Aldınsa əlimdən Kəlbəcərimi, dəymərsən gözümdə quruşa, dünya...

Hamı bu pəncərədən boylanıb baxar Görər ki bürünüb qumaşa Dünya Hərə bircə dəfə səhnəyə çıxar Bu nə cür oyundur, tamaşa Dünya Kimini şah etdin, kimini vəzir Hərə ovlamağa bir şikar gəzir Çox da ki at çəkir, top sünbül əzir Mat qaldım səndəki gedişə, Dünya Sevinc becərənə qəm yedirtmisən Azca bir yaxşını gözə dürtmüsən O qədər düz sözü səhv dedirtmisən Nə deyim səndəki gərdişə, Dünya Bir dəfə bilmədin dərdi-sərimi Sındırdın qolumu, kəsdin əlimi Aldınsa əlimdən Kəlbəcərimi Dəymərsən gözümdə quruşa, Dünya Tükənməz qəlbimin dərdi-gileyi Getməz qulağımdan Torağay neyi Yaramın üstünə duz səpələməyi Durmusan fələklə yarışa, Dünya Nə qədər od tutub alovlansam da, Ömür yollarını hamarlasam da Mən səni nə qədər tumarlasam da, Çevrildin alnımda qırışa, Dünya Hamilik etmisən şərəfsizliyə Çağırma bizi Dilqəmsizliyə Öyrətmə Mahiri Vətənsizliyə Ölərəm, gəlmərəm barışa, Dünya Mahir Hacib