahın darağını dəyişərkən başından aldığı güllə yarasından öldü. Digər bir qəhrəman, Xocalının meri Elmar Məmmədov bildirdi ki, o, bir neçə nəfər ilə birlikdə fevralın 26-nı meyitlərlə əhatə olunmuş kollu təpələrdə keçirib. Cənab Sadıqov dedi: "Biz şəhərə çatandan bir gün sonra ermənilər geniş raket hücumu həyata keçirdilər. Mən müalicə olunmaq üçün xəstəxanaya getməli idim, çox pis vəziyyətdə idim. Hətta mənim ayaqqabımın içində də güllə tapdılar". Qırğının qurbanları: Bir azəri qadın fevral ayında törədilmiş Xocalı qırğınında qətlə yetirilmiş oğlunu ağlayır. Qatar-xəstəxanada tibb bacıları primitiv üsullarla yaralı bir kişini xilas etməyə çalışırlar. Ağdamda insanlar qətlə yetirilmiş qohumlarının tabutu üstündə ağlayırdılar. Ölənlərin sayını müəyyən etmək mümkün deyil. Çünki müsəlmanlar ölünü 24 saat ərzində dəfn edirlər. İndependent, London, 12 İyun 1992
AĞRILI AXTARIŞ
Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdür. Dövlət ittihamçısı Aydın Rəsulov 15 nəfərdən ibarət olan istintaq qrupunun rəhbəridir. Bu qrup azərbaycanlıların "Xocalı Qırğını" adlandırdıqları hadisəni araşdırmaqla məşğuldur. Cənab Rəsulov bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı tapılmış meyitlərdir. Xocalı meri Elmar Məmmədov da oxşar rəqəm söylədi. May ayında isə Bakıda nəşr olunan Ordu qəzeti bu rəqəmin daha böyük olduğunu yazırdı - ölənlərdən 479 nəfərin şəxsiyyəti müəyyən olunmuş, 200-dən çoxu isə naməlumdur. Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Yunisova ölənlərin sayının 700 olduğunu dedi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi ki, Ağdam şəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meyit gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünki biz meyitləri yumaq üçün ləvazimat verdik. 43 yaşlı hüquqşünas Cənab Rəsulov son rəqəmin söylənilməsi üçün bir neçə ay vaxt lazım olduğunu söylədi. Cənab Rəsulov bu işləri yaxşı bilir. Uzun illər araşdırdıqdan sonra, o, 1990-cı ilin yanvarında Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğın zamanı 131 nəfərin öldürüldüyü və 714 nəfərin yaralandığı barədə qəti rəqəm söyləmişdir. Ədliyyə işçisi Rafiq Yusifov dedi ki, indiyə qədər 184 nəfər Respublikanın Ədliyə Departamenti tərəfindən tibbi müayinədən keçirilmiş və ölü kimi qeydə alınmışdır. Cənab Yusifov bu rəqəmin ölənlərin çox az hissəsinə şamil oldunduğunu bildirdi. Bizə yalnız meyitlər gətirilmişdi. Gəlin o zamanki özbaşınalığı və bizim müsəlman olduğumuzu unutmayaq. Ölü 24 saat ərzində yuyulmalı və basdırılmalıdır. Professor Yusifov bildirdi ki, bu 184 nəfrin 51-i qadın, 13-ü isə 14 yaşından aşağı olan uşaqlar idi. 151 nəfər güllə yarasından, 20 nəfər qəlpə yarasından, 10 nəfər isə küt alətlərdən aldığı yaralardan ölmüşdür. Son üç nəfər isə qar uçqununa düşüb. 33 nəfərin qulağı, burnu, döşləri, cinsiyyət orqanları kəsilmiş və gözləri çıxarılmışdır. Cənab Rəsulov dedi ki, müayinədən keçmiş 184 meyit ölənlərin üçdə bir hissəsindən də azdır. Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmadı. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 idi. "İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. Onun anası isə ölmüşdü. Uşaq anasının qolundan tutaraq onu durquzmağa çalışırdı. Biz enməyə çalışdıq, amma ermənilərin bombardmana başlaması bizi qayıtmağa məcbur etdi". Kommersant, Moskva, 27 Fevral 2002 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhəri ermənilər tərəfindən kütləvi hücuma məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürüldü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itgin düşdü. Xocalı hadisələri münaqişənin xarakterini kökündən dəyişdi. Human Rights Watch
Helsinki, Dekabr 1994
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YEDDİ İLİ
Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir: "Etnik ermənilərin rus ordusunun 366-cı alayının dəstəyilə Xocalıda yüzlərlə dinc azərbaycanlıya qarşı törətdiyi soyqırım 1992-ci ildə müharibəni şərtləndirən ən əsas hadisələrdən biri oldu. 1992-ci ilin fevralında Qarabağdakı erməni qüvvələri Rusiyanın 366-cı motatıcı alayının dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini işğal etdi. İşğal zamanı 200-dən çox mülki vətəndaş öldürüldü. Öldürülmüş dinc azərbaycanlıların dəqiq sayı məlum deyil. Çünki, Qarabağdakı erməni qüvvələri soyqırımdan sonra ərazini öz nəzarətləri altına alıblar. Amma 200 azərbaycanlının öldürüldüyünün qəbul olunduğu zaman, ehtimal olunur ki, 500-1000 nəfər qətlə yetirilmişdir. "MEMORİAL" İNSAN HÜQUQLARINA NƏZARƏT MƏRKƏZİNİN HESABATINDAN "Xocalı" 1991-ci ilin payızından Xocalı erməni silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı və daxili qoşunların Dağlıq Qarabağdan çıxarılmasından sonra Xocalı tam blokada vəziyyətinə düşdü. 1992-ci ilin yanvarından başlayaraq Xocalıya verilən elektrik enerjisi kəsildi. Sakinlərin bir hissəsi təcrid olunmuş şəhəri tərk etdi. Xocalı şəhər icra hakimiyyətinin başçısı E.Məmmədovun israrlı xahişlərinə baxmayaraq, dinc əhalinin tam evakuasiyası təşkil olunmadı. Fevralın 25-də erməni silahlı qüvvələri Xocalıya hücuma başladılar. Hücumun iştirakçıları Artsax Milli Azadlıq Ordusunun birləşmələri zirehli texnikadan - zirehli maşınlar və tanklardan istifadə edərək hücumda iştirak etdi. Hücumun gedişatı Fevralın 25-i gecə saat 11-də Xocalı artilleriya atəşinə tutulmağa başladı. Əvvəlcə evlərdə və postlarda qurulmuş barrikadalar dağıdıldı. Fevralın 26-sı səhər saat 1-dən 4-ə kimi quru qoşun birləşmələri şəhərə daxil oldular. Son müqavimət səhər saat 7-də qırıldı. Hücum zamanı Xocalıda qeyri-müəyyən sayda dinc sakin şəhərin bombardmanı zamanı qətlə yetirildi. Əhalinin çıxması üçün "azad dəhliz" İşğal zamanı Xocalıdan qaçmış 60 nəfər arasında "Memorial" müşahidəçiləri tərəfindən Bakıda və Ağdamda sorğu keçirmişdir. Onlardan yalnız bir nəfər "azad dəhliz"in mövcudluğu barədə xəbərdar olduğunu demişdir. Azərbaycanın Ağdam rayonu ilə qonşuluqda olan ərazidə yerləşən "azad dəhliz" boyunca qaçan qaçqınlara atəş açılmış və nəticədə çoxlu insan öldürülmüşdür. Şəhərdə qalan sakinlərin taleyi Şəhərin erməni hərbi birləşmələri tərəfindən işğalından sonra təxminən 300 dinc sakin (86 məshəti türkü) şəhərdə qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, Xocalı şəhərində və Ağdama gedən yolda əsir götürülmüş 700-dən çox sakin 1992-ci il martın 23-nə kimi Azərbaycan tərəfinə qaytarılmışdır. Onların əksəriyyəti qadın və uşaqlardır. Xocalı sakinlərinin mülkiyyətinin taleyi Xocalıdan qaça bilən sakinlərin öz mülkiyyətlərinin hətta ən vacib hissələrini belə götürməyə imkanları olmamışdı. Erməni silahlı qüvvələri tərəfindən əsir götürülən sakinlər də əmlaklarından heç nə götürə bilməmişdilər. "Memorial" İnsan Hüquqlarına Nəzarət Mərkəzinin müşahidəçiləri işğal olunmuş şəhərdə böyük talanın şahidi olmuşlar. Xocalı sakinlərinin əmlakları Xankəndi (Stepanakert) və qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən şəhərdən aparılmışdı. Evlərin əksəriyyətinin qapılarının üzərində onların yeni sakinlərinin adları yazılmışdı. Faktların qiymətləndirilməsi Xocalı şəhərinin dinc sakinlərinə qarşı kütləvi zorakılıq şəhərin işğalına yönəlmiş hərbi əməliyyatların həyata keçirilməsi zamanı baş vermişdi. Xocalı sakinlərinin çoxu "azad dəhliz"dən xəbərsiz idilər. Dinc sakinlərin "azad dəhliz" zonasında və ona qonşu ərazidə kütləvi qırğınına heç nə ilə bəraət qazandırmaq olmaz. Müstəqil Dövlətlər Birliyinin qoşunlarının tərkibində olan 366-cı motoatıcı alay Xocalı hücumunda iştirak etmişdir. "Memorial" İnsan Hüquqlarına Nəzarət Mərkəzi bildirir ki, Dağlıq Qarabağın erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücum zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlər Cenevrə konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrini kobud şəkildə pozur: Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milli mənsubiyyətindən, yaxud digər mövqeyindən asılı olmayaraq bu Bəyannamə ilə təsbit olunmuş bütün hüquqlara malikdir; Maddə 3. Hər bir şəxs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına malikdir; Maddə 5. İnsana qarşı kobud, qeyri-insani və ya təhqiredici rəftar qadağandır; Maddə 9. Əsassız həbs, saxlama, yaxud ekspatriasiya qadağandır; Maddə 17. Hər bir şəxs mülkiyyət hüququna malikdir və heç bir şəxs mülkiyyət hüququndan əsassız olaraq məhrum oluna bilməz. Silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur. 366-CI ALAY Qeyd etmək lazımdır ki, Xocalı faciəsində iştirak edən 366-cı alay Xankəndidə yerləşirdi. Bu alay dəfələrlə Azərbaycan kəndlərinin, Şuşa və Xocalı şəhərlərinin atəşə tutulmasında iştirak edib. Alaydan qaçan əsgərlərin ifadələri bu faktları təsdiq edir. 366-cı alayın Xankəndidən tələsik çıxması onun Xocalı hadisələrində iştirakını açıq aydın sübut edir. Bununla alay, həm də faciənin izlərini silmək istəyirdi. 366-cı alayın zabitlərinin mənəvi tənəzzülü elə bir həddə çatmışdı ki, onlar qoşunlarının çıxarılmasını həyata keçirə bilmədilər. Gəncədə yerləşən desant qüvvələri bu əməliyyatın həyata keçirilməsinə cəlb olunmuşdu. Desantlar gəlməmişdən əvvəl isə alayın 103 əsgəri, hansılar ki, əsasən zor işlədilməsində günahlarını etiraf edən ermənilər idi, əmrə tabe olmaqdan imtina etmiş və Qarabağda qalmışdı. Alayın ali komandanlığının razılığı və qoşunların çıxarılmasına məsulliyyət daşıyan digər ali komandirlərin hərəkətsizliyi nəticəsində zirehli texnika da daxil olmaqla alayın silahlarının bir hissəsi növbəti cinayətləri törətmək, Azərbaycana qarşı seperatizmi davam etdirmək üçün ermənilərə verildi. Bu, 366-cı alayın Xocalı faciəsinin həyata keçirilməsində iştirakını sübut edən aydın bir faktdır! TARİX UNUTMAYACAQ Azərbaycan parlamenti Milli Məclis fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etdi. Hər il fevralın 26-sı axşam saat 5-də Azərbaycan Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir. Qaçqına çevrilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirlər. Onlar bütün dünyadakı insanları, dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa, Xocalıda həyata keçirilən terrorizm və etnik təmizləmə aktlarını pisləməyə çağırırlar. Xocalı faciəsinin təşkilatçıları və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Heç bir cinayət cəzasız qalmamalıdır. XX əsr soyqırım və etnik təmizləmənin tarixini yazmış çoxlu sayda qanlı səhifələrin şahidi olmuşdur. Xocalı faciəsi bunların ən dəhşətlilərindən biridir. Bu dəhşətli cinayətdə əli olan hər bir kəs hər şeydən əvvəl öz vicdanı qarşısında məsuliyyət daşıyır. Lakin gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər. Tarix heç nəyi unutmur. Bu material Azərbaycan-Böyük Britaniya Gənclər Şurasının
buraxdığı "Xocalı Faciəsi" nəşri əsasında hazırlanmışdır.




XOCALI SOYQIRIMI ŞAHİDLƏRİNİN İFADƏLƏRİNDƏN


Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır. Heydərov Camal Əbdülhüseyn oğlu - "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar". Heydərov Şahin Zülfuqar oğlu - Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur. Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər. Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur. Əmirova Xəzəngül Təvəkkül qızı Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar. Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür. Mustafayeva Kübra Əliş qızı - "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər". Kərimova Səidə Qurban qızı- "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər". Nəcəfov Əli Ağami oğlu - "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər". Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası




"XOCALIYA ƏDALƏT" BEYNƏLXALQ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASI


"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib. Bununla belə misli görünməmiş qəddarlıqla törədilmiş faciə, ümumilikdə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, hələ də beynəlxalq aləmdə, birmənalı şəkildə qarşılanmır, münaqişənin həllinə dair subyektiv təhriflər əksini tapır. Respublikamızda reallaşan strateji xəttin əsas hədəfi də məhz bu münaqişənin, Ermənistanın təcavüzkar siyasətinin bütün reallıqları ilə dünyaya bəyan olunmasıdır.
E-mail:campaign@justiceforkhojaly.org
İnternet səhifəsi: www.justiceforkhojaly.org





Xəbərlər

Videolar

Məlumatlar http://justiceforkhojaly.org Saytından götürülmüşdür.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev