“Murov dağlarından Araz çayına qədər olan ərazinin məskunlaşdırılması Ermənistanın əsas məqsədlərindən biridir...”
2013-cü ildən Böyük Kilikiya Evi Katolikosluğu və Xankəndindəki qondarma separatçı-terrorçu rejimin birgə maliyyəsi hesabına Kəlbəcər rayonunun Kiçan kəndi yaxınlığında, Qarabağ müharibəsi zamanı “Azərbaycan ordusunun hücumunun dayandırıldığı məkanda” “Nor Kilikiya” (“Yeni Kilikiya”) adlı yeni qəsəbə tikilir. Moderator.az xəbər verir ki, bu haqda Rusiyada nəşr olunan erməni saytlarından biri məlumat yayıb. Məlumata görə, “artıq qəsəbədə onlarla ev tikilib, infrastruktur qurulub, yolların vəziyyəti yaxşılaşdırılıb. Yeni Kilikiya Qazançi icmasının bir hissəsidir və zamanla müasir şəhər tipli qəsəbəyə çevrilməyə iddia edir”.
Azərbaycan kəndində salınan qanunsuz erməni qəsəbənin 2013-cü ildə keçirilmiş açılış mərasiminin video-görüntülərini də təqdim edirik. Xəbərdə daha sonra deyilir:
“Ermənistan və Artsax üçün strateji baxımdan əhəmiyyətli Murov dağlarından Araz çayına qədər olan ərazidə yerləşən Kəlbəcər (“Yeni Şaumyan”) və “Kaşataq”(Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) rayonlarının bərpası və məskunlaşdırılması "Artsax" hökumətinin əsas məqsədlərindən biridir. Əlbəttə, bunun həyata keçirilməsi üçün "Artsax"da Ermənistan və diasporun dəstəyinə güvənirlər...”
Qeyd edək ki, erməni nəşrinin sözügedən materialında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın Azərbaycanın işğal altındakı torpaqlarına son gedişi zamanı etdiyi həyasız çıxışına dəstək məqsədi ilə son illər torpaqlarımızda aparılmış qanunsuz məskunlaşdırma proqramına dair faktlar sadalanır. 2009-cu ildən bəri Livan erməniləri tərfindən yaradılmış "Artsakh Roots Investment” şirkətinin Laçın rayonunun Zabux kəndi ərazisində, Həkəri çayı sahilində 150 evdən ibarət yeni qəsəbə salması, 2016-cı il döyüşləri zamanı dağıdılmış Talış kəndində icma mərkəzi, şadlıq evi və 40 yeni ev tikintisi, Araz çayı sahilində “Araksavan” adlı 150 evlik yeni qəsəbənin salınması və s. haqda yazılır.
Xatırladaq ki, Moderator.az qeyd edilən qanunsuz erməni məskunlaşması faktları barədə oxuculara dəfələrlə məlumat çatdırıb.
Sultan Laçın