Bakıda Ədalətə toy paltarı almaq üçün dükan-bazardan qayıdan bacılar eşitdi ki…



Zeynalov Ədalət İsmayıl oğlu 1969-cu ildə Kəlbəcərin Boyaqlı kəndində anadan olub. 1987-ci ilin payızında hərbi xidmətə çağrılıb. Əsgəri xidməti başa vurduqdan sonra Kəlbəcər rayon polis şöbəsində polis starşinası kimi işə götürülüb. 1991-ci ildə Ağdərənin Ketavan kəndi ətrafında gedən döyüş zamanı 7 erməni quldurunu tutub rayon polis şöbəsinə gətirmişdi. Aterk kəndinin silahlı dəstələrdən təmizlənməsi əməliyyatında yaxından iştirak etmiş, bir neçə odlu nöqtələrdə əsl döyüşçü kimi vuruşmuşdu. Son döyüşü 1993-cü il dekabrın 31-də Kəlbəcər uğrunda olan Ədalət Zeynalov Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub. Subay idi...



Ədalətin döyüş yolu barəsində «Azərbaycan Ordusu» qəzetinin 19 fevral 1994-cü il tarixli sayında Nəsimi Həbiboğlu «dağlarda bitən ömür» sərlövhəli bir yazı dərc etdirib. Ədalətin yaxınlarından, tanıyıb-bilənlərindən öyrənə bilmədiyim bəzi məqamları o yazıdan götürdüm. Nəsimi yazır: «Tale kimi, ilin aylarının, günlərinin də yaxşı-yamanı, ağı-qarası olur. Qəribədir ki, Ədalətin qısa, lakin çox şərəfli ömründə bir günün iki rəngi olub: «1990-cı il dekabr ayının 31-də o, Kəlbəcər rayon polis idarəsində polis sıralarına qəbul edilməsi haqqında aldığı şəxsi vəsiqənin ağappaq sevincini yaşayıb, 3 il snora məhz həmin gün ölümün qapqara əllərini sıxıb…» Düz üç il davam edən döyüş yolunun hansını xatırlayasan? Bir-birindən ağır keçən illərin sərt boranında, qızmar yayında Ədalət ev üzü, ana xörəyi görməyib. Polis kimi yox, əsl döyüşçü kimi tanınıb. Polis dostları onun saf niyyətlərinin, ağıllı nəsihətlərini xatırlayırlar: Döyüş vaxtı onun tayı-bərabəri yox idi. Ölümə meydan oxuyan Ədalət dünyasını qəhrəmanlıqla dəyişdi». Nazim Məmmədov Ədalətlə birlikdə vuruşub. Ədalətin son vaxtlar tez-tez təkrarladığı sözləri o da qırıq-qırıq dedi: - Kəlbəcərin xəyanətkarcasına düşmənə təslim etdirilməsi onun varlığını əlindən almışdı. Deyirdi ki, nə olursa-olsun Kəlbəcəri öz oğulları qaytarmalıdır. Yoxsa o torpaq heç bir kəlbəcərli oğulu qəbul etməyəcək. Murov çox igidlərimizin ömrünü yarımçıq qoydu. Qışın boranı-çovğunu olmasaydı, düşmən bizə qalib gələ bilməzdi. Təxribat üçün sanki Tanrı da imkan yaratmışdı… Heyf Ədalətdən, istəyi gözündə qaldı. Gəlin döyüşçü dostlarının yanından ayrılıb Ədalətin ölümünə hələ də inanmayan anası Səmayə xalanın, atası İsmayıl əminin yanına qayıdaq. Kərəm İsmayıl əminin kürəkənidir. Ədalətin meyidini çıxarmaqda olmazın zülmünü çəkib: - Eşitdik ki, uşaqlar mühasirəyə düşüblər. Sən demə, yalan deyirmişlər, düz iyirmi səkkiz gün imiş ki, Ədalət vurulubmuş. Qardaşı Zeynalla üz tutduq qarlı dağlara. İyirmi səkkiz gün axtardıq. Yanşaqdan keçə bilmirdik, ona görə də Daşkəsənin Zivlən kəndi tərəfdən aşmaq istədik, buradan da mümkün olmadı. Yenidən qayıtdıq Murova. Döyüş gedə-gedə biz də itkinlərimizi, sorağı gəlməyənlərimizi axtarırdıq. Birtəhər ki, Yanşaqdan keçib, Susuzluğu aşaraq Babaşlar, Bozlu, Təkəqaya kəndlərinin ətrafını axtardıq… Qəhər onu boğur, danışa bilməyib küncdə bəlkə də ömrünün son günlərini Ədalətə ağı deməklə keçirən Mələk nənənin gumultusuna qulaq kəsilməyimizi xahiş edir. Bir dəri, bir sümük olan qarının zorla eşidilir səsi: - Murovuma qar gəldi, Boran gəldi, qar gəldi. Ədalətim çağırdı, Dünya mənə dar gəldi. Murov mənim dağımdı, Xəzan vuran bağımdı. Ədalətə deyin ki, Son laylam, son ağımdı. Murov yara alıbdı, Bəxtin qara alıbdı. Deyirlər ki, balamı Murov tora salıbdı… Anası Minayə xala yalvarır ki, Ədalətin yazısını yaxşı yazım. Nitqim qurulur. Əlimdə imkanım olsaydı hamının bəxtini, taleyini yaxşı yazardım. Ədalətin qismətinə bu yazını yazmamışdan öncə tale ona qara yazı yazmışdı. Minayə xala isə mənə yalvarır… Və nəhayət, 1993-cü ilin 31 dekabr günü… Ədalətgilin dəstəsi Murovdağın əlçatmaz yüksəkliyindəki Bozlu, Təkəqaya, Babaşlar, Çopurlu kəndlərini düşməndən təmizləyib irəliləyir. Bu vaxt ətrafa qatı duman çökməsindən istifadə edən quldurlar onları mühasirəyə alır. Ədalət yaxşı tanıdığı dağ cığırları ilə döyüş dostlarını mühasirədən çıxarır. Murovun sıldırım yoxuşlarının birində güclü partlayış nəticəsində tar sürüşərək Ədaləti özü ilə birlikdə aparır. …Bakıda Ədalətə toy paltarı almaq üçün dükan-bazardan qayıdan bacılar eşitdi ki… Yox, demirəm, bacıların qarğışına tutularam. …


Məhəmməd NƏRİMANOĞLU (« Nakam Talelər» kitabından )

174 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev