

ERMƏNİ VANDALİZMİ:
________________________________
Əsirlikdə olan Azərbaycan abidələri


Laçın rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Respublikanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 1840 km2, əhalisi 70 900 nəfərdir (01.01.2011). Mərkəzi Laçın şəhəridir. Rayon 18 may 1992-ci il tarixindən erməni işğalı altındadır.
Rayona Laçın şəhəri, Qayğı qəsəbəsi və Ağbulaq, Alxaslı, Əhmədli, Hacılar, Güləbird, Cağazur, Quşçu, Minkənd, Mirik, Mişni, Sadınlar, Şeylanlı, Ağcakənd, Arduşlu, Ağcayazı, Aşağı Fərəcan, Fərəcan, Bozlu, Qalaca, Bülündüz, Ayıbazar, Birinci İpək, Vaqazin, Bozgüney, Kalafalıq, Hacıxanlı, Qovuşuq, Budaqdərə, Hoçaz, Mollalar, Uludüz, Avazlar, Daşlı, Vəlibəyli, Narışlar, Hətəmlər, Kaha, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Zabux, Sus, Qızılca, Bəylik, İrçan, Çəmbərəxaç, Xumarta, Qarabəyli, Lolabağırlı, Korcabulaq, Zerti, Xırmanlar, Ağbulaq, Birinci Tığik, İkinci Tığik, Qarıqışlaq, Soyuqbulaq, Qılıçlı, Zeyvə, Köhnəkənd, Qışlaq, Əyrək, Alıcan, Qozlu, Fingə, Qorçu, Zağaltı, Qoşasu, Alpout, Bülövlük, Kürdhacı, Ərikli, Hacısamlı, Qarasaqqal, Kamallı, Çıraqlı, Qarakeçdi, Katos, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy, Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Dəyirmanyanı, Tərxanlı, Dəyhan,
Baldırğanlı, Oğuldərə, Ağalaruşağı, Pircahan, Seyidlər, Qaraçanlı, Piçənis, Xaçınyalı, Köhnə Corman, Sonasar, Mayıs, Təzəkənd, Haqnəzər, Ərdəşəvi, Səfiyan, Xanalılar, Suarası, Türklər, Fərraş, Nurəddin, Fətəlipəyə, Ağanus, Unannovlu, Ərəb, Turşsu, Şəlvə, İmanlar, Dambulaq, Şamkənd, Ələkçi, Bozdoğan, Çorman, Nağdalı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 101 ümumtəhsil məktəbi, 2 məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisəsi, texniki peşə məktəbi, 85 klub, 119 kitabxana, 5 musiqi məktəbi, 142 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir, rayon ərazisində memarlıq abidələrindən - alban məbədi (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1718-ci il), saray (1716-cı il), körpü (XVIII əsr) və s. qeydə alınmışdır.




Ağoğlan məbədi
Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun - pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür. Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. 2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi «Cicernavank» adlandıblar.
Cicimli kəndinin türbələri
Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır.
Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII—XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında — Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.
El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi içəridən xaçvarı, bayır tərəfdən isə kvadrat şəkillidir. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur.
Hər iki abidə hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.







Həmzə Soltan sarayı
Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırmışlar. Hazırda işğalçılar “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirlər.
Laçın Tarix və Diyarşünaslıq Muzeyi
Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir. Bu muzey yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi.
Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmamışdır.
Muzey kompleksi erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan edilmişdir.







Sarı Aşığın xatirə muzeyi
1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur.
Laçın rayonu
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.
Mənbə : www.armenianvandalism.az