ƏVƏZ BƏHMƏN OĞLU CƏFƏROV HAQQINDA



El deyimində gözəl bir söz var, “İşıqlı adam”. Bu sözü eşidəndə nədənsə həmişə Əvəz həkim xəyalımda canlanır. Tanıyanlar bilir ki, yaraşıqlı normal bədən quruluşuna malik olan bu gözəl insan həm gözəl həkim, nerv-potoloq, həm də gözəl lətifələr sahibi idi. Demək olar ki, rayonumuzda hamı onu öz doğması kimi tanıyırdı. Allah rəhmət eləsin, Allah o dünyasını versin. İndi Haqq dünyasındadı. Ruhu şad olsun! Əvəz həkimlə bağlı qucaq-qucaq xatirələrim var. İnşallah imkan olduqca gələcək kitablarımda da bu haqda dolğun yazıların olacaq. Burada isə ixtisarla bir neçə xatirəmizi vermək istəyirəm.. Həkimin çoxlu dostları var idi. Bunlrdan demək olar ki birinci sırada Əli Səfərov. Rayonumuzun hörmətli ağsaqqaallarından biri, Bəhmən Vətənoğlu, Məmməd Aslan və təbii ki, öz qardaşları, xüsusən Vaqif həkim. Demək olar ki həmişə onları bir yerdə görərdin. Bundan başqa onun sənətkarlara xüsusi hörməti var idi ki, bu dostluğa öz dediyi kimi onları da əlavə etmişdi ki, çox zaman lazım olurdular. Bunlardan Əbilov Əbil Qədir oğlu, Sahib müəllim, hansı ki, yaxşı dülgər idi. Maşın ustası, “Matoris Tahir” (olduğu kimi daha təbiidir) və mən. Mən o zaman mühəndislik diplomumu tərgidib maşın ustası kimi çalışırdım. Bu işi gözəl bildiyimdən həyətimdə şəraiti olan sexlərim var idi. Bu mənə imkan verirdi ki, istədiyim vaxt seximi bağlayıb hara isə dostlarımla gedə bilirdim. Deyərdim ki, bəlkə də ömrümün ən mənalı günlərini o zaman yaşamışam. Ona görə də iş yerim məhlədə olduğundan, həm də Rayon xəstəxanası bizim evə yaxın olduğundan Əvəz həkimlə hər gün görüşürdük. O işdən çıxanda həmişə mənim seximə gələrdi. Həmişə də seximdə səliqəlilik yaratmaq mənim şakərim idi. Yeri gəlmişkən onu da deyim ki, usta işləyən zaman bacardığım qədər təmiz geyinərdim. Tanıyanlar bilir ki, mən heç vaxt iş kanbizonu geyinməmişəm. Bunu da mən özüm üçün bir mənəvi gözəllik hesab edirdim. Bir axşam Əvəz həkim yanıma gəldi ki, gəl gedək bizə tərəf. Onsuz da işini qurtarmısan. Yəqin ki, mərkəzi küçədə Əbili də görəcəyik. Onu da götürək bizə gedək. Televizora baxdıracağam. Mən də seximi bağladım, birlikdə rayonun mərkəzinə tərəf yollandıq. Həqiqətən də bir az getmişdik ki, gördük Əbil əlində sumkası qarşımıza gəlir. Əbil ali təhsilli mühədis idi və Elektrik şəbəkəsində “Açılmadan mühafizə” şöbəsinin rəisi idi. Həm də televizor, radıo və soyuducu ustası kimi rayonda məşhur idi. Nə isə yoldan da usta Sahibi götürdük Əvəz həkim gilə gəldik. Birinci hekayət.. Biz həyətdəki böyük yemək stolunun arxasında əvvəlcə çay süfrəsinə əyləşdik. Əvəz həkim ata-baba məhləsində bağlı baxçalı böyük bir həyətdə, qardaşı Vaqif həkimlə ayrı ayrılıqda gözəl üslubda tikilmiş evlərində yaşayırdılar. Hətda uşaqlar arasında o qədər mehribançılıq var idi ki, adlarını belə dəyişik salardıq. Həkim də həyətdə, böyük “Riqonda” radiosunun birini, hətda həyətdə televizor da qoymuşdu ki, lazım olanda həyətdə qulaq asmaq, baxmaq imkanı olsun. Bir az keçmiş yemək-içmək gəldi. Gözəl abi-hava var idi. Radioda da gözəl müsiqili proqram gedirdi. Əbil sumkasını açdı, alətlərini götürdü və radionun arxasını açmağa başladı. Əvəz həkim dedi ki, nə iş görürsən? Əbil dedi ki, həkim səs xışıltılı gəlir, səs filtrlərini tənzimləyəcəm, əlavə xışıltı sizi yormasın. Həqiqətən də bu işi o çox gözəl bacarırdı. Radionun səsini tənzimləyəndən sonra bir az hallı olan Əbil üzünü həkimə tutub dedi:- Həkim, qabaq tərəfdəsiniz, baxın görün televizor necə göstərir? Bizi gülmək tutdu. Əvəz həkim dedi:- Əbil çox yaxşı göstərir, amma gəl bir yüz də vur bax onda ağlın tamam başına gələcək. Hələ bilmirsən ki, arxasını açıb işlədiyin radiodu, yoxsa teleizor. Əbilin özü də bizə qoşularaq güldü. Allah rəhmət eləsin hər ikisinə də! İkinci hekayət... Onda mən minik maşınlarının təmirinə baxırdım. Həyətdə özümün şəxsi təmir sexlərim var idi. Bir bazar günü Əvəz həkim maşınsız gəldi. Soruşdum ki, maşın hanı? Dedi ki tormoz şlankı deşilib. Evin yanında qalıb. Dedim ki, niyə bura gətirmədin? Dedi ki, tormozu olmayan maşını mən necə gətirə bilərdim? Gedək düzəlt. Təbii ki, seximi bağladım, həkimlə birlikdə onun jiqulisinin yanına gəldik. Dedim ki, otur sür gedək. Dedi ki, tormozsuz maşını mən necə sürüm? Dedim ki, onda sən mənim maşınımı sür, mən də sənin. İkimizin də maşını ora getsin. Dedi olar. Amma Əvəz həkim bilmirdi ki, həmin gün mənim maşınımın da tormozu nasazdı. O maşınıma oturdu, yola düşdü. Mən də onun jiqulisi ilə arxasınca arxayın gəldim sexə. Bu həkimdə çox maraq doğurdu. Mən gülürdüm. Dedi ki, niyə gülürsən? Dedim ki, həkim, harda görmüsən ki, maşın ustasını öz maşınında tormoz olsun. İstəyirsən yoxla. Mənim maşınımın vəziyyəti sənin maşınından pisdi. O əvvəl inanmadı, sonra maşına oturub yoxlayanda gördü ki, mənim maşınımda da tormoz yoxdu. Gülüşdük. Dedim bax, görürsən, sən də tormozsuz maşını istəsən idarə edə bilərsən. Maşını təmir etdikdən sonra Əli dayı gəldi. Görüşdük. Əvəz həkim maşını yolda yoxladı. Sonra yanımıza gəldi və dedi:- Əli kişi, kim nə deyir desin, maşında tormoz yaxşı şeydi. Əli dayı güldü və əlavə etdi:- Əvəz həkim təkcə maşında yox, elə insanda da bəzi anlarda tormoz çox yaşı şeydi. Hamımız güldük. Allah hər ikisinə də rəhmət eləsin. Heyif o gözəl günlərdən. Üçüncü hekayət... Yenə də öz seximdə idim. Rənmətlik Əvəz həkim öz maşını ilə gəldi. Salam-kəlamdan sonra dedi:- Həkim, maşınımın başı ağrayır.(O mənə maşın həkimi deyirdi çox vaxt) Səhər çox çətinliklə işə salıb, qaldırıb yanına gətirmişəm. Onun həmişə belə zarafatlarına artıq öyrənmişdik. Həm də öz dadı-duzu var idi. Gülə-gülə maşını arxası tərəfə seximə verdim. Dedi ki, mən deyirəm ki, maşınımın başı ağrıyır, sən də arxasını sexə verirsən. Baş tərəfini sexə salaydın də. Dedim ki, həkim darıxma, tələsmə. Axı siz mənə həkim deyə müraciər elədiniz? Dedi ki, hə də siz də maşın həkimisiniz. Dedim ki, o qədər dostluq etmişik ki, axırda mən də həkimlər kimi etməliyəm axı. Sonra yenə Əvəz həkimə müraciətlə dedim:- -Həkim, mən ölüm düzünü de, Siz başı ağrayan xəstənin başına iynəni vurursunuz, yoxsa arxasına? O bərkdən gülərək dedi:- Hə bax bunu düz dedin, çox vaxt xəstənin arxasına iynəni vururuq. Dedim ki, mən də elə edirəm də. Zarafata hamımız gülüşdük. Sonra aydınlaşdırdım ki, sexin qabaq tərəfi daha işıqlı olduğundan belə etdim. Həm də maşını sexdən onda daha rahat özün çıxara biləcəksən. Əvəz həkimlə dostluqdan çox şey əxz eləyərdik. O həm gözəl, mənalı söhbətləri, həm balaca özünəməxsus lətifələri, həm də səxavəti ilə hamıdan fərqlənirdi. Dediklərimi hər bir Kəlbəcərli təsdiq edə bilər ki, bizimlə bir məclisdə yemək stolunda olanda, hələ bir dəfə də icazə verməyub ki, stolun haqq-hsabını biz ödəyək. Həmişə ya Əvəz həkim, ya da Səfərov Əli ödəyiblər. Allah hər ikisinin ruhunu şad eləsin! Dördüncü hekayət... Bir gün gözəl payızın gözəl günlərindən biri idi. Axşam tərəfi yenə də Əvəz həkim, Əbil Qədir oğlu, və Sahib müəllim üç də birlikdə maşınla yanıma gəldilər. İşim qurtarmışdım. Əvəz həkim dedi:- Yusif, öz maşınını saxla, gəl mənim maşınımla Əbili aparıb evlərinə təhvil verək, birdən yolda azıb eyləyər. Mən də razı oldum. Dedi ki, amma maşını sən idarə edəcəksən. Bu çox vaxt belə olurdu. Sükan arxasına keçdim. Yola düşdük. Hamı tanıyırdı, ona görə bilirlər ki, Əbil şəhərin “aşağı düz” deyilən ərazisində olurdu. Gedəndə Əvəz həkim dedi ki, birbaşa gedək Çay kəndə, maşını zapravka edək sonra gələndə Əbili düşürərik. Mən də etiraz etmədim. Ancaq RTS adlanan ərazidən bir az aşağı keçmişdim ki, gözüm benzinin göstəricisinə sataşdı. Baxdım ki, maşının bakı siləbə-silə doludur. Dedim ki həkim niyə bizi aldadırsan, axı benzin bakında siləbə-silə göstərir. Dedi:- Yusif, özümüzü balaca zapravka edək, sohra gələrik. Əsas özümüzük. Mən nə deyirəm ona qulaq asın. Çarəmiz qalmadı. Dördümüz də Tərtər çayının kənarında yerləşən, həmişə getdiyimiz gözəl bir məkana getməli olduq. Əvəz həkim dedi, Yusif, maşının yük yerini aç, gör orada nə var. Mən jiqulinin yük yerini açdım. Maşının yük yerində adamdan başqa nə desən var idi. Ən maraqlısı isə Tərtər çayından təzəcə tutulmuş, söyüd çubuqlarına səliqə ilə düzülmüş çay qızıl balığı. Özü də yalan olmasa hər biri az qalardı ki, yarım kilo ola. Bax, Əvəz həkim belə gözəl dost, belə səxavətli idi.. Nə isə oturub yaxşı yeyib içəndən sonra yenə də maşını mən sürəsi oldum. Artıq gecə idi. Birinci dəfə yolda Əbilin evi idi deyə ondan ayrıldıq. Sonra Sahib müəllimi evlərinə aparıb, həkimi öz evlərinə gətirdim. Dedim ki, həkim, bax gətirdim. İndi də sən məni apar mənim evimdə düşürt sonra gəl. Güldü ki, ayə bacarsaydım elə özün sürüb gələrdim də. Sən maşınla evinə get, səhər işə gələndə səndən alacam. Eləcə də etdim. Səhər tezdən baxdım ki, Əvəz həkim həyət darvazasında durub məni səsləyir. Həyətə çıxdım. Evə dəvət etdim. Həyətə yendi. Qapıda yaxşı şəraitim var idi, çardaqda da stol-stul olurdı. Hətda samovar və manqalım da öz qaydasında olardı. Bizə gələnlər bilirdi, Əyləşib çay içirdik. Birdən dedi:- Yusif, sən Bəhmən Vətənoğlunun o təzə şerini bir də de. Dedim:- ...Bir deyilsiz, beş deyilsiz, yüzsünüz, Dəvələrin boynu kimi düzsünüz. Bir elin ki, ağaları sizsiniz, Inək kimi sağılmasın, neyləsin!.. O vaxtkı bəzi vəzifəlilərə yazmışdı, rəhmətlik. Həkim dedi ki, görürsənmi, şair belə olar, lap atalarına od qoyub! Mən də təsdiq etdim. Birdən gözləmədiyim halda Əvəz həkim dedi, sən canın bu şeri elə et ki, həkimlərə ünvanlı olsun. Yəni təkcə həkimləri tutsun. Fikirləşdim ki və fikri tutdum. Amma çox qəliz gəlirdi. Dedim ki, həkim, axı mən bütün həkimlərlə demək olar ki, dostam, həm də anam uzun müddət onlarla bir yerdə çalışıb. Onda hörmətdən düşərik axı? Dedim ki, həm də çox qəliz gəlir. Dedi ki, elə qəliz olsun da. Narahat olma deyərik ki, Əvəz həkimin yaradıcılığındandır. İnanacaqlar. Nə isə məcbur oldum dedim:- Bir deyilsiz, beş deyilsiz, yüzsünüz, Dəvələrin boynu kimi düzsünüz. Bir elin ki, həkimləri sizsiniz?! Halvaları qazanlarda qaynayar, Mollaları çirtiq vurub oynayar! Bilirsiniz həkimə necə lzəzzət elədi?! Bu bənd də qısa müddətdə rayonumuzda marağa səbəb oldu. Sonra da dedim ki həkim sizə yaraşan bir şerdə həsr etmişəm,özünüzə ünvanlı. Dedi ki, de mən də eşidim. Dedim, həqiqətən də çox bəyəndi. Dedim ki, həkim, hər şey, yemək-içmək də yaddan çıxır. Amma bu yazdıqlarımız nə vaxtsa kimlərinsə oxuduğu maraqlı kitablardan birinə çevriləcək. Axı onda da gündəliklər yazırdım. Heyiflər olsun ki, hamısı düşmən tapdağında əsir qaldı. Yenə də yaddaşıma minnətdaram ki, yadımda saxlaya bilmişəm:- Hər ürəkdə odası var, Xoş sözü, xoş sədası var. Həkimin öz dünyası var, Heç kimə bənzəməz həkim. Bir dünyadı, Əvəz həkim! Hikmətləri qoşa-qoşa, Danəndədi dost- tanışa. Bütün Əvəzlər yığışa, Ən başdadı Əvəz həkim. Yoxdu sənə əvəz, həkim! Talehi yazan Xalıqdı! Qismətin “Qızıl balıqdı” Xəstələrin duvalıqdı, Dava-dərman əbəs, həkim! Yoxdu sənə əvəz, həkim! Dostluq adlı cəmiyyətsən, Başdan-başa xoş niyyətsən! Özün boyda bir hikmətsən, Yoxdu sənə əvəz, həkim, Əvəz həkim! Əvəz həkim! 1985-ci il. Kəlbəcər. Oktyabr ayı. Beşinci hekayət... 1987 ci il idi, yanılmıramsa. Rəhmətlik Xalq şairi Xəlil Rza Ulutürk Kəlbəcərə gəlmişdi. Mənim də qonağım oldu. Bizdə, bizim həyətdə yaxşıca istirahət etdik, çay-çörək yedik, sonra “Dünyaya pəncərə” kitabını öz dəsti-xətti ilə yazaraq mənə hədiyyə etdi. Yadımdadı ki, həmin kitabda qırmızı qələmlə mənim haqqımda nə qədər xoş sözlər yazmışdı. Hətda şer yazışmalarımız da oldu. Heyif ki, bu gözəl yadigarlar da yurdum kimi əsir qaldı. Nə isə.. Rəhmətlik Şamil Əsgər Dəlidağ, Firudin Şimşək, bir də Əvəz həkim və bacımın həyat yoldaşı Məhəmməd Tahirov bizim həyətdə çay-çörək yeyəndən sonra dedim ki, gözəl bir gündür, gəlin mənim maşınımla təbiətin qoynuna çıxaq. Razılaşdılar. Şamil müəllim dedi ki, yaxşı olar ki, Şapılar kəndinin yolundakı “Turş suya” gedək. Həm orada meşəlik, həm gözəl turş su var. Həm də oradan gözəl mənzərələri qonaqlarımıza göstərərik. Yola çıxdıq. Jiqulidə mənimlə bərabər beş nəfər idik. Amma yenə də orada yemək üçün hər nə lazım idisə götürdük. Onu da deyim ki, dostlarımın hamısı maşallar sanballı çəkidə idilər. Həm özləri, həm də ziyalılıqları. Maşınımın yükü bir az həddindən artıq idi. Allah Kərimdi deyib getdik. Mənim də gənclik vaxtım, bir az da qaydasında çılğınlığım olardı. Şapılar kəndinin alt tərəfindəki asfalt zavodunun yanından keçəndə kəndə və “turş suya” tərəf iki yol qalxırdı. Bu yollar təpənin başında yenə də birləşib, kənd yoluna yönəlirdilər. Mən bir az çılğınlıq edib bərk dikləmə olan yolla maşını sürdüm.Özümə inamım çox olardı gəncliyimdə. Maşınım da jiquli-011 idi, yaşıl rəngdə. Amma yük ağır olduğundan, maşın təpənin başına bir-iki metr qalmış gücü çatmadı. Mən maşını söndürmədən, peşəkar bir dağ sürücüsü kimi dikləmədə saxladım, amma nə əl tormozuna, nə də söndürməyə ehtiyac yox idi. Dedim ki, idi siz düşün, maşının yüngülləşsin, yola çıxanda yenidən əyləşərsiniz. Hamısı düşdü. Rəhmətlik Xəlil Rza Ulutürk ən hörmətli qonağımız kimi qabaqda mənim yanımda əyləşmişdi. O səbr və təmkinini pozmadan dedi:- Yusif, sən bu maşını bu yamacda söndürmədən, əlini, ayağını tərpətmədən nə qədər saxlaya bilərsən? Dedim ki, nə qədər istəsən, Ustad! Dedi ki, onda sən beləcə saxla, mən sən tərəfdən qapını açım, baxım görüm sən bu maşını belə çəmsiz yerdə, bu müvəffəqiyyətlə necə saxlamısan. Bəlkə öyrəndim, gələcəkdə mənə lazım olar. Mən də gülə-gülə dedim ki, buyur, Ustad, düş, keç, bax. O da arxayınlıqla mən tərəfə keçib, maşının qapısını açdı və əyilib ayaqlarıma tərəf baxdı. Sonra da təccübünü gizlətmədən dedi: - Axı bu necə olar, sənin iki ayağın var, maşında isə üç pedal, bunu necə etmisən? - Dedim ki, Ustad, bax sağ ayağımın bir hissəsi tormozda, bir hissəsi isə qazın pedalını saxlayıb. Sol ayaqım isə muftanın pedalındadı. Bu üsula peşəkar dağ sürücüləri “yarımmufta” deyirlər. - Xəlil Rza Ulutürk heyrətlə başını tərpətdi... Əvəz həkim dedi:- - Xəlil müəllim bu şer deyil ey, hamının gözündə ustad olasan. Görürsən də bizim oğullardakı bacarıq və fərasəti. Bax biz hamımız belə sürücüyük. - Yox, qardaşlar, bu mənim öyrənəcəyim iş deyil. - Nə isə həmin gün səfərimiz çox yaxşı alındı. Yaxşı yeyib içdilər. Heyif o gözəl günlərdən.. Səhərisi gün biz hamımız birlikdə Xəlil Rza Ulutürkü və Firudin Şimşəyi Kəlbəcərdən yox, Ağ dərənin “Qozlu körpü” adlanan ərazisindən Bakıya yola salmaq üçün getdik. Əvəz həkim də mənimlə getmişdi. Keyfi də çox yaxşı idi. Biz yemək içməkdən sonra Xəlil Rza Ulutürk və Firudun Şimşək Bakıya biz isə Kəlbəcərə tərəf yollandıq. Yeri gəlmişkən onu da deyim ki, Firudin Şimşək o zamanki Pedaqoji İnstitun professoru idi. Həm də şairliyi var idi. Nə isə yolda birdən gözləmədiyimiz halda Əvəz həkim dedi ki, maşını saxla, bir az Tərtərin axarına baxaq, gözlərimiz, qolaqlarımız dincini alsın, sonra gedərik. Mən maşını Tərtər çayına yaxın bir yerdə saxladım. Onsuz da bütün yol boyu Tərtər çayı bizimlə olurdu. Çün ki, Kəlbəcərin yolu çayın kənarı ilə çəkilmişdi. Əvəz həkim dedi:- - Qardaş, mən özüm də bir şeyi bayaqdan fikirləşirəm, amma cavab tapa bilmirəm. Bilmirəm ki, mən bu yollarda sizə qoşulub nə gəzirəm? - Bax, Yusif sən şairsən, Xəlil şairdi, Şamil şairdi, Firdun şairdi, bəs axı mən şair deyiləm, mən sizə niyə qoşulmuşam. Özü də gülə-gülə dedi. Dedim ki, Əvəz həkim bizim olduğumuz məclis də gözəl bir süfrəni xatırladır. Bilirsinizmi, süfrədə duz olmayanda hamı bir ağızdan duz səsləyir. Sən isə bizim məclisimizin duzusan! Sözlərim hamının xoşuna gəlmişdi. İndi onların hamısı haqq dünyasına qovuşub. Mən isə onlarla olan dostluğuma görə bu yazımla xatirələrimizi oxucularımıza çatdırmağı özümə borc bilirəm. İnşallah ömür imkan versə, hələ çox belə xatirələrimi oxuya biləcəksiniz.. Yusif Hüseyn şair-publisist Yusif Hüseyn. “Qızıl Qələm” mükafatı laureatı. (Bakı. 14-09-2015).

#Kəlbəcərhəsrəti #Kəlbəcər #Şair

22 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev