''Dedi ki, hər dəqiqəm ölümdü, evlənə bilmərəm...'' – Şəhid əmanəti


Kərimov Ülfət Ələkbər oğlu. 1971-ci il fevralın23-də Kəlbəcər şəhərindəanadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasınadaxil olub. 1992-ci ilin sentyabrındatəhsilini yarımçıq qoyaraq, Qarabağ müharibəsinəkönüllü olaraq yollanıb. Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının27-də Kəlbəcər rayonunun Ağdaban kəndi iqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərləqeyri-bərabər döyüşə girib. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü şəhidolub.Son döyüşdə Ermənistan Silahlı Qüvvələrinin2 tank, 1 PDMvə 1 “Ural”ınıməhv edib. 1993-cü il sentyabrın 13-də (ölümündən sonra)“Azərbaycan bayrağı” ordeniilə təltif edilib.

Əllər

Ülfəti ilk dəfə rejissor Nizami Abbasın “El qəhrəmanı” filmində görmüşdüm. İri cüssəli, nəhəng bir oğlan operatorun təkidindən sonra hərbi avtomobildən düşür. Düşərkən soyuqda, şaxtada qabığı soyulmuş, yarası yenicə sağalmış əllərini kameradan gizlədərək, arxasında çarpazlayır. Operator ondan nəsə danışmasını, bir neçə kəlmə deməsini xahiş edir. Onun cavabı isə belə olur: “Nə deyə bilərəm ki? Ancaq Azərbaycanın ən qeyrətli oğullarını ön cəbhəyə, yanımıza çağırırıq”. On səkkiz dəqiqəlik film bitəndən sonra salonda Ülfətin albomu, paltarı, sənədləri yerləşmiş masaya yaxınlaşırıq. Onun böyük qardaşı, Qarabağ müharibəsi iştirakçısı Zöhrab Kərimov əlləri əsə-əsə iyirmi üç yaşında şəhid olmuş qardaşının albomunu vərəqləyərək, Ülfətin şəkillərindən birini göstərməyə çalışır. Məni ən çox mütəəssir edən onun əllərinin titrəməsi və həyəcandan axtardığı şəkli tapa bilməyib, təəssüflənməsi olur…

İndi həmin əlləri titrəyən adamla - Zöhrab müəllimlə Ülfətin anasının, bacılarının yaşadığı evə doğru gedirik. Neçə vaxtdan bəri ürəyimdə qövr edən, unuda bilmədiyim anın yaratdığı sualı verməkdən özümü saxlaya bilmirəm.

- Zöhrab bəy, “Nizami” kinoteatrında Ülfətin albomunu vərəqləyəndə əllərinizin titrəməsi yadınıza gəlir?

- Əlbəttə, yadımdadır. Həmin gün çox həyəcanlı idim.

- Əlləriniz niyə titrəyirdi?

Kövrəlir. Baxışlarını gizlədib, gözlərinin yaşını udur:

- Ağır dərddi. Mən Ülfəti bu günə qədər də unutmamışam. Elə bilirəm hər şey dünən olub. Həyat hər şeyin dərmanıdır sözləri yalandır. Heç bir itkinin yeri sağalmır, yara qaysaq bağlamır.

Qarabağ müharibəsi başlamazdan əvvəl Ülfət Taqanroqda hərbi xidmətdə olub. Orda olanda da yaşıdlarından və hərbçi dostlarından cüssəsi, igidliyi ilə seçilib. Ailəsinin sözlərinə görə, Ülfət həm zahirən, həm də daxilən ikinci dünya müharibəsinə gedib qayıtmayan əmisinə çox bənzəyib.

Ağdaban

Zöhrab bəy qardaşlı günlərinin xatirələrini çözələyir, onunla keçirdiyi günlərə qayıdır:

- Ülfət qoçaqlıqda əmimə oxşayıb. Atam rəhmətə gedəndə mənə vəsiyyət elədi ki, Ülfətdən muğayat olum. Mən isə atamın vəsiyyətinə əməl edə bilmədim...

Ülfəti Taqanroqa üç gün qonaqlıqdan sonra yola saldıq. Gedəndə dedi ki, mənə bir toy elədiniz, qaldı ikincisi. Hərbi xidməti bitirənə yaxın komandiri mənə zəng vurub dedi ki, gəl, Ülfəti özün apar. Burda ermənilər çoxdur, uşağa xətər yetirərlər. 91-ci ildə getdim onu gətirdim. O vaxt burda artıq vəziyyət qarışmışdı, müharibə başlanmışdı. Ülfəti gətirəndən sonra özümüz könüllü müdafiə batalyonu yaratdıq. Amma Ülfət hələ bizə qoşulmurdu.

Ağdabanda 34 nəfər dinc sakini yandırıb öldürdülər. O hadisədən sonra Ülfət könüllü olaraq birbaşa döyüşməyə getdi. Evdə heç nə deməmişdi. Ailədə dörd qardaşdan üçü döyüşürdü. Bacım da könüllü tibb bacısı kimi həkimlərə, yaralılara kömək edirdi.

Amma Ülfətlə mən ayrı-ayrı yerlərdə vuruşurduq. Mən Ağdabanda olanda o Laçında olurdu. Mənimlə bir yerdə döyüşməyə razı olmurdu. Mən xasiyyətcə bir az yumşağam, amma o, sərt idi. Deyirdi, sən zarafata salırsan, qoymursan mən əsgərlərlə ciddi rəftar edim, ayrı olsaq yaxşıdır. Xasiyyəti çox ağır idi. Heç kimlə zarafat etməyi xoşlamazdı. Mənimlə isə dost idi. Bütün sirrini, sözünü mənimlə bölüşürdü. Həm qardaş idik, həm də dost. Əsgərlik bloknotu vardı, ora başdan ayağa mənim cavanlıqda yazdığım şeirləri köçürmüşdü. İndi onun haqqında şeir yaza bilmirəm. Onun haqqında yazanda ürəyim əsir, uçunuram. İndiyə qədər ondan beşcə bəndlik şeiri ağlaya-ağlaya, zülmlə yazmışam.

Sonrakı dövrlərdə ermənilər Ağdabana hücum edəndə bir ağdabanlının burnu qanamadı. Ülfət dedi, “mən ölərəm, amma Ağdabanı vermərəm. Nə vaxt eşitsəniz ki, Ağdaban gedib, onda bilin ki, mən ölmüşəm, yoxam”. Sözünün də üstündə durdu. O, hər döyüşə girəndə düşmənin nə qədər texnikasını, canlı qüvvəsini məhv edirdi, həm də salamat qayıdırdı. Əlləri, üzü həmişə yaralı olurdu. Çox vaxt yaralananda özü iynə-sap götürüb, yarasını tikirdi.

Ana

Zöhrab bəylə söhbətimizi mənzilbaşına çatmağımız yarımçıq qoyur. Dəmir darvazanı açıb, həyətə giririk. Pilləkəndə qarapaltarlı, yumaq kimi yumulmuş, yaşlı bir qadın əyləşib. Xırda, bulanıq, sulu gözləri qırışmış simasına işıq salır. Kim bilir, o bu pilləkəndə nə qədər ayları, illəri yola sala-sala Ülfətin yolunu gözləyib. Oğlunun nə vaxtsa nəhəng cüssəsi ilə bu qapıdan keçib onu qucaqlayacağı anın həsrətini çəkib. Ana ilə görüşüb, evə keçirik. İlk sualım Ülfətlə bağlı olur.

- Pəhləvan oğul idi. Uşaqlıqda dəcəl idi, güləşməyi, döyüşməyi xoşlayırdı. Kəndin uşaqlarını yığıb, idman elətdirirdi. Müharibəyə də bizə deməmiş getdi. Paltarlarını qohumumuzgilə qoyub, əsgərlərə qoşulub getmişdi. Rusiyada əsgərlikdə olanda dözə bilmədim, gəldim Bakıya onunla danışmağa. Bakıdan ona zəng vurdum, dedim ay Ülfət, niyə gəlmirsən? Dedi, “gələcəm. Gəlib o ermənilərə divan eliyəcəm”. Müharibəyə gedəndən sonra evə gəldi, dedim ay Ülfət, evimin balacasısan, o biri qardaşların da döyüşür, sən getmə. Dedi, “ay ana, torpaq əldən gedir”. Ağdabanda meyitlər yuyulanda görmüşdü. Gəldi mənə dedi ki, “azərbaycanlı uşaqların gözlərini çıxarıblar, yandırıblar. Mən gedəcəm”. Elə o sözləri deyəndən sonra da getdi. O meyitlərin içərisində onun iki sinif yoldaşı da vardı. Ülfət elə şeylərə dözən oğul deyildi.

Ana nəql edir, gözlərinin yaşı sızqa bulaq kimi yanağında cığır açır. Onun sızıltısına Ülfətin bacıları, qardaşı da qoşulur. Hamının Ülfətlə bağlı xatirələri yenidən canlanır, təzələnir, iyirmi altı illik yaraların gözü açılır, yeri hələ də qurumayan qaysaqlar tərpəşir.

Bacı

Qarabağ müharibəsinin ən qızğın dövrlərində qardaşlarının yanında olmağa çalışan, onların timsalında başqa əsgərlərə tibb bacısı qədər xidmət edən, qardaşı Ülfətdən sonra heç vaxt ailə qurmayıb toysuz, düyünsüz qalan Xuraman xanım da anasına qoşulub dillənir:

- Mən onun gedişini işdən evə gələndə avtobusda bildim. Avtobusa təzəcə oturmuşdum ki, gördüm qonşumuz Mələk xala ağlayır. Başqa tanış qadınlar ona nəsə him-cim edirdilər ki, mən hiss etməyim. Mən onda bildim ki, Ülfət müharibəyə yollanıb. Gəldim evdə dedim. Evdəkilər də mən deyəndən sonra bildilər. O, əvvəlcə sürücü kimi fəaliyyət göstərib. On gündən sonra onların komandirləri vurulur, Ülfət komandir təyin edilir. Sonradan onu iki dəfə Qozluda, bir də Hoçazda göstərdiyi qəhrəmanlıqlara görə Milli Qəhrəmanlığa təqdim ediblər. Ülfət gözəl, yaraşıqlı? həm də qeyrətli oğlan idi. Böyüklərə həmişə hörmət edərdi. Dəfələrlə olub ki, döyüşə gedəndə maşını döndərib, yaşlı insanlara kömək edib, onları gətirib evlərinə qoyub sonra gedib. Yaxşı yumor qabiliyyəti vardı. Amma cavanlarla, tay-tuşları ilə zarafatlaşardı. Yaşlı kişilərin yanında özünü elə ağsaqqal kimi aparırdı.

“Taqanroqdan gələndə univermağı nə qədər axtardıq, onun ölçüsünə uyğun kostyum tapmadıq. Axırda bir mağazadan 54 ölçüdə kostyum tapdıq. Qolları gəlib barmaqlarının ucuna düşdü, amma kürəyi yenə ona gəlmədi, dar oldu...” - Zöhrab müəllim bu söhbəti nəql edəndə mənim yadıma yenə onun “Nizami” kinoteatrında titrək əllərlə Ülfətin albomunu vərəqləməsi düşür. Deyəsən, elə onda həmin kostyumda olan şəklini axtarırdı. Bunun həqiqiliyini ondan xəbər alanda təsdiq edir.

Albom

Ortaya Ülfətin Taqanroqda öz əlləri ilə düzəltdiyi məxmər üzlüklü, tünd bənövşəyi rəngli albom gəlir. Vaxtilə böyük şücaətlər, qəhrəmanlıqlar göstərmiş bir igidin əlləri, nəfəsi toxunan alboma əl vurmağa utanıram. Özümü bir vətəndaş kimi həmin alboma, bu albom sahibinin xatirələrinə nə qədər, hansı dərəcədə layiq olub-olmadığımı düşünürəm. Bu dəfə Xuraman xanım, uzun illərdən bəri, Kəlbəcərin işğalından sonra qaçaqaçda, qovhaqovda ləyaqətlə, həsrətlə qoruduğu albomun vərəqlərini çevirir:

- Ülfət gedəndən sonra bizim dərdimiz heç azalmadı. Hər gün ağlayırıq. İşdən gələndən sonra səsli ağladığım günlər olur.

Özü bir dəfə nağıl eləmişdi. Döyüşdə olanda güllə onun başını sıyırır, yarasından qan axır. Əsgərləri qorxuya düşürlər, deyirlər komandirimiz öldü, gedək kömək istəyək. O, yerdən torpaq götürüb yarasına basır, deyir mən ölməmişəm, qayıdın geri. Həmin döyüşdə onlar qələbə qazanmışdılar.

Göy cismi

Cəmi 22 il ömür yaşayan, ölümündən illər keçsə belə ailəsi, doğmaları tərəfindən unudulmayan, dünənlərdə, bu günlərdə yaşayan, hərəkət edən, yuxularda sayrışan Ülfət sağlığında möcüzəvi qəhrəmanlıqlar göstərir. Təcrübəli zabitlər onu “Kəlbəcərin Mixaylosu”, “Göy cismi” kimi ləqəblərlə çağırırlar. Kəşfiyyatçı kimi xüsusi bacarıqlara və taktikaya malik olan Ülfət kəşfiyyatlara gedəndə heç vaxt əliboş gəlmir. Zöhrab bəy bir neçə məqamı xatırlayır: “Bir dəfə Ülfət iki nəfərlə kəşfiyyata gedir, düşmən postlarının harda olduğunu dəqiqləşdirməliymişlər. Onlara tapşırılır ki, səssiz gedib, səssiz də qayıdın. O isə erməni alaçığına girib ermənini öldürür, silahını səssizcə götürüb, qayıdır. Yolda yoldaşlarına deyir ki, gördünüz səssiz gedib, səssiz də qayıtdıq.

O, çox həssas idi. Həmişə silahdan yayınmağı bacarırdı. Bir dəfə də mən Ağdərədə yaralandım, hospitala apardılar. Ülfət də döyüşə gedirmiş. Ona xəbər çatır ki, ermənilər qardaşını vurublar. O da cavab verir ki, onda mən Zöhrabın qisasın alıb, sonra onu görməyə gedəcəm. Həmin döyüşdə o, ermənilərin bir milli qəhrəmanını öldürür. Onun medalını da gətirib o vaxtı cəbhədə operator kimi fəaliyyət göstərən Nizami müəllimə verib, birbaşa mənim yanıma gəlir. Yadıma gəlir, gecə idi, həyətdən maşın səsi gəldi. Tez səsləndim ki, bilsin salamatam, toxtasın. Gəldi, mənə yaxınlaşdı, yorğan-döşək qarışıq məni qucağına alıb öpdü, sonra yatağa qoydu...”

Əliyar…

Xuraman xanım Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə şəhid olan Əliyar Əliyevlə Ülfətin maralıq tanışlığından və dostluğundan söz açır: “Ülfət özü Əliyarla necə tanış olmasını mənə danışmışdı. Əliyar Ülfətin Vəngə getməsindən, Qozluda erməni tankını götürüb, onlara qarşı döyüşməsindən xəbər tutur. Deyir, gedib o oğlanı görməliyəm. Ülfətin döyüşdüyü yerə gəlir, amma onu tapa bilmir. Geri qayıtmaq istəyəndə Ülfətin gəldiyini görür. Qucaqlaşıb tanış olurlar. Əliyar idmançı idi, neçə dəfə çempion olmuşdu. Amma onlar ilk dəfə qarşılaşanda Ülfət onu qucağına qaldırıb, göydə fırlayıb, yerə qoyubmuş. Sonralar Əliyardan soruşurlar ki, axı sən Ülfəti tanımırdın, bəs onu görəndə nə bildin ki, odur. Cavab verir ki, pələng kimi gəlişindən...”

Son silah

Ülfətin ölümü haqqında müxtəlif əfsanələr dolaşsa da, erməniyə əsir düşsə özünü öldürəcəyini hər kəs dəqiq bilirdi. Dediyi kimi də edir. Onun ölüm xəbərini ilk bilən isə yenə də qardaşı Zöhrab olur.

O, şəhid olduğu günə qədər xeyli erməni tankı, texnikası məhv edib. Qəribə cəldliklə tankın üstünə çıxıb, kürkünü tankın şüşəsinin qarşısına atırmış, içəridəkilər heç nə görməyəndə məcbur olub, tankın qapağını qaldırırmışlar. Onda Ülfət qumbaranı içəri atıb, ordakıları məhv edirmiş.

“1993-cü ilin mart ayı idi. O, düşmənin iki tankını və bir PDM maşınını məhv edir. Qumbara ilə PDM maşının altına atılıb onu partladanda özü də şəhid olur. Onda mən Narınclar kəndindəydim. Onun xəbərini eşidib, on səkkiz nəfərlə Ağdabana gəldim. Ülfətin həlak olduğu ətəkdə 300-dən çox erməni vardı. Onun partlatdığı, özünün də məhv olduğu PDM-i gözümlə görürdüm. Amma mən onlarla döyüşə bilməzdim. Qardaşım şəhid olmuşdu, mən də gedib şəhid ola bilərdim. Ancaq on səkkiz nəfəri bilə-bilə ölümə apara bilməzdim. İki gecə orda qaldıq ki, bəlkə tanka yaxınlaşarıq. Amma düşmən dağılışmadı. Ondan sonra geri qayıtmağa məcbur olduq.

Ülfətin boynunda həmişə bir ip olurdu. O ipdəki balaca kisənin içərisində bir patron vardı. Onu həmişə özü üçün saxlayardı. Bir də xəncəri vardı. Söz düşəndə deyirdi ki, bunlar mənim son silahlarımdı. Heç vaxt erməniyə canlı əsir düşməyəcəm. Ən çıxılmaz vəziyyətdə xəncərlə özümü öldürəcəm”.

Görüş…

Bayaqdan səssizcə bizi dinləyən, hərdən barmaqlarını Ülfətin şəkillərinə toxundurub onlara öz balasına sığal çəkirmiş kimi sığal çəkib, tumar vuran ana Ülfətin çayda çiməndən sonra dostları ilə çəkdirdiyi fotolardan birini götürüb, kövrək-kövrək dillənir:

“Hər gün idmana gedirdi, gecə qayıdıb gələndə hamamda buz kimi su ilə çimirdi. Yekə kişi idi, amma həmişə mənim yanımda yatırdı. Onun bədəninin soyuqluğuna yuxudan ayılırdım. Bir dəfə də yanıma oxlov qoydum, dedim sən bir də soyuq suyla çimib gəlsən, səni döyəcəm. Amma döymədim. Məni çox istəyirdi. Həmişə məni qucağına alıb, otağın o başından bu başına aparardı. Evə gələndə pilləkənləri çıxa-çıxa deyirdi nənə yağlı yemək bişirmisənmi?

Qohumluğumuzda yaxşı qız vardı. İstəyirdim onu Ülfətə alım. Bir gün mənə dedi ki, nənə, mənim hər dəqiqəm ölümdü, mən evlənə bilmərəm.

Bu yaxınlarda onu çox səslədim. Dedim, ay Ülfət niyə yuxuma gəlmirsən? Səni görmək istəyirəm axı. Bir gecə onu gördüm. Yuxu deyildi, həqiqətən də gəlmişdi. Qaranlıq idi, amma gördüm hər tərəfi yanıb. Dedi, ay ana məni niyə çağırırsan, görmürsən ki, yanmışam? Evə gəldim ki, Zöhrabı çağırım, o da gəlib görsün. Qayıdanda gördük ki, yoxdur”.

Ülfətin ölüm xəbəri ailəsinə bir az gec çatır. Daha doğrusu, həqiqəti bilən Zöhrab bəy bunu bacılarından, anasından gizlədir. Fatma ana isə bu sirri bir il əvvəl öyrənir. Ona qədər oğlunun itkin düşdüyünü zənn edir, nə zamansa qayıdacağına ümid bəsləyir. Xuraman xanım isə Ülfət şəhid olandan iki il sonra həqiqəti öyrənir: “93-cü ilin axır çərşənbəsi idi. Qazan-qazan plov, qovurma, şəkərbura, paxlava bişirmişdim. İstəyirdim ki, Ülfət döyüşən rotaya bayramlıq kimi aparım. Qaranlıq idi, bir də gördüm Ülfət maşınla gəlib. Qohum-əqrəba beş dəqiqənin içində bizə yığışdılar. Ülfət hamı ilə bir-bir görüşüb, öpüşdü. O, heç kimlə elə mehribanlıqla görüşməzdi. Hamını da ağlamaq tutdu. Ürəyimə qara gəldi. Evdə heç yarım saat qalmadı. “Vəziyyət çox pisdi” dedi və bütün bişirdiklərimizi yoldaşları ilə maşına yığıb, getdi. Evimizdə son dəfə bir konfetlə çay içməyə də imkanı olmadı. Ayın 27-də xəbər gəldi ki, Ağdaban alınıb, Ülfət də itkin düşüb. Amma itkin düşməmişdi, şəhid olmuşdu. Bizdən gizlətmişdilər. Qonum-qonşu səhəri gün bizə yığışdı, yadıma gəlir ki, adamları evdən qovdum. Dedim, Ülfət ölə bilməz, o, sağdır. Sinirim pozulmuşdu, özümə onun ölümü fikrini yaxın qoya bilmirdim. Ülfət ağıllı idi, inanmırdım özünü ölümə verər. Amma sən demə o, camaatı qurtarmaq üçün ölümü seçib”.

Ailə üzvlərindən son dəfə Ülfəti görənlərdən biri də Zöhrab bəy olub. Ayın 23-də qardaşının yanına gələn döyüşçü ondan nəsə istəyib-istəmədiyini xəbər alır. Ülfət isə silah gətirməsini xahiş edir. “Onun dediyi silahları tapıb gətirdim. Ülfətin əynində ağ uzun kürk vardı. Mən də üstündə kapitan nişanı olan qısa kürk geyinmişdim. O, məndən çox canlıydı, amma mənim kürküm də mənə böyük olurdu. Ondan ayrılanda dedi ki, bu çox ağırdı, gəl sənin gödəkçənlə dəyişək. Razılaşdım. Amma elə bil ürəyimə nəsə damdı, gödəkçəmin üstündəki nişanların hamısını söküb, sonra ona verdim. Əsir düşəndə zabitləri çox incidirlər. Ulduzları da ona görə çıxartdım ki, birdən əsir düşüb eləsə, onu incitməsinlər. Ondan ayrıla bilmirdim, ürəyimə dammışdı ki, Ülfətə nəsə olacaq. Ona nə qədər yalvardım, məni qoymadı yanında qalım”.

İstənilən anda düşmən tərəfə keçib, düşmən tankına Azərbaycan bayrağını sancıb qayıdan, ona həm texnika, həm də canlı zərbələr vuran, əcəlin özü ilə dəfələrlə əlbəyaxa olan Ülfət Ağdaban haqqında dediyi sözləri reallaşdırır. Ağdaban işğal olunur, amma Ülfətin ölümündən sonra...

Ailə ilə sağollaşıb çıxıram. Fatma ana yenə pilləkəndə əyləşir, balasının yolunu gözləyir. Gözləyə-gözləyə də ona qovuşacağı günləri sayır. Bütün ailə onun başına toplaşır. Bayaq albomdan çəkdiyim ailəvi fotodakı kimi hamı bir yerdə olur. Bircə sağ tərəfdə anasının yanında Ülfətin yeri görünür. İyirmi altı ildir boş qalan yeri...



Lent.az (Samirə Əşrəf)




BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev