''Bayram arzusuna çevrilən elimiz'' Aytac ABBASOVA yazır




Qədimliyi və inancları ilə əsrlərdən günümüzə qədər gələn, hər il təntənəli şəkildə qeyd etdiyimiz və digər mərasimlərə nisbətən öz ilkin izlərini qoruyub saxlayan mövsüm mərasimlərdən biri də Novruz bayramıdır. Novruz kütləvi xalq bayramıdır. Onun xalq arasında geniş yayılması xalqın məişətinə, həyatına dərin nüfuz etməsinin nəticəsidir. Azərbaycanda və onun müxtəlif bölgələrində Novruz bayramı eyni cür keçirilmir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında, bir çox kəndlərimizdə bu bayramın özünəməxsusluğu barədə müəyyən fikir söyləmək mümkündür. Elə rayonlarımız da vardır, iyirmi beş ildən çoxdur ki, orada Novruz bayramı qeyd edilmir. Düşmən əsarəti altında qalmış bu torpaqlarda Novruz adət-ənənələrinin heç biri yerinə yetirilmir. Novruz bayramının dörd çərşənbəsi, Novruz tonqalı, Novruz hazırlıqları bu yerlərdə, bu torpaqlarda illərdi keçirilmir. Öz yurd-yuvasından, elindən didərgin düşmüş insanlar Bahar bayramını Azərbaycanın müxtəlif bölgələrində özünəməxsus adət-ənənələrlə keçirməyə çalışırlar. Belə bir deyim vardır: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan”. Sanki bu deyim işğal olunmuş rayonlarımızın sakinləri üzərində öz əksini tapmışdır. Belə rayonlarımızdan biri də Kəlbəcərdir.

Azərbaycanın müxtəlif bölgələrində Novruz bayramı eyni cür keçirilmir. Kəlbəcərdə də bayram özünəməxsus qeyd edilir.


“Əriştəli bayram aşı”

Baharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması, yeni təsərrüfat ilinin başlaması şərəfinə böyük təntənə ilə hər il keçirilən Novruz bayramı, sözsüz ki, birdən-birə başlanmırdı. Bütün bunlar insanlara bayram hazırlıqlarının başlanmasının xəbərini verirdi. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxil idi.

Novruz bayramına hazırlıq təkcə təmizlik işləri görməklə bitmir. Bayram süfrəsinin hazırlanması üçün də xüsusi hazırlıqlar görürlər. “Bayramda yaşlılar xəmir yoğurur, ərişdə kəsirdilər. Qız-gəlin yığılıb qoğal, fəsəlli, qatlama, sacaltı bişirirdi”. Başqa bir söyləyici isə deyir: “Kəlbəcərdə bayram aşını ancaq ərişdə ilə bişirirdik. Bir gün birinin evində, o biri gün o birinin evində yığılıb əriştə kəsirdik, təmiz yuduğumuz palazların üstünə sərib evin üstünə, damın üstünə toz olmasın deyə qoyurduq. Uşaqlar da onu quşdan, toyuqdan qoruyurdu. Deyirdilər ki, axırda sizə “cijiqurvan” verəcəyik. “Cijiqurvan” ərişdənin altının yanmış, qara, şirin xırdalarına deyirdik. Bayram aşına təmiz pak adamlar duz atmalı idi. Bişən aşdan qonşulara pay aparırdıq. Qonaq gəlirdi, qonaq gedirdik”.

Kəbəcərdə bayram yeməyi kimi mütləq “əriştəli aş” bişərdi. Söyləyicinin dediyi kimi bu əriştəni kəsmək üçün iməcilik təşkil edilirdi. Bayramdan bir həftə əvvəl kəndin qız-gəlini yığışıb əriştəni kəsərdi.

Bayram tonqalı

Axırıncı çərşənbəyə isə “ilaxır çərşənbə” yaxud “axır çərşənbə” deyilir. İlaxır çərşənbə təmtərağı ilə özündən əvvəlki çərşənbələrdən fərqlənir. Doğrudur, bu çərşənbədə də olduğu kimi əvvəlki çərşənbələrdə də hazırlıq görülür, süfrə bəzənir, tonqal yandırılır və s. Amma axır çərşənbədə bu təmtəraq daha zəngindir. Kəlbəcərin Aşağı Ayrım kəndinin sakini olan İbrahimova Əsli Sadıq qızı danışır ki, “uşaqlar, cavanlar tonqal qalamaq üçün meşədən ardıc, şam ağaclarını kəsib gətirər, çoban darağı toplayardılar. “Çoban darağı” tonqalda səs-küylə yandığından mütləq onu tapardılar. Keçəni yumuruyub bərk-bərk bağlayar və üstünə ağ neft tökərdilər. Sonra məftilə bağlayıb yandırardılar. Fırladıb havaya atdıqları bu keçə göyün qaranlıq qatlarını işıqlandırırdı. Bu “füşəngi” bir neçə dəfə havaya atmaq olurdu” .


“Maral oyunu”

“Maral oyunu” Kəlbəcərdə toy və şənliklərdə (Novruz bayramında) daha çox yaz aylarında çəmənlikdə, açıq havada maral formasında paltar geyinmiş bir nəfər tərəfindən oynanılan məşhur oyundur. Oyunda iştirakçı bir nəfər olur. O, maral formasını geyinib musiqiçinin qara zurnada çaldığı ritmik mahnıya uyğun şəkildə oynamağa-hərəkət etməyə başlayır. Maral başını yerə qoyanda ətrafdakı insanlardan nəmər istədiyini işarə edir. Ona nəmər verən kimi yenə də oyununu davam etdirir. Oyunda çalınan hava “sızağı havası” idi. Guya bu maralı Sızağı adlı bir çoban yarına hədiyyə vermişdir. Oyunla bağlı Kəlbəcərin Ağcakənd kəndinin sakini Məmmədov Yedyar Allahverdi oğlu belə bir rəvayət də danışır: “Bu maral nakam məhəbbətin simvoludur. İki sevgili olur. Oğlan çoban olur. Bir dəfə bir maral balası tapır və onu sevdiyi qıza hədiyyə verir. Qız maralı böyüdür və ona boş vaxtlarında oynamaq öyrədir. Toylara gedəndə maralı da özü ilə aparıb oynadarmış. Bir gün qızın atası qızı başqa bir oğlana verir. Toy günü qız qırmızı toy paltarında özünü öldürür. Oğlan da bunu eşidib özünü öldürür. Aradan bir müddət keçəndən sonra qızın saxladığı maral da ölür. İnsanlar da bu sevgililərin nakam sevgisini yaşatmaq üçün maralın toyda oynadığı formada “Maral oyunu”nu yaratmışlar”.



“Maral oyunu”nun etnoqrafik xüsusiyyəti, mifoloji kökü, milli musiqi və xalq incəsənəti ilə əlaqəsi oyunun çox qədim və zəngin köklərə malik olmasının göstəricisidir. Onu da qeyd edək ki, maral bütün türklərdə rəmzi mənası eyni olan ümumi totemdir. Qızıl buynuzları olan, bütün Sibir və Avrasiya çölləri üzərindən Şərqdən Qərbə tərəf uçub keçən maral müqəddəs Günəş rəmzi sayılırdı. Maral yüksəliş rəmzi və böyük güc nişanəsi idi. Onun dövri olaraq təzələnən ağaca oxşar buynuzları cavanlaşdırma, daim təzələnmə və zamanın gedişini yeniləşdirmə rəmzi sayılırdı. Maral həm də işıq, xeyirxahlıq, düzgünlük rəmzi idi. Azərbaycan folklorunda da maralla bağlı kifayət qədər əfsanə və rəvayətlər olmuşdur. Həmçinin Kəlbəcərdə “Keyti dağı” və “Maral qayası” əfsanəsi ibtidai insanın inamları, totemləri ilə bağlı yaransa da, sonralar epikləşərək daha məzmunlu bir əfsanəyə, bir hekayəyə çevrilmişdir. Kəlbəcərdə qayaüstü təsvirlərdə bazalt daşına həkk edilmiş ov səhnələrində “maral ovu” süjetli təsvirlər bu heyvanın totem anlamını təsdiq edir. Kəlbəcərin qədim insan məskəni olması bu fikrin doğruluğunu özündə əks etdirir.

Hazırda işğal altında olan Kəlbəcərə məxsus bu oyun və tamaşaların, mədəni dəyərlərin qorunması, unudulmaması üçün yenidən cəmiyyətə çatdırılması vacib məsələlərdən biridir. Bugün unudulmaqda olan bu oyunu yaşatmaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdu.

Novruz bayramınız mübarək olsun! Gün o gün olsun ki, illərdir bayram arzusuna çevrilən torpaqlarımızda bayram tonqalını yandıraq, o torpaqlara əllərimizdə bayram xonçası, səməni və sazla qayıdaq.


Abbasova Aytac

Filologiya üzrə fəlsəfə doktoru

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev