26 ildir ki, ən sevdiyimiz səmtə gedən yollar bağlı


Foto: Bahadur Sadıqov

Rəsmiyyə RZALI     

…Və bu yolu açan tapılmır. İllərdir yol ağzında durub gözümüzlə yol ölçürük, heyif ki, o yolların yolçusu deyilik daha, bu yannan o yana keçə bilmirik. Yaman yerdə axşamlamışıq, yaman günün ömrü çox uzandı. Sənin sənliyini alıblar səndən Vətən, bizim də mənliyimizi. Dəli nar kollarına meşə elədik səni, yada yurd elədik. Qeyrətdən danışmaq yaraşmır bizə.


Eldən oğul gedəndə, Vətənin başı sağ olsun deyirlər. Dərdimiz böyükdü bizim, oğlumuz da gedib, elimiz də… Kimə başsağlığı verək, kim qaldı ki, başı sağ olan? Oğulları ölüncə, Vətən də ölür. Nə ağ atlı çapar oğulları qalır, nə hər gün buğda-buğda böyüyən qızları.

Kəlbəcərin Taxta yaylağı bağlanıb, gözümüz baxa-baxa gözü dağlanıb. Dəli dağlarında, Sarısuyunda, İstisuyunda, uşaqlığımda ayaqyalın gəzdiyim yamaclarında lalələr açmır daha, kəklikotunun ətri gəlmir. Düşmən su içməsin deyə, bulaqlar gözlərini kor edib. Nə kəhər atları qalıb, nə atlıları. Yanmış evlərin, taxtapuşu yoxdur ki, uşaqlar çıxıb quş uçurtsunlar, boş qapılarında o tərəf bu tərəfə qaçsınlar, səhərləri açılmır artıq. Hara yox olmusan Vətən? Nə deyim, Allah götürməsin biz götürəni.     

2 aprel 1993-cü il. Kəlbəcərin işğal olunduğu gün. Və başqa işğal tarixləri və bölgələrimiz. O qaçhaqaçlarda, kimimiz yollarda can hayına qaldıq, kimimiz mal hayına. Orda torpaq tapdalandı, burda biz. İllərdir dikələ bilmirik, belimiz də bülüküb, elimiz də. Alaca sabahlarımıza qaraca günlər ələndi, daş üstündə daş qalmadı. Qara daşlar yağdı ağ günlərimizə. Bir elin, bir ulusun birliyi, diriliyi itdi. Dən-dən dənlənib, dən-dən ölürük, ovuc boyda qalan ürəyimiz hər gün sancı-sancı doğranır, bitmək üzrəyik. Belə davam edərsək çox keçmədən qəbir-qəbir sıralanacağıq, üstümüzdə nar kolları bitəcək. O narların kölgəsində düşmən badələri keflənəcək, keflənə bildikcə.         

Torpaq qayğısına qalan oğullarımız isə o gedən oldular, bir də geri dönmədilər. Mahir Quliyev kimi. Nə Mahiri qoruya bildik, nə Mahir kimi oğulları, nə də tərtəmiz qanlarının düşdüyü torpağı. Şəhidin ruhu dinc, məkanı cənnət olur. Belə oxuduq, belə öyrətdilər bizə. Mahirə şəhid demək olmur, çünki qanının axdığı torpaq düşman tapdağındadır, nə ruhu dincdir, nə məkanı cənnət. Doğulub böyüdüyü vətənilə birgə düşdü Mahir. Və 27 ildir ki, bu dərdlərimizlə oyun oynayırıq. 

Bir gün “Azərnəşr”ə, qardaşı Əlövsət Ağalarovun yanına gələrmişdi Mahir. Başına toplaşıb sorğu-suala tutmuşduq. O vaxt Mahirin ürəyində uzun bir qara qutu  gördüm, içində bir kino lenti vardı sanki. Nə döyüşlərin, nə yurda xəyanətlərin, nə haqsızlıqların, nə bazarlıqların şahidiydi o qara qutudaki kino lenti. Görüb yaşadığı dərdləri çəkib yazmışdı o qutuya eləbil. O qara qutu kimiydi, rəngi də, əhvalı da. Amma açıb göstərə bilmirdi, cansız cəsəd kimiydi, küskündü, ruhunu, canını bitirmişdi o kino lentindəkilər. Bəlkə də, açıb göstəsəydi ürəyini didib parçalayan o qara qutudakiləri dəhşətdən hamımız yerimizdə ölərdik.  O gün gözümün önündə bir Vətən oğlunun ruhu can verdi.

Aradan çox keçmədən Kəlbəcər işğal olundu. Mahir Kəlbəcərin yeganə çıxış yolu olan Qamışlı körpüsünü bir neçə gün qoruyub saxladı, düşmən ayağının dəyməsinə imkan vermədi. Könüllülərdən ibarət 11 nəfərlik dəstə ilə Murovun Kəlbəcər üzünə tərəf qayıdır və Qaragöl yüksəkliyində düşməni darmadağın etdi. 1993-cü il aprelin 8-də Murovdağın ətəyində qəhrəmanlıqla şəhid oldu.     

   1969-cu ilin mart ayının 14-də  Kəlbəcərin Quzeyçirkin kəndində anadan olan baş leytenant Mahir Quliyev orta məktəbi Qılınclı kəndində bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. Xidmətini Kuybışev  Hərbi Dairəsində davam etdirir. 1992-ci ilin yazından Azərbaycan 

Ordusunun zabiti  kimi döyüşlərin ən gərgin nöqtələrinə atılır. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində baş leytenant Mahir Quliyevin dəstəsi xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərmişdi.

      Sən demə Mahirin gündəliyi varmış. Biraz əvvəl bəhsetdiyim ürəyində qara qutu və o qutuda bir kino lentini gödüyüm gerçəkmiş. O gündəlikdə döyüşçünün cəbhə xəttində keçdiyi bütün bölgələrimiz, ağır döyüşlər, qələbə əzmli oğlanların xatirələri… daha nələr var. Böyük şairimiz Xəlil Rza Ulutürk Mahiri “Möcüzə bir oğul” adlandırmışdı.

📷

Mahirin gündəliyindən:

 “1 il 5 aydır ki, evə getmirəm. Evdən çıxmışam 11 fevral 1991- ci ildə. Bütün günü  yol gedib,nəhayət çatdım Kəlbəcərə. Ata-ana, bacı-qardaş – tanımalı deyildi. Bu il yarımda nə qədər dəyişmişdilər. Ən çox da anam. Yazıq anam. Eybi yoxdur, bunu yerdə heç vaxt qoymayacağıq. Analar dözməlidir. Torpaqlar getsə, mənə heç nə lazım deyil”.

📷

“01.07.92-ci il. 

Bu gün ayın 1-dir. Kiminçünsə bu gün yaxşı başladı, kiminçünsə çox pis, dəhşətli dəhşətli  Bu gün iki nəfərimiz qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin – Mehdi və Atif. Görəsən onlarnə yuxu görmüşdülər, nə fikirləşirdilər? Səhər tezdən gülürdülər, danışırdılar. 11-lə 16 arası onların taleyi həll olundu. Özü də kimlər həll edirdi  – ermənilər. Necə igid oğlanlar idilər. Görəsən anaları, bacıları necə yuxu görmüşdülər. İndi hələ bilmirlər…”

Vətənimizə sahib çıxmasaq Mahir kimi möcüzə oğullarımızdan bizə ancaq göz yaşı dolu gündəliklər qalacaq. Hər sabahımız daha betər gələcək, dərdi çəkməyə gücümüz də qalmayacaq. Dədələrimizin, analarımızın qəbrinin üstünnən, yanınnan yağılar yol salıb. Gedən-gələn basıb keçir, tapdayıb keçir. Bu mənzərəni seyredən bizləri səbr kasamızda dəfn eləyin.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev