Ömrü söz yolunda girov qoyan şair – Məmməd Aslan

Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamıdır. O, çoxşaxəli ədəbi-bədii yaradıcılığı ilə ədəbi dilimizin və poeziyamızın zənginləşməsində böyük xidmətlər göstərmişdir.

Uzun və zəngin bir yaradıcılıq yolu keçmiş ədib poeziya yaradıcılığı ilə paralel olaraq bədii publisistika sahəsində də qiymətli sənət nümunələri yaratmışdır. Azərbaycan televiziya məkanında uzun illər boyu apardığı müxtəlif məzmunlu verilişlərdə ana dilimizin, milli adət-ənənələrimizin, folklorumuzun, fauna və floramızın qorunması istiqamətindəki fəaliyyəti də təqdirəlayiq bir hadisə kimi yaddaşlara hopmuşdur.

Məmməd Muxtar oğlu Aslanov 1939-cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur. Atası Muxtar kişi klassik və ağız ədəbiyyatının gözəl bilicisi olduğundan şairin şeirə-sənətə tükənməz sevgisi qandan və yaşadığı mühitin zəngin saz-söz ənənələrindən gəlmişdir. Atasını erkən yaşlarından itirdiyindən uşaqlıqdan hər cür məhrumiyyətlər yaşayan şairin geniş mənada müəllimi həyatın özü olmuşdur.

Şairin uşaqlıq illəri İkinci Dünya Savaşının ağır illərinə təsadüf etmişdir. Məmməd Aslan Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra 1957-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun tarix-filologiya fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı illərdə bədii yaradıcılığa daha ürəklə girişmişdir. 1962-ci ildə ali təhsilini tamamlayaraq təyinatla doğulduğu Kəlbəcər rayonuna göndərilmişdir. Əmək fəaliyyətinə rayonunun Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. Bir müddət Kəlbəcər qəsəbəsində də müəllimlik etdikdən sonra rayonda nəşr olunan “Yenilik” qəzeti redaksiyasına işə keçmişdir. Müəllim işlədiyi və rayon qəzetində çalışdığı illərdən vaxtaşırı olaraq şeirləri, publisistik yazıları respublikanın müxtəlif qəzet və jurnallarında dərc olunmuşdur. 1970-ci ilin yanvarında Bakıya köçərək ədəbi-bədi yaradıcılığını burada davam etdirmişdir. “Ulduz”, “Azərbaycan təbiəti”, “Pioner” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetləri redaksiyalarında, “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət Televiziyasının “Ekran efir” qəzetinin baş redaktoru işləmişdir. Eyni zamanda Azərbaycan televiziyasında uşaq folklorundan qidalanan “Əkil, Bəkil quş idi”, “Dərədən, təpədən” verilişlərinin müəllifi və aparıcısı olmudur. Ömrünün son illərində “Xəzər” televiziyasında “Sözün özü” verilişini aparmışdır.

Məmməd Aslan bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan lirik bir şeirlə başlamışdır. Sonrakı illərdə şairin onlarla şeir və publisistik kitabı yüksək tirajla çap olunmudur. Bir neçə tərcümə kitabının da müəllifi olan şairin türk xalqlarının tarixi və ədəbiyyatı ilə bağlı da bir neçə kitabı işıq üzü görmüşdür.

Uşaqlığı və ilkin bədii yaradıcılıq dövrü Kəlbəcərdə keçən Məmməd Aslan ozan-aşıq sənətinin, ağız ədəbiyyatının qədim məskənlərindən sayılan bu ulu bölgədə şair mayasını xalqın tükənməz söz xəzinəsindən tutmuşdur. Şairin ilk qələm təcrübələrində bu təsir özünü aydın şəkildə göstərir:

O körpəlik beşiyim,

Mənim dağım, dərəmdi.

Zirvəsinə baş əyim,

Uludu, möhtərəmdi.

Məmməd Aslan əlinə qələm aldığı gündən sözə böyk məsuliyyətlə yanaşmış, sözlə Tanrıya tapınırmış kimi davranmışdır. Onun söz yolunda çəkdiyi zəhməti, ağrını, bu amal uğrunda keçib gəldiyi ömür yolunu mübaliğəsiz olaraq bir səməndər quşunun həyatına bənzətmək olardı. Təsadüfi deyil ki, elə özü də illər öncəsi yazdığı bir şeirində öz şair təbiətini, ədəbi məqsədini, sözə olan ilahi sevgisini bu şərtlər daxilində ortaya qoymuşdur:

Bu yolu seçdim ki, yanam, tutuşam,

Alovlar içində qovrulam quşam.

Ömrü söz uğrunda girov qoymuşam,

Başqa sənətim yox, başqa işim yox.

Qeyd etdiyimiz kimi ötən əsrin 60-cı illərindən fəal ədəbi yaradıcılığa başlayan Məmməd Aslan müasir Azərbaycan ədəbi dilinə yeni nəfəs, fikrin bədii-fəlsəfi yükü ilə birgə xalqın folklor təfəkküründən qaynaqlanan sadə deyim tərzi, axıcı üslub gətirmişdir. Onun şeirlərində ustalıqla işlədilmiş təkrarsız bədii məcazlar, dilin ən dərin qatlarına varmaqla fikrin oxucuya aydın və yüksək poetik çalarlarla çatdırılması yaradıcılığında əsas xətt təşkil etmişdir:

Bürünmüşsən söz xəzini!

Xəz verənə tut üzünü!

Əl-ətəkdən çək gözünü,

Rəbbin ilham verib sənə.

Məmməd Aslan klassik və ağız ədəbiyyatını, ozan-aşıq sənətini, ümumən xalq dilini gözəl bildiyindən yazdığı şeirlərdə, bədii-publisistik yazılarda heç zaman bədii dil, poetik məna, dərin fəlsəfi fikir sarıdan korluq çəkməmişdir.

“Bir dəfə mənə “Azərnəşr”də bir şeir oxudular. Valeh oldum. Məlum oldu ki, bu şeir Məmməd Aslanın tərcüməsində bir əcnəbi şairin şeiridir.

Niyə bu şeirdə tərcümə orijinal kimi səslənir? Ona görə ki, tərcüməçi anadilini gözəl bilir. Bilmək azdır, dilimizin bütün imkanlarını, rəng və çalarlarını duyur, hiss edir. Burada böyük fransız yazıçısı Volterin bir sözü yadıma düşür: “Başqa dilləri öyrənmək bir-iki ilin işidir, amma ana dilini yaxşı bilmək üçün ömrün yarısı lazımdır”.

Şairin ədəbi yaradıcılıq sahəsindəki axtarışlarının əsas uğurunun başlıca məziyyətlərindən biri də məhz onun bədii dilinin anlaşıqlı, cilalanmış, sadə xalq dilində olmasıdır.

Qayğılar, həsrətlər ovxarlı qayçı,

Ürək cəllad oldu, dilim-harayçı,

Günüm ağarmamış ağartdım saçı,

İndi də iz salır qar, qaşa doğru.

Şair öz yaradıcılığında yeri gəldikcə xalq deyimlərindən, atalar sözlərindən, zərb-məsəllərdən böyük ustalıqla istifadə edərək sözə poetik nəfəs verməyi bacarır və oxucunu öz şeiriyyət dünyasına çəkib aparır, düşündürür və poeziyanın ecazkar diliylə ovsunlaya bilir. Çox vaxt onun ən yığcam misraları, qısa şeirləri belə min illik yaşı olan bir xalq deyimi, təkrarsız bir aforizm təsiri bağışlayır. Bu qəbildən olan şeirlərindən onun hələ gənc yaşlarında – 1968-ci ildə qələmə aldığı bir beyti misal göstərə bilərik ki, bu şeiri illərdən bəridir müxtəlif qələm adamlarının yaradıcılığında bir aforizm kimi işlədilməkdədir:

...Vətən gözdü, biz kiprik, Gözümüzün keşiyini çəkirik.

Şairin, sənət adamının ən böyük uğuru, xoşəxtliyi ondadır ki, onun yazdıqları hələ sağlığındaca xalqın dilinin əzbərinə çevrilir, böyük sənətdə özünə vətəndaşlıq pasportu qazanır. Bu baxımdan Məmməd Aslanı ədəbi tale baxımından xoşbəxt sənətkar hesab etmək olar. Çünki ədəbi ictimaiyyət hələ onun sağlığında yaradıcılığını maraqla izləmiş, həcmindən və janrından asılı olmayaraq hər bir əsərini diqqətdə saxlamış, şairin söz məqamındakı layiq olduğu qiyməti etiraf edmişdir. Təbii ki, bütün söz adamlarında olduğu kimi, Məmməd Aslan yaradıcılığında da saf eşqin ölməzliyi, pak məhəbbətin əbədiliyi aparıcı mövzulardan biri olmuşdur. Həm də heç bir sələfini təkrarlamadan, təlqin etmədən. Onun şeirlərindəki bədii məcazlar, müqayisələr, bədii ümumiləşdirmələr tamamilə yeniliyin, yüksək bədii təxəyyülün məhsulu kimi fərqlənmişdir:

Bir dəli rüzgara kökləndi könlüm, Bilmirəm aparır, bu, hara məni?! Ay axşam ömrümün səhər günəşi, Qaytar payızımdan bahara məni. ... Məmməd xəyalınla min il qızınmış, İnsanın ömründən eşqi uzunmuş. Ürəyim arxanca körpə quzunmuş, Gah itir gözündən, gah ara məni.

Məmməd Aslan heç bir zaman bədii axtarışda, sözlə mükalimədə, onunla böyük mənalar yaratmaqda arxayınlaşmamış, daim öz üzərində işləmiş, sözə təzə libas biçərək onu yeni forma və məzmunda təqdim etməyi ustalıqla bacarmışdır. Sözü məqamında işlətmək istedadı, forma ilə məzmunu təbii bir poetik axarda birləşdirmək fəhmi şairin ədəbi istedadının başlıca meyarı olmuşdur.

Könlümün söz adlı qibləgahı var! Yəni, “Lailahə illəllah”ı var! Mənim dərs aldığım min-min dahi var; Cəddinə arxayın insan deyiləm.

Onun şeirlərində coşqun şair ilhamı incə bədii duyğularla estetik fəlsəfi fikirlərin dərindən çulğalaşması müstəvisində oxucuya təqdim edilir. Şairin poetik məni, ilham pərisi ilahi ruhlu Mövlanənin, eşq tanrısı Füzulinin, haqq vergilisi Yunis İmrənin, ozanlar ozanı Dədə Ələsgərin hikmət çeşməsindən su içdiyindəndir ki, müxtəlif zövqlü və dünyagörüşlü oxucular bu poetik nümunələri eyni hissiyatla qəbul edir:

Rəbbim nə veribsə, nəyəmsə, buyam! Mənim öz nərəm var, mənim öz qıyyam! Söylədiyin nədir, nə qiymət qoyam Demə ki, qulaq as! – Asan deyiləm!

Klassik Şərq ədəbiyyatını, ozan – aşıq sənətini və türk-sufi poeziyasını dərindən mənimsəyən şairin yaradıcılığında bu çoxprizmalı dünyabaxışlarındakı fərqli çalarlar şairin söz süzgəcindən vahid bir axara yönələrək şeirdə dərin lirik-fəlsəfi ovqat yaradır:

Fanilərə dünya duzaq, Bu fanilik səndən uzaq. Haqdan gələn mülkünə bax: Sözdən qala qurub sənə!

Məmməd Aslan poeziyasında söz olduqca dinamikdir və daim canlı bir bədii obraz kimi çıxış edir. Şair özü də hər zaman sözə canlı bir varlıq kimi yanaşmış, onunla mükaliməyə girişmiş, dərd-sərini onunla bölüşmüş, ən mübhəm ürək sirrini də sözə pıçıldayıb ondan nicat ummuşdur. Ona görə də yerindən və məqamından asılı olmayaraq onun şeirlərində söz dipdiridir, daim ayaqdadır və söz əhlinin ən yaxın sirdaşıdır: ...Sözün də canı var, söz də canlıdır, Söz nadan yanında həyacanlıdır. Şairin ədəbiyyat yönündəki ən böyük xidmətlərindən biri də dilimizin qorunması yolunda həyatı boyu apardığı barışmaz mübarizəylə bağlıdır. Ədib mədəniyyətin bir sıra sahələrində olduğu kimi bədii ədəbiyyatda da əllaməçiliyin, “yeni forma və məzmun” ixtiraçılarının, ucuz “şou-mou” düşkünlərinin at oynatmasına dözməmiş, “yeni düşüncə tərzi” adıyla naşı qələm sahibləri tərəfindən poeziyamızın, ana dilimizin, ümumən ədəbiyyatımızın başına açılan oyunlara sərt reaksiya vermiş, bir vətəndaş yanğısı ilə bu ağrıları ədəbi ictimaiyyətə, bütövlükdə xalqa çatdırmağa çalışmış, dilimizin və mədəniyyətimizin sabahkı narahat taleyi ilə bağlı “sos” siqnalı vermişdir:

Qılıncdan kəskin olan Qələm nə kökə düşdü. Sözün sirli meyvəsi Kəlam nə kökə düşdü... ...Hər şey boş, SÖZ – bir aləm; Söz xətrinə diriləm. Sözdən qalxıb görüləm, Biləm: Nə kökə düşdü.

Məmməd Aslan poeziyasının əsas özəyini onun heca vəznində yazıdığı şeirlər: bayatılar, gəraylılar, qoşmalar təşkil edir. Bu da təbii bir amillə – onun böyüyüb ilkin dünyagörüşünün, bədii zövqünün formalaşdığı Kəlbəcər və Göyçə ədəbi mühitinin təsiri ilə bağlıdır. Şairin erkən yaradıcılığında Aşıq Alının, Aşıq Ələsgərin, Ağdabanlı Qurbanın, Aşıq Şəmşirin, Növrəs İmanın, Bimar Əlinin, şair Firudinin, Zal Cabbarlının, Səməd Vurğunun və digər böyük söz adamlarının təsiri aydın hiss olunur. Bu təsir özünü daha çox onun təbiət, məhəbbət və vətən mövzusunda yazdığı şeirlərində büruzə verir.

O çağlayan gur bulaqlar Çağlar mənim ürəyimdə. Neçə şirin xatirəni Saxlar mənim ürəyimdə. ... Loğmanımsan gözəl məkan, Sənsən verən Məmmədə can. Səndən əziz, Azərbaycan, Nə var mənim ürəyimdə?!

Məmməd Aslanın bədii dünyaduyumunun formalaşmasında bayatıların, xüsusilə Sarı Aşıq və Lələnin cinaslı bayatılarının da güclü təsiri olmuşdur. Bu təsir şairin bütün yaradıcılığı boyu özünü göstərmişdir.

Obam-elim bayatı! Pərgar dilim bayatı! Mənim dörd həndəvərim, İçim-çölüm bayatı! Bayatı, xas bayatı! Qəlbə qəvvas bayatı! Gör neçə rəngə çalır – Bircə cinas bayatı!

Ədəbiyayyatşünaslar Məmməd Aslanı təbiət şairi də adlandırırdılar. Çünki dünyanı dərk edən gündən o, təbiətlə sıx təmasda idi. Gününü ana təbiətin min bir sirrinə vaqif olub bu gözəlliyi poeziyaya daşımaq uğrunda yorulmaz axtarışda keçirdirdi. Bəzən çoxlarının yanından laqeyd keçdiyi bir qaya qoltuğuna sığınmış boynu bükük bənövşə, kimsənin diqqətini çəkməyən qar altından boylanan yaz gülü, sal qayaların sinəsini deşərək öz zümzüməsi ilə qulaqlara min bir həzinlik, ürəklərə sərinlik gətirən dağ bulaqları şairi duyğulandırar, ilhamını yerindən oynadar, az sonra həmin mənzərə şair qələminin qüdrəti ilə şaqraq bir şeirə, lirik bir nəğməyə çevrilərdi:

Yasəmənlər, süsənlər, Əsim-əsim əsənlər... Ay xəzinə gəzənlər, Xəzinə yan-yörəmdi.

Bir acı tarix faktı xatırladaq ki, erməni şair və yazıçıları sovet hakimiyyətinin ən sərt idarəçiliyi dövründə də türk-müsəlman xalqlarına qarşı iyrənc böhtanlarını sərbəst şəkildə ədəbiyyata gətirir, tarixi saxtalaşdırır, öz xalqlarının beynini zəhərləyərək gələcək münaqişələrə zəmin hazırlayırdılar. Bunun müqabilində isə Azərbaycan yazıçılarına düşmən böhtanına cavab vermək, onları vaxtında susdurmaq haqqı mərkəz və milli düşüncədən uzaq olan yerli idarəçilərimiz tərəfindən tanınmırdı. Lakin vətənpərvər yazarlarımız bütün basqılara baxmayaraq böyük ustalıqla tarixi həqiqətlərə güzgü tutur, müxtəlif ədəbi “priyomlardan” istifadə edərək düşmənin ünvanını birbaşa göstərərək xalqın qan yaddaşını oyatmağa çalışırdılar. O illərdə hələ gənc olmasına baxmayaraq Məmməd Aslan 1969-cu ildə - Sovet hökumətinin kəsəkəs vaxtında qələmə aldığı “Sümüklü Dərə” şeirində mənfur düşmənlərimiz ermənilərin qədim Göyçə mahalında törətdiyi vəhşi qətliamı nifrətlə lənətləyir, xalqı öz keçmişinə sahib çıxmağa çağırırdi:

Mən dərə görmüşəm: moruq qoxulu, Mən dərə görmüşəm: nərgiz yuxulu... Bu dərə nə qədər müdhiş, qorxulu – Sümüklü dərə. ... Bura şəhidlərin gorsuz gorgahı, Bura qatillərin məhşər Günahı! Uçqun dodağında saxlar min ahı – Sümüklü dərə.

Məmməd Aslan milli məsələdə, vətən təəssübü lazım gələn yerdə ölümün gözünə dik baxmağı, xalqın sözünü açıq şəkildə deməyi bacarmışdır. 1990-cı ilin 20 yanvarında imperiya qoşunları vətənimizin paytaxtında qanlı qırğın törədəndə, mətbuata və azad sözə basqılar artanda şairin bu vəhşi qətliamı lənətləyən, cəlladların ünvanını aydın göstərən “Ağla qərənfil, ağla” şeiri işğalçıların sifətinə vurulmuş tərs şapalaq kimi xalqın böyük faciəsini bütün dünyayay yayırdı:

Qırırlar – bizik deyə! Haqqına düzük deyə! Astarsız üzük deyə, Ağla, qərənfil, ağla! ...Xeyrə şər üstün gəldi, İniltili ün gəldi... Ağlamalı gün gəldi: Ağla, qərənfil, ağla!

Elə o ağır illərdə, imperiyanın bütün silahlarıyla – tankıyla-topuyla üstümüzə yeridiyi, Bakıda qanlı qırğın törədib, küçələrdə silahlı əsgərlərdən, tanklardan “divar çəkdiyi”, ermənilərin Qarabağda vəhşətlər törətdiyi günlərdə millətin zülm önündə sınmayaraq azadlıq uğrunda mübarizəyə qalxıb öz haqqına qovuşmaq üçün ölüm-dirim savaşı apardığı günlərdə şair nicat yolunun yalnız azadlıqdan keçdiyini bəyan edirdi:

Bir sirli qönçədi; açsa, gül olar! Bir dəndi: becərsək, bir sünbül olar! Qaydına qalmasaq, yanıb kül olar – Çırpınır bir çimdik qorda Azadlıq. ... Sonuyla ölçülür insan əməli: Qılı qırxa bölüb, haqqı deməli! “Haqdı, Ədalətdi mülkün təməli!” Harda Ədalət var – orda Azadlıq!

Məmməd Aslan milli olduğu qədər də bəşəri şairdir. Onun poeziyası məhdud millətçilikdən uzaqdır. Yaradıcılığının əsas qayəsini də elə insanların bir Adəmin övladı olmaları, dünyanın yalnız barış və sülh içində xilas tapacağı kimi bəşəri ideyalar təşkil edir. Şair haqlı olaraq həyəcan təbili çalır ki, bu gün dünyanın başı üzərində nüvə silahlarının Domokl qılıncı kimi asıldığı qorxunc bir zaman kəsiyində bəşəriyyətin daha çox müdrik sözə, qarşılıqlı etimada, mənəvi birliyə böyük ehtiyacı var. Müəllifin “Dünyanı uşaqlara verdik ki...” şeiri də bu mənəvi ehtiyacdan doğur, insanları dünyamızın sabahı üçün birgə narahat olmağa səsləyir:

Uşaqlara vermişik dünyanı bir illiyə, Sarsılmış əsəbləri dincəlsin kainatın. Bu körpələr öyrətsin böyükləri birliyə O südəmər çağları geri dönsün həyatın. ... Vədəsiz soluxmasın çəmən, çiçək, göy otlar, Qayıtsın nizamına qoy iqlim qurşaqları. Barıt-qurşun yükünü yerə qoysun buludlar, Əyilsin, qanadına mindirsin uşaqları. Məmməd Aslanın bədii yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmamışdır. O, uzun illər ədəbi prosesdə özünəməxsus üslubu ilə seçilən yazıçı-publisist, ictimai həyatın müxtəlif hadisələrini, günün və həyatın ağrılı problemlərini qələmə alan yorulmaz jurnalist kimi də tanınmışdır. Müxtəlif mövzularda qələmə aldığı yazıları ilə bədii nəsrin də böyük ustası olduğunu təsdiq etmişdir. Ədibin 1979-cu ildə “Gənclik” nəşriyyatında çap olunmuş “Bizdən sonra nə qalır?..” adlı kitabına müxtəlif mətbuat orqanlarında dərc olunmuş publisist əsərlərindən seçmələr daxil edilmişdir. Bu yazılar coğrafiyası etibarı ilə Azərbaycanın əksər bölgələrini əhatə edərək vətənə, vətəndaşa, həyata, ictimai-siyasi hadisələrə lirik-psixoloji münasibət sərgiləmişdir. Kitabda toplanmış “İnsan”, “Qanla möhürlənmiş vəsiqə”, “Çırağını yanan görüm”, “Şah tut”, “Küçəyə işıq düşür”, “Dünya gülməsəydi, yaşamazdı”, “Barmaqların nağılı”, Dəlidağda qalanım var”, “Leyləyin xətrinə”, “Fəsillər qovuşan yerdə”, “O Kürün, Arazın Tərtəriyəm mən”, ““Yeddi qardaş”ın ömrü”, “Bizdən sonra nə qalır?”, “Perik düşər bənövşələr”, “Heykəllər qocalmır” başlıqları ilə dərc olunmuş oçerklər və publisist yazılar janrından, formasından asılı olmayaraq qiymətli jurnalistika nümunələridir. Çünki bu yazıların qəhrəmanları real həyatdan götürülmüş canlı insanlar – bizim müasirlərimiz, vətən, onun təkrarsız təbiəti, zəngin flora və faunasıdır. Məmməd Aslanın publisistik dili də olduqca şairanə, sadə və aydın, bir sözlə xalq dilinin zəngin qatlarından süzülüb gələn bir ruh nəğməsidir. Şairin yaradıcılığında Cənubi Azərbaycan mövzusu – Təbriz, Ərdəbil, Xoy, Urmiya, Səlmas, bütünlüklə Arazın o tayında qalan vətən torpağı, bütöv Azərbaycan ağrısı qırmızı xətlə keçir. Vaxtilə Arazın o tayına gedib-gəlməyin mümkün olmadığı, aranı tikanlı məftillərin kəsdiyi ağrılı illərdə Məmməd Aslan da ən kövrək misralarını bu mövzuda qələmə almışdır. “Təbrizə çatmağa nə yol qaldı ki...” şeirində şair iki imperiyanın xalqımızın taleyində yaratdığı faciəvi durumu real boyalarla, bitkin bədii məcazlarla göz önünə gətirə bilmişdir:

Təbrizlə arama min ara gəldi, Ürək bu həsrətdən zinhara gəldi. Hardan yol başladım, yol hara gəldi?! Bu da bəxt işidi, xoş yığvaldı ki! Burdan Təbrizəcən nə yol qaldı ki?! Qarşımda göz dağı durur o yerlər, Çinar qəddim olsa, yenə əyərlər! Bir vüsal pərisi vardır, deyirlər, Qulağı kardı ki, Dili laldı ki... Burdan Təbrizəcən nə yol qaldı ki?!

Azərbaycan müstəqillik qazanandan sonra Məmməd Aslan bir neçə dəfə Təbrizi ziyarət etmiş, Tanrının ona verdiyi bu qisməti böyük şükranlıqla “Təbriz” şeirində bədii sözün yaddaşına köçürmüşdür:

Yüz illərdir ocağında közüm var: Soyumaz çörəyim, çayım Təbrizdə. Bir doğma oğluyam bu cənnət yurdun, Hər bahar gül açır soyum Təbrizdə. ...Nə yaxşı yumşaldı o sərt havalar! Qovuşdu soydaşlar, həsrət obalar! Şahin – şonqar şığıdıqca ov alar! Artdı Səttarxanla boyum Təbrizdə!

Məmməd Aslan həm də uzun illər idi ki, türk dünyasının mənəvi-mədəni birliyi yolunda Fərhad kimi külüng çalırdı. Vaxtilə Türkiyə adının nəinki yazılmasının, dilə belə gətirilməsinin qadağan edildiyi, o dünyanın sanki bir xof aləmi olduğu illərdə – 1984-cü ildə Məmməd Aslan “Ərzurumun gədiyinə varanda” kitabı ilə bu zülmət pərdəsini yırtaraq türk dünyasına bir pəncərə açdı. Şairin peşəkar qələminin, güclü müşahidələrinin və ən başlıca yazıçı cəsarətinin sayəsində Türkiyə ilə bağlı qaranlıqlar az müddətdə aydınlaşdı və hər şey gözlərdə əslində olduğu kimi canlandı. Bu səfərə qədər isə Məmməd Aslanın Türkiyəyə bir Nazim Hikmət gileyi vardı:

“Qarşı yaxa məmləkət, O torpağa mən həsrət”. Vətənsiz öldü Hikmət, Ölümə bax, qaraçı.

Böyük türk şairi Nazim Hikmətin ağrılı və təzadlı taleyi Azərbaycan ədəbiyyatında daim diqqət mərkəzində saxlanılan mövzulardan biri olmuşdur. Böyük faciə qəhrəmanı olan bu nəhəng söz adamının bədii obrazı hələ sağlığından başlayaraq Azərbaycan yazıçı və şairləri tərəfindən zaman-zaman müxtəlif rakurslardan və prizmalardan işıqlandırılmışdır. Məmməd Aslan da Nazim Hikmətə bir neçə şeir həsr etmişdir. Nazimin doğma Türkiyəsini növbəti bir ziyarətindən və orada Nazim Hikmətə əvvəlki birmənalı münasibətin xeyli yumşaldığının şahidi olandan sonra bu ağrı Məmməd Aslan poeziyasında doğma bir niskilə çevrilmişdi:

Bir az yaşasaydın, dözsəydin, barı, Gözünlə görərdin sınan buzları. Yumşaldı bəxtinin acı ruzigarı, Ətrin İstanbula çiləndi, Nazim.

Məmməd Aslan yaradıcılığında türk dünyası, türk poeziyası, Türkiyə mövzusu ayrıca bir xətt təşkil edir. Onun şair Hidayətlə birlikdə 1991-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən nəşr olunmuş “Gözəllik suyu” kitabında toplanmış bir sıra türk şair və yazıçısının əsərlərindən örnəklər bu istiqamətdəki fəaliyyətinin davamıdır. Sonrakı illərdə şair “Anadolu dəftərindən” başlığı altında bu mövzuda silsilə şeirlər qələmə almışdır. Bu əsərlərin qəhrəmanları böyük türk şair və övliyaları Mövlanə Cəlaləddin Rumidən, Qazi Bürhanəddindən, Yunus İmrədən üzübəri müaisir türk şeirinin yaradıcıları – Aşıq Veysəl, Naci Fazil Qısakürək, İqbal Xan Gürpınar, Abdullah Sərt İpək, Yavuz Bülənt Bakilər, Bahəddin Qaraqoç, Nihal Adsız, Qadir Misiroğlu, Fazil Hüsnü Dağlarca və başqalarıdır. Məmməd Aslanın şeirlərində türk dünyasının adı çəkilən nəhəng söz xiridarlarının zahiri portretləri sadəcə göz önündə canlanıb qalmır, bu böyük fikir adamlarının zəngin mənəvi dünyası, sözlə yaratdıqları möcüzələr böyük ustalıqla açılır, insanı heyrətə gətirir, oxucunu min illik mədəniyyətimizin sirli-sehirli gülşəninə çəkib apararaq valeh edir. “Şair babam gəzən yerlər” şeirində türk poeziyasının böyük ustadlarından olan Qazi Bürhanəddinin bədii obrazı göz önünə gəlir, türk şeirinin ölməz səsi eşidilir:

Bir vaxt Qazi Bürhanəddin Şöhrət tapıb Qeysəridə. Qılıncı tək kəskin olub Misrasının kəsəri də. ... Yatırını el açıbdı, Zaman-zaman dil açıbdı. Füzulidə gül açıbdı Onun şahlıq əsəri də.

“Yaşayan Yunus Əmrə” şeirində şair Şərq ədəbiyyatının ən zəngin və çoxşaxəli qolunu təşkil edən türk ədəbiyyatının hansı nəhəng köklər üzərində intişar tapdığını, necə tükənməz bir çeşmədən qidalandığını və müasir ədəbiyyata göstərdiyi şəksiz təsiri böyük şükranlıqla etiraf edir:

Salam olsun, qoca Yunus, Salam, Şərqin söz çeşməsi. Yüzillərin o üzündən Türkün aşıb gələn səsi. ... Ölümsüzlük verib sənə Min sehrli ana südü. Bu süd sənin söz qalanın Təməlidi, hörgüsüdü.

Məmməd Aslan Türkiyədə keçirilən Allahın və İslam peyğəmbərinin vəsfinə həsr olunmuş şeir yarışmalarında iştirak edərək bir neçə dəfə bu mötəbər müsabiqələrin qalibi olmuşdur. O, 1994-cü ildə “Natı Şərif” yarışmasında “Nur içində nur” şeiri ilə birinci, 1995-ci ildə “Lailahə İlləllah” münacatı ilə ikinci yerə layiq görülmüşdür. Məmməd Aslanın poeziyasındakı və sənətindəki uğurun başlıca şərti onun geniş mütaliəsindən və saysız-hesabsız səyahətlərindən keçirdi. O taylı, bu taylı Azərbaycanı, qardaş Türkiyəni, qədim Turan ellərini qarış-qarış gəzən şair qədəm qoyduğu hər yerdə xalqın min illik söz boxçasının ən qiymətli incilərini toplayır, unudulmaqda olan folklor nümunələrini, adət-ənənələri “çinədanına yığaraq” sonradan müxtəlif yazılarında bunu böyük ustalıqla cilalayaraq xalqın özünə qaytarırdı. İlk şeirlərindən tutmuş son illər qələmə aldığı əsərlərini də ədəbi təhlil müstəvisinə cəlb edəndə aydın görünür ki, şair daim axtarışda olub, hər zaman öz üzərində işləyib, sözlə mükalimədə bir an da olsun arxayınlaşmayıb. Məmməd Aslan illərdən bəriydi ki, ozan-aşıq sənətinin təbliğ olunması istiqamətində də ciddi xidmətlər göstərirdi. Göyçə aşıq mühitinin və Kəlbəcər ədəbi mühitinin təbliğ olunub tanınmasında onun xidmətləri əvəzsizdir. Aşıq Ələsgərin, Növrəs İmanın, Ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin, Haqverdi Talıboğlunun, Bəhmən Vətənoğlunun, Sücaətin, Seyid Əlinin, Cabir Umudun, Yusif Hüseynin və onlarla digər saz-söz adamının yaradıcılığı ilə bağlı ölkə mətbuatında dərc etdirdiyi müxtəlif səpkili yazılar, radio-televiziyada apardığı verilişlər bu qəbildən idi. Şairin Azərbaycan özan-aşıq sənətinin azman nümayəndəsi Dədə Şəmşir şəxsiyyətinin və irsinin araşdırılması ilə bağlı apardığı araşdırmalar və yazdığı yazılar da ciddi zəhmətin bəhrəsidir. Onun 2013-cü ildə nəşr olunmuş “Saxla izimi, dünya” kitabını publisistik üslubda yazılmış roman da adlandırmaq olar. Çünki bu kitabda böyük ustadın “zəngin yaradıcılıq yoluna, demək olar ki, beşikdən məzaracan işıq tutulmuş; sənət meydanında unudulmaz qovğaları, poetik uğurları həyati lövhələrlə qələmə alınmış; bu nəhəng söz zərgərinə ümumxalq məhəbbəti əks etdirilmişdir”. Kitab Aşıq Şəmşir yaradıcılığının və şəxsiyyətinin öyrənilməsi baxımdan gələcək tədqiqatçılar üçün qiymətli bir mənbədir. Məmməd Aslanın yaradıcılığı olduqca rəngarəng və çoxşaxəlidir. Bu müxtəliflik özünü yalnız onun əsərlərinin forma və məzmununda deyil, eləcə də müraciət etdiyi obyektlərin fərqliliyində də aydın göstərir. Yeri gəlmişkən, mütəxəssislərin də dəfələrlə etiraf etdikləri bir faktı xatırladaq ki, gənc nəsilin təlim və tərbiyəsində, dünyabaxışının formalaşmasında ədəbiyyatın ciddi bir sahəsi sayılan uşaq ədəbiyyatının inkişafında son illər bir tənəzzül hökm sürür. Məhz bu prizmadan çıxış edərək xatırladaq ki, Məmməd Aslan bu sahədə də öz sözünü uğurla demiş sənətkardır. Şairin 2014-cü ildə “E.L.” nəşriyyatı tərəfindən çap olunmuş “Səhəri kim açır” kitabını uşaq ədəbiyyatına böyük töhfə hesab etmək olar. Kitabda toplanmış bir-birindən maraqlı, rəngarəng şeirlər, nağıllar, əhvalatlar dilinin sadəliyi, axıcılığı və gözəlliyi ilə balaca yurddaşlarımızın dünyaduyumunun dərinləşməsində, söz ehtiyatının və estetik baxışlarının formalaşmasında əvəzsiz rol oynayır. Həyatını, yaradıcılığını Azərbaycan ədəbiyyatına, söz sənətinə həsr etmiş Məmməd Aslanın zəngin, çoxçaxəli yaradıcılığının ciddi elmi araşdırmaya ehtiyacı var və inanırıq ki, bu məsələ yaxın illərdə öz köklü həllini tapacaqdır.

İlham MƏMMƏDLİ

yazıçı-publisist, filоlоgiyа üzrə fəlsəfə dоktоru

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev