Bir ömrü ikiyə böldün, Nuridə, Yarı səninkidi, yarı dağların...



Nuridə Misir maraqlı şairədir. Şeir dili şirindir. Duyğu və düşüncələrini öz misralarında ustalıqla sərgiləyir. Şeir düşüncə tərzində Kəlbəcər özünü çox gözəl tapır. Belə ki, o, təhkiyədən bir az uzaq düşür və şeirləri qismən sərbəst üsluba uyğunlaşır. Nuridə Misir Kəlbəcərdə doğulub və elə orda da boya-başa çatıb. Kəlbəcərin saz, söz, şeir havası onun ilham mənbəyidir. Aşıq Şəmşir, Məmməd Aslan, Bəhmən Vətənoğlu və başqalarının şeirləri, həmçinin mükəmməl Kəlbəcər folkloru sanki Nuridənin yollarına işıq salıb. Saz, qoşma, təcnis ecazkarlığı onu şairə kimi yetişdirib. Bəzən Nuridə xanımın əsərlərində Kəlbəcər şeir intonasiyası yoxa çıxır, yeni bir xətt əmələ gəlir və bu xətdə Nuridə xanımın şairəlik səciyyəsi özünü bir daha təsdiqləyir. Məsələn: Sən notsuz nəğməmsən, simsiz sazımsan, Qönçəsi açılmaz baharım mənim. Köksümdə göynəyən açıq yaramsan, Yoxumdan xəbərsiz, ey varım mənim. Bu şeir Nuridəni Kəlbəcər poetikasından yaxşı mənada uzaqlaşdırır, onun şeir dünyası başqa bir aspektdə özünü biruzə verir. İnanmaq olmur ki, aşağıdakı şeir qoşma, gəraylı, təcnis yazan bir şairənin qələmindən çıxıb: Saçlarının ətrini duymadım... Duymadım əlinin hərarətini. İndi anladım: Ölümün qoyduğu sonuncu nöqtənin Silinməyən dəst-xəttini... Olsun!... Bu da Nuridənin şairəlik istedadını təsdiqləyən bir fakt kimi çox önəmlidir. Bəs bəzi şeirlərində Nuridəni Kəlbəcər intonasiyasından ayırıb, belə demək mümkünsə, Aran intonasiyasına köçməyə məcbur edən nədir? Bəlkə də dünyəvilik axtarışları, mütaliə, qızının Hindistanda təhsil alması, ana həsrəti, şəhər həyatı və bu kimi məqamlar ona bəzən könül tarını qoşmada deyil, aşağıdakı şeirdə olduğu kimi, həm də pianino dilində sərbəst şəkildə səsləndirməyə imkan verir: Uca çinarımın tumurcuqlamayan budağı, Qəlbimdə göyərib gözümdə quruyan Sevgi yarpağı... Qoruya bilmədim səni... Zaman məni qabaqladı. Səni məndən aylar aldı... İllər aldı...


Bəlkə də Nuridə xanım yeganə Kəlbəcər şairidir ki, az da olsa sərbəst şeirlər yazır, həm də maraqlı yazır. Deyə bilərik ki, Nuridə Misir Bəhmən Vətənoğlunun, Ələmdar Cabbarlının, Elməddin Nicatın dəmir heca qəlibini sındırır, atını daşlığa sürür, bəzən isə büdrəyir... Sən demə, sərbəstlik Nuridə xanımın mənə təqdim etdiyi şeirlər toplusunun üst qatındaymış. Bu vərəqləri çevirdikcə, şeirləri oxuduqca Kəlbəcər havasını duyuram, deyəsən, Kəlbəcərə yaxınlaşırıq... Dünya köklənibdi sinəmin üstə, Könlümdə musiqi baş alıb gedir. “Vağzalı” çalınır bəxtimin üstə, İçimdə bir cavan qocalıb gedir. “Vağzalı” adətən gəlin havasıdır. İntonasiyanın özü insanda durub harasa getmək hissini aşılayır, hətta oturmuş adamı az qala yerindən ayağa qaldırmaq instiktini yaradır. Bu əslində fiziki görünüşdür. Səsin daxilə hərəkəti güclüdür. Amma daxildə bir cavan qocalıb. “Vağzalı” və qocalıq paradoksu, bu möhtəşəm paralelliyin yaratdığı orijinal düşüncə tərzi mahiyyəti dərinləşdirir. Şeirlər toplusunun vərəqlərini çevirdikcə, qulağıma saz havaları, bayatı, qoşma, təcnis intonasiyası gəlir. Bir kənd cığırında, yol ayrıcında, Bahar yağışında itirdim səni. Bir çiçək bağında, gül məkanında, Bir qönçə qismində görmüşdüm səni.


Nuridə Misirin “yoxluq” və “varlıq”, ölüm və həyat haqqında düşüncələri bu bəndin əsas motividir. Kənd cığırı, yol ayrıcı şeirin maraqlı detallarıdır. Yağış pıçıltısında itən insan, bəzən çiçək bağı və gül məkanında bitən bir qönçə qismində görünür. Həyatın mahiyyəti əslində budur. Ölüm bir haldan başqa bir hala keçməkdir, insanın çiçəyə və yaxud çiçəyin insana çevrilmə prosesləri o böyük Allahın ixtiyarında olan maddə kütləsinin itməməsi qanunudur. Nuridə Misirin şeirlərində obrazlar sadə və aydındır. Gözlə görünür və asanlıqla başa düşülür. Nuridə xanım bəzən maraqlı detal və faktlardan elə istifadə edir ki, şeirin yarandığı vəziyyət adamın yaddaşına həmişəlik həkk olunur. Çən gəldi dağlar başına, Düşdüm ömrün qar- qışına, Mənim tale naxışıma Bir ilmədir sənsizliyin. Sənsizliyin bir ilmə ilə ifadə edilməsi artıq şair ustalığıdır. Müəyyən təcrübə yolu keçmiş bir müəllifin yetkin dünyagörüşüdür. Bəli, artıq biz Kəlbəcərə çatırıq. İfadəyə bax: ayrılıqlar hər çarığa köşədir. Ayrılığa belə ad qoyarlarmı? Əlbəttə qoyarlar, hələ o tərəfə də keçərlər. Xalq dilinə bələd olmağın uğurudur bu! Ayrılıqlar nərd daşı kimi qoşa olurmuş və dünya da o daşları qoşa atırmış: Ayrılıqlar budaqlanan meşədir, Ayrılıqlar hər çarığa köşədir, Ayrılıqlar nərd daşı tək qoşadır Dünya bizi o daşlar tək atar hey. Budur... Kəlbəcər artıq uzaqdan görünür. Dağ havasının içində Nuridə Misir azacıq da olsa Aran intonasiyasını yenə xatırlayır. Nə qəribə taleyim var, Mən özümü tapammadım. Nə dünyanı sevə bildim, Nə də ondan qopammadım. Əslində Nuridə Misir özünü həmişə tapır. Bu cür ifadə tərzi şeirin yaranışı və doğuluşudur. Dünyanı sevə bilməmək və həm də ondan qopmamaq məsələnin tərsinə yozumudur. Nuridə Misir tez ömrün əvvəlinə qayıdır. Uca bir dağ başından əlini qaşına qoyub uzanan ömür yoluna baxır və aşağıdakı qənaətə gəlir: Mən qaranquş yuvasıyam, Qurulmuşam varaq-varaq. Haqlıdır Nuridə xanım!... Ömür vərəq-vərəq qurulur. Onun şeir vərəqləri kimi... Bu vərəqlər üst- üstə qoyulanda ömrü ifadə edir. Biz artıq vərəqləri çevirə-çevirə gəlib Kəlbəcərə çatmışıq. Budur Kəlbəcər!... Onun qoşması və gəraylısı. Kəlbəcərin eşqinə bu şeiri bütöv təqdim edirəm: Saç alasan şəlalədən, Hörüyün dərəyə düşə. Bir mahir ovçu olasan Şikarın bərəyə düşə. Qibləgahın Vətən ola, Qara saçın dən-dən ola. Bal istəyən bəndən ola, Dərmanı vərəyə düşə. Dininə İslam deyəsən, Quranınla öyünəsən. Yaşıldan libas geyəsən, Şeytan vəlvələyə düşə. Ömür ələkdən ələnə, Gənclik yenə cilvələnə. Dəyanətin qürrələnə, Qocalıq tələyə düşə. Nuridəyə tən gələsən, Həyatımın bircəsi, sən. Nə olar ki, sən gələsən, Yamanlıq fələyə düşə. Nuridə Misirin “A dağ çayı, hardan düşdün yadıma?...” şeirini oxuyanda çayın qıjıltısı az qala qulağımı aparsın. Kövrəldim... Kövrək xatirələr alır üstümü, A dağ çayı, hardan düşdün yadıma? Yenə keçdim üstündəki körpünü, A dağ çayı, hardan düşdün yadıma?


Bu çay Kəlbəcərin səsi idi. Üstündəki körpüsü, ağzındakı köpüyü ilə o doğma yurdun xatirəsini daşıyırdı. İndiyə körpülər qalmaz, məncə. Müharibədə birinci körpülər məhv edilir. Amma yenə də çaylar bizim üçün körpü saxlayır. Öz içindən iri daşları yuxarı qaldırır, biz də ayaqlarımızı o daşların üstə qoyub dərin, iti axan çayları keçirik. Nuridə Misirin şeir vərəqlərində Hindistanda təhsil alan qızına yazdığı şeirlər olduqca kövrəkdir. Bu şeirlərdə ananın daxili aləmi qabarıq şəkildə üzə çıxır. Oxucunun gözündə bir nurani ana obrazı canlanır. Şeirlərin birində şairə etiraf edir ki, biz Kəlbəcəri qoruya bilmədik. Onun hər qayası bir səngər idi. Bu kəlmələr mənə etiraf dolu bir filmi xatırlatdı. “Sarı Qaya”, çatılıbdı qaşların, “Dəvə uçan”, saralıbdı daşların, Çəpərimiz, dağılıbdı hasarın, Səni qoruya bilmədik. Köhnə dəyirmanın sınıbdı daşı, Çaxçax şaqqıldamır, tökülüb dişi. Ətrini sevdiyim, a dağ keşnişi... Səni qoruya bilmədik.


Nuridə Misir etiraf edir, amma bu etirafın içində güclü və gizli bir mübarizə əzmi var. Nuridə xanım həm də bu döyüş qüdrətini Kəlbəcərin dumanından oxuyur, Murovun gözündən ələnən yağışdan hiss edir. Çünki bu qədim, doğma yurd yerləri bizim gəlişimizi gözləyir. Bizik dumanlanan, dolan, boşalan, Bəzən sevgisindən aralı qalan. Bəzən içəridə bulanıb dolan, Gözündə lillənən yaşı da bizik. Yazımın əvvəlində, yəni Nuridə Misirin mənə verdiyi şeir qovluğunun üst vərəqlərində onun sərbəst şeirlərindən yazmışdım. Lakin qovluğu vərəqləyə-vərəqləyə gəlib çıxdım qoşmaya, gəraylıya, Kəlbəcərin özünə... Qarşıma çıxan növbəti şeir mənə çox həqiqətləri xatırlatdı. At üstündə yəhər gördüm Üzəngisi qırılmış... Məzarlıqda ana gördüm Köksünə dağ vurulmuş... Göy daş gördüm... Daş üstündə yaşıl mamır bitərmiş, Sonra bildim... O daş mamır Kəlbəcərin özüymüş.... Bəli, Nuridə Misirin bütün şeirlərinin baş obrazı vətəndir. Hər şeir, hər ağrı – acı Kəlbəcərin özüdür. Harda daş üstə mamır bitirsə ora Kəlbəcərmiş.. Ömrünü dağlarla yarıya bölən el qızı Nuridə Misirmiş!... Bu qədər həsrəti gördün, Nuridə, Bu qədər kədəri sevdin, Nuridə? Bir ömrü ikiyə böldün, Nuridə, Yarı səninkidi, yarı dağların... Mən Nuridə Misirin doğum tarixini bilmirəm. Onun həqiqi təvəllüdünü, tərcümeyi-halını şeirləri deyir, özü də çox düz deyir. Kəlbəcər mənim üçün doğma, əziz bir yerdir. Gəncliyim onun yaylaqlarında keçib. Hər daşına, qayasına adımı yazmışam. Cığırlarında ayaq izlərim hələ də yaşayır. Ayna bulaqları şəklimi çəkib gözündə saxlayır. Məhz buna görə Nuridə Misirin şeilərində öz uşaqlıq günlərim qarşıma çıxır və mən bu yaşımda o günlərin əllərini ürəklə sıxıram. Adam doğma hisslərdən yazanda gözəl şair olur. Ta qədim zamanlardan belə olub, bu gün də belədir. Nuridə Misir Arana gələ bilər, lap Avropada da yaşaya bilər. Amma heç vaxt qoşmadan, təcnisdən, gəraylıdan ayrıla bilməz. Mən bu gün onun şeirlərini oxuya- oxuya sanki Kəlbəcəri qarış-qarış gəzdim, dolandım. Bu saat şeirdən başqa heç nə məni Kəlbəcərə apara bilməzdi. Vətən qoxusunu, baldırğan ətrini, quzuqulağının, əvəliyin dadını burnumun ucuna, ürəyimin şah damarına heç kim və heç nə bu şeirlər qədər yaxın gətirə bilməzdi. Nuridə xanımın şeirləri bu gün Kəlbəcəri mənə mənən qaytardı. Mən gözəl şairəmiz Nuridə Misirə yeni- yeni yaradıcılıq uğurları arzulayıram. Qəşəm NƏCƏFZADƏ Şair, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyat Seksiyasının rəhbəri, “Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri, 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı

#Yazar #Şair #Kəlbəcər #Kəlbəcərhəsrəti

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev