Arzum budur ki, doğma Kəlbəcərimizdə bundan da gözəl məktəblərimiz inşa edilsin - Həqiqət Şükürova

Əməkdaşımız "Bilik Günü"ndə qaçqın məktəbində olub. Bu gün Azərbaycanda "Bilik Günü" kimi qeyd olunur. AzNews.az-ın əməkdaşı qaçqın məktəblərindən biri olan və Bakının Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbinə baş çəkib.

Bura şəhər mərkəzindən xeyli uzaqda yerləşir. Giriş qapısından daxil olanda kiçik bir məktəb binası görünür. Həyətində demək olar ki, barmaqla sayılacaq qədər uşaq var idi. İçəri doğru addımladıqca yanımdan səliqəli, ütülü paltar geyinmiş şagirdlər təlaşla o tərəf, bu tərəfə qaçışırdılar. Elə üzlərinə baxanda onların bu il birinci sinifə qədəm qoyduqları hiss olunurdu. Artıq məktəbin binasına daxil oldum. Kənardan kiçik görünsə də, içərisinin nə qədər böyük olduğunu gördüm. Həyəcanlı valideynlər, sevinən uşaqlar, hamısı ətrafa xoş aura yayırdı.

Məktəbin divarları da ilk günə hazır idi. Ətraf bəzənmiş, divarlarda maraqlı məlumatları əks etdirən lövhələr asılmışdı. Daha sonra məktəbin direktoru Həqiqət Şükürova məni qarşıladı və məktəb haqqında ümumi söhbət etdik: - Həqiqət xanım, yəqin ki, qaçqın məktəbinə rəhbərlik etməyin öz qayğıları var? - Mən artıq üç ildir məktəb direktoru kimi fəaliyyət göstərirəm. Amma ümumilikdə 14 il pedaqoji təcrübəm var. Bu üç il ərzində bu məktəbə təyin olunduğum gündən, düşündüm yəqin ki, mən bacarmayacam. Çünki arzularımın məktəbi tamam başqa, bu məktəb isə tamam başqa idi. İlk düşündüm ki, buranın təmiri normal olmasa, işləmək çətin olacaq. Düzdür, 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib qaçqınlar üçün istifadəyə verilmiş məktəb olsa da, mən bura direktor təyin olunanda məktəbdə vəziyyət bir o qədər də ürəkaçan deyildi. Sonradan, 2017-ci ildə məktəbimiz əsaslı təmir olundu, bütün avadanlıqlarına kimi dəyişdirildi. Kollektivimiz də mənə hər işdə kömək edir. - Bu məktəbə rəhbərlik edəndən hansı uğurlarınız olub? Bir az da bu haqda danışmağınızı istərdik... - Elə 2017-ci ildən indiyə kimi burada direktor işləyirəm. Mən bura rəhbər gələndə məktəbdə 150-170 şagird təhsil alırdısa, hazırda 400-450 şagird təhsil alır. Buna görə mən özümü şanslı direktor sayıram. Eyni zamanda Təhsil Nazirliyinin əmrinə əsasən işləyən bir direktor kimi fəxr edirəm ki, Ceyhun Bayramovun komandasında çalışıram. Biz qaçqın məktəbiyik. Arzum budur ki, doğma Kəlbəcərimiz işğaldan azad olunsun, bizim orada bundan da gözəl məktəblərimiz inşa edilsin, öz kollektivimizlə birgə yenə belə işimizi sevərək çalışaq.

- Qaçqın məktəblərinə dövlət dəstəyi haqda nə deyə bilərsiz? - Mehriban xanım Əliyevanın qaçqın məktəblərinə hər zaman böyük dəstəyi olub. Bu il birinci siniflərin hamısı fondun hesabına məktəb formaları ilə təmin olunub. Dərsliklərə pul verilmir, məktəb tərəfindən təmin olunur. Həmçinin məktəbimizin nə problemi olsa Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin nəzərindədir, onlar da bizdən öz diqqətlərini ayırmırlar. - Bu il birinci sinifə müraciət edən şagirdlərinizin sayı nə qədərdir? - Mən əvvəlcə onu qeyd etmək istərdim ki, təhsilimizdə elektron sistemə keçid böyük nailiyyətdir. Bu gün biz məktəb rəhbərliyi olaraq hələ indi bilirik ki, bu il birinci sinifə gələcək şagirdlərimizin sayı 34-dür. Halbuki, əvvəllər bu şagirdləri özümüz qəbul edirdik. Amma indi elektron qeydiyyatla hər şey həll olunur. - Şagirdlərinizin bilik səviyyəsi haqda nə deyə bilərsiniz? -11-ci siniflərimizdən hər il universitetə yüksək balla qəbul olan şagirdlərimiz olur. Eyni zamanda şagirdlərimizin olimpiadalarda göstərdikləri nailiyyətlər olduqca ürəkaçandır. Hətta bizim iki şagirdimiz qırmızı, fərqlənmə diplomu ilə məktəbi bitirib. 11-ci siniflərdən 21-dən 19-u ali məktəbə qəbul olub, 9-cu siniflərimizdən sıfır, iki alan şagirdimiz isə olmayıb. - Məktəbdə şagirdlər üçün əlavə məşğuliyyətlər, dərnəklər təşkil olunurmu? - 8-10 şagirddən ibarət dərnəklərimiz var. "Gənc dilçilər dərnəyi"miz var ki, bura ingilis dilinə marağı olan şagirdlərimiz qatılır. Eyni zamanda "Gənc filoloqlar dərnəyi"miz də var. İdmana marağı olan şagirdlərimiz üçün də dərnəklər təşkil edirik. Düzdür, idman zalımız yoxdur, amma məktəbin arxa hissəsində məşğul olmaq üçün ərazimiz var. Müraciət etmişik, yəqin ki, bizim üçün modul tipli də olsa idman zalı inşa edərlər. - Direktor olaraq özünüz şagirdlərinizlə görüşlər təşkil edib, problemlərini dinləyirsiniz? - Mən bu məktəbə gəldiyim ilk gündən "Təkliflər qutusu" hazırlatmışam. Hansı ki, bu qutuya şagirdlər öz problemlərini, təkliflərini tam məxfi şəkildə yazıb ata bilirlər. Həmin qutu iki gündən sonra açılır və bütün məktubları oxuyuram. Artıq mən bilirəm ki, uşağın hansı problemi var, hansı tədbirləri görmək lazımdır. Bundan əlavə onları şəxsən dinləmək üçün də şərait yaradıram". Səidə Vahid AzNews.az

106 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev