"Şirin Sadıqovu kim gülərüz görmədi ki, amma " - Məhəmməd NƏRİMANOĞLU



Şirin dillinin gödək ömrü, acı taleyi Şirin Sadıqovu kim gülərüz görmədi ki, amma… …Biri var idi, biri yoxdu. Yox, bu nağılı yüyürək dillə danışmaq günahdır, çünki böyüklər üçündür. Nağıla dönmüş dünyamızın ala-toranında bir ömür qapısını açmaq istəyirəm, alın yazısını oxumaq üçün. Bilmirəm oxuya biləcəyəmmi?! Qədrini qədərincə bilmədiyimiz ömür yollarına səpələnmiş “tək yaprak”ların hansı ağacın budağı olması və rişəsinin toprağın neçənci qatına işlədiyini öyrənmək həvəsindəndir? Bir ömrün səfərnaməsini axıra çatdıra, onu oxuculara bəyəndirə biləcəyəmmi görəsən?..

Nağılabənzər bir ömrün yaddaqalanlarını xatirəyə çevirmək üçün əlimə qələm alıb, onun dünəninə boylanıram. Dünəni neçə-neçə zirvəsi dumanlı dağların o üzündə qalıb. Ona görə özü də qalmışdı boylana-boylana. Ha boylandı, boyundan o tərəfi görmədi. Nurlu baxışları Murovdağda, Kəpəzdə “duman-çənə” düşüb azdı. Xəyalında Ənvər Rzanın misraları qanad açdı:

Yazda əriş-arğac olur Kəlbəcərə gedən yollar… Yayda örüş-arxac olur Kəlbəcərə gedən yollar.


Şirin müəllim əlini gözünə kölgə edib dərindən həsrət çəkdi. Üzünü Zimistan müəllimə tutub qayıtdı ki: -Məhəmməd Nərimanoğlu ilə qohum yox, kəlbəcərli qələm adamı kimi fəxr edirəm. Kəlbəcərdə də elə oxunaqlı məqalələr yazırdı ki, Kifayət Umudqızı ilə. Sonra da şəhidlərimzdən ağı başladı. Sağ ol ki, ona qəzetdə səxavətlə yer ayırmışdın. Zimistan müəllim üzünə baxıb gülümsədi: -Şirin müəllim, Məhəmməd Nərimanoğlu mənim yazılmamış, oxunmamış əsərimdi. Bir dəfə də Nəsib müəllimə də demişəm. Məhəmmədin redaksiyaya dəvətini mən təsadüfi etməmişəm. Bir neçə dəfə ”Yaz bayramı-Saz bayramı”, ”1 May”, “Məhsul bayram”larında birlikdə tədbirin, nümayişlərin aparıcılığını eləmişik. Onun istedadlı olduğunu görüb İnqilab müəllimə və Kamal Nemətə demişdim. Sevinirəm ki, indi məclislərdə onun şeirlərindən də deyirəm. Nisgilli şeirləri sazın üstündə yazılıb… Şirin müəllim məqamında dilləndi: -Məhəmməd əmioğlunun şeirlərini kitabında da görsəydik... Mən də bir neçəsini bilirəm. Yaddaqalandır, Ənvər Rzanın bir şeirinə cavabı da gözəldir ey:

Gör neçə ildi bağlıdır Kəlbəcərə gedən yollar?! Sinəmiz kimi dağlıdır Kəlbəcərə gedən yollar...

Söz sözü çəkdi. Zimistan müəllim mənim bir “beşlik” gəraylımı söylədi:

Yuxun gələrmi sənin, Torpağı basılan kişi?! Tapdalanıb oba, elin, Torpağı basılan kişi. Palıd idin ki bir zaman, Gələrdi tək sənə güman. Adın qalıb yardım uman, Torpağı basılan kişi! Dağın gedib, daşın gedib, Baharınla qışın gedib. Ağılınla huşun gedib, Torpağı basılan kişi. Bir acımış qurda dönər, Boranda, həm qarda dönər. Vuruşaraq yurda dönər, Torpağı basılan kişi! Düşmənə göstərək yerin, Çox düşünmə dərin-dərin. Bizi döyüşə göndərin, Torpağı basılan kişi! Şimşək kimi çaxaq daşda, Sən o başda, mən bu başda. Nədən qorxaq ki, bu yaşda, Torpağı basılan kişi?! Komandanım verər əmr! Millət bu əmrə müntəzir! Əsgər olar məmur-nazir, Torpağı basılan kişi! Yürüşüm var Qarabağa, Qalmasın tək bircə dığa! Ta dözmə sən bu qınağa, Torpağı basılan kişi! Laçın, Şuşa, Zəngilanı... Yurddakı əsir balanı. Qoy sayım girov qalanı, Torpağı basılan kişi! Gözlərimə ağ damıbdı, Yerlə-yeksan Ağdamımdı. O, namusum, ad-sanımdı, Torpağı basılan kişi! Füzulimiz yarımcandı, Cəbrayıl dərdini dandı. Ağdabanım bağrıqandı, Torpağı basılan kişi! ...Burda sanki kinonun lenti qurtarır. Xatirələrimizin kələfi dolaşıq düşür. Çox da olmadı o acılı-şirinli xatirələr... O da yadıma düşdü. Dedi ki, belə ömür sürənlərimiz zaman-zaman olub və bu gün də var. Amma, nə yaxşı ki, özü gözdən, qələmi sözdən düşməyib: taleyini həsr elədiyi qələmi ilə bugünkü yox, gələcək nəsillər üçün yazır, Kəlbəcərimizi yaşatmaq və tanıtmaq, kəlbəcərlilərin necə istedadlı olmasını onun məqalələrindən öyrənirik... ***


Həyatda elə insanlar var ki, onların yaranışı, varlığı, tutduğu mövqe tarixin yaddaşında əbədi iz qoymaq şansını qazanıb və arxasınca yüzlərlə insanı bu istiqamətə yönəldib. Belə dəyərli insanlarla həmsöhbət olmaq adama xoş təsir, mənəvi dinclik, ruh yüksəkliyi, həyata daha aydın gözlə baxmaq təsirini aşılayır. Həyatın sadəcə var-dövlətdən, şöhrətdən ibarət olmadığını yenidən anlayır, ruhun kamilliyə doğru addımladığının fərqinə varırsan... Gəlişiylə torpağın oyanmasından, otların cücərməsindən xəbər verən bahar, insanların da qəlblərində inamın, ümidin cücərməsinə işıq salır, sanki bərəkətli, təravətli əlləri ilə könüllərdəki yurd niskillərinə sığal çəkir... Deyirlər ki, qəriblər kövrək olar, onları dindirəndə ehtiyatlı olmalısınız. Kövrək günlərimiz aylara, illərə qovuşdu, amma kövrəkliyimiz azalmadı. Bu kövrəklik qəlbimizdən ruhumuza hopdu. Yox, deyəsən, bir balaca yanıldım. Elə bil ki, qəriblikdə yaşamağa öyrəşdik. Vaxt var idi ki, bir-birini bir gün, bir həftə görməyəndə qəribsəyən kəlbəcərlilərin çoxu 25 ildir ki, bir-birinin üzünü görmür, xeyir-şərində iştirak eləmir. Amma, buna dözümlülük deməzdim. Dözümümüz azalıb, rəngimiz də ona görə sozalıb. Ağlımıza gəlmir ki, illər keçdikcə qəriblikdə qocalırıq. Qocalarımız azaldığı kimi, bizim də günümüzün, saatımızın, dəqiqəmizin sanı və sayı azalır. Kəlbəcərdən gələndə dili söz tuta bilməyən körpələr bu gün dərd-sərini, ayrılıqdan yara bağlamış qəlbini ovundurmaqla məşğuldur. Deyəsən, qan yaddaşımıza yazılan ağrılar, acılar səslərin, sözlərin, misraların dəstinə düzülüb sinəmizdən asılanda bilirik bu həsrətin, kədərin qədərini, ölçü-biçisini. Sözlər onda ilahi varlığa dönür – yurdlaşır, ululaşır, əbədiləşir, bəşəriləşir, Şirinləşir, Leyliləşir, Məcnunlaşır – məhəbbətləşir, bununla da ülviləşir, inciləşir, incələşir, «Cəngi»ləşir, «Misri»ləşir… Yox, qədərincə, dəyərincə, yetərincə deyə bilmədim. Sözlərin zərif ləçəklərindən bir çələng hörmək istədim, bacarmadım. Sözü sözə calamaqla söz deməyin fərqi dünyalar qədərdir. Bəli, sözün dəli-divanəsi də olub – Füzuli kimi, Sözün xridarı da – Dədə Şəmşir tək. Sözün Koroğlusu da «Misri» və «Cəngi» ilə yağı üstünə şığayıb – şimşəyə dönərək… Necə də amansız əsdi bu külək. Dost itkisinin, müəllim ayrılığının dərdini çiyinlərimizə götürüb doğmalarla, dostlarla görüşə tələsəndə qəfil bir xəbər də aldı başımızın üstünü… May ayı bizim üçün bahar fəslini gətirmədi, inanın səmimiliyimə. 1992-ci ildən may bizim üçün qənim ayı, fəlakət fəslinin başlanğıcıdır. May ayının 9-da Böyük Vətən müharibəsinin «Qələbə» sevinclərini yaşamalı olduğumuz halda, düşmən Şuşanı ayın 8-də sındırdı, demək, qəddimizi əydi. Çünki Şuşa Azərbaycanın könül şüşəsi idi. Aradan on gün keçməmiş yalçın qayalarda qıy vuran laçın oğlanlar sındırıldı: Laçın düşmən qarşısında təkləndirildi. Allah, Soltan bəyin bağrı o gün yarılmadımı, ruhu fəryad qoparmadımı?! Bir vaxtlar Androniki Zabux dərəsində tərksilah edən Soltan bəylər, Məşədi Cəmillər azaldığından, fəlakət və müsibətlərimiz çoxalıb. 1993-cü ilin mayından əvvəl, aprelin soyuq və sazalqı-tufanlı günlərində yaylaqmı yada düşərdi. Biz onda yaylağa yox, qaçqın-köçkünlük ömrünü yaşamaq üçün bir ağlar «köç karvanı» ilə Murovdağa üz tutduq. Murov qıymadı hamını qırmağa. Qalanlarımız isə çətən kimi bu gün qırılırıq. O müdhiş günlərdə hamımız şokda imişik, ağlımız kəsmirmiş ki, vaxt keçdikcə bu ağrılar bizi qəfil ölümlərlə hədələyəcək, hüzrün birindən çıxıb, o birisinə çata bilməyəcəyik. Sonra isə xəcalət təri, başıaşağalıq… 2005-ci ilin mayın 2-dən 3-nə keçən gecə neçə kəlbəcərlinin son nəfəsdə «Kəlbəcər»,- deyə yaşlı gözlərini əbədi yummasını deyə bilmərik, bircə anamız Güllərdən savayı. O, ağlayıb-ağlayıb kirimişdi. Elə ona görə də kirimişcə yumdu gözlərini, dilində ağılar dondu:

Corabın ağına bax, Dəstələ, bağına bax. Kəlbəcərsiz sinəmin Çal-çarpaz dağına bax. Yaz ağlaram, Mən payız, yaz ağlaram. Dilimdə bayatı, ağı, Sinəmdə söz ağlaram. Eləmi ağır ağla, Bir dilsiz fağır ağla. Kəlbəcərlilərin başına Göydən qəm yağır, ağla!

Bu da sonuncu ağı deyildi. Ondan sonra neçə-neçə anaların dilində dağlar dağ boyda dağa dönüb sinələrə çəkildi. Biçilib-tökülən çəmən çiçəkləri kimi, saralmamış, dilimiz susur, baxışlarımız daşlaşır, qərib qəbristanlıqlarda dəfn olunur və başdaşımıza «kəlbəcərli» sözləri pasport kimi həkk olunur. Zimistan müəllimin dərdini bölüşüb çəkə bilmədiyimiz günlərdə onun yaxın dostu, sirdaşı Şirin Sadıqovun da eləcə, onun kimi «durduğu yerdə» amansız ölümə yaxa verəcəyini eşidəndə tamamilə nitqimiz kəsildi. Axı, Şirin müəllimə sevindirici bir xəbər çatdırmaq istəyirdik ki, çəkdiyin Kəlbəcər xəritəsini kitabda çap etdirib, müsibətimizi anlamayan avropalılara göndəririk. Özü də bu xəbəri elə həvəslə eşitmək arzusunda idi ki... Hacıkənddə anası Yazgül xalanın ölümünün gətirdiyi dərdi sonbeşik qardaşı Sadiq müəllimlə bölüşəndə Şirin Sadıqovu görməyə can atdıq, amma, sən demə, o, tələsirmiş, anasızlıq dərdini çəkə bilmirmiş. Və beləcə getdi… Şirin müəllim qohum kimi doğma, dost kimi mehriban, səlahiyyət sahibi kimi yerində sayılan ziyalılarımızdan oldu. Adının rəmzi sanki xarakterini formalaşdırmışdı. Heç kim ondan bir turş kəlmə eşitmədi. Rayon rabitə şöbəsinin rəisi olsa da, heç vaxt özünü vəzifəli şəxs kimi aparmadı. Deyirlər ki, yatan ölmür, yetən ölür. Hacıkənddə hüzrlərdə dayısı Əlinin xəstə yatdığını ürək ağrısı ilə danışırdı. Onu vaxtsız itirən dayısı Əli Əmiraslan oğlu onun yoxluğundan danışa bilmir, inanmırdı ki, Şirin müəllim xəstə dayısına baş çəkməyəcək, təsəlli, səbr verməyəcək. Dayı dözərdimi bu dərdə?! Yox, Əli Əmiraslan oğlu da həsrətli baxışları ilə yolları suladı göz yaşlarıyla və əbədi yumdu… Bahadur müəllim, Tofiq, Məzahir, Vahid, Sadiq, ay Azər müəllim, dayı kimi qiblə saydığınız Şirin müəllimin yoxluğu təkcə sizin yox, qılışdıların yox, Məmməduşağının deyil, bütövlükdə kəlbəcərlilərin ağrı-acısıdır. Ona görə də səbrli olun! Yetim qalan yurdların yetim övladları, başımızın və canımızın sağlığını itirdiyimiz günlərdə qədir-qiymətimizi itirməyək. Dünya onsuz da amansızdır. Torpağı döyüşlə-vuruşla ala biləcəyimiz mümkündür, amma bu amansızlıqlar içərisində itirdiklərimizi qaytara biləcəyikmi?! Məhəmməd NƏRİMANOĞLU,

Bakı, 24 mart 2018-ci il

#Ziyalılar

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev