ƏLİ QURBAN DASTANÇININ POEZİYASI HAQQINDA..


ƏLİ QURBAN DASTANÇININ POEZİYASI HAQQINDA.. 


Əli Quban Dastançı əslən Göyçə mahalından idi..Amma demək olar ki, bütün ömrünü Kəlbəcərdə işlədi, Kəlbəcərdə yaşadı. Mənin ağlım kəsəndən Əli müəllimin ürəyəyatımlı şeirləri sazlı-sözlü Kəlbəcər məclislərinin bəzəyi olmuşdur. O zaman gözəl şeirlər vərəq-vərəq, əldən-ələ gəzərdi və ürəklərə yol tapardı. Bir müddət müəllim işləyəndən sonra Əli müəllim Yenilik qəzetinin redaktoru oldu. Elə yaxınlığımız da buradan başladı. Əslində rayonda hamının bir-birə münasibəti çox doğma idi. Rəhmətlik Sücaət demiş: Qədirbilən el gəzirsən, Kəlbəcəri hardan alım. İndi hamımız o doğma el-obamızı axtarırıq, tapmayanda necədə ürək ağrısı ilə yad edirik. Heç olmasa olan xatirələri yazaq ki, gələcək nəsillər baş aldadan nağıllardan qurtarıb oxumağa bir həqiqət tapsınlar. Əli Qurban Dastançı və Bəhmən Vətənoğlu çox yaxın dost idilər..Ona görə də mən də onlarla tez-tez bir yerdə olardım..Bilirdi ki, az-az şeirlər yazıram..Həmişə nəinki mənə bütün gənc şairlərə xoş münasibəti olardı..O çox şirin adam idi..Hər cümləsinin başından “can” kəlməsi əskik olmazdı. Ayda iki dəfə Yenilik qəzetinin xüsusi “Ədəbiyyat səhifəsi” olardı ki, orada da biz gənclərin şeirlərinə də xüsusi yer verərdilər. Əli müəllimin çox gözəl natiqlik qabiliyyəti olduğundan ara-sıra Qarabağın məhşur toylarında aparıcı olardı. O zaman Kəlbəcər ədəbi mühitində gözəl bir adət-ənənə var idi..Şairlər arasında məktublaşma-şeirləşmə. Bu indinin özündə də Kəlbəcərli şairlər arasında yaşamağındadır..Elə bu məqamda o zamanlar Əli müəllimlə Bəhmən Vətənoğlunun arasında olan bir şeirləşməni sizlərə ərməğan edirəm ki, sonrakı fikirlərimin ardıcıllığı pozulmasın.. Bu o zamanlar idi ki, Əli Qurban redaktor, Bəhmən Vətənoğlu isə Lev kəndində orta məktəbin direktoru idi.. Qış aylarında az-az görüşən dostlar demək olar ki, Novruz bayramından sonra hər həftə rayon mərkəzində görüşürdülər. Bu arada Əli Qurban dost nisgilinə dözməyib Bəhmən Vətənoğluna bir məktub göndərir ki, ay qağa, niyə heç səsin-sorağın gəlmir? O bunu öz şeirində çox poetik bir dillə oxucularına çatdırır: Bəhmən, niyə gəlmir səsin-sorağın, Niyə dillənmirsən, hanısan, Ayə? Qəlbimə məlhəmdi hər bir varağın, Könlümün sultanı, xanısan, Ayə. Ürəyə od salan qəmli qoşmanın, Körpə, kiprikləri nəmli qoşmanın, Tutarlı misranın, çəmli qoşmanın, Qəlbisən, ruhusan, canısan, Ayə. Səndədi mədəni əsl təmkinin, Vəfanın, ülfətin, qəzəbin, kinin. Qurban ürəyiydi Ayrım şerinin, Səndə ki, damarda qanısan, Ayə. Möhnət üz veribdi Əliyə yaman, Elə hücum çəkir, verməyir aman. Barı heç olmasa güc gələn zaman, Təpinib kənardan yanısan, Ayə... Təbii ki, onda Bəhmən Lev kəndindəki orta məktəbdə öz işinin başında idi..Məktubu kəndin sürücüsü, Bəhmən Vətənoğlunun qardaşı İlyas gətirib şairin özünə təqdim edir.Yeri gəlmişkən onu da deyim ki, İlyas da gözəl şeirlər müəllifidir. Bəhmən məktubu alıb şeiri eləcə orada oxuyur və İlyasa deyir ki, on dəqiqə həyətdə qohum-əqraba ilə söhbət elə. Mən də məktubun cavabını yazım elə indi sənə verim ki, sabah Əli müəllimə çatdırasan..Belə də olur..məktubun hazır cavabını İlyas alır və səhərisi gün Əli müəllimə çatdırar: Bahar məktubunu aldım, ay Əli, Şerini mükafat sanıram, Ayə. Sən deyən gözəllik məndə nə gəzir? Quruyub yerimdə donuram, Ayə. Elə bil səhrada daş-qaş gəzirsən, Yoxsul bir bazarda qumaş gəzirsən, Bildim, kövrələndə sirdaş gəzirsən, Nurlu baxışından qanıram, Ayə. Mən kiməm, nəçiyəm, bilsən düzünü, İtirmişəm ədalətin izini. Duyduqca dünyanın astar üzünü, Dediyim haqq sözü danıram, Ayə. Axtar varlığımı sözümdə mənim, Ömür bir yuxudu gözümdə mənim. Vəfa olmasa da özümdə mənim, Vəfalı dostları anıram, Ayə. Heçlikdən varlığa dönübdü Bəhmən, Səmadan torpağa yenibdi Bəhmən. İnanma, desələr sönübdü Bəhmən, Əbədi məşələm, yanıram, Ayə. Şahidi olanlar açıq etiraf edərlər ki, heç bir həftə keçməmiş bu şeirlərin hər ikisi də məclislərin yaraşığına çevrildi, dillər əzbəri oldu. Əli müəllim Aşıq Ələsgər şəcərəsinin, Göyçə ədəbi mühitimin yetirməsi və Kəlbəcər ədəbi mühitinin davamçılarından biri idi. Klassik ənənəyə bağlı təcnisləri, gəraylıları, qoşmaları, divaniləri, müxəmməsləri və məsnəviləri əsil ədəbiyyat nünunəsi olaraq xalqın maddi sərvəti kimi sayıla bilər. Bir çox ustadnamələri elin dilinin əzbəridir: Milyon ildi, zilə qalxıb, zillənir, Bir səs gəlir tütəyindən dünyanın. Tamahına “tət” deməyən başacan Bal yeyəmməz pətəyindən dünyanın. Ağıllılar zirvələrdə göründü, Ağılsızlar qəm yorğanı büründü. Ömrü boyu üzü üstə süründü, Kim sallaşdı ətəyindən dünyanın. Əli, sənə bu sözləri dedirdən, Həqiqətdir, düşməyəcək bədirdən. “Mənəm” deyib elə kötək yedirdən Qurtarmayıb kötəyindən dünyanın. Bəli, kim hansı əməlin sahibidirsə, siratda əvəzini görəcək. Yaxşı və ya pis mənada. Sovet dönəminin çata-çat vaxtlarında da öz sözünü yerli yataqlı, poeziya dili ilə xalqa çatdıran Əli Qurban heç nədən çəkinmədən haqq sözünü deyə bilirdi: Ömür keçib, yaş adlayıb yarıdan, Hələ tapmamışam çəmini, dünya. “Hişş” deməklə donuz çıxmaz darıdan, Heç qoruyan yoxdu zəmini, dünya. Deyirlər ki, qoynun cənnət bağıdır.. Kim bacarır, onun işrət çağıdır. Hərə dartır bir yanını dağıdır, Mənmi düzəldəcəm kəmini, dünya? ...Əliyə kəf gəlib satma yalanı, Ölsən də çəkmərəm qəmini, dünya. Zəmanəmizin indisi ilə necə də həmahəng səslənir:”Hişş” deməklə, donuz çıxmaz darıdan”. Bəli, mütləq zopa hesabına donuzun dərsini vermək lazımdı ki, bu haramlar yurd yerlərimizdən təmizlənsinlər. Allah rəhmət eləsin. Necə də ustadanə deyib. Qohumcanlı, dostcanlı olan Əli müəllim öz xoş ünsiyyəti və mehribançılığı ilə mən deyərdim ki, bütün Kəlbəcərlilərin doğmasına çevrimişdi. O zamnlar el-obamızın camatı dərdsiz-qəmsiz bir ömür yaşayırdılar..Bütün qonşular arasındaa elə bir doğmalıq vardı ki, adama elə gəlirdi ki, bütün camaat böyük bir ailənin üzvləridir..Əli müəllimin öz sadə, zəhmətkeş səmimi qonşularına həsr etdiyi böyük həcmli şeiri-poeması hələ də dillər əzbəri, məclislər yaraşığıdır: ...Anama qurbanam mən, Bacıma qurbanam mən... Onlar ki, mənə yanır, Onun mində birini Kaş onlara yanam mən. Bilsə ağrayır başım, Bacım dayanmaz, gələr. Dəryaların suyunu Bir damla sanmaz, gələr.. Gör nə gündə gələr ki?!.. Anam deyər:-Ay bala, Üst-başın nə gündədir?! Gözümü açaram ki, Başımın üstündədir. Mənə elə gələr ki, Dərə-təpə düz gəlib... Ha tez gəlsə görər ki, Qonşum ondan tez gəlib. Şairin dilinin səlistliyi və rəvanlığı onun şeirlərinin yadda-yaddaşlarda qalması, yaşaması deməkdir.Əli müəllim məhz belə şairlərdəndir. Yalançı söz yığınına və bədii ifrazata rast gəlməzsən. Onun öz bacısına həsr etdiyi şeirin səmimiyyəti bunu bir daha göstərir..Oxucu şeiri öz doğmasına yazılmış kimi qəbul edir: Açar xoş günümdə qızılgül kimi, Fərəhdən çay olub, çağlayar Bacım. Adımı eyləyər müqəddəs andı, Əzizlər, qəlbində saxlayar Bacım. Məni qəmli görsə, keçirər təlaş, Deyər:-Mənə gəlsin dərdin, a qardaş. Bilsə ayağıma toxunub bir daş, Ürəkdən sızlayar, ağlayar Bacım. Əliyəm, bacımdır könül həmdəmim, Onun ülfətiylə, yox olar qəmim. Qəfil yara alsam, olar məlhəmim, Sarınar, yaramı bağlayar Bacım. Əli müəllim həm də gözəl dastanlar müəllifidir. "Yetim Hüseyn dastanı", "Səməd ağa dastanı", "Dəli Alı dastanı", "Dəmirçi Abbas", "Allahverdi", "İsmayıl və Pəri", "Molla Umud" kimi dastanlar yaratmışdır. Onun "Koroğlu" dastanına əlavə etdiyi "Mərcan xanımın Çənlibelə gəlməyi" qolu öz gözəlliyi ilə dastanın başqa qollarından seçilmir. Yenədə şairin bir şeirinə birlikdə nəzər salaq..Bilirik ki, bəndlərdə söz təkrarçılığı şeirin məna dəyərini azaldan xüsusiyyətlərdəndir. Amma Əli müəllim bu şeiri ilə göstərir ki, düzgün ifadə forması və məna çaları olan təkrarçılıq heç də belə deyil..Hətta bu beytlərin hər biri ayrı-ayrılıqda, zamanı gələndə aforizm kimi işlənəcək. Şairin insan əllərinə həsr etdiyi qoşmasında bu daha gözəl görünür: Əl var, barmağını qızılladasan, Cansız daşı yonur, insan eyləyir. Əl var, neştər vurub sızıldadasan, Abadı uçurur, viran eyləyir. Əl var, qabarlıdır işdən, əməkdən, Əl var, yay günü də çıxmır əlcəkdən. Əl var, əsər yazır xoş gələcəkdən, Əl var, böhtan yazır min qan eyləyir. Əl var, qızıl yığır, qubar artırır, Əl var, ürək qoyur, bahar artırır, Əl var, dərd artırır, azar artırır, Əl var, min bir dərdə dərman eyləyir. Əl var, xəyanətə uzanır hər dəm, Əl var, qəlbə həmdəm, könülə həmdəm. Əl var, insanlığa verir qüssə, qəm, Əl var, səadəti nişan eyləyir. Ələ hökm eləyən yalnız ürəkdir. Xain ürəklərin ömrü gödəkdir. Pis əllərin kökü kəsiləcəkdir, Ellər, Əli belə güman eyləyir!

Özündən sonra neçə-neçə kitabları, dastanları qalan Əli Qurban Dastançı mən deyərdim ki, Kəlbəcər mənəviyyatna gələcək nəsillər üçün böyük bir abidə qoyub getmişdir.O qədirbilən elimizin, dəyərli ziyalılarımızın yaddaşında zaman-aman anılacaq və yad ediləcəkdir. Ruhun şad olsun..Gözəl insan..

Kəlbəcər poeziyasına hörmətlə: şair-publisist Yusif Hüseyn. “Qızıl Qələm” mükafatı laureatı.


38 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev