Dilqəm Əsgərovla bağlı mətbuat konfransı keçiriləcək
20:50 | 30.09.2018

Bu gün erməni girovluğunda olan Dilqəm Əsgərovun doğum günü idi. Artıq 4 ildir ki, yağı düşmən caynağında olan soydaşımızla bağlı son vəziyyəti öyrənmək üçün Moderator.az onun oğlu Kürdoğlu Əsgərovla əlaqə saxlayıb. Kürdoğlu Əsgərov bildirib ki, kimsə atasının aqibəti ilə maraqlanmır: "Demək olar ki, heç bir beynəlxalq təşkilat atamın azadlığıa çıxmasında maraqlı olmadığını öz biganəlikləri ilə ortaya qoyublar. Təsəvvür edin ki, özlərini nüfuzlu beynəlxalq təşkilat kimi gözümüzə soxan qurumlar baş verənlərə göz yumur və seyrçi mövqe sərgiləyirlər. Beynəlxalq Qırmızı Xaç-dan da əlimizi çoxdan üzmüşük. Bu qurum ötən ilin noyabrından atamdan əl boyda kağız parçası da gətirə bilmir". Azərbaycanın Xarici İşlər Nazirliyinin Dilqəmlə bağlı fəaliyyəti ilə də maraqlandıq. K. Əsgərov bildirdi ki, XİN də çox passivlik sərgiləyir və çoxsaylı müraciətlərinə cavablarında bildirirlər ki, guya atam özü məktub yazmaq istəmir: "Təbii ki, buna nəinki biz, kimsə inamaz. Elə ona görə də sabah növbəti mətbuat konfransı keçirəcəyik". Xatırladaq ki, mətbuat konfransı sabah saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.