''Bir xəstəlik düşüb, adı korona...''


Əsrlər boyu, bəşəriyyətin yaşam tarixində zaman-zaman ağır yoluxucu xəstəliklər meydana çıxıb, bu xəstəliklər insanların həyatını təhdid edib, kütləvi itkilərlə nəticələnib. Epidemiyalar eyni zamanda, insanların yaşam tərzini, həyata baxışını dəyişib, yeni dünya düzənini onların qarşısına şərt kimi qoyub. Bu cür hallar tarixin müxtəlif dönəmlərində mütəfəkkirlərin, ədəbiyyat adamlarının həyatında (Məhəmməd Füzulinin timsalında) və yaradıcılığında öz əksini tapıb. Əgər bu cür bəlalar baş verəndə yetkililər xəstəliyin qarşısının alınması ilə bağlı mübarizə tədbirləri görürsə, təbiblər çarə, əlac, dərman axtarışında baş sındırırsa, ədəbiyyat adamları məsələyə daha çox fəlsəfi yanaşma tərzi ilə seçilir və bu düşüncələrini əsərlərində əks etdirirlər. Bu mənada ustad sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin korifeyi Dədə Şəmşirin əsrin əvvəllərində (1919-1920) Azərbaycanda, eləcə də ətraf ölkələrdə geniş yayılmış ağır zökəm-qrip xəstəliyi ilə bağlı qələmə aldığı "Zökəm" adlı şeiri öz dövrünün məlum hadisəsini sənətkarlıqla əks etdirməsi ilə yanaşı, sanki bu günümüzə də ayna tutur, eyni zamanda, müdrik el ağsaqqalının, mütəfəkkir ədəbiyyat adamının fəhmi və uzaqgörənliyi qarşısında bizləri heyran qoyur. Bu gün dünyanı cənginə almış, bəşəriyyətin hələ ki çarəsini tapa bilmədiyi koronavirus adlanan bəla ilə baş-başa qaldığımız günlərdə ustad sənətkarın şeiri üstündən bir əsr keçsə də, günümüzlə həmahəng səslənir. ... Dədə Şəmşir bu mövzuda 70-ci illərdə də şeirlər yazıb. Həmin şeirlərin yazılma səbəbi ilə bağlı danışan el ağsaqqalı Qənbər Şəmşiroğlu deyir ki, 1970-ci ilin fevralında Kəlbəcərdə möhkəm qrip tüğyan eləyirmiş. Demək olar ki, rayonda bu yoluxucu xəstəliyə tutulmayan qalmayıbmış. O Qənbər zaman Şəmşiroğlu Məmməd Aslanla birgə yazdıqları şeirlə Dədə Şəmşirə üz tutub müdrik el ağsaqqalından onlara yol göstərmələrini xahiş ediblər. Dədə Şəmşir də öz növbəsində bu amansız xəstəliklə bağlı "Həkimlər", "Gəl", "Qorxuram", "Halımız" adlı şeirlərini yazıb. Şeirlərdə xəstəliyin gətirdiyi ağrı-acı, insanların bu bəladan qurtulmaq üçün çarə axtarması bədii detallarla əks olunub. ... Bu gün bütün dünyada, eləcə də ölkəmizdə yayılan koronavirus xəstəliyi ilə də bağlı bədii nümunələr yaranır. "Ustad oğlu şəyird olmaz" - ifadəsini bütün ömrü boyu öz davranışı, həyat tərzi və yaradıcılığı ilə isbatlayan müdrik el ağsaqqalı, Dədə Şəmşirin övladı şair Qənbər Şəmşiroğlu da bu mövzuda qələmini sınayıb, bu faciənin ağrı-acılarını poeziyanın dili ilə yüksək sənətkarlıqla ifadə edib. Həm də o, bununla varislik prinsipinə sadiqliyini nümayiş etdirərək Dədə Şəmşir ənənələrini bu yöndə də davam etdirib. "525-ci qəzet"in dəyərli oxucuları! Yuxarıda haqqında bəhs etdiyimiz poeziya nümunələrinin hər birini bu giriş yazısı ilə birgə ustad Dədə Şəmşirə rəhmət, ustad oğlu Qənbər müəllimə isə sayğı və ehtiramla sizlərə təqdim edirik, hər birinizə can sağlığı, xoşbəxt günlər arzulayırıq. İnanırıq ki, məhz xalqımızın birliyi sayəsində biz bu sınaqdan da üzüağ çıxacağıq. Möhtərəm Prezidentimizin dediyi kimi: "Biz birlikdə güclüyük!" Ələmdar CABBARLI Filologiya üzrə fəlsəfə doktoru, dosent AŞIQ ŞƏMŞİR

ZÖKƏM

Qar, tumov, soyuq, külək, yüz bəla gəzdirdi zökəm, Min doqquz yüz on doqquzda insanı bezdirdi zökəm, Mindi cəhənnəm atını hər yana süzdürdü zökəm, Bütün xalqı haldan salıb, canını üzdürdü zökəm, Müxtəsər, kəndlilərə zəhər yedizdirdi zökəm.

Bayquş kimi məskən salıb özünü yetirdi "nos"a, Daxil olub əzalara rubə kimi pusa-pusa, Elə bir hay saldı başa, sanki keşiş gəlib xosa, Çox zərər, ziyan yetirir, cana gəldik qusa-qusa, Hamı özündən əl çəkib, ölkəni bezdirdi zökəm.

Hər kəsi tutur bu zökəm, ala-bula sayaqladır, Qotur xırman köhrəsinə qaratikan ayaqladır, Qızdırır, gah titrədir, yüz rəngə boyaqladır, Asqırmanın güllə səsi yatanları oyaqladır, Bu ellərə közündən od bilin ki, qazdırdı zökəm.

Baş əsir, ürək sıxılır, mədəsindən sancı tutur, Sızıldayır qol-qıçların, bədəni ziyançı tutur, Bağırsaq şikəstə çalır, hərdən bir burmancı tutur, Küsür xəstənin iştahı, qındı, nə umacı tutur, Şəfa etmək çətin olub, dərmanın azdırdı zökəm.

Hamı qoyub baş yastığa, yuxu yatmır gündüz-gecə, Elə ki tutur öskürək, deyirsən öldü indicə. Həkimi yox etsin əlac, dərdə dərman edək necə? Verəcək bu xəstəlik çox qocanı məxaricə, Cavanlar etdi davam, yüz qarı əzdirdi zökəm.

"Yara qılınc yarasıdır", "Qara Birim neyləyəcək", Bu zökəm dəysə hər kəsə məcburdur, "səy" - söyləyəcək, Mollalara xəbər verin, bəlkə tutub eyləyəcək, Yalandan kitaba baxıb: "nəzər" deyib küyləyəcək, Tumova dua neyləsin, çoxları yazdırdı, zökəm. İllər ilə paylamasın daha bir də bu azarı, Nə bir kəsdən həyalanır, nə rəhmi var, nə ilqarı. Şikayətə qulaq verin, Şəmşir kimə desin barı, Beyinlərə su çıxarıb, kar eləyib qulaqları, Bilmirəm fələk səni niyə quduzdurdu, zökəm. (1919)

HƏKİMLƏR

Mənə yol göstərin, baş alıb qaçım, Uzaq elə, bir diyara, həkimlər. Dürlü mətahımı o yerdə açım - Məsləhət görsəniz hara, həkimlər.

Zaya getdi, adım-sanım qalmadı, Bədənimdə ətim-qanım qalmadı, Əlimdən aldılar, canım qalmadı, Ara zalım qrip, ara həkimlər.

Göz dikirəm Kəpəz, Qoşqar, Murova, Kimdi dada çatıb yetişən hova, Sizdə dərman-dava varmı tumova? Mən tapa bilmədim çara, həkimlər Siz olasız halal nemət, duz-çörək, Verin bu xəstəyə bir ürək-dirək. Kəsib nəfəsimi aman öskürək, Can çəkirəm aşikara, həkimlər.

O qədər yemişəm tetraskilin, Normasın yığmışam gələcək ilin. Şəmşir üçün fayda vermir pensilin, Aşıq düşüb yaman zora, həkimlər.

GƏL

Üç nəfəri qrip salıb yan-yana, Həkim Kamal, tez özünü çatır, gəl. Qoy and içim, həkim bəlkə inana, Çatmamışdı gələ bizə qotur, gəl.

Öskürməkdən artıq verir normanı, Asqıranda naqan edir formanı. Tapılmayır, yox bu dərdin dərmanı, Ağrıları bir-birinə qatır, gəl.

Bir ay keçdi, canım yanıb-yaxıldı, Əl çəkmir bu zina, çıxmır paxıldı. Güllü də yıxılsa, evim yıxıldı, Olan nə var, mal-qaramız batır, gəl.

Əlində işpiris bir səs maşını, Dərman olsa, Şəmşir tökməz yaşını. Balta gətir, əz qripin başını, Bas altına, sinəsində otur, gəl. QORXURAM

Yenə qrip dəyişdirir məndəki halı - qorxuram, Bunun aman dərdi-qəmi çoxdu zavalı - qorxuram, Dilindən baş açmıram etsə sualı - qorxuram, Buraxmır tutduğunu qara-yaxalı - qorxuram, Tanımır yatanı da bu kəm səxalı - qorxuram.

Görən varmı bu azarı dünyada görməyən lələ, Əgər varsa minnətdaram belə saleh xoş əmələ. Bəlkə də Mehdixana, Həbibə çatmayıb hələ Atəş açın, basın daşa, qoymayın ki, yaxın gələ Gedər tapar Qamışlıda Rüstəmi, Zalı qorxuram. Sizə zarafat gəlməsin çoxların öldürdü qrip, Ağlatdı dost-aşnanı, düşməni güldürdü qrip. Yayıldı əvvəl az-az özünü bildirdi qrip, Gözümüzün al yağışını axırda sildirdi qrip, Yayılmasın, dərdə salar eli-mahalı qorxuram.

İnan gözlərimin yaşı yazda axan çaya dönüb, Bir gecəni il sanıram, bir dəqiqəm aya dönüb. Ömrümə ləkə salıb zədələyib, zaya dönüb, Bilinməz, dərdə-qəmə qurtarmaz bəlaya dönüb, Yaradanın belə imiş əlbət xəyalı - qorxuram.

Əlqəməni xəbərdar et, o da götürsün qələmi Dünyanı qarışdırıb bir-birinə vursun aləmi. Yaman gündə sənətkarı soyuq gəzərlər beləmi? Şabər, şair nəvəsidir yazsın bir neçə kəlamı, Bu dərdə düçar olar teli xınalı qorxuram.

Nə vaxtdır səsləyirəm urvatdı vaxtdım, hardasan? Canımı qəm oduna yandırdı, yaxdı, hardasan? Ox kimi daşdan keçən talehim, bəxtim, hardasan? Müşkülə düşüb işim sellərdə axdım, hardasan? Bu dərddən Aşıq Şəmşir olub havalı qorxuram.

HALIMIZ

Bizim Kəlbəcərin həkimlərinə Deyin, belə keçir vəsfi-halımız. Zalım qrip bizi salıb dərinə, Günü-gündən artır qeylü qalımız.

Demərəm ki, bircə ev salamatdı, Bu nə çal-haçaldı, bu nə ovqatdı?! Payızdan düşübdü yanvara çatdı, Qarışıb bir-birə cavan-çalımız.

Öskürməkdən uzanıbdı gözümüz, Gəlib sizə əlbət, çatmır sözümüz, Düzünü desəm də, tutmur üzümüz, Müxtəsəri, yüzə çatıb xalımız.

Qurunun oduna yaş da yanarmı?! Dəmir tab gətirmir, daş da yanarmı? Belə vurhavura baş dayanarmı?! O cümlədən, dilə gəldi halımız. (1970) 📷 Məmməd ASLAN və Qənbər ŞƏMŞİROĞLU

AŞIQ ŞƏMŞİRƏ TUMOV HAQQINDA BƏZİ EPİZODİK MƏLUMATLAR

Dədə Şəmşir, Kəlbəcərdən xəbər tut, Sənə duaçıdır eli-obası. Bizim başımıza gör nələr gəlir, Zəhmət çəkib bir qulaq ver, qadası.

Cırcırama olub tumovun təbi, Gah sovuyur, gah güclənir qəzəbi, Bircə həftə bağlamışıq məktəbi, Zəqqum olub Kəlbəcərin havası.

Yorğan-döşəkdədir büsbütün şəhər, Başımızı girləyirik birtəhər. Alqış edir seyid-filan hər səhər, Müstəcəb olaydı, barı duası.

Çoxlarının qulağını deşibdi, Şeşələnib, bığlarını eşibdi, Qoca-qaltaq tamam əldən düşübdü, Tapılmayır nə dərmanı, davası.

Kimi görsən, ağız-burnu bulanır, Qripin qəhrindən can çalxalanır. Zalım Ölət yalım-yalım yalanır, Fağır tapıb bizi dərdin yavası.

Ad çəkməsək tanıyarsan özün də, Kosaların saqqal bitib üzündə, Oda yanır bu qripin közündə, Buz bağlayıb dostlarının yuvası.

Yaxşı saxlayıbdı Oktayı araq, Xumarlanır gündə yüz-yüz vuraraq. Əskinazda özgə cürdü kef-damaq, Bir balaca nasazlayıb çağası.

İmansızdı, burda dostluq işdəmir, Gödəkdimi, uzundumu, heç demir! İşə bax ki, çinar boyda Daşdəmir On altı gün olub yerdə yatası.

Fətullayev zökəmə də nazirdi, Dünənəcən çox havalı gəzirdi, Xəstələri ipə-sapa düzürdü, Bu gün olub xəstələrin atası.

Bir istədik Şamilə də baş çəkək, Başında çalması, əlində əlcək. Kişinin iştahı pozulub gerçək, Allah, bizə toxunmasın xatası!

Fərruxa hamımız ümid edirdik, Axşam-səhər məsləhətə gedirdik. Bir gün gəlib nələr gördük, nə gördük: Heç olmadı dadımıza çatası.

İslam deyir: otuz iki növdədi, Ona dözən gövdədi ki, gövdədi. Kar eyləmir iynə, sədəf dəbdədi, Dərmanın yox etibarı, vəfası. Bizim Məcid tüstülənir eşqidən, Qan ağlayır əhvalını eşidən, Bulalanır, fərqi yoxdu teşidən, Hal qalmayıb çöldə tonqal çatası.

Deyək sənə Fətəliyev Əhməddən, Çox çalışdı, bar götürdü zəhmətdən. Təzə-təzə can qurtarıb möhnətdən, Axır onun zühr eylədi butası.

Qəsdə düşüb söyləyirlər qana-qan, Bivecə bax, dağ dolanır qorxudan. Yazıq-yazıq durub baxır arxadan: "Yass" eyləsən, toyuq kimi yatası.

Qoşma yazıb ürkütmüşük Zəhranı, O Zəhra ki, gülşən edər səhranı! Yeddi batman ət götürüb hər yanı, Nur dəryası çənəsinin çotası.

Leylanın yanağı bomboz olubdu, Bürüşüb, domuşub, dumbuz olubdu, Soyuyub nəfəsi, bumbuz olubdu. Öskürməkdən kəlmə tutmur çənəsi.

Dözümlüdur, hər nə desən götürür, Bir öynədə yeddi fətir ötürür, Gündə beş-on kökə yapıb gətirir, Beşimizə düşür bircə dənəsi.

Başın-gözün seyid kimi bağlayır, Bir neçə sirrini pünhan saxlayır. Axşam-səhər nöyütləyir, yağlayır, Yenə də qopmayıb qrip gənəsi.

Deyillər ki, pusqusuna yatıblar, Milisələr çox günaha batıblar. Litr yarım konyakını tutublar, Yola salır dədəsini nənəsi. Məmişov adlanan bir nəfər də var, Arxasını yerə qoymaz hər azar. Biçarədə qrip qoymayıb tutar, Deyən, olub ağır pirə gedəsi.

Aşağı məktəbdə Qəhrəman, Muxtar, Yamanca tövşüyür, çətin ki, toxtar. Səsi çoxdan batıb, oğulsan axtar! Çoxdan gəlmir qulaqlara sədası.

Döşü atlanırdı, gülürdü Azay, Kim ax-vay deyəndə deyirdi: "A zay!" Ona lazım deyil günləri az ay, Çox lazımdı: otuz bir gün hərəsi.

Sizdə nə var, olan bizə olubdu, İtilənib, qrip nizə olubdu, Xəstəxana hıqqıltıyla dolubdu, Yer qalmayıb gizlənəsi, sinəsi.

Nə burunda, nə başda var isdahat, Dağala bax, heç götürmür məsləhət. Gah sinənə, gah qıçına islaq at! Od qalayıb, çətin ola sönəsi.

Kəsib səsi, elə susub loğazlar, Bir görəsən, nə qırışıb qoğazlar. Öskürəyə tab gətirmir boğazlar, Heç olmasa ola sapı, pinəsi.

Buz bağlamış bir Tərtərik, Qarqarıq, Bir səhərdə, bir axşamda qarqarıq. Ölüsünə, dirisinə qarğarıq, Hər kimsədə siftə olub binəsi.

Olmamışdı indiyəcən bu hədə, Çətin bizdən əl götürə bir vədə... Qoşun çəkib, halay vurub zirvədə: Çətin ola bir də ordan yenəsi.

Dədə Şəmşir, daim ümid bəslə sən, Müdam varsan başımızın üstə sən! Şəxsi halımızı bilmək istəsən: Nə Məmməddi, nə Qənbərdi dinəsi. (25 fevral 1970) Qənbər ŞƏMŞİROĞLU

📷 BİR XƏSTƏLİK DÜŞÜB - ADI KORONA

Müctəhidlər on səkkiz min deyirlər, Deyən, yetişibdi sonu dünyanın. On səkkiz min aləm yox olmaqdadır, Qalsa çoxdur beşi, onu dünyanın.

Yaradıldı, çiçəkləndi, açıldı, Pis əməldən, pis işlərdən qaçıldı. Axır gəlib dağılmağa tuş oldu. İndi dəyişilib donu dünyanın, Deyən, yetib artıq sonu dünyanın.

Çox idi dağları, daşları, düzü, Çox hissəsi götürmüşdü dənizi. İndi yavaş-yavaş yox olur özü Deyir, yetişibdir sonu dünyanın, Qalsa çoxdur beşi, onu dünyanın.

Bir xəstəlik düşüb adı korona, Biət etmir "İncil", "Tövrat", "Quran"a. Divan kəsir, baxmır dağa, arana, Deyən yetişibdir sonu dünyanın, Qalsa çoxdur beşi, onu dünyanın.

Tutulanlar çox oxşadır tumova, İstəsə qaldırar səni Murova. Ovçular vaxtıyla çox gedib ova, Deyən yetişibdir sonu dünyanın, Qalsa çoxdur beşi, onu dünyanın.

(Aprel, 2020)

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev