Din xadimləri Dilqəm və Şahbazla bağlı müraciətlərə müsbət reaksiya verməyib

Azərbaycanda ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımların atıldığı müşahidə edilir.
Kalbajar.com xəbər verir ki, bunu Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir: "Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətimə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər”.
Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması məsələsinə toxunan Siyavuş Novruzov bu məsələdə də ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib:
“Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın”.