Eldar Həsənovun həbsindən bir gün əvvəlki müsahibəsi – SƏFİR İTTİHAMLARA CAVAB VERİR



Hazirda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov tutulmazdan bir gün əvvəl Azərbaycan mediası üçün müsahibə verib.

Ancaq səfirin qəfil həbsi bu müsahibənin dərc olunmasını gündəmdən çıxarıb.

Qeyd edək ki, müsahibədə Serbiyanın Ermənistana silah satması ilə bağlı səfir kimi Eldar Həsənovun münasibəti açıqlanır.

Sosial şəbəkələrə istinadən həmin müsahibəni təqdim edirik:

“SİLAHLAR ÜÇÜNCÜ ÖLKƏ ÜZƏRİNDƏN SATILIB…”

– “Nə Azərbaycanın, nə də Serbiyanın dost itirən vaxtı deyil”

– Cənab Səfir, 12 iyul tarixindən başlayaraq Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana növbəti təcavüz cəhdi zamanı Serbiya silahlarından istifadə etməsi ilə bağlı məsələ geniş müzakirələrə və narazılığa səbəb oldu. Məsələyə Səfir kimi, Sizin də dərhal münasibət bildirəcəyinizi gözləyirdik. Amma münasibət bildirmədiniz…

– Öncə, son təcavüz cəhdi zamanı həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bilirsiniz ki, artıq 20 ildir diplomatiya sahəsində çalışıram. Ondan əvvəl də müxtəlif dövlət vəzifələrində və hüquq-mühafizə orqanlarında işləmişəm. Bu illər ərzində vacib dövlət əhəmiyyətli məsələlərdə həmişə rasional olmağa çalışmışam. İnanın ki, bir vətəndaş və doğma torpağı illərdir düşmən tapdağında olan insan kimi bu cür məsələlər mənə o qədər ağır təsir edir ki, münasibət və mövqe bildirmək dəfələrlə ürəyimdən keçib. Amma Səfir ölkəsinin, dövlətinin, dövlət başçısının rəsmi nümayəndəsidir və hər dediyi cümlənin, sözün məsuliyyətini daşıyır. Dövlət məmuru, Səfir kimi, münasibətim şəxsi və duyğusal ola bilməz. Digər tərəfdən nə olursa olsun, bir məsələni araşdırıb, dəqiqləşdirmədən qənaət də çıxara bilməzdim. Kiçik bir ehtiyatsızlıq və dəqiqləşdirilməmiş məlumatın yanlış nəticələri ola bilər. Əslində, səfirliyimiz dərhal münasibət bildirdi və məsələnin araşdırıldığını, dəqiqləşdirildikdən sonra isə ictimaiyyətin daha geniş məlumatlandırılacağını bəyan etdi. Serbiya tərəfindən isə Serbiya Respublikası Baş Nazirinin müavini, Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Lyayiçin dilindən üç dəfə münasibət bildirilməsinə nail olduq. Son günlərdə Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiç Ermənistana silah satışını ilk dəfə şərh edərək, “Azərbaycana 10 dəfə artıq” silah-sursat satdıqlarını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə dost münasibətlərinin olduğunu, yalnışlıqlara yol verildiyini və gələcəkdə silah-sursat ixracı məsələsinin bir daha nəzərdən keçiriləcəyini bəyan etdi. Bu açıqlamadan bir müddət sonra, Prezident Vuçiç siyasi iradə nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng etmiş və yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirmişdi. Qeyd edim ki, ölkələrin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, dövlət və milli maraqlarına xələl gətirəcək hallara yol verilməyəcəyi yüksək səviyyəli dövlət və hökumət qurumlarında keçirilən görüşlərdə, aparılan müzakirələrdə, Serbiya tərəfinin təqdim etdiyi rəsmi sənədlərdə də birmənalı vurğulanır və bunların nəticəsi olaraq, Serbiya Respublikası Baş Nazirinin müavini, Daxili İşlər naziri, həmçinin Serbiyanın Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç, cari ilin 10-12 avqust tarixindən ölkəmizdə işgüzar səfərdə olmuşdur. Bütün bunlar beynəlxalq və ölkələrarası münasibətlərində Azərbaycan dövlətinin ciddiliyi və Prezidentimizin şəxsi nüfuzunun göstəricisidir. Bu arada bir sıra mətbuat orqanları və müxtəlif peşə sahiblərinin də məsələ ilə bağlı mövqelərini diqqətlə izləyirdim. Səfirliyimizə qarşı müxtəlif əsaslı və ya əsassız iddialar səsləndirildi. Bütün bunları anlayışla qarşılayıram. Xalqımızın taleyüklü məsələlərində, xüsusilə də şəhidlər verdiyimiz anda insanlarımızın öz emosiyalarını izhar etmələri anlaşılandır. Bu səbəbdən bir müddət gözləmək lazım idi ki, məsələyə bizim və qarşı tərəfin münasibətini ictimaiyyət olduğu kimi bilsin.

– Serbiya kimi Azərbaycana dost ölkə, strateji tərəfdaş necə bu cür yanlışlığa yol verə bilərdi?

– Konkret sualınızın cavabına gəlməzdən öncə, təvazökarlıqdan uzaq da olsa, bir məsələni xatırlatmağı özümə borc bilirəm. 1996-cı ilin yenə də iyun-iyul aylarında Azərbaycan Respublikasının Hərbi Prokuroru (hal-hazırda Ali Məhkəmənin sədri) Ramiz Rzayev, Hərbi Prokurorluğun iki peşəkar, səriştəli əməkdaşı və mən – bəndəniz (Azərbaycan Respublikasının Baş Prokuroru) Rusiya Federasiyasının (Prezident Boris Yeltsinin dövrü) 1.5 milyard dollar dəyərində silah-sursat və hərbi texnikanın təmənnasız Ermənistana hədiyyə edilməsi barədə müqavilələr, hərbi yükün tərkibi, daşınma sənədləri, hərbi texnika, silah-sursatın sayı, təyinatı və digər təsdiqedici rəsmi sənədlərdən ibarət faktlar əldə etdik. Məsələ ilə bağlı Prezident Heydər Əliyevə məruzə olunduqdan sonra Azərbaycan və dünya ictimaiyyətinə məlumat verildi və Rusiya tərəfi ilə rəsmi müzakirəyə çıxarıldı. Nəticə olaraq, Rusiya hökuməti səmimi etiraf etməklə, Azərbaycan Prezidentinə üzrxahlıq etdi və bunun qarşılığında, əlbəttə, Ermənistandan fərqli, ilk dəfə olaraq ödənişli əsasda hərbi əməkdaşlıq başlandı. Serbiya ilə bağlı vəziyyətə gəldikdə isə, ilk öncə ondan başlayaq ki, Serbiya Azərbaycana necə dost ölkə və strateji tərəfdaş oldu. Cəmi bir neçə il əvvəl iki ölkə arasında əlaqələr yalnız protokol səviyyəsində mövcud idi. Həmin dövrlərdə bir sıra ölkələrlə yanaşı Serbiyanın da ölkəmizlə yaxından və ya uzaqdan hər hansı dostluq əlaqələrindən söz belə gedə bilməzdi. İndi isə dostluq əlaqələri elə bir səviyyəyə çatıb ki, Serbiyanın Ermənistanla 100 ildən artıq tarixi əlaqəsi olmasına, ərazisində 5000-ə qədər erməninin yaşamasına baxmayaraq, Ermənistana silah satışı məsələsi hər iki ölkənin ictimaiyyəti üçün hardasa şok effekti yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Balkan regionunda səfirlik və diplomatik nümayəndəliklərimiz barədə qərarından sonra ölkəmizin nüfuzunun möhkəmləndirilməsi, Azərbaycanın əleyhinə olan təbliğatın neytrallaşdırılması siyasəti qısa müddətdə öz töhfəsini verdi. Azərbaycan dövləti də dost ölkələrlə münasibətlərində həmişə sadiqlik nümayiş etdirir. Bu siyasət nəticəsində Serbiya və Azərbaycan da strateji tərəfdaş oldular. Əlbəttə, Serbiya – Azərbaycan münasibətləri sadəcə, iki ölkə arasında imzalanmış sənədlər üzərində yekunlaşmır. Hələ İkinci Dünya Müharibəsi illərində həmvətənlərimiz Sovet Ordusu tərkibində və partizan hərəkatında keçmiş Yuqoslaviyanın və Balkan xalqlarının azad edilməsi uğrunda döyüşlərdə yerli əsgər və partizanlarla çiyin-çiyinə döyüşmüş, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə partizan hərəkatında fəaliyyət göstərmiş, bununla yanaşı, müharibə zamanı əsasən azərbaycanlılardan ibarət olan “223-cü Qırmızı Bayraqlı Azərbaycan diviziyası” bilavasitə Belqradın azad olunmasında yaxından iştirak etmiş və döyüşlərdə 162 azərbaycanlı zabit və əsgər həlak olmuşdur. Bildiyiniz kimi, 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair Bəyannamə və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı imzalanmış və hər iki ölkə öz əməli fəaliyyəti ilə bu münasibətləri dəfələrlə təsdiqləmişdir. Serbiya ilə bağlı konkret son məsələyə gəldikdə isə, təhqiqat davam etdiyindən bu gün nəyi demək mümkündürsə, o qədər deyəcəyəm. Azərbaycan dövlətində etibarlı və təsdiqlənmiş məlumatlara əsasən, Serbiyadan 2018-ci ildə və bu ilin may-iyun aylarında Ermənistana minaatanlar və müxtəlif çaplı hərbi sursat da daxil olmaqla, silah-sursatın satılmasına dair təkzibedilməz faktlar mövcuddur. Yeri gəlmişkən, bu sahədə əməkdaşlığa dair Azərbaycan dövləti 2019-cu ilin fevral ayından məlumatlı idi və müvafiq dəqiqləşmələr aparılırdı. Sadəcə, fərq ondan ibarətdir ki, silah-sursatın satılmasına dair ödənişlərin bir qismi Ermənistan tərəfindən deyil, üçüncü ölkələr üzərindən həyata keçirilmişdir. Serbiyadan Ermənistana silah-sursat satışı Marşal Adaları və Honq Konqda qeydiyyatdan keçmiş ofşor şirkətləri üzərindən icra olunmuşdur. Son istifadəçi sertifikatlarının hamısında isə Ermənistan qeyd olunub. Serbiya tarixən, hələ I Dünya Müharibəsi zamanı silah-sursat islehsalına malik olan ölkə kimi, bu gün dünyanın 113 ölkəsi ilə hərbi sənaye sahəsində əməkdaşlıq etməklə yanaşı, hərbi məhsullar ixrac edir. Serbiya ərazisində istehsal olunan silah-sursatın istifadəsi və satışında qanunvericiliklə nəzərdə tutulan dövlət nəzarəti mövcuddur. Belə olduğu təqdirdə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının Təhlükəsizlik sahəsində əməkdaşlığa dair 5-ci bəndinə (tərksilah, adi silahlar və silahların yayılmaması tədbirləri üzrə bundan sonra da irəliləyişə nail olmaq məqsədilə əməkdaşlıq edəcək), eyni zamanda dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamənin müddəalarına (terrorçuluqla mübarizə və sülh və sabitliyə olan təhdidlərə səmərəli cavab verilməsi üçün təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiq edərək) uyğun olaraq, Serbiya Ermənistana silah satışının qarşısının alınması istiqamətində təzyiqlərə sonadək müqavimət göstərməli idi. Lakin Serbiyanın parlamentar ölkə olduğunu nəzərə alaraq, hökumət parlamentdə təmsil olunan müxtəlif partiyaların koalisiyasından ibarət olduğundan, Serbiya və Azərbaycan Prezidentlərinin etibarlı dostluq və əməkdaşlıq münasibətlərinin əleyhinə olaraq satışlar məhz bir özəl serb şirkəti üzərindən həyata keçirilmişdir. Bu cür əməliyyatları həyata keçirən bir şirkət heç də serb milləti və dövləti demək deyildir. Serbiyada fəaliyyət göstərdiyim üçün əminliklə deyə bilərəm: bu məsələdən Serbiya dövləti kimi, Serbiya ictimaiyyəti, vətəndaş cəmiyyətləri də narahatdır və təəssüf hissi keçirir. Səfirliyimizə olan müraciətlərdən, məqalələrdən və onlara yazılan şərhlərdən də bu açıq-aydın görünür. Ticarət naziri Rasim Lyayiç Serbiyanın mövqeyini belə izah edib ki, “Serbiyadan Ermənistana silah satışında hüquqi baxımdan bir yanlışlıq yoxdur. Çünki Ermənistana qarşı beynəlxalq təşkilatların və ya böyük dövlətlərin sanksiyaları mövcud deyil”. Bununla yanaşı, nazir Azərbaycanla bağlı məsələyə görə əlavə edir: “Formal hüquqi prinsiplərlə yanaşı beynəlxalq, siyasi komponentlər də nəzərə alınmalıdır. Gələcəkdə belə halların təkrarlanmasına yol verməməliyik. Bizə anlaşılmazlıq lazım deyil”. Bu mövqe Serbiyanın gələcəkdə Azərbaycan tərəfinin qaldırdığı məsələyə daha diqqətlə yanaşacağına sübutdur.

– Bəzi yerli xəbər portallarında, o cümlədən “Haqqın.az” saytında mövzuya dair materiallarda Siz ittiham olunmuşdunuz…

– Zaman-zaman “Haqqın.az” xəbər portalında mənim adımın da çəkildiyi bir sıra yazılar olub. Həmin yazılarda bəzən obyektiv tənqidlər də yer alıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizin mövqelərini ələ keçirmək məqsədilə hücum cəhdi, həmin təcavüz əməliyyatından öncə Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın satılmasına dair dərc olunan ilk xəbərdə “Haqqin.az” da cəsarətli və peşəkar mövqe ortaya qoydu.

Mənim təhlilim həm də onu deyir ki, məlumatları təqdim edən mənbə də eynilə məsələlərə çevik, peşəkarlıq və vətənpərvərliklə yanaşmışdır.

– Sizcə, bu məsələ Azərbaycanla Serbiya arasında münasibətlərə nə dərəcədə mənfi təsir göstərə bilər?

– Ölkələrimiz arasında münasibətlərin strateji səviyyəyə çatdırılması üçün hər iki tərəfdən böyük əmək sərf olunub. Bu münasibətlər kərpiç-kərpiç, damla-damla qurulub. Xalqlarımızın bir-birinə qarşılıqlı olaraq hörmətli münasibəti var. Belə bir anlaşılmazlığa səbəb olan fərdlərin yanlış qərarlarına görə ölkələr və xalqlarımız arasında dostluq münasibətləri zərər görməməlidir. Tarixdə dost, hətta qardaş hesab edilə biləcək dövlətlər arasında belə səhvlər, yanlışlıqlar və anlaşılmazlıqlar olub. Buna görə dostluq əlaqələrinin üstündən xətt çəkmək olmaz. Bu əlaqələrin hansı çətinliklə bu səviyyəyə çatdırıldığını bildiyimdən iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini vacib hesab edirəm. Qarşımızda böyük çağırışlar var. Dostluq münasibətlərimizin möhkəmlənməsini gözü götürməyən, aramıza nifaq salmaq istəyən qüvvələr qulağımızın dibində pusquda durublar. Onlara fürsət vermək olmaz! Nə Azərbaycanın, nə də Serbiyanın dost itirən vaxtı deyil. Ümid edirəm ki, Serbiya tərəfindən bir daha, münasibətlərimizə xələl gətirən belə bir anlaşılmazlıq olmayacaq.

Az öncə də qeyd etdiyiniz kimi, Serbiya Respublikası Baş Nazirinin müavini, Daxili İşlər naziri, həmçinin Serbiyanın Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç ölkəmizdə işgüzar səfərdə olub. Səfərin nəticəsi haqqında nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı vermiş və bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmişdi. Danışıq əsnasında Serbiya Prezidenti sözügedən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə göndərilməsi barədə qərar qəbul etdiyini vurğulamışdı. Prezidentlərin telefon danışığından 3 gün sonra Serbiya Respublikası Baş Nazirinin müavini, Daxili İşlər naziri, həmçinin Serbiyanın Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç Serbiya Prezidentinin tapşırığı ilə Azərbaycana işgüzar səfər etdi. Səfər çərçivəsində N.Stefanoviç ölkəmizin səlahiyyətli nümayəndələri – Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov, Xarici İşlər nazirinin müavini Araz Əzimov və digər rəsmi şəxslərlə görüşlər keçirib, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri, siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı müzakirələr aparılıb.

Səfər zamanı gəlinən qənaətlər və əldə olunan nəticələr bir daha göstərdi ki, Serbiya ilə Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun əməkdaşlığı davam etdirir və əminəm ki, gələcəkdə də davam etdirəcəkdir.

452 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev