Şahlar ruhunun işığında - Şəhid Milli Qəhrəmana möhtəşəm ithaf...



De, hara getdin baş alıb?

Gördüm ki, dünya boşalıb.

Yerin, yurdun bilinmədi...

Nəydi dərdin, bilinmədi...

Üzümü tutdum dağlara

Baxdım ki, dağlar kiçilib...

Quşlar qonmur budaqlara

Körpə budaqlar kiçilib...

Göz açdım ki, təklənmişəm,

Səhrada azan kimiyəm.

Qəriblikdə yüklənmişəm

Bir qərib ozan kimiyəm.

Gördüm dörd yanı su basıb

Ha əlləşdim, keçəmmədim..

Bir az suzudum mən kasıb

Bir qurtum su içəmmədim...

Ağaclar quruyur, gördüm

Çiynimə yarpaq tökülür...

Gözlərimin nuru gedir

Gözümə torpaq tökülür...

Hara getdin, söylə, hara?

Kürəklərim buz bağladı...

Gözlərimin suyu getdi,

Bəbəklərim buz bağladı..

Heç bilmədim yazını niyə bu “ölüm” adlı şeirimlə başladım...

2017-ci il, may ayının 17-si. İlin və ayın 17 rəqəmlərinin üst-üstə düşməsi ruhumda mistik bir ovqat yaradı. Var- yox bir oğlum da 17 yaşında dəhşətli bir avtomobil qəzasında dünyasını dəyişdi... Onun doğum günü də may ayının 7-si idi…

O gün, may ayının 17-si, Abşeron rayonunun Xırdalan qəsəbəsində yerləşən mədəniyyət sarayının böyük zalı ağzınacan adamla doluydu, ayaq üstə qalanlar da az deyildi.

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş, gənclik illərimin unudulmaz dostu Şahla Əvəz oğlu Şükürovun anadan olmasının 65 illiyi qeyd olunurdu. Ard-arda çıxışlar, orta məktəb şagirdlərinin qurduqları səhnəciklər... Bir sözlə, görüşü təşkil edənlərin zəhməti böyük idi. Çox qısa çıxışım zamanı zalda, dəvətlilər arasında Hidayət Elvüsalı da gördüm. Sovetin qılıncının sağı da, solu da kəsən vaxtlar hər kəs deyəcəyi sözü, söyləyəcəyi fikri öz içində pıçıltıyla redaktə edə-edə, nizama salıb, sonra dilinə gətirərdi. Hər nəyəsə, nələrəsə xorla züy tutmaq, səs-səsə verib xorla danışmaq adamların ağlına belə gəlməzid, yuxularına belə girməzdi. Reallıq beləydi. Çərçivədən çıxanların yeri ya dəlixana ya da ki, psixatiriya xəstəxanaları olardı- sorğusuz və sualsız... Şaranskini, Bukovskini yada salmaq yetər... O zamanlar bizim özseyrək, dar bir çevrəmiz vardı və o çevrə hər adamın baş soxacağı, girə biləcəyi kol deyildi... O çevrədə Hidayət Elvüsal da vardı,- iti ağlı, hər şeyi təhlil etməyi, mühakimə yürütməyi bacaran, çəkinmədən sözümü deyən, qızılı misdən ayırmağı bacaran intellekt düşüncəli, dostcanlı bir qələm adamı...

Amma nədənsə o gün Hidayət danışmadı, sadəcə, danışanları dinləməyə üstünlük verdi. Səbəbini bilmirəm, bir onu bilirəm ki, Şahları yaxından tanıyanlardan biriydi və Şahların qəhrəmancasına şəhid olduğu haqda ilk yazını mərkəz qəzetlərdən birində dərc etdirən Hidayət idi...

Hər hansı bir siyasi partiyanın gözəl nizamnaməsi, ideologiyası ola bilər, vacib olanı bu deyil, vacib olanı o ideologiyanın kim və kimlər tərəfindən təbliği və təşviqidir. Məncə bu aksiomadır.

Qəhrəmanlar çoxdu. Böyük Vərən Müharibəsi qəhrəmanlarımız, Qarabağ uğrunda döyüşlərdə bu ada layiq görülmüş oğullarımız var. Hamısı da bizim qürur yerimizdi. Amma Şahların özəl yeri var...

Vətənə sonsuz sevgisi, doğulduğu torpağa elinə, obasına, ailəsinə bağlı bir adam idi Şahlar. İntellekti, dərin zəkası, zəhmli eyni zamanda mərhəmətli, sədaqətli, içi işıq dolu bir ziyalı idi Şahlar.

Şahlar Əvəz oğlu Şükürov 11 iyul 1990-cı ildə şəhid oldu. Ancaq insan təkcə döyüşdə şəhid olmur. Şahları çox- çox illər öncə bu məmləkətin bəlalarına canlı şahid və şəhid kimi tanımışam. Dünyanı anlamaq, hiss etmək, sədaqətli, səxavətli olmaq özü də bir şəhidlikdi deyərdim.

Şahların xatirələrimdə əbədi yuva qurduğu unudulmaz bir gün var...

1985- ci il. Yenə həmin yerdə yağışmışıq, Zərdab- Ağcabadi yolunun üstündə, Kürün körpüsünün sağ tərəfində, sahildə yerləşən pavilyonda... Ətraf, qonşu rayonların prokurorları, məhkəmə sədrləri, mərkəzdən bu rayonlara yoxlamaya gəlmiş yüksək vəzifəli iki dövlət məmuru… Kürə açılan pəncərə tərəfdə çay içə- içə bizə qulaq asan bir aşıq da varıydı və göy köynəkdə pəncərəyə dayalı sazı da yanında. Üç-dörd sağlıqdan sonra Şahlar eşiyə çıxıb, tez də qayıtdı. Əlində “Ulduz” jurnalı varıydı ( O illər “Ulduz”da işləyirdim) o zamanlar bəzi mətbu orqanlar kimi “Ulduz” jurnalı da çox populyar, əldən-ələ gəzən, oxunaqlı bir jurnal idi. Şahlar icazə alıb ayağa qalxdı; - Zakir Fəxrinin jurnalın bu sayında “Qara Məlik haqda nəğmələr”i var, yəqin hamınız oxumuşunuz. Xalq şairi Bəxtiyar vahabzadə gözəl bir ön söz də yazıb. İstəyirəm hamınızın dərdi yazılmışbu əsərdən əzbər yadımda qalan bir parçanı yada salım. Baxışlarıyla aşığa işarə elədi və aşıq bayaqdan susmuş sazının dilə gətirdi.


Qürbətin isti ocağından

Od alıb qızmaz canı.

Övlada isti gələr

Vətən torpağındakı

Qara daşların soyuq qucağı.

Salam, ata ocağı.

Bu qara başdaşı,

ağlanıb unudulmuş,

unudulub ağlamamış

iki damla göz yaşı.

Bir zaman axıdılan

isti göz yaşlarından

Bu qəbir oyuq-oyuq;

Torpağı od içində

Başdaşı soyuq...

Dillən ata ocağı

Qara daşlarına

Qara gün üçün çəkilmiş rəsmlər

Bir el aşığının sazında

əriyib dil açır

daşa dönmüş simlər...

Bu yolların dumanı çəkilmədi.

Bu göy üzünün dan yeri sökülmədi.

Bu çayların körpüsü salınmadı,

Qaldıq boylana-boylana.

⃰ ⃰ ⃰⃰

Bu ocağın dövrəsi sulanardı,

Közünə köz qalanardı.

Süfrəsi salınırdı.

İgidlər pərvanə kimi

Başına dolanardı.

Dövrəsi işığıydı

Başına cəm olanlar

Hamısı aşığıydı.

Kamına kam çatmazdı,

Tamına tam çatmazdı

Bu ocağın.

Bu ocağın közündən

Canına köz düşdü Məliyin

İşığından

Üzünə, alnına iz düşdü Məliyin

Biri vardı, biri yoxdu...

Birinin dərdi- səri çoxudu

Birinin heç yoxudu

Bizim bu balaca dünya

Tapdalanmış kilim kimi

kirli idi.

Bu kilimin üstü ilə

Var-gəl edən Qara Məlik

Yamanca fikirli idi.

Dünyanın üst-başı

Çəpər-çəpər yamaq idi...

Bircə fikri vardı Məliyin

O da bu kirli kilimi

Suya çəkib yumaq idi...

- Zakir müəllim, Kəlbəcərə ermənilərin içindən, Mardakertdən (Ağdərə) keçib getmək adama çox ağır gəlir. Dünya çəpər - çəpər yamaq idi, yazmısan, elə bu da bir yamaqdı, Mardakerti deyirəm...- deyə Şahlar sözünü tamamladı. Hamı çaşqın idi, duruxmuşdu hamı... Məclisə dərin bir sükut çökdü. Şahların poetik anlamına valeh olmuşdum... Bir belə vəzifəlilər içində bu anlamın, bu duyumun, bu ürəyin bu ruhun yiyəsi olan Şahlar elə o gündən nəzərimdə Şəhid idi, Şəhidlik zirvəsinə ucalmışdı, 1990-cı ildə içi insan dolu 16 maşın karvanını Mardakertdə (indiki Ağdərə) qanlı döyüşdə xilas edib qəhrəmancasına şəhid düşən Şahlar əslində ondan çox illər öncədən Şəhid idi…

Tərtərdən üzü Kəlbəcərə sağ tərəfdə Murov görünür. Murovun sinəsində Aşıq sənətinin şah damarlarından biri, milli mənəvi dəyərlərin etalonlarından olan Dədə Şəmşirin ruhu, soldakı silsilə dağların qoynunda, Zülfüqarlıda isə Şahların ruhu dolaşır... Üzümü dağlara tutub içimdə pıçıldayıram:

Geyərsən çəməni güllü don kimi,

Qızarar lalələr döşdə dan kimi.

Şahların qəbrini medalyon kimi,

Əyil, qoy sinənə taxım, a dağlar!

Geyərsən çəməni güllü don kimi,

Qızarar lalələr döşdə don kimi...

Şahların qəbrini medalyon kimi,

Əyil, qoy sinənə taxım, a dağlar....

Yazımı “Yaza və yoza bilmədiyim yuxu” kitabında Şahlara həsr etdiyim bir şeirlə tamamlayıram, 65 yaşa dost ərmağanı olaraq...

Götürüb bir kənara

Atardın uzaqbaşı...

Uşaq vaxtı

Ayağına dəyən daşı.

Ayağın qanayardı

Qanınla sınağa çəkib

O daş səni sınayardı.

Kiriməzdin,

Təkbaşına ağlayardın.

Ağlayardın onda qardaş

Baş daşına ağlayardın...

Sən böyüdükcə böyüyərdi

Ayağına dəyən daş,

Anan lənət deyən daş..

Ayağına dəyən daşı

Qarğıma, süzmə acıqla...

Hamı namərd deyən daşı

Öpüb, öpüb qucaqla

O, sənin başdaşındı...

Gün gələcək

O daşı yad edəcək

Qəbrini ziyarət edib

Hamı çıxıb gedəcək.

Səninlə gecə- gündüz

Bircə o daş qalacaq

Sənə yoldaş qalacaq.

Səninlə o daş qalacaq

Yayı, qışı

Həmən daş ovunduracaq bacı, qardaş, yar- yoldaşı...

Atan Əvəz, anan Balışı

Üstünə gül səpəcək.

Hamı, hamı həmən daşı öpəcək,

Ayağına dəyən daşı...

Aylar, illər ötüşdükcə

Yollar unudulacaq

Cığırları ot basacaq

Gediş- gəliş

Bir az çətin olacaq...

Səninlə

Bircə o daş qalacaq

Bircə o daş

Həmsöhbətin olacaq.

İldə bir yol

Ruhun uçub

Həmən daşa qonacaq.

Yaşadığın qısa ömrü

Qısa anda anacaq…

Moderator.az

#Kəlbəcərhəsrəti #Kəlbəcər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev