Ermənistanın soyqırımı siyasətinin daha bir təzahürü... - İnsanlıq əleyhinə cinayət

Milli Məclisin deputatı Aqil Məmmədov hesab edir ki, 90-cı illərin əvvələrində Azərbaycanda mövcud olan hərc-mərclik və hökm sürən anarxiya ərazilərimizi işğal etmək niyyətində olan təcavüzkar Ermənistan üçün sanki bir fürsətə çevrilmişdi:
“Azərbaycanın özünün ərazilərini və vətəndaşlarının təhlükəsizliyini təmin etmək bacarığının zəif olduğu dönəmdə məhz Ermənistan tərəfindən xalqımıza qarşı aqressiv, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilib. I Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən xalqımıza qarşı bu cür insanlıq əleyhinə olan cinayətlərin sayı olduqca çoxdur. 2020-ci ilin 27-i sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Erməni şovinizminə, separatçılığa, təcavüz siyasətinə son qoyuldu. 30 il Azərbaycan ərazilərində vandalizm və barbarlıq siyasəti həyata keçirən Ermənistan burada xalqımıza məxsus bütün tarixi, dini, mədəni-mənəvi abidələri məhv edib, talamaqla məşğul olub. Məhz bu gün işğaldan azad edilən ərazilərdə azərbaycanlılara məxsus kütləvi insan məzarlarının aşkar edilməsi birmənalı şəkildə insanlıq əleyhinə cinayət hesab edilir”. Deputat bildirib ki, Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkarlanması erməni vandalizminin, soyqırımı siyasətinin daha bir təzahürüdür: “Eyni zamanda bu gün Qarabağda azərbaycanlılara məxsus aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün də tam ciddi bir əsasdır. Bu, Ermənistan tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsini sübut edən danılmaz faktlardan biridir. İşğaldan azad edilən torpaqlarda aşkarlanan kütləvi məzarlıqların sayının artması onu deməyə əsas verir ki, ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla yüzlərlə soyqırımı aktları həyata keçirib. Aşkarlanan kütləvi insan məzarlıqlarının Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, öldürülmüş hərbçilərə, mülki şəxslərə aid olması mümkündür”. Millət vəkili vurğulayıb ki, bu gün Ermənistana heç bir əsası olmayan məsələlərə görə dəstək verən dairələr, aşkar edilən azərbaycanlılara məxsus kütləvi məzarlıqlarla bağlı yenə də susurlar: “Bu açıq şəkildə ermənipərəst mövqelər və ikili standartların növbəti ifadəsidir. Azərbaycan dövləti hər zaman ədaləti özü təkbaşına təmin edib. II Qarabağ müharibəsində 30 il işğalda qalan ərazilərimiz azad edildi. İşğalçı Ermənistan torpaqlarımızdan qovuldu. Döyüş meydanında düşmənə layiqli zərbə vuruldu. Şəhidlərimizin qanı yerdə qalmadı. İki il öncə məhz bu gün Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi və bu gün orada aparılan böyük bərpa-qurucluq işləri Azərbaycan dövlətinin öz torpağına, ərazisinə, ona məxsus olan dəyərlərə münasibətinin əyani təzühürü hesab edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndinin - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunması Ermənistanın işğalçılıq mahiyyətinə vurulan ən böyük zərbə idi. Bu gün isə azad olunan ərazilərdə Azərbaycanın üçrəngli şanlı bayrağı qururla dalğalanır”.
Teleqraf.com