Elşən ƏZİM: ' Bizdə ürəyə bax, baba yurdunu,Bir paslı qıfıla tapşırıb gəldik. '



Bugün dəyərli şairimiz,yazarımız Elşən Əzimin doğum günüdür. Kalbajar.com olaraq hər zaman şairlərimizi diqqətdən kənarda qoymayaraq, onlardan hər zaman yazmağı özümüzə borc bilirik.Elşən müəllimi doğum günü münasibətilə təbrik edir,yaradıcılığında uğurlar arzulayırıq və Allahdan arzumuz budur yaradıcılığın doğma elimizdə Kəlbəcərdə,Zülfüqarlı kəndində davam etsin.

Elşən Əzimin qısa tərcümeyi halı ilə tanış olaq.

ELŞƏN ƏZİM (Əzimov Elşən Baxşeyiş oğlu) 1975-ci ildə Kəlbəcər rayonun Zülfüqarlı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Filologiay, Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Yazıçılar birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar birliyinin Aran bölgə təşkilatının sədridir. "Söz Odası" qəzetinin təsisçisi və baş redaktorudur. İki kitabı çap olunub. Şeirləri, nəsr əsərləri və publisistik yazıları dövrü mətbuatda və internet portallarında mütəmadi olaraq çap olunur.

Çap olunan kitabları:

 1. "Könlümə yağan yağış" Bakı ŞUR 2000;

 2. "Yuxu danışıram" Bakı BORÇALI 2006

QIFIL Bizimlə bir dəstə açar gəlibdi, Məhlənin açarı, evin açarı. Kefim qıfıllanıb üzümə mənim, Qalıb evimizdə kefin açarı. İnadım əyilib, vüqarım sınıb, O da qalaq-qalaq il altındadı. Bilirəm, qapımız o vaxtdan yanıb, Qıfıl bir kalafa kül altındadı. O qıfıl gül açar günün birində, Sükutun içində çürüyür, itir. Onun torpaq dolmuş açar yerində, Hər bahar bir həsrət çiçəyi bitir. Qapılar görmüşəm, o vaxtdan bəri Bu dərdin işığı içəri düşmür. İndi mən neyləyim ayrı qapıya Bizim qapımızın açarı düşmür. Hayana üz tutdum qıfıl göyərdi, Ümid qıfıllıdır, arzu qıfıllı. Bərəkət qıfıllı, ruzi qıfıllı, Bu tale, bu qismət, yazı qıfıllı. Tətiyi qıfıllı silahımızın, Tətiyi çəkəsi əlim qıfıllı. “Susuram, başımı saxlamaq üçün”, Ağzım qıfıllıdır, dilim qıfıllı. Çaşdımı, tərk etdi oba yurdunu, Dərdi köç üstünə aşırıb gəldik. Bizdə ürəyə bax, baba yurdunu Bir paslı qıfıla tapşırıb gəldik. Çaylar qayalardan asılı qaldı, Bulaqlar ağladı, kiridi orda. Bu boyda həsrətin, bu boyda dərdin Açarı burdadı, kilidi orda. AY İLLƏRİN O TAYINDA QALAN QIZ Bizim kimi əhdi yalan tapılmaz, Qəlbi viran, eşqi talan tapılmaz. Aramızdan körpü salan tapılmaz, Ay illərin otayında qalan qız. Saz telində yanğı, haray olmuşuq, Dərdə şikar, hicrana pay olmuşuq. Vətən kimi o tay-bu tay olmuşuq, Ay illərin otayında qalan qız. Mənim sevgim, sənin sevgin kiçilməz, Hər sahildə bir cüt bulaq-içilməz. Yaxın gəlmə zaman seli keçilməz, Ay illərin o tayında qalan qız. Gəldi-gedər qonaq saydın gör kimi, Görən niyə qınaq saydın ərkimi. Aramızdan zaman axır sel kimi, Ay illərin o tayında qalan qız. Ay Elşəndən nəzərini əyənim, Ay saçımda bəyaz libas geyənim. Halallıq ver, bu tayda qız bəyənim, Ay illərin o tayında qalan qız. AXI BU BAHARDA TƏZƏ NƏ VAR Kİ? Axı bu baharda təzə nə var ki, Gəlir nəfəs kəsən sazaqlar üstə. Elə ötənilki yarpaqlar açır, Elə ötənilki budaqlar üstə. Hardasa bir köhnə ümid var, o da- Avazda boy atır, səsdə göyərir. Axı bu baharda təzə nə var ki, Hər ot öz kökünün üstə göyərir. Gəlir torpaqların anım günləri, Gəlir şairlərin efir mövsümü. Tumarlı yalanlar havalandırır, Neçə növ mizrabla neçə növ simi. Burda ev gözləyir evsiz adamlar, Ordakı boş evlər adam gözləyir. Burda sakit-sakit düşür axşamlar, Daşlara ilişən sədam gözləyir. Yenə boğazıma tıxanıb qalır, Deyə bilmədiyim sözün ağrısı. Yenə görən gözdən oxunub qalır, Haçansa tökülən gözün ağrısı. O köhnə hamamdı, o köhnə tasdı, Sözdə bahar gəlir, sözə nə var ki… Bu yaz iyirmi il əvvəlki yazdı, Axı bu baharda təzə nə var ki… ***

Əriyirəm ha yağsam da qar kimi, Bu daş, dəmir günlərimin üstünə. Fikrim sıxır ürəyimi nar kimi, Qanım damır günlərimin üstünə. Sürtük üzlü çay daşıdı günlərim, Bu çaylarda dayanar su, axar daş. Məni yaman çox yaşadı günlərim, Mən gün görüb yaşamadım, a qardaş. Mən bu ömrün dodağında zəhərəm, Çəkir məni siqar kimi, qəm kimi. Mən bu ömrün boğazında qəhərəm, Görək çıxır axırına kim kimin? TAPA BİLSƏM Ayaq da basmaram sən olan yerə Sən olmayan yerə yol tapa bilsəm. Qovaram evimdən xəyallarını, Ardınca düşməyə çöl tapa bilsəm. Sənin də kiməsə minnətin olmaz, Məni də yandıran həsrətin olmaz. Bəlkə də unutmaq çox çətin olmaz, Əgər ürəyimlə dil tapa bilsəm. Çəkdiyim bəsimdi az deyərmmi? Elşənə tab gətir, döz deyərəmmi? Sənə güldən ağır söz deyərəmmi? Sənə sözdən ağır gül tapa bilsəm. TƏCNİS Ədan yolları da yandırıb yaxır, Gözəldi yerişin, mən ölüm yeri. Ya sən öl, kor-peşman mən çıxıb gedim, Ya da bir müjgan at, mən ölüm, yeri. Göy elə dəhşətdi, yer elə ölüm, Göy belə ölümdü, yer elə ölüm. Ayağın altında yer elə, ölüm, Onsuz da gəzirəm mən ölüm yeri. Gözəl görməmişəm hələ sən təki, Elşəni naümid qoyma sən, təki. Mən hara and verim səni, səndə ki- Yoxdu “sən öl” yeri, “mən ölüm” yeri. * * *

Ay könül sındıran, ay ürək üzən, Ürək sənin üçün güldümü, üzdün? Bilmirəm yolunu kəsdimi qırdın, Bilmirəm xoşuna gəldimi üzdün. Axı nə bilirsən bu sirr dünyada, Dərdi tam, sevinci kəsir dünyada. Süd gölü gəzirdin qısır dünyada, Göz yaşım sən deyən göldümü, üzdün? Daha nə yellərsən gennən əlini, Görmürəm dumannan, çənnən əlini. Gümanın mənəydi, mənnən əlini- O vaxt Elşən Əzim öldümü üzdün? TƏCNİS Nə sirri-billahsan, nə möcüzəsən? Çiçəklər incimir, ay arı, sənnən. Mən orda bir gülə könül vermişdim, Deyirlər görüblər a, yarı sənnən. Qələm al, daşın da üstə süsən çək, Aparmaz yağışlar, yumaz su, sən çək. Nazını mən çəkim, balını sən çək, Olaq bu çəmənə a, yarı sənnən. Elşən, yek atdırsa bu çəmən zərə, Dönər gözlərimdə puça mənzərə. Zərgərsən, bənzəyir bu çəmən zərə, Qiyməti mənnəndi, əyarı sənnən. YAŞADIM Məni nə sən gördün, nə özüm gördüm, Gəlib yanınızdan keşdim yaşadım. Mən eşqin göyünə qalxa bilmədim, Mən sənin dərdinə düşdüm yaşadım. Daha bu ömürlə bir savaşım yox, Daha bu ürəkdə ağır daşım yox. Oyaq gözüm oldu, ayıq başım yox, Bir badə vermişdin içdim yaşadım. Bir gün ürək dinib usandım deyər, Bir gün ürək məni nə sandın deyər, Gülüm, sənsiz ölmək asandır deyə, Sənsiz yaşamağı seçdim yaşadım. DÜNYADAN YUXARI (Şəhidlərimizin xatirəsinə) Eşitmişəm bir məqam var, Atam, dünyadan yuxarı. Nə sirdi torpağın altda Yatan dünyadan yuxarı. Ucuzdur beş arşın ağı, Bazar günahdan aşağı. Alan Allahdan aşağı, Satan dünyadan yuxarı. “Bildiyimiz bilməcədi,” Dağlar fələkdən qocadı. Vətən behiştdən ucadı, Vətən dünyadan yuxarı. ***

Köhnə xatirəndə gizlətmə məni, Ağlatma, inlətmə, sızlatma məni. Sən Allah söz verib gözlətmə məni, Gəl açma başıma gündə bir bəla. Lalə yanağına tər çiçək deyir, büzmə dodağına çiyələk deyir. Onu mən demirəm, bu ürək deyir, Ürək bir bəladır, sən də bir bəla. Məni əsir eylər halən dünyada, Kimdir nur içində qalan dünyada? Dörd yanı pərişan, talan dünyada, Çatmaz sən bəlaya mindəbir bəla. ULDUZ FALI Deyirsən bürcümüz tutuşmur bizim, Deyirsən inanım ulduz falına? Bilirdim bu sevgi baş tutmayacaq, Min əhsən hissimin dümdüz falına. Hərəmiz bir səmtə atılan daşıq, Ağıldı aldanıb, könüldü küsüb. Biz yerdə təzəcə qarşılaşmışıq, Göydə ulduzumuz min ildi küsüb. Bizim ahımızı tanrı eşitmir, Qarışıb kiminsə gülüş səsinə. Göydən göndərilən bəxtimiz bəlkə, İlişib bir ulduz tilişkəsinə. Qoy yer kürəsini ayağın altda, Görüm o ulduza əlin çatarmı? Ulduzdan bəxtini qoparan kəsin, Ömür köhləninə ölüm çatarmı. Taleyim min ildi yazılıb daşa, Bəlkə tale deyil, nəsə mifdi bu. Ya da heç Tanrının xəbəri yoxdu, Ya da bir uğursuz təsadüfdü bu. Göydəki bürclərin nə vecinədi, İlbəil yaş gəlir yaşımın üstə. Mən səndən əl çəkim, nədi-nədi ki, Bir topa ulduz var başımın üstə? Bu eşqi könlümdə bitirən tanrım, Başına ağıl qoy ulduzlarının. Yaman acı dadır, yığ hamısını, Yerinə noğul qoy ulduzlarının. AY ARI, GÖR HARDA ŞİRƏ GƏZİRSƏN Açıq pəncərəmdən uçub bu səhər, Evimi sən nahaq yerə gəzirsən. Mənim dilim acı, sözlərim zəhər, Ay arı, gör harda şirə gəzirsən? Divarı bəlkə də ahım qurudub, Çiçək şəkilləri oboyda solub. Sağ olmuş taleyim elə yarıdıb, Pöhrə arzularım o boyda solub. Axı ağzınacan pətəyin baldı, Qaldırıb səsini nə istəyirsən? Dərə bilmədiyim bir çiçək oldu Çəkdin şirəsini, nə istəyirsən? Ta yolum yoxuşdu, məndən geridə Şirin xəyalların dərəsi qalıb. Haçansa bir şirin şeir yazmışam, Dişində onunmu şirəsi qalıb. Sancamğa gəlmisən? Elə sancaram, Zəhər borc alarsan, ay arı məndən. Gedib pətəyini acılayarsan, Dostum, aralı gəz, aralı məndən. ÖMRÜ Biz dünənki uşaq, ömür oyuncaq, Gizlədək, itirək, nə edək ömrü?! Gəl, inad eləmə, tök, ətəyindən- Bir ömür kədəri, bir ətək ömrü. Yorğun gözlərimin yuxusu çindi, Yenə yada düşdün, qəlbim uçundu. Bir incə çiçəyə qonmaq üçündü, Bir arı zəhməti, bir pətək ömrü... Deyirsən varağa yazım həsrəti, Kimdi varaqlayan bizim həsrəti..? O uzun saçların uzun həsrəti - Bir az da qısaldır bu gödək ömrü. SƏRNİŞİN QATARI Məni hansı səmtə apardı ömrüm? Həsirtək yoluma sərdi günləri. Bir haylı-haraylı qatardı ömrüm, Çox olub sevdalı sərnişinləri. Eşqin yolçuları çıxdı qarşıma, Hərəsi bir ürək ağrısı oldu. Tələsib çatdırdım mənzil başına, Orda qarşılayan ayrısı oldu. Taleyim uşaq tək ərk etdi mənə, Könlüm incimədi, gileylənmədi. Hərə bir vağzalda tərk etdi məni, Çönüb arxamca da əl eyləmədi. Mən yenə yollarda yaşayacağam, Çəkməsəm bu tale yükünü, olmur. Mən yenə sərnişin daşıyacağam, Qatarın ömürlük sakini olmur. TEZ GƏL, ÜZ-GÖZÜMDƏN ÖLÜM TÖKÜLÜR Hardasa dünyanın sökülüb üstü, Yerə əzab damır, zülüm tökülür. Məndən yuxarıda mən alışıram, Yenə öz başıma külüm tökülür. Evə yorğun dönüb üzgün gəlirəm, Əsəbi gəlirəm, qızğın gəlirəm. Əli ətəyindən uzun gəlirəm, Hər gün boş cibimə əlim tökülür. Qarşıma taleyin yazdığı çıxır, Gözümün önünə göz dağı çıxır. Demirəm… sinəmin cızdağı çıxır, Deyirəm… od tutub dilim tökülür. Bir yarpaq söz imiş dilin mələyi, Şan qoyan arıdı gülün mələyi. Sən harda ölmüsən, ölüm mələyi, Tez gəl üz-gözümdən ölüm tökülür. AŞIQ ELBURUS “QARAÇI” HAVASINI OXUYARKƏN Ürəyimin həsrətini, qəmini, Yarsanı şah pərdəyə çəkirsən. Əlim çatmır dərmanına dərdimin, Çarəsini şah pərdəyə çəkirsən. Hünər yoxmu bu nəsildə, bu soyda, Bu torpağın həsrəti var nə boyda. Parasını Araz qoyub o tayda, Parasını şah pərdəyə çəkirsən. Od çatırsan göydən ahı düşürüb, Boynumuza bu günahı düşürüb. Ay insafsız, taxtdan şahı düşürüb- “Qaraçı”nı şah pərdəyə çəkirsən. ALLAH, BU DÜNYAYA ŞAİR GÖNDƏRMƏ Bir bəndə gözündə görmürsən axı, Dağılan könlünü hörmürsən axı. O bəxt dediyini vermirsən axı, Allah, bu dünyaya şair göndərmə. Dərdi bolhaboldu, çarəsi yoxdu, Dərmanı tapılan yarası yoxdu. Dünyanın şairlə arası yoxdu, Allah, bu dünyaya şair göndərmə. O əli qabarlı fağırı göndər, O pulu özündən ağırı göndər. Ya nadürüst göndər, ya oğru göndər, Allah, bu dünyaya şair göndərmə. İnamlar, imanlar qırılır indi, Şairə dəlilər vurulur indi. Gözəllər şöhrətə sarılır indi Allah, bu dünyaya şair göndərmə. Nadana əyilir ehtiyacından, əyri bir yol tapır, ölmür acından. Ta sayıb asmırlar dar ağacından Allah, bu dünyaya şair göndərmə. İlan quyruğu var, ümid ucu yox, Bir söz təşnəsi yox, şeir acı yox. Dünyanın duyğuya ehtiyacı yox, Allah, bu dünyaya şair göndərmə. Hələ vaxtı deyil, qınında saxla, Bəlkə lazım oldu sonunda, saxla. Elə xoşun gəlir yanında saxla - Allah, bu dünyaya şair göndərmə. YANDIRDI MƏNİ Gülüm, əksin gözümə, Düşüb yandırdı məni. Dərdin sinəmin üstə Bişib yandırdı məni. Ala gözün aynadı, Göz ha baxdı doymadı. Sənə qanım qaynadı, Daşıb yandırdı məni. Həvəsdəydi ürəyim, Şikəstəydi ürəyim. Od üstəydi ürəyim, Aşıb yandırdı məni. ***

Tufansız dərya üzündə, ləpə adamlarıq hələ. Yığışıb mərmi olarıq, qəlpə adamlarıq hələ. Arx açan yoxsa, axmayan, Göz verən yoxsa, baxmayan. Böyük sözündən çıxmayan, körpə adamlarıq hələ. Sağından qoşun adlayan, Solundan qurşun adlayan. Üstündən maşın adlayan körpü adamlarıq hələ. ***

Qaranlıq asılıb əyir budağı, qopur o budaqdan bu gecə düşür. Gecə ha oynayır əsəblərimlə, yenə qismətinə heç-heçə düşür. Bəzən gecə ilə söz yaşıd olur, aya ay, günə gün düz yaşıd olur, Ayaq izlərinə göz yaşı dolur, yolların bəxtinə gölməçə düşür. Edir dar ağacı mənim sazımı, asır hər simindən bir avazımı. Allah, özün yoxla alın yazımı, öz dəsti-xəttinə gör neçə düşür?!

#Şair #Şeir #ƏlamətdarGünlər

53 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev