ŞƏHİD FİDANLAR


Xalqın azadlığı sabah-birigün Şəhid yarasından göyərəcəkdir… (B.Vahabzadə) Şəhid! Bu sözü hələ uşaqkən kənd məscidinin qabağında ağsaqqallarımızın «qətl sınan günü» şaxsey-vaxsey getdikləri, imamlarımızın yolunda «ağköynək» olduğumuz vaxtlar eşitmişdim.


Ağlım zorla kəsirdi. Məhərrəmlik ayı başlamışdı. Atam, dayım mərsiyə deyərdi. Qonşular yığışıb sinə döyərdilər. Biz uşaqlar da qoşulardıq onlara. Amma müəllimimizdən ya¬man¬ca qorxardıq. Eşitsəydi ki, mərsiyədə bir uşaq olub, həmin uşağın «evi yıxılardı». Müəllim də bizi «şəhid eləyərdi». Bir sözlə, qadağan olunmuşdu bizə mərsiyələrə getmək. Şəhid sözünü o zamanlar eşitmişdik. Şəhidliyin müqəddəsliyini onda görürdük ki, aradan əsrlər keçsə də şəhidlər unudulmur – məhərrəmlik ayında, xüsusən də «qətl sınan günü» hamı şəhidlərin adına ehsan verir, imamlarımızın müqəddəs ruhlarına yasin oxutdurur, körpələrinin alnını ülgüclə çırtaraq «ağköynək» eləyərdilər. Deməli, şəhidlər hər kəsin doğmaları, hamının əzizləridir ki, tarix boyu yaşayırlar. Tarixin dolanbac yollarında başına çox müsibətlər gəlmiş millətimin şəhidlik payı alın yazısı imiş. Sən demə, Vətən torpağı şəhid balalarının qanı, canı bahasına qorunduğu üçün müqəddəs imiş. Şəhid balalarına yas saxlayan Azərbaycanımız şəhidlər yurdu olub. Qarataleli Qarabağımız şəhid yurduna çevrilib. Bəyəm Qarabağmı, Gəncəmi, Goranboy, Gədəbəymi, Qazax, Tovuzmu, Şuşa, Laçınmı şəhidlər yurdudur? Bəs Tərtər, Kəlbəcər, Qubadlı, Füzuli? Bəs Zəngəzur, Göyçə?... …Şəhidliyimiz doğma Bakımızdan başlayıb sərhəd boyunca yayıldı. Kəlbəcərin şəhidlik payı ilk dəfə süd qoxulu 8 körpəmizin bəxtinə düşdü. Dədə Şəmşirin (Allah rəhmət eləsin) od-ocağı Ağdabana Ağdərənin Çapar kəndi tərəfdən hücum eləyən erməni quldurlarının 6-sını kənd camaatı tutub rayon mərkəzinə gətirmişdi. Bu, o zamanlar idi ki, onda Dağlıq Qarabağ Təşkilat Komitəsi vardı. Qanımıza susayan Arkadi Volski isə o üzdəniraq komitənin başçısı idi. Rayona gətirilən quldur erməniləri Xankəndinə aparmaq, yenidən silahlandırıb üstümüzə qısqırtmaq istəyən A.Volski hərbi vertolyot göndərmişdi (o vertolyotun pilotları allah bilir, bəlkə də ermənilər idi). Vertolyot şəhər stadionunda oynayan balacaları – səkkiz fidanımızı qanına qəltan elədi. Kəlbəcər torpaq uğrunda ilk şəhid balalarını verdi. Dünya az qala o körpələrin qanında boğulacaqdı… Kim idi KƏLBƏCƏRİN İLK ŞƏHİDLƏRİ? Şəhərin «Yuxarı düz» sahəsində o qanlı stadiondan o yana fidanlarımızın şərəfinə ucaldılan «QƏRƏNFİL – 8 ULDUZ» xatirə abidəsindəki lövhəyə diqqətlə baxın. 

Oxuyun və unutmayın:

Məmmədov Sahib Sultan oğlu – 10 yaşında; Salmanov Razim Tofiq oğlu – 8 yaşında; Valehov Anar Qardaşxan oğlu – 7 yaşında; İbişov Cahid Telman oğlu – 10 yaşında; Əsgərov Səxavət Dəmir oğlu – 14 yaşında; Əsgərov Natiq Məhəmməd oğlu – 14 yaşında; Xəlilov Bəxtiyar Rəhim oğlu – 11 yaşında; Orucov Azər Zakir oğlu – 7 yaşında.

İstədim ki, şəhid fidanlarımıza ağı deyim, bir yanıqlı səslə ağlayım, ağlaya bilmədim. Dedim ki, yazım. Gül ətirli, süd qoxulu balaların qara yazılarını yazım, yazım qan rənginə boyandı. Bir rəng olsaydı, bəlkə də o rəngin işığına yazardım, amma bir rəng deyildi. Səkkiz qanın rəngi idi, qarışmışdı bir-birinə. Bu qanın içində başsız, əlsiz-ayaqsız bədənlər titrəşirdi. Bu titrəyişdən dünya əsim-əsim əsirdi. Bu al-qan rəngli dünyada səkkiz (?!) ana sızıltısı, ata fəryadı, bacı-qardaş şivəni vardı. Bir qol havada uçur, bir ayaq yerimək istəyir, bir əl qan içində uçan vertolyotun qanlı pərlərindəki qırmızı rəngli, beşguşəli ulduzdan tutub onu boğmağa çalışırdı. Amma heydən düşmüşdü o əllər, ayaqlar, o başsız bədənlər… O qanlı dünyada bir vertolyot uçurdu, amma uça bilmirdi. Qanadlarından asılı qalan körpələrin sızıltıları, anaların şivənləri o vertolyotu uçmağa qoymurdu. Can üstəydi, biçib tökdüyü fidanlar kimi. Ana fəryadlarının harayı o vertolyotun zəhimli uğultusunu udmuşdu… Analar ağlaya bilmirdilər. Hamı daşlaşmışdı. Daşlaşmış bu anaların səsləri qırılıb qalmışdı… Kəlbəcərin ilk şəhid balalarının şərəfinə ucaldılmış o abidəyə baş çəkin. Baxın, bir görün heç o balalar böyüyübmü?! Görün şəhid əmiləri Şahlar onları necə yığıb başına! İstəyir ki, ovundursun onları! İstəyir ki, yeddiyaşlı Anarla Azərə Milli Qəhrəmanlıq dastanını danışsın – «Səkkiz körpə nağılı»nı, «Səkkiz igid nağılı»nı. Səkkiz ana fəryadını… Amma onlar bu nağılı bilirlər. Onlar bu nağılın qəhrəmanları olduqlarına görə istəyirlər ki, o nağılı mən yazım, mən danışım hələ təzə-təzə «Ana», «Vətən» kəlmələrini öyrənən balalarımıza... Mən nə danışa, nə də yaza bilirəm, əziz balalar! Siz heç bu yazımı da oxumayın və gedin o abidənin qarşısında dayanıb lövhədə yazılanları oxuyun (daha həmin abidə də yoxdur. 1993-cü il, aprelin 2-də ermənilər Kəlbəcəri də əlimizdən və elimizdən alıb. Deməli, abidəni də yerlə-yeksan eləyib). Birinci lövhədə 10 yaşlı Sahibin sağlığında çəkdiyi vertolyot şəklidir. İstəyirsiz «özündən» soruşun, niyə çəkirdin o vertolyotları? Cavab verməyəcək. Sahib o vertolyotları ona görə çəkirdi ki, o zamanlar ermənilər bizi həmin vertolyotların ümidinə qoymuşdular. Ağdərədən bağlamışdılar dədə-baba yollarımızı. Sahib 10 yaşında bunu dərk edib gələcəyə bu dərdimizi çatdırmaq istəyəndə başımızın ağaları bunu hələ dərk etmirdilər. Sahib ona görə o vertolyotları çəkirdi ki, bəlkə də gələcəkdə pilot olmaq istəyirdi. Nə bilim, bəlkə də çəkirdi ki, bu vertolyotlara bel bağlamayın, ay camaat, bir gün o vertolyotlar anaları gözüyaşlı qoyacaq. Azərbaycan vertolyotu adıyla Xocalıya enəcək, qız-gəlinlərimizi doldurub İrəvana uçacaq… Nə bilim, bəlkələr o qədər ki… İkinci lövhəni oxuyun: «Dağlıq Qarabağ fitnəkarlığının 1989-cu il iyulun 14-də günahsız qurbanları olan bu süd qoxulu balalarımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaq». Üçüncü lövhə. «Baxın! Diqqətlə baxın! Bu şəhid balalarımızı unutmayın! Əsrin əvvəlindən başlamış erməni fitnəkarlığı onların ömrünə 1989-cu ildə nöqtə qoyub. Unutmayın ki, bundan sonra 20 Yanvar – Qara Yanvar – 1990-cı il faciəsi baş verib. Kəlbəcərdə Otaq Qayadakı qanlı hadisələr törənib: Çimnaz Şəmşir qızının, Aslan Xıdırovun, Eldar Cəbrayılovun, Şahlar Şükürovun, Sergey Medentsevin nakam ömürləri bu dağlarda sona yetib». …Ömrümüzə qənim kəsilən düşmən fitnəkarlığı şəhidlərimizin sayını artırdı, torpaqlarımız qanımızla suvarıldı, neçə-neçə qönçələrimiz soldu, neçə-neçə analarımız saç yoldu… Oldu bütün bunlar, əziz balalar, mən isə şəhid fidanlarımızdan yaza bilmədim. Qan çanağında boğulan torpaqlarımızın dərdlərinin mində birini yaza bilmədim. Bu dərdlərin içində boğulan anaların fəryadları qoymadı yazmağa. Birinci ana: - Balamı mənə göstərmədilər, yarasını bağlamadım… İkinci ana: - Balam məktəbə gedəcəydi. «Əlifba»sı oxunmamış, məktəbli paltarı geyilməmiş… qaldı… Üçüncü ana: - Balam o səhər tez qalxdı, tez getdi. Çağırdım, gəlmədi. Hələ də çağırıram! Belə deyildi, eşidərdi məni, bir sözümü iki eləməzdi. Amma neçə vaxtı çağıra-çağıra qalmışam… Dördüncü ana: - Bir bala yox ey, bir cüt bala itirmişəm. Biri oğul balamın balası, biri də qız balamın balası… Beşinci ana: - Mələ, ceyranım, mələ, Balanı vermə ələ. Mən mələdim gəlmədi, Sən mələ, bəlkə gələ… Altıncı ana: - Balamdan yaza bilsən bunnarı da yaz: Bağa girdim əzəldən, Dəstə yoxdu xəzəldən. Gül tapdım, iyləməmiş Fələk aldı tez əldən… Yeddinci ana: - Balamın yazısını yaza bilməsən, bunnarı yazarsan: Bu yoldan gələr, keçər, Ahular mələr keçər. Bala itirənlərin Qəlbindən nələr keçər… Səkkizinci ana: - Bala, al bunu da oxu: Bu dağlar tala dağı, Bürümür lala dağı. Hər dağ olsa çəkilər, Çəkilməz bala dağı… 

Məhəmməd NƏRİMANOĞLU

#Şəhidlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev