Ədəbi yazarlarımızın poetik sızıltıları

Dərin poetik duyğuları ilə çırpınan, yurd-yuva həsrətiylə göyüm-göyüm göynəyən qürbət şairimiz Nəsib Nəsiboğlunun kitablarını diqqətlə oxudum. Bu poetik istedadlı şairimizin mənəvi dünyasına az-çox hakim kəsildim. Elə bildim şairindünyaya gəldiyi əsrarəngiz, möhtəşəm dağların qoynuna sığındım. Misraları bulaq kimi içdim, sətirlərdən özümə gül-çiçək köynəyi geydim. Coşqun dağ çayında yuyundum, sehirləndim. Qollarımı geniş açıb ulu dağları bağrıma basmaq istədim. Çəmən-çəmən, ayaqyalın dərələr boyu ovsunlandım. Nəsibin bir-birindən oxunaqlı şeirlərindən duyğulandım. Nəsib Nəbioğlunun şeir dünyası rəngarəngdir. Qəmli, kədərli, hüzünlüdür. Bu təbii haldır. Həssas ruhlu qəriblikdən, torpaq itkisindən, gorgah yarasından, xalq fəlakətindən yana-yana, kövrələ-kövrələ yazıb-yaradır dəyərli şairimiz Nəsib Nəbioğlu. Sözün, şeirin Dəlidağ boyda ağrısından arı kimi ağrı şirəsi çəkir. Nəsib kədərli söz içində qovrulur, yanır, alovlanır, ağlayır. Şair ən ağır, ən acı dərdini özününkü hesab edir: Özüm çəkim öz yükümü, Alım gedim söz yükümü, Aşılmaz bu dərd bükümü, Ən ağır dərd mənimkidir. Seçilmiş əsərlərinin birinci cildində Nəsib Nəbioğlu “Vətən” şeirindən başlayır. Dalbadal bir neçə “Azərbaycan” adlı istiqanlı şeirləri vətənpərvər şairin milli ruhunun nə qədər güclü olduğuna canlı sübutdur. Şair Qarabağ ağrısına dözə bilmir, Azərbaycanın müqəddəs üçrəngli bayrağı altında ölməyə də hazır olduğunu poetikləşdirir: Analar dillənməsin bir də göz yaşı üstə, Tarixim yazılmasın sinə başdaşı üstə. Özüm görüm gözümlə Xankəndin başı üstə, Dalğalan, enmə bir də, Azərbaycan bayrağı! Neçə ildir boy atır ağır dərdim içimdə, Bir dünya itirmişəm Şuşa, Laçın biçimdə. Sonu yoxdur,qurtarmır mənim köçhaköçüm də, Dalğalan, enmə bir də, Azərbaycan bayrağı! Şairin fikrincə, onun bu fani dünyada ən böyük, ən ağır dərdi Qarabağ yoxluğu, Qarabağ itkisidir,Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli əlçatmazlığıdır. Əlbəttə, müvəqqəti. Şair Qarabağ üçün haray qoparır, göz-göz olan yaralarımızın sağalması naminə göz yaşını məlhəmə çevirir: İndi Qarabağ adlı, gözləyir savaş məni, Çağırır harayına o yurd, o dağ, daş məni. Daşa dönüm, olmasam əsl vətəndaş, məni, Mən ancaq baş əyərəm yarağımın önündə. İstedadlı şairin poetik xəritəsi rəngbərəng, göynərtili, hədsizdərəcədə ağrılıdır. Onun çəkdiyi vətənsizlik yükünü Kəlbəcərin dağlarına yükləsəngötürməz.Şair bütün şeirlərini ürək qanı, qəlb ağrısı ilə yazır. Hər misra, hər sətir onu Vətən oduna yandırır. Müqəddəs ana mövzusu şairin yaradıcılığından qızıl xətlə keçir. Doğma torpağından didərgin düşən şair anası ram ola bilmir, göz yaşı ilə yolları yuyur. Vətən, Vətən deyib, uşaq kimi hönkürür, nalə çəkir. Gorgahlarımızın talan edilməsinə heç cür dözə bilmir. Bu baxımdan şairin “Anamı kiridə bilmirəm, Allah”, “Anamın”, “Yaşadın”, “Qara yaylıq”, “Anamı o tayaçağırmayıblar”, “Qaçqın anam, köçkün anam”, “Anam”, “Anamın dərdini duyan olmadı”, “Anama bir müjdə verə bilmədim”, “Sənin”, “Sən mənim ən əziz didərginimsən”, “Analı kəndimiz girir yuxuma”, “Gəlmişəm qəbrinin ziyarətinə” kimi şeirlər təkcə Nəsib Nəbioğlunun öz anasına həsr olunmayıb. Mənə elə gəlir ki, bu şeirlərdə ən həssas, müqəddəs ruhlu, didərgin, köçkün əzablı analarımızın sinə dərdinə, ürək naləsinə, onların Vətən harayına, ağılarına, bayatılarına, şivənlərinə qeyrətli şair andı ilə yanaşır. Ən yüksək poetik şeirləri ilə bizi ovsunlayan şair “Ana əllərindən öpək, general” şeirində həssas oxucunu silkələyir. Qeyrətli bir general Qarabağ uğrunda şəhid olan, mərdlik, cəsarət, böyük vətənpərvərlik nümunəsi göstərən bir oğulun anasıqarşısında əyilir. Ananı bağrına basıb, onun əllərindən öpür. Şairin bu mövzuda yazdığı şeir milli qanla qələmə alınıb: Qəlbində Qarabağ – torpaq ağrısı, Şəhid dərdlərini daşıyır hələ. Dərdli anaların dərdinə şərik, Yaxşı ki, oğullar yaşayır hələ. Bütün çiçəklərin ağrısı torpaq, Dil açar yurdların əsir səsində. Bir ana laylası, ana ağrısı Dillənər “Qarabağ şikəstəsi”ndə… Qeyd etdim ki, tərəddüdsüz Nəsib Nəbioğluna “ana şairi” də demək olar. Bütün ürək göynədən dərin mənalı, yüksək poetik ruhlu şeirləri içərisində şairin ana mövzusunda yazdığı hüzünlü şeirlər daha çox seçilir. Şairin torpaq ağrısı, Vətən itkisi ilə inləyən, saçlarını ağardıb, qırışlar arasında sozalan, əriyən anası dözmür. Ana Kəlbəcərin qarı kimi gecə-gündüz əriyir. Ömrün bulanıq axar suları içində sozala-sozala yaşayır, leysan-leysan ağlayır. Şair uşaq kimi yurd-yuva, el-oba dərdini çəkə-çəkə incəlir. “Anamı kiridə bilmirəm, Allah” şeiri xüsusilə seçilir. Ahıyla bağrımı yandırdı-yaxdı, Gözünü yığmadı, yollara baxdı, Didərgin düşübdü bu qoca vaxtı, Anamı kiridə bilmirəm, Allah! Və yaxud: Yığıb yaratdığı var talan olub, Gözündə həqiqət ağ yalan olub, Körpə uşaq kimi ağlağan olub, Anamı kiridə bilmirəm, Allah! Ana yoxluğu, ana dərdi sanki şairin belini əyir. Nə qədər yalvarır, qarşısında diz çökür, dil tökür, yenə də kirimir. Dağlar anaya dağ çəkir. Yollar ilan kimi ayaqlarına sarılır. Ağlamaqdan gözləri sel-su yuvasına dönür. Nəsib Nəbioğlu anasızlıq oduna alışır, yanır, yarası qaysaq bağlamır. Dəlidağdan əsən soyuq küləklər sanki külünü sovurur. Ana məhəbbəti, ana həsrəti, pərən-pərən düşən el-oba ağrısı ananı məhşər ayağına çəkir. Yuxarıda qeyd etdim ki, ağlar ana dərdi şairi sarsıdır, onun sağalmaz Qarabağ yarasını göz-göz edir. “Anamın” adlı şeiri həyəcansız oxumaq olmur: Yol alıb dağlardan bir düzə sığar, Min illik gecəyə, gündüzə sığar, Nə şairə sığar, nə sözə sığar, Dərdi dağ-dağ, koma-koma anamın… Şairin anası dərd içində qovrulur. Gözü baxa-baxa üz-gözü qırış-qırış qəm, ağrı-acı cığırına dönür. Yumaq kimi bükülüb, əsir düşən cəhrədarağı kimi əyilir. Nəsib Nəbioğlu bu amansız ağrını zəhər kimi içir. Kəlbəcərin dünyagörmüş dağlarına boylanmaqdan üzülür. Vətən hey… Vətən hey… deməkdən dili qabar bağlayır. Gözünün yaşı quruyur. “Anamın” şeirindən daha bir bənd misal gətirək. Şair deyir: Dolandım başına, etmədi kərəm, Onun yoxluğundan yamanca kürəm. Gözümün yaşını gizli tökürəm, Qorxuram qəbrindən daşa, anamın!.. Şair Nəsib Nəbioğlunun atası 1958-ci ildə, cavankən vəfat edib. Bir çətən külfət zavallı ananın öhtəsində qalıb. Bir öynə ac, bir öynə yalavac qalan uşaqların əlində qalan ananın dodağında gülüşü, üz-gözündə təbəssümü yoxa çıxır. Nəğməsi yarımçıq qalır. Süfrəsinin qırışığı açılmır. Dağarı una həsrət qalır. Kasıblıq qurd kimi ananın varlığını didir. Həmin gündən ölənə qədər bu dərdli ana qara yaylığını başından açmır; Şair bu dərdi özünəməxsus şəkildə poetikləşdirir: Bir şama bənzədi, əridi anam, Bir dəstə uşağın qaldı əlində. O gündən bilmədi sevinmək nədir, Nəğməsi yarımçıq qaldı dilində… Atam köçüb gedən gündən bu yana Qara yaylığını bağladı anam. Görmədim, bilmədim ağlamağını, Həmişə gizlində ağladı anam… Bütünlüklə Nəsib Nəbioğlunun ana şeirlərini ayrıca təhlil etmək olar. Nəsib dərdli şairdi. Dərd onun ömür-gün yoldaşıdı. Demək olar ki, bu böyük ürəkli vətəndaş şairin hər bir sözü, misrası, bəndi ruhsuz deyil, canlıdı. Bəzən elə şeirləri var ki, onu oxuyanhəssas oxucu sarsılır, şairlə birlikdə ağlayır. Qarabağ üçün, dünyadan vaxtsız köçən anası üçün, doğulduğu əsrarəngiz Kəlbəcər dağları üçün sanki yanıb külə dönür. Ana haqqında nə qədər yazsa belə doymur. “Sənin” adlı şeirə diqqət edək: Necə ağır keçdi bu qış gecəsi, Üzünə gülmədi bu səhər sənin. Atamın ruhuyla görüşmək üçün Ruhun Dəlidağa tələsir sənin. Öz doğma yurdunda köçkünə döndün, Taleyi kəm olan küskünə döndün, Şam kimi əridin, şam kimi söndün, Üzürdü qəlbini bu qəhər sənin… Kitabda on bölüm var. Hər bölümdə dərc olunan hər bir şeirin məna yükü, poetik deyim tərzi güclüdür. Bu şeirlərdə Vətən ağrısı, Qarabağ dərdi, dostluq, sədaqət, sabaha inam, qələbə ruhu çox əhatəli şəkildə əsl şair ürəyinin ağrıları ilə qələmə alınıb. “Kəlbəcər daşı”, “Dağların dərdi”, “Ürəyim yurd yeridir”, “Vətən, sənin yaraların sağalmaz”, “Dərdimi deməyə adam tapılmır”, “Dardadı”, “Şairlər”, “A Bəhmən”, “Qərib eldə bitən ağac”, “Göylərdə basdırın məni”, “Dünya belə dünyadı”, “Dərdə dözək”, “Ağlama, dağlar, ağlama”, “Araza şeir qoşanlar”, “Araz”, “Arzularım, başınıza dolanım” kimi tutarlı şeirləriylə şair oxucu məhəbbəti qazanmağa tam layiqdir. Biz yuxarıda qeyd etdik ki, yüksək dünyagörüşlü, müdrik təfəkkürə malik şair kiçik mövzular içində qapılıb qalmır, daha dəyərli, geniş diapazonu, Vətən və xalq yanğısı ilə çitənmiş şeirlərlə bizi silkələyir. Baxın, şairin qanı qurumamış Qarabağ, Zəngəzur, Dərələyəz, ümumən İrəvan yarası ilə bərabər Cənub mövzusunu da yaddan çıxarmır. Bəzən aralığa sədd çəkən Arazı qamçılayırıq, günahkar sayırıq. Suyun dili olsa bizi lənətləyər. Günahsız olduğunu söyləyər. Şair də bu fikirdədi: Tarixin beli qırılsın, Arazla Vətəni bölən barmaqlar qurusun! Hünərdir, qovuşsa kəsilmiş qollar, Yelkənim azadlıq dənizindədir. Araz haqda yazan şairlər ki var, İndi sərkərdələr əvəzindədir. Dəvə karvanları keçən yolları, Özümü bağlayıb, taleyi yoxsa? Açar Xudafərin öz qollarını, Arazın suları sevincdən axsa!.. Biz bu dəyərli kitab haqqında daha ətraflı, tutarlı söz deyə bilərdik, daha güclü poetik təhlillər aparardıq. Bir qəzet məqaləsində bu, şübhəsiz, mümkün deyil. Nəsib Nəbioğlu çağdaş ədəbiyyatımızın görkəmli simalarındandır. O, hələ gənc yaşlarından çox güclü bir ədəbi mühitdə yetişib. Şairin dünyaya göz açdığı təbiət də bir növ onun poeziyasına qol-qanad verib. Klassik aşıq sənətimizin görkəmli yaradıcılarından Ağdabanlı Qurban, sağkən dahiləşən, Dəlidağ boyda heykəlləşən Dədə Şəmşir, Ənvər Rza, Bəhmən Vətənoğlu, Sücaət, görkəmli nasir, publisist, yazıçı və şair Əlövsət Ağalarov, lap gənc yaşlarından ədəbi mühitdə böyük istedadı ilə tanınan şair Adil Cəmil, yüksək talantlı şair Məmməd Aslan, Aşıq Şəmşir oğlu şair Qənbər, diplomat yazıçımız Eldar Həsənov (mən onun üç kitabını oxumuşam), şair Əli Qurbani, Şamil Əjdər, millət vəkili, bir neçə dəyərli kitab müəllifi Cavid Qənbər oğlu kimi söz xiridarları Nəsib Nəbioğlunun poetik istedadının cilalanmasında müstəsna rol oynamışlar. Lakin Nəsib Nəbioğlu, şübhəsiz öz istedadı, həqiqi böyük şairliyi ilə pöhrələnən güclü və qüdrətli qələm sahibidir. Nəsib Nəbioğlunun şeir dünyasına bələd olan bir çox görkəmli tarixi şəxsiyyətlər geniş ürəklə qiymətli fikirlər söyləmişlər. Nəsib Nəbioğlu çoxşaxəli yaradıcılığı ilə çağdaş Azərbaycan ədəbiyyatına misilsiz tövhələr vermişdir və verir. Azərbaycan ədəbiyyatının Rusiyada geniş təbliğinə xidmətləri isə əvəzsizdir. Nəsib Nəbioğlu Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poeziya fakültəsini bitirmişdir. Şair Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, Yazıçılar Birliyinin Moskva bölməsinin sədridir. Son illərdəki yaradıcılıq uğurlarına görə şair bir sıra ədəbi mükafatlara layiq bilinmişdir. O cümlədən Xalq şairi R.Rza və Yuri Dolqorukin adına beynəlxalq mükafatlara layiq görülməsi onun görkəmli bir şair kimi nüfuzunun nə qədər qiymətli olmasına dəlalət edir. Nəsib Nəbioğlunun Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə bir sıra dolğun məzmunlu müasir dünya poeziyası səviyyəsində dərc olunan kitabları haqlı olaraq oxucular tərəfindən məhəbbət və ehtiramla qəbul edilmişdir. “Ürəyim yurd yeridir” (1988), “Dua eləyən bulaq” (1994), “Sizə sözüm var” (1998), “Bağışlamaz dağlar məni” (2004), “Nəğməkar əsgər” (2007), “Heç belə də kənd olar?”, “Ulduz nur saçırdı qayanın üstə” adlı şeir kitabları rus və Azərbaycan dillərində nəfis şəkildə böyük tirajla dərc olunub. Son olaraq deyə bilərik ki, şairin şeirlərinin əsas mövzusu ziddiyyətli, ağrı-acılı dünyanın təlatümlərindən, Vətən yarasının sızıltılarından, insan taleyinin nə qədər mürəkkəb olmasından götürülüb.

Şairin ömrü acı ağrılarla doludur. Bu ağrı yükünü o, belə çəkib, belə poetikləşdirsə, ona – böyük şairimizə yalnız, Əhsən! – deyə bilərik!

Ənvər ƏHMƏD

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının rəhbəri, şair, pedaqoq

19 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev