''DOST ADINI BARINDIRAN UCA ÜRƏK...''

Şair-publisist, Dünya Türk Gənc Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının ''ÜRƏK DAŞI'' şeirlər kitabının təqdimat törənində iştirak etməkdən qürur duydum. Əkbər müəllimin sayca ikinci şeirlər kitabının çap olunsuğunu bildikdə, Əkbər Qoşalının təvazökarlığı, "odu öz qabağına çəkmək”dən uzaq olduğu açıqca hiss olunur və onun daşıdığı mənəvi dəyərlərə biganə qalmaq mümkünsüzdür. Bilirsiz, sayı onlarla olan kitabların çapına dəstək olan, məsləhət verən, rəy verən, önsöz yazan, tərtibçilik, həmmüəlliflik edən dəyərli dostumuz, özünün 46 yaşına ikicə şeir kitabı ilə gəlib. 2007-ci ildəki birinci – "Ölümlərin ötəsi" şeirlər kitabından 12 il keçəndən sonrakı "Ürək daşı"nın işığına toplanan bizlər, əslində Əkbər dünyasının necə işıqlı olmasının tanığı oluruq. Onlarla gəncin üzı çıxmasında, parlamasında, qələm sahibi kimi tanınıb, təsdiq olunmasında yardımçı olmaq ustadlıq əlamətidir. ( – Hər nə qədər dostumuzun özünün ustad sözündən necə çəkindiyini, gənc yazarlara nəzakətlə irad tutduğunu özüm görmüşəm.)
Dost adını barındıran,
uca ürəklər var olsun.
Haqq işinə arxa duran,
qoca kürəklər var olsun.
Üzü Tanrı dərgahına,
uçan diləklər var olsun.
Eşq yolunda dağa külüng
çalan biləklər var olsun.
Çəkib yurd ətri gətirən
neçə küləklər var olsun.
Sağ çiynimdə savab yazan,
incə mələklər var olsun!

Mən Əkbər müəllimi tək yazar, şair kimi tərənnüm etməyin yanlış olduğunu duyur və dərk edirəm. Əkbər müəllim Böyük Türküstanın könüllü elçisidir; Əkbər müəllim harda türk varsa, harada türkçülük varsa orada imzası görünənlərdəndir. Belə şərəfli bir yükü çiynində daşımaq üçün ərdəm gərəkdir. Əkbər qardaşımız bugün bu yükü şərəflə daşımaqdadır. Şeirlərinin birində deyir ki:
Yoxuş yoxsa getdiyin yol yol deyil,
Gedən ruhdu, ayaq deyil, qol deyil,
Mən yol gözləyirəm, yol məni deyir,
Ürəyim yoldadı, ürəyim yolçu...
Doğrudanda dostumuz-qardaşımız getdiyi ulu yolda neçə yoxuşu yora-yora irəliləyir. Şərəfli olduğu qədər də çətin yollarda ona ən yaxın sirdaş öz ürəyi olub! Tutduğu yol ürək daşı olub! Ürəyiylə keçib çətin sınaqlardan. Elə bəlkə də yolçu dediyi ürək də, ona görə bugün kitablaşıb ürək daşı adlanıb! Bu ürək kitabın, deyərdim hər səhifəsində qəribə bir aləm var. Və o aləmdə yollar yoran qəribə bir yolçu var. Yenə də dost ürəyinə bu sirli-sehirli yolda dözüm, dəyanət arzulayıb, mən də bu kiçik yazımla, Əkbər Qoşalının üzündəki, ürəyindəki işıqdan bəhrələnərək, ona həyatında, çalışmalarında işıqlı yollar, başarlar diləyirəm! Ürək Daşı! Ürəklərin sirdaşı, ürəkli dostum, qardaşım Əkbər Qoşalı, sizi yeni kitabınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə daş ürəkləri yumşaldıb, daş yaddaşlara yazılmağınızı arzu edirəm!
Hörmətlə, dostunuz: Rövşən HÜSEYN