ÇIRAQOV BALOĞLAN CÜMŞÜD OĞLU
Updated: Dec 12, 2020

Çıraqov Baloğlan Cümşüd oğlu 25 iyun 1938-ci il tarixdə Kəlbəcər rayonunun Laçın kəndində dəmirçi ailəsində anadan olmuşdur. Birinci sinifə üç il gec getmişdir. Buna səbəb 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi olmuşdur. Həmin illər hamı üçün çox çətin və ağır illər olmuşdur.1948-ci ildə Qaragüney kənd ibtidai məktəbinə,sonra Kilsəli kənd 7 illik məktəbinə,1958-ci ildə isə Qılınclı kənd orta məktəbinə təhsil almaq üçün getmiş və həmin məktəbin 10-cu sinfini bitirmişdir.1968-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib Kəlbəcər rayonunun Comərd kəndində pedaqoji fəaliyyətə başlamışdır.47 illik pedaqoji fəaliyyətinin 22 ilini məktəb direktoru,5 ilini isə Kənd İcra Nümayəndəsi vəzifəsində işləmişdir.İşlədiyi müddətdə müəllim və şagird kollektivinin dərin hörmətini qazanmaqla onların sevimlisinə çevrilmişdir.Hələ gənc yaşlarında gənclərə örnək olan şərəfli ömür yolunda kənd camaatı arasında hamının bir ağsaqqal kimi hörmətini qazanmışdır. Hörmətə görə həmişə hörmət sahibi olmuşdur.Rəhbərlik etdiyi məktəb hər zaman rayon məktəbləri arasında həmişə irəlidə gedən məktəblər sırasında olub.Təkcə öz kəndində deyil, həmdə qonşu kəndlərin balalarının savadlanması, təhsil alması üçün geniş təbliğat işləri aparmışdır.Dünyaya gələn övladı tərbiyə edib böyütmək, ata-övlad münasibətlərini ön plana çəkmək,cəmiyyət üçün yararlı övlad yetişdirmək atanın bir nömrəli vəzifəsidir.Hər bir ata öz övladlarının gələcəkdə halal, xeyirxah, zəhmətkeş bir insan kimi görmək istəyir.Belə olduqda ata onlarla fəxr edir.Yaxşı övlad baş ucalığıdır.
Baloğlan müəllim 80 illik yübileyində özü haqqında dediklərindən:
Dörd övlad atasıyam
1. Leyla-ali təhsillidir,2 övlad anasıdır
2. Elza-orta təhsillidir,3 övlad anasıdır
3. Vəsilə-orta təhsillidir,2 övlad anasıdır
4. Əbülfəz-orta təhsillidir,3 övlad atasıdır
Bəzən sual olur ki, övladlarının hansı sənin üçün daha əzizdir. Övladlarımın dördüdə mənə əzizdir, amma bir məsələni qeyd etmək istəyirəm. Nə qədər ki, Leyla yox idi, mən də ata deyildim. Eləki Leyla dünyaya gəldi, dili açıldı mənə ilk dəfə ata sözünü o dedi, deməli Leylanın dünyaya gəlməsilə mən ata oldum...
4 övlad ,on nəvənin babasıyam.
Mənə çox suallar verirlər ki, nəvələrinin hansını daha çox istəyirsən?
Gəl Comərd qalasına,
Bax meşə, talasına
Canı qurban edərəm
Balamın balasına.
On nəvəmin hamısıda balamın balası olduğu üçün mənə eynidir. Amma, nə qədər ki, Sənan dünyaya gəlməmişdi mən baba deyildim. O dünyaya gəldi, dil açdı, danışmağa başladı, ilk dəfə baba sözünü mənə o dedi. Deməli Sənanın dünyaya gəlməsi ilə mən baba oldum...
Əzizlərim, hamı kimi mənimdə ömür yolumda qazandıqlarım və itirdiklərim olub. Dünyada özümü ən varlı insan hesab etdim, çünki qazandıqlarım sizinin kimi namuslu qeyrətli balalarım, nəvələrim, mehriban və sədaqətli qohumlarım, səmimi və təmənnasız dostlarım olub.
İtirdiklərim, itirdiklərim isə... oy oyy onu dünyada əvəzləyəcək heç nə yoxdur, Qarabağı itirdim, Kəlbəcəri itirdim, qoynunda doğulub boya başa çatdığım Laçın qayanı, Laçın dağını, Comərd qalasını, nəhayət Laçın kəndimi itirdim. Bax bu itki dünyada mənim ən böyük itkimdir. Unutmayın ki, vətən dərdi vətən işğaldan azad olunmayanadək sağalmaz...
İstəkli balalar, sevimli nəvələr sizin hamınıza pak vicdan, sağlam düşüncə, dərin dərrakə və halal nemət arzulayıram. Həmişə çalışın ki, mayanız halal olsun.
80 yaşdan sonra Allahın mənə verdiyi ömür ömrümün hansı çağlarıdır?
-Zirvədən enib zirvəyə boylanan çağlarımdır,
- Zirvəsi ağ örpəkli uca dağlara, üstündə qartallar qıy vuran yalçın qayalara, ətəyi qoyun quzulu yaşıl yamaclara baxıb kövrələn çağlarımdır,
- Payızın şaxtasından dəhşətə gəlmiş yarpaqlar kimi saralıb solan çağlarımdır,
- Bir əlimdə çəlik, bir əlimdə nəvə məni gəzdirən çağlarımdır,
-Comərdi Qəssəfdən əmanət qalan Comərd qalasının başında oturub bütün Kəlbəcəri seyr etdiyim günlər yadıma düşəndə yanan qəlbimi göz yaşlarımla söndürən vaxtlarımdır.
- Laçın qaya; üstünün taxıl zəmiləri, biçənək sahələri, sinənin laçınlar yuvası, ətrafının yaşıl yamacları, dərin dərələri, şəlalə çayları, durna gözlü buz bulaqları bir anlığa gözümün önündən kino lenti kimi keçəndə döyünən ürəyimi cilovlaya bilməyən çağlarımdır.
Maraqlıdır
1938 – anadan olmuşam
1948 – birinci sinfə qəbul olmuşam
1958 – orta məktəbi bitirmişəm
1968 – ali məktəbi bitimişəm,ailə həyatı qurmuşam
1978 – ailə həyatı qurmağımın 10 ili qeyd olunub
1988 – ailə həyatı qurmağımın 20 ili qeyd olunub
1998 – ailə həyatı qurmağımın 30 ili qeyd olunub
2008 – pedaqoji fəaliyyətimin 40 illiyi, nəvəm Pünhanın anadan olduğu gündür.
2018 – anadan olmağımın 80 illiyi, ailə həyatı qurmağımın 50 illiyi qeyd olunub, 2 nəvəm Gözəl və Səma ali məktəbə qəbul olub.
8 rəqəmi mənim ömür yolumda ən uğurlu və qiymətli bir rəqəmdir.
Ömrünün 80 illiyindən sonra arzuladığı Kəlbəcərimiz azad olsada hətta onun qələbə paradında iştirak etsədə , ömür vəfa vermədi gedib doğma kəndini, obasını görə, amma əzizlərinin bugün bir təsəllisi var ki Baloğlan müəllim Kəlbəcər həsrəti ilə dünyadan köçmədi, ən azından onun azad olduğu xəbəri eşidib , 28 illik həsrəti bitdi.
Baloğlan müəllim 10 dekabr 2020-ci ildə haqqın dərgahına qovuşmuşdur. Allahdan rəhmət əzizlərinə səbr diləyirik !
Məluma üçün Mahir Həsənova minnətdarıq.