''35 nəfərin yanmış meyitini gətirdilər, qızım və nəvələrim içində yox idi''

Qarşıdan Xocalı faciəsinin 27-ci ildönümü gəlir.
Xocalı faciəsi zamanı qızı Mehriban və üç nəvəsi itkin düşən şəxslərdən biri də Xocalı sakini Allahverdi Hüseynovdur. A.Hüseynov deyir ki, əsir götürülən qızı və nəvələrini ermənilər geri qaytarmayıblar və bu günə kimi onlardan xəbər yoxdur.
“Xocalıda qız və gəlinlərlə birlikdə qızım Mehribanı və üç nəvəmi də ermənilər əsir aparıblar. Bizə dedilər ki, qızım Martuni rayonundadır, bunu Sevan adlı erməni də təsdiq etdi. Ermənilər dedi ki, sizdə əsirlikdə olan üç ermənini gətirin qızın və nəvələrinlə dəyişək. Biz Bayılda həbsxanada saxlanılan üç ermənini Ağdama qərargaha gətirdik. Onda xəbər tutduq ki, Milli Qəhrəmanımız Allahverdi Bağırov minaya düşərək şəhid olub. Sonra Xələc rayonundan olan Mamed adlı bir adam var idi, o, dedi ki, ermənilər deyir girovları gətirsinlər Mehribanla dəyişək. Düzdür, ermənilər əsirləri xilas edirdilər, amma əsasən qocaları, işləyə bilməyənləri dəyişirdilər. Amma cavanları buraxmırdılar. Onda qızım Mehribanın 25 yaşı var idi, üç nəvəm də anası ilə birlikdə idi. Belə gənc qadınları işlədirdilər, özləri bilir nə edirdilər.

Xəbərlər verilişində erməni əsirliyində olan azərbaycanlıların siyahısını təqdim edirdilər və orada qızım Mehribanın da adı var idi. Biz gecəylə Qazaxa gəldik və xəbər verdim ki, erməni əsirləri məndədir gəlin qızımla dəyişək. Ermənilər gəldilər və söz verdilər ki, bir neçə gün sonra gəlin Mehribanı və digər əsirləri gətirəcəyik. Təyin etdikləri tarixdə görüşdük və gördüm ki, ermənilər bizi aldadır. Bir maşın gəldi və içində 35 nəfərin meyitini gətirdilər. Hamısı yanmışdı, tanınmaz halda idi. Onda soruşdum ki, bəs, qızım hanı? Ermənilərdən biri dedi ki, Mehribanı əsirlikdə saxlayan adam Moskvadadır və o, gəlsin dəyişəcək. O gündən bu günə kimi qızımdan xəbər yoxdur”.