Başlıbel faciəsindən 25 il ötdü - şahidlər danışır - FOTOLAR



Bu gün Başlıbel faciəsi qurbanlarının anım mərasimi keçirilib. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin iclas zalında təşkil olunmuş tədbirdə ictimaiyyətinin nümayəndələri, ziyalılar, Kəlbəcər gəncləri, habelə 1993-cü il aprelin 18-də erməni quldurlarının Başlıbel kəndində törətdiyi kütləvi qətllərin şahidləri iştirak ediblər. Kalbajar.com Koordinat.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Elxan Salahov tədbiri giriş sözü ilə açaraq Başlıbel faciəsi ilə bağlı qısa məlumat verib. O, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətlləri Qarabağ müharibəsinin qanlı səhifələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, rayonun işğalı zamanı 2000 nəfərdən çox əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini tərk edə bilmədiyindən düşmən ordunun mühasirəsində qalıb. Aprelin 2-də kən sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar: “Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni quldurları dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını məcburi köçkünlükdən üstün tutub”. Artıq Başlıbel faciəsindən 25 il ötdüyünü deyən Elxan Salahov 93 yaşlı Ələsgər babanın hələ də itkin sayıldığını söyləyib. Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb: “Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar.Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərar gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna gğrə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki, “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar”. İsmət Əzizov deyib ki, bütün bunları “Qalaça” kahasına sığınmış dinc sakinlər öz gözləri ilə görürdü. Ancaq xeyli qüvvəsi olan düşmənə atəş açmaq həm “Kahanın başı”ndakı evlərə sığınmış xəstə və qocaların, həm də “Qalaça”da gizlənimiş camaatın məhv olması və ya girov aparılması demək idi: “Ona görə də biz yalnız müşahidə etməklə kifayətləndik. Erməni quldurları əldə etdikləri qəniməti özləri ilə aparırdılar”. Kəlbəcərin işğalı zamanı Laçında düşmən ordunun mühasirəsini yararaq Başlıbelə pənah gətirən və burada kahalara sığınmış yerli sakinlərə qoşulmuş keçmiş döyüşçü Səlim Mehtiyev də ermənilərin bu kənddə törətdiyi qətliamın şahidlərindən biridir. O, çıxışında erməni quldurlarının kahalara amansız hücumunun təfərrüatlarını danışıb: “Başlıbeldəki sığınacaq yerimizi “Qalaça”dan “Portda”ya dəyişəndən sonra kahalardan bir qədər aralıda - “Qayabaşı”da post qurmuşduq. Aprelin 18-də günorta saatlarında ağ rəngli bir “NİVA” “Kahanın başı”ndan gəlib “Taxta yurdun düzü” istiqamətinə keçdi. Maşın gizləndiyimiz kahanın qabağına çatanda silahı qaldırdım ki, erməniləri vuram. Hava məsafəsi təxminən 50-60 metr olardı, əmin idim ki, quldurları vura biləcəyəm. Amma Ələkbər atəş açmağa razı olmadı, dedi, mənim bütün külfətim buradadır, atəş açsan, hamımızı kahada qıracaqlar. Ona görə atəş açmadım, “NİVA” isə kahanın qənşərindən keçib düz dərənin boğazına qədər getdi. Təxminən yarım saatdan sonra görük ki, ermənilər “Taxta yurd” tərəfdə çöllərə səpələnmiş mal-qoyunun hamısını qabaqlarına qatıb kəndə tərəf aparırlar. “NİVA”nı isə dərənin boğazında saxlamışdılar. Heyvanı kəndə tərəf aparan iki ermənidən biri düz gəlib bizim kaha ilə üzbəüz düzənlikdə - “Portda bulağı”nın üstündə dayanıb diqqətlə ətrafa baxdılar. Deyəsən, bu dəfə bizi görmüşdülər, kahaya tərəf güllə atdılar. İlk güllələrdən biri qonşu kahada olan Elşad Əzizovu sol çiynindən yaraladı. Çox çəkmədi ki, içərisi silahlı ermənilərlə dolu olan “QAZ-66” kahalara yaxınlaşdı. Düşmən ordusunun canlı qüvvəsini hadisə yerinə çatdıran ikinci “ZİL -131” maşını isə yuxarıdan hərlənərək “Portda” kahalarının arxasında, üst tərəfdə mövqe tutdu. “ZİL-131” markalı maşınında 30-35 nəfər düşmən əsgəri kahalara tərəf sürətlə irəliləyir, 62 nəfərin sığındığı kahaları aşağıdan və yuxarıdan mühasirəyə alırdı. Aşağıdan atəş açaraq kahalara doğru yaxınlaşan ermənilər Azərbaycan dilində söyüşlər söyərək həyasızcasına “Buralar bizimdir, siz burada nə gəzirsiniz?!” deyib irəli atılırdılar. Əksəriyyəti saqqallı “boevik” və rütbəli zabitlər idi. “ZİL-131”dən düşənlərin 6-sı düz kahaların yaxınlığına gəlib Azərbaycan dilində müraciət edərək bizi təslim olmağa səslədilər. Yarı Azərbaycan, yarı türk ləhcəsində deyirdilər ki, təslim olanlarla işimiz yoxdur, hamınızı Qarabağa aparacağıq, oradan Bakıdakı erməni əsirlərinə dəyişəcəyik. Yaşlı adamların, xüsusən də qadınlardan bəziləri ermənilərin yalanlarına inanaraq kahalardan çıxdılar. Həmin adamların əksəriyyətini girov apardılar, bir neçə nəfəri yerindəcə güllələdilər...” 113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri qətlə yetirmişdi: “Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”. Tədbirdə ermənilərin Başlıbel kəndində törətdiyi vandalizm aktlarından geniş bəh olunub. Şahidlərin dediyinə görə, İkinci Dünya Müharibəsi iştirakçısı, hər iki ayağını alman faşizminə qarşı müharibədə itirmiş Hüseyn Hüseynov Başlıbel kəndinin mərkəzində, kolxoz idarəsinin binasında diri-diri yandırılmışdı. Mühasirədə qalanlar onu əsasından, papağından, bir də sinəsində kömür kimi yanmış medalından tanımışdılar. Bundan başqa, quldurlar 53 yaşlı ruhi xəstə Qənaət Ağamirovu da işgəncə ilə öldürmüşdülər. Üz-gözündə, qulaqlarında, burun dəliklərində siqaret yanığının izi aydın görünürdü... Ermənilərin törətdiyi vandalizmə “Nəbinin kahası”ndan kəndə enən cavanlar daha çox rast gəlirdilər. Həyət-bacalarda qulduların daha iyrən əməllərinin izləri qalmışdı.Başlıbel kəndinin mərkəzi məhəllələrində keçini buynuzundan, inəyi ayaqlarından dirəyə asımışdılar. Ermənilərin heyvanlara qarşı bu cür amansız davranışları dəhşət saçırdı. Quldurlar toyuq-cücələri dimdiyinə məftil keçirilərək ağacdan asmışdılar. Mühasirədə qalanların ərzaq dalınca kəndin mərkəzinə gələrkən həyətlərin birində gördükləri mənzərə isə daha dəhşətli idi. Həyətdəki it anasını itirmiş körpə quzunu əmizdirir, sanki yetim quzunun kimsəsizliyini duyurmuş kimi ona mehribanlıq göstərirdi. 


Tanınmış ziyalı, Əməkdar jurnalist Əlövsət Ağalarov deyib ki, bu faktlar işğalçı Ermənistanın əsl mahiyyətini çılpaqlığı ilə ortaya qoyur. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Başlıbel kəndində dinc əhalini hədəf seçməsi, insanlığa açıq-aşkar meydan oxuyaraq müharibə, kütləvi qətliamlar yolunu tutması, beynəlxalq ictimaiyyətin sülh çağırışlarına məhəl qoymamasına cəhd kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Ermənistanın bu vəhşiliyi, xüsusilə azyaşlı uşaqları və qadınları hədəfə alması bir gerçəkliyi də ortaya qoyur: “İşğalçı rejim bu vandalizm siyasətini davam etdirdikcə daha çox insanlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü terrorizmin qurbanı olacaq” 













Koordinat.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev