Ömrü xəzəl olan Şaiq...  

“Xəzəl ömrüm”. Dünyadan vaxtsız köçən gənc şair Şaiq Sadıqzadənin ölümündən sonra sevənləri tərəfindən çap olunmüş ilk və son kitabı belə adlanır.

Kitabda istedadlı gəncin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. “Xəzəl ömrüm”ü oxuyub bitirdikdən sonra anladım ki, sən demə, doğulandan ölümünə yol gedirmiş Şaiq. Şeirlərinin yazılma tarixi, mövzu dairəsi müxtəlif olsa da, onların hamısını birləşdirən bir məqam var idi-ölüm... Sanki şeirlərin hamısına ölüm qoxusu hopmuş, xəzan rəngi çəkilmişdi. Şaiq Sadıqzadə vaxtsız gələn ölümünü duyubmuş kimi illər öncə özünə ağı deyirmiş şeir adına...

1-cə dəfə doğuluruq,

1-cə dəfə yaşayırıq.

1-cə dəfə ölürük və elə

1-cə dəfə də ürəkdən sevirik!

Ona görə də bəlkə bütün nağılar belə başlayır:

1-i var idi,1-i yox idi...

...Biri var idi, biri yox idi, bu dünyada bəxtinə 1 yaşından qaçqınlıq qisməti yazılan Şaiq Sadıqzadə adlı Kəlbəcərdən olan bir oğlan var idi. Uşaqlığında çəkdiyi əzab və mərhumiyyətlər üzündən küskün idi dünyaya,1 rəqəminə nifrət edirəm deyirdi və bu ağrını şeirlərində qətrə-qətrə əridirdi...

Sən oğul doğmadın şeir yazmağa,

Bəlkə arzuların çox idi,ana.

Alnıma yazılan bəxti pozmağa,

Bəs niyə pozanın yox idi,ana?

Ağlayanın bir dərdi var, gülənin min deyimi sənin üçün deyilibmiş gözü yaşıl, taleyi qara oğlan.Bəlkə taleyini qaraladığına görə fələk də səndən üz döndərmişdi?...

Mənim o qədər pis taleyim var ki,

Baharda açan gül solar əlimdə.

Yapışsam Allahın mən ətəyindən,

Ətəyi cırılıb qalar əlimdə.

Yaradıcı adamlara avtobioqrafiya lazım deyil. Onların öz yaratdıqları həyatlarının əksidir. Bütün iç dünyaları əks olunur əsərlərində. Şaiq kimi.

Bilinməz dünyanın düzümü nədir,

Bu şirin yuxunun yozumu nədir?

Bilmirəm bu ömrün uzunu nədir,

Hər nədi-az,ya çox,cəminə şükür!

Gözəl saz çalmağı vardı.Lənkəran Dövlət Universitetində keçirilən tədbirlərdə onun çalğısının öz yeri var idi.Dərdli çalardı, yanğılı çalardı,ən çox da “Yanıq Kərəmi”ni ifa edərdi, Kəlbəcərin dərdini içinə çəkib içdən ağlayardı...

Ələ alıb zil sazımı bu gecə,

Pərdələrdə gəzməliyəm, gəzməli.

“Ruhani”ylə göyə çəkib ruhumu,

Yer üzündən bezməliyəm, bezməli...

Bu yaşamalı dünyadan bezməyinin səbəbi nə idi?Mənalı tələbəlik həyatı yaşadın,ilk ixtiralarınla ölkə gündəmini zəbt elədin,şeirlərini oxuyan ustadlar “gözəl şair olacaqsan” dedilər,məktəbdə şagirdlərin dərslərini sevə-sevə dinlədilər.27 yaşına nə qədər uğurlar əldə etmişdin,sosial şəbəkədə minlərlə izləyicin yazdıqlarını həvəslə bölüşərdi. Niyə ilk uğursuz addımında fələyə tərəf qaçdın,avtomobillə qəza törədən minlərdən biri idin...zaman hər şeyi yoluna qoyacaqdı...Bu həyatı sevə-sevə ,xatırlanmağını arzulayaraq necə ölmək olardı axı?

Sizli şeirlərim görüş yerimiz,

Tapın misralarda,sözlərdə məni.

Görəsən mən sizi sevdiyim qədər

Yada salırsızmı sizlər də məni?!

Yada salırıq, ağrı ilə, göz yaşları içində.Oğul itkisi qəbr evinə kimi valideynlərini göynədəcək.Hər “Vağzalı” çalınanda toysuz ölən balalarını xatırlayacaqlar, hər zəng çalınanda şagirdlərinin, müəllim yoldaşlarının yadına düşəcəksən.Tələbəlik illərindən söz düşəndə tələbə yoldaşlarının gözü dolacaq,saz havası eşidəndə müəllimlərin kədərlə köks ötürəcək.Dərdli vaxtlarında yazdığın bu şeirdə deyildiyi kimi nə nömrəni telefonumuzdan pozmağa,nə də adını sosial şəbəkədə dostluqdan silməyə əlimiz gəlməyəcək...

Xatirəyə dönür hər şey sonunda,

Zaman verdiyini qaytarıb alır.

Bəlkə də çoxunun telefonunda

Silə bilmədiyi bir nömrə qalır.

Bəklə bir sehrli rəqəm donunda,

Səbəbin,niyəsin bilə bilmirsən.

Silmək istəyirsən,ancaq son anda

Titrəyir əllərin, silə bilmirsən!

Bir gün yaranan bir gün də köçünü sürüb getməlidir.Ölüm haqq işidir.Amma ölüm var ölüm kimi,ölüm var zülüm kimi.Sənin ölümün zülüm idi Şaiq.Bu zülümü özün özünə elədin, Tanrıdan, Əzrayıldan xəbərsiz.

Görüş yerimiz var-əbədi torpaq,

Sonda qovuşarıq ona nə vaxtsa!

Kim deyir biryolluq ayrıldıq daha,

Biz yenə nə vaxtsa görüşəcəyik.

Nə vaxtsa görüşsək, inanıram ki, səni peşiman görəcəyəm.Sevdiklərini üzdüyünə, Tanrıya zidd getdiyinə görə peşiman olmusan yəqin.

İnnən belə nə gediş, nə gəliş var, Bu həyatda hər möcüzə, hər iş var. Deyirlər ki, o dünyada görüş var, Əgər varsa,ora qədər, əlvida. Əlvida deməyə tələsdin, yaman tələsdin... Heç bir xəstəlikdən ölmərəm bəlkə, Bir kövrək baxışdan öləsiyəm mən. Bilsən ki, sevdiyin ağlayar səni, Bax, onda ürəyin ölmək istiyər. O dünyadan bu dünyamıza gülməyinin sirri nə idi ? O gün qəmi ürəyimdən silərəm, O dünyadan bu dünyaya gülərəm. Gəlməsin Əzrayıl,özüm gələrəm, Bir gün öz yanına çağırsan, Allah! Ölən biryolluq ölür. Qalanlarsa ayrılıq ağrısını hər gün çəkir, misqal-misqal, zərrə-zərrə yox olur,əriyir... Döz bu ayrılığa ölənə kimi, Öləndə hamısı yadından çıxır. Açılar həmən gün ömrün düyünü, Yetişər Allaha bəndənin ünü, Hər gün yaxınlaşır o görüş günü, Gəlirəm yanına, gəlirəm Allah! ...Biri var idi, biri yox idi...Dərdli-sərli dünyamızda Şaiq Sadıqzadə adında boy-boxunlu, yaşıl gözlü,dağ vüqarlı ,sazlı-sözlü istedadlı,istiqanlı bir gənc var idi.Bu dünyaya gəlişi də nağıl oldu, gedişi də. Sonu acı bitdi bu nağılın. Göydən düşən almalar da xəzəl sarılığında, ölüm tamında oldu...Barı ruhun bəyaz olsun!. Esmira İsmayılova LDU-nun mətbuat xidmətinin rəhbəri

26 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev