''Düşsə vətənimdən kənar məzarım,Alışar məzarım, yanar məzarım''

Elimiz-obamız həmişə sanballı, dəyərli sözə yer verib, onu qiymətləndirib. XIX əsrin sonu,XX əsrin əvvəllərində Kəlbəcər məclislərini Miskin Abdal ocağının yetirməsi, bu nəhəng sənət ağacı üzərində pöhrələmiş şair Qubranın sehirli səsi bəzəyib. Daha sonra bu ocaqdan ustad sənətkarlar, şeir-sənət, saz-söz xiridarı Aşıq Şəmşir kimi nəhəng boy verib. O vaxtdan bu azman aşığın səsi-sorağı Kəlbəcər, Göyçə mahalını bürüyüb, Qarabağ aşıqlarına örnək olub.Bimar Əli, Dəmirçi Abbas, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Sücaət, Əli Qurban Dastançı kimi nəhəng söz sərrafları onun ruhunun, nəfəsinin tilsiminə düşüb, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Aşıq Xalıqverdi onun səsindən güc alıb, sənətindən yararlanıblar.
Mən tanrının xoşbəxt bəndəsiyəm ki, onun nəfəsi, ruhu hiss olunan Qəmkeş Allahverdinin, Aşıq Qardaşxanın, Aşıq Xalıqverdinin toy məclislərində dəfələrlə olmuşam.
Nədən yazmırdı ki?! O, təbitə aşiqi idi, ana yurdumuzu, onun hər qarış torpağını bir övlad məhəbbəti ilə sevirdi. Özünü qartal düşüncəli dağlar oğlu hesab edirdi. Bu, onun yaradıcılığında da hiss olunurdu:
Qartarl düşüncəli,şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.

Qərənfilli, bənövşəli, min çiçəkli bir laləzar oğlu olan ustad “Şəmşirəm, nə gözəl diyar oğluyam!” deyirdi. Hələ dağlara dediyi sözləri demirəm. O, sanki dağlarla nəfəs alırdı, onları həm özünə, həm də bu elə dayaq, arxa-kömək bilirdi. Odur ki:
Adın bir şeirimdə olmasa mənim,
Olarmı sözümün marağı, dağlar? –
deyə onlara müraciət edirdi. Gülə-çiçəyə vurğunluğunu isə başqa biçimdə qələmə alırdı:
Öpdüm yasəməni, sevdim lalanı,
Göy meşəli,gül bulaqlı talanı.
Ustad aşığın gözəlin tərifinə dediyi sözlər isə bu insanın qəlbinin nə dərəcədə incəliyindən xəbər verirdi:
Şəmşir heyran hər işinı Pərinin,
Bir naz ilə yerişinə Pərinin,
Gündə yüz yol görüşünə Pərinin
Gəlsəm- ola bilməz, gəlməsəm- ölləm!
Və yaxud:
Demədimmi qan eyləmək günahdı,
Qız, məni gözünnən, qaşınnan öldür-
Söyləyərək gözələ vurğunluğunu ustadlıqla pıçıldayırdı.
Yazıqlar olsun bizlərə ki, Şəmşir məkanını xain düşməndən qoruya bilmədik. Şəmşir babaçız da vətəndən ayrı düşməyi çox böyük faicə sayırdı:
Düşsə vətənimdən kənar məzarım,
Alışar məzarım, yanar məzarım.
Rəhmətlik, elə bil, sağlığında hiss etmişdi bu ayrılığı, bu hicranı. Odur ki:
Şəmşiri qoynunda firavan saxlar
Qurbanı olduğum bu ana dağlar-
demişdi. Ancaq heyfislənməyə dəyməz ki, Şəmşir babamız elindən-obasından ayrı düşüb. Xeyr, bu, belə deyil. Qədirbilən Kəlbəcər eli bu gün də onun sözünün, sənətinin gücü ilə dərdlərə sinə gərir, “Tərtər-Şəmşir sazıdı!” deyə təsəlli tapır.
Kəlbəcərə qəlbən bağlı olan ustad onu canından artıq sevirdi. Bu səbəbdən də yazırdı:
Hər ki olsa, durmalıdı yuxudan
Vuranda üzünə Kəlbəcər mehi.
Biz hamımız inanırıq ki, bu meh nə vaxtsa əsəcək və biz bir gün o elə, o obaya- Şəmşir ocağına qayıdacağıq. O gün isə çox da uzaqda deyil.
Adil HƏMİD (Şair-publisist)