"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin Milli qəhramanların həyat yolunun öyrəni
Çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutları arasında seçilən və Azərbaycan ziyalıları tərəfindən hər zaman dəstəklənən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ən vacib missiyalarından biri də Kəlbəcərin qəhrəman oğul və qızlarının qəhrəmanlıq yoluna işıq tutmaq, gənc nəslə onları daha yaxşı tanıtdırmaqdan ibarətdir. Bu mənada ictimai birlik Kəlbəcər rayounun ilk şəhid Milli Qəhrəmanı Şahlar Şükürovun 65 iliyinə həsr olunmuş xatirə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun həyat yolundan və qəhrəmanlığından söz açaraq bildirib ki, Azərbaycanın ilk Milli Qəhrəmanı 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açan Şahlar Əvəz oğlu Şükürovdur. O, hələ uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa can atırdı. Şahlar istedad və bacarığı ilə nəinki müəllimləri, bütün yaşıdlarını da heyran edirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı İnstitutuna qəbul olundu və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurdu. Ordu sıralarına yollandı. Sonra Rostov Milis Akademiyasında təhsil aldı, 1986-cı ildə akademiyanı yüksək göstəricilərlə başa vurdu. Əmək fəaliyyətinə Ucar rayon milis şöbəsində əməliyyat rəisi kimi başladı. 38 yaşında mayor rütbəsinə yüksəldi və Zədab rayon milis şöbəsinə rəis müavini təyin edildi. O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.


Tədbirdə çıxış edən filologiya elimləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmil Şahlar Şükürovun qəhramanlıq salnaməsindən, keçdiyi döyüş yolundan danışdı. Qeyd etdi ki, gənclər vətənpərvər olmalı vətənimizin azadlığı uğurunda şəhid olmuş vətən övladlarının xatirələrini daim uca tutmalıdılar. Əsas orta məktəblərdə vətənpərvərliyin təbliğ edilməsinə önəm verilməlidir.
Digər ziyalılar Zakir Fəxri və tədqiqatçı jurnalist Məhəmməd Nərimanoğlu da Milli Qəhrəmanın həyat yoluna nəzər salmış, onu gənc nəslə nümunə kimi təqdim etmişlər. Tədbirin sonunda Kəlbəcər məktəblilərinin hazırladığı “Qəhrəmanlar unudulmur” ədəbi-bədii kompozisiyası nümayiş olunub.