"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin təşkilatçılığı ilə məktəblilər...
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayon orta məktəblərinin kollektivi Azərbaycanın eləçə də Kəlbəcər ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar birliyinin üzvü, əməkdar mədəniyyət işçisi, şair tərçüməçi şöhrət ordenli Məmməd Aslanın 23 dekabr doğum günü ilə əlaqədar Abşeron rayonu Masazır qəbirstanlığındakı məzarını ziyarət etdilər.

Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).





Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur.



Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir. Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir (2000). Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur. Allah Rəhmət eləsin!