"GİLEY DOLU YOL GEDİRİK" - Məhəmməd Nərimanoğlu

Şair-publisist, Qızıl Qələm mükafatı laureatı Yusif Hüseynin 2018 ci il May ayının 10 da 67 yaşı tamam olur..Bu münasibətlə qardaşımı təbrik edirəm...Səsini-sədasını doğma yurd yerlərindən eşidək..Dostlar gəlin birlikdə şairin yaradıcılıq yoluna qısa səyyahət edək.. Yusif, çox əllərdən sərvət də getdi, Sərvətlə bərabər hörmət də getdi... Sultanlar yıxıldı, şöhrət də getdi, Söz yenə könüllər sultanı oldu...
Yusif Hüseyn.. Yusif Hüseyn 1951-ci il may ayının 10-da Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Ç. İldırım adına Politexnik İnstitunu (hazırkı Texniki Universteti) qurtarmışdır. Mühəndis olmaqla yanaşı, könlünü sözə bağlamışdır. O, bildiyiniz kimi, dillər əzbəri olan şair Bəhmən Vətənoğlunun doğma xalası oğludur. Mərhum, tanınmış türkoloq şairimiz Məmməd Aslanın təbirincə desək; -Yusif Hüseyn anadan şair doğulmuşlardandır. O, bal arısı kimi bir şairdir. Yenə də şairin bir bəndini burada demək yerinə düşər: Yaşasan hayanda, olsan harada, Sonda bir rəngdədir, ağ da, qara da… Sərvət də boş şeydi, pul da, para da; İnsanın insana ehtiyacı var... Bəli, bu gün də, sabah da bizim yalnız yaxşı, dəyərli insanlara ehtiyacımız vardır. Hələ 1992-ci ildə şairin “Ömrün ətri” adı ilk kitabında şair İlyas Tapdıq yazırdı: “Bu gün isə, mənim üçün, indiyə kimi gizli qalmış bir saf çeşmə də tapıldı. Bu, Aşıq Ələsgər, şair Qurban, Dədə Şəmşir bulağından ilhamlanan, öz saflığı ilə yadda qalan Yusif Hüseyn şeirləridir. Mən onun haqqında hələ indiyəcən mətbuat səhifələrində oxumamışam. Bəlkə də şeirləri çap olunub, ancaq mənə rast gəlməyib. İndi isə, onun şeirlərini toplu halda vərəqləyirəm. Təəssiflənirəm! Xəzəlliklərdə gizlənib qalan bir çeşmə kimi onun şeirləri çox adamların nəzərindən kənarda qalıb. Lakin onu öz doğma el- obası şeirləri və peşəsi ilə yaxşı tanıyırlar. Könlünü saza-sözə bağlamış bir insandır”. 2003-cüü ildə xalq şairi Məmməd Araz yazırdı: “Yusif Hüseynin şeirlərində mən bütöv bir Kəlbəcər obrazını, sonra isə böyük Azərbaycan dünyasını gördüm.Yusifin şeirlərinin hər misrasında vətənpərvər bir oğulun ürəyinin döyüntüləri eşidilir. Onun hələ Kəlbəcərdə olarkən qələmə aldığı “Burdan ayrı qalınca” şeirinin hər bəndində həmin ürəyin ritmini daha aydın, daha gur eşidirsən: Ana vətən, torpağına üz qoyum, Bahar ömrüm saralınca, solunca. Vətənsiz də vətəndaşlıq olarmı?! Burda ölüm, bura həsrət olunca. Daşa dönüm, burdan ayrı qalınca. Xalq şairi Məmməd Araz daha sonra yazır: “Yusif mənim “ Vətən mənə oğul desə nə dərdim, mamır olub, qayasında bitərdim” beytimi epiqraf seçərək, “Bir payızın hədəsiyəm” gəraylısını yazıb. Çox tutarlı alınıb: Vətən ki var, mamır olub, Qayasında bitəsiyəm. Bir yarımçıq nəğməm qalıb, Nə zamansa, ötəsiyəm.. Yusif Hüseyn oxucusu olan, oxucular tərəfindən sevilə-sevilə oxunan şairlərimizdəndir… Şairin oxucusu varsa o, xoşbəxt şairlərdəndi... İndiki zamanda oxucuları adi şeirlərlə aldada bilməzsən. Yenə də Məmməd Aslanın bir fikrinə isnad edirəm: “Kəlbəcər ədəbi mühitində ilk sətiraltı ifadələri şair Yusif Hüseyn demişdir... O, barmaq hesabı ilə heca tutub, şeir yazanlardan deyil. Yusif Hüseyn anadangəlmə şairlərimizdəndir... Olmaz belə şöhrət, olmaz belə şan, Yusif, getdi, gəncliyindi yol aşan... Bir gözəlin tellərində dolaşan, Bir sığallıq daraq imiş gəncliyim.. Nə vəfasız qonaq imiş, gəncliyim”... Və ya..başqa bir nümunə: ...Güzgülər çəkilib ayna sulara, Sular naxış-naxış, naxışlanıbdı... Şəlalə asılıb hörüklərindən, Elə yerindəcə donub qalıbdı... Türk dünyasının böyük şairi Məmməd Aslan şairin yaradıcılığından danışarkən yazır: “Yusif Hüseyn həqiqətən bal arısı kimi bir şairdir. Nə yazıq ki, elə bal arısı kimi də əksər vaxtlarda bal çəkdiyinin fərqində olmayanlardandır. Ona elə gəlir ki, şair ayrı adamdır, o da bir ayrı məxluq. Eləcə əsrlər boyu qəlbinin bəndini, bərəsini dolduran möhnətini, ağrı-acısını hərdən kövrəldikcə kağıza köçürür. Amma birdəfəlik bu ağrı-acısını sıxıb, rahatlıq tapa bilsəydi, onu bürüyən bu sıxıntı halları canından barı çəkilib getsəydi”... Yəni, doğurdanmı, şairlərin hamısı bu möhnəti çəkməyə məhkumdur?! Bəlkə elə bütün şairlər bu ürək burxulmalarını yaşayır, həyatın bu keşməkeşləri ilə kəllə-kəlləyə gəlir, Yusif kimi: Giley dolu yol gedirik; Yazla qışın arasında. Çox sınağa çəkilirik, Bərkin-boşun arasında. Allahın məsləhət verdiyi bu canı rahat yaşamağa rəhmani qüvvələrin əmr və yasaqları bəs eləməzdimi ki, şeytani qüvvələr də o biri tərəfdən üstümüzə şər-şamata ləşkəri ilə yeriməliymiş; Qoşa gəzər xeyirlə-şər; Hey çırpışar, hey əlləşər. Ölüm-qalım adiləşər; Gözlə qaşın arasında. Nə imiş ki bu dünya?! Onun uğrunda üz tutub gəlirik və bu qədər şər qüvvələr arasında çırpına-çırpına qalırıq. Madəm bir can gözlə qaş arasında məhvə məhkumdur, bunun üçün bu qədər qorxu-qadağaya dözməyə, bu qədər üzüntü çəkməyə dəyərmi?! Yusif balaca bir gəraylı imkanında həyat çillələrini, onun amansız qanunlarını çox asanlıqla misra sığalına gətirə bilir: Yusif, bu da bir dövrdü; Nə cadudu, nə sehrdi?! Səhər-axşam çək-çevirdi, Əllə başın arasında. Bu qeylü-qalların şair gah Yaradandan, gah fərdin öz xətasından gəldiyinə inanır. Yusif Hüseynin sözlərinə bəstəkarlar tərəfindən neçə-neçə mahnılar bəstələnib..Professor, xalq artisti məhrum bəstəkarımız Nəriman Məmmədov şairin sözlərinə bəstələdiyi “Ana mahnısı”, “Qayıt ömrümə gəl sən”, “Allah, belə gözəl olmaz”, həvəskar bəstəkar Hidayət Elvüsalın şairin sözlərinə bəstələdiyi “Qoy inciyir-incisin” mahnıları, Bəstəkar müğənni Kərbəlayi Qəhrəman Qəmbərovun şairin sözlərinə bəstələdiyi və özünün ifasında dinləyicilərə təqdim etdiyi "Vətəndi Torpaq", "Yox bu dünya mənlik deyil" və "Tanrı Eşqinə" mahnıları da dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.. Həmişə müğənnilər tərəfindən sevilə-sevilə oxunur... Yusif Hüseynin yaradıcılığına həmişə maraq olub və bunun nəticəsidir ki, İctimai Televiziya şairin yaradıcılığından bəhs edən 35 dəqiqəlik "Vətən Harayında, Yurd Həsrətində" filmini çəkib dəfələrlə ekranda göstərmişdir.. Şairin yaradıcılıq bioqrafiyasına qısa diqqət yetirək:

1. 1992-ci il. - ”Ömrün ətri” şeirlər kitabı.(Azərnəşr, 10000 tiraj, ...ön sözün müəllifi İlyas Tapdıq); 2. 2003-cü il - ”Bir parça ömür yolu”. “Araz” nəşriyyatı, 500 tiraj, ön sözün müəllifi xalq şairi Məmməd Araz); 3. 2005-ci il - ”Ömür ağacı var, dar ağacı var”, “Adiloğlu” nəşriyyatı, 500 tiraj, ön sözün müəllifi Məmməd Aslan); 4. 2006-cı il - “Günlərin birində”...( “Adiloğlu” nəşriyyatı, 1000 tiraj), 5. 2009-cu il - ”Mən də bu dünyadan beləcə keçdim”, (“Adiloğlu” nəşriyyatı, 1000 tiraj); 6. “İnam ocağı”...”Fidan şəhidlər”...”Daşa dönmüş qəm”, ”Ana”, ”Girdimançay” və ”Dilqəm” poemaları kitab halında nəşr olunub. Oxucular tərəfindən maraqla qarşılanıb.. 7. 2015-ci il aprel, ”Kəlbəcər-ağrılı dünyamdı mənim”, (“Qısmət” nəşriyyatı, 1000 tiraj, rəngli foto-albom şəkilində); 8. 2015-ci il dekabr, ”Kəlbəcər dünyası-ədəbi xatirələr”, (“Qismət” nəşriyyatı); 9. 2016-cı il mart, ”Yusif Hüseyn müzakirələrdə və rəylərdə”, (“Qismət” nəşriyyatı); 10. 2016-cı il aprel, ”Ana südü-ana öyüdü” və “Dilqəm” poemaları, ”Göy atın etibarı” və “Boz itin vəfası” povestləri (“Qismət” nəşriyyatı 500 tiraj); 11. 2016-cı ilin iyulunda "Alın yazısı"..Rəhmətlik Aşıq Kinyazın Xatirəsinə. 200 tirajla..rəngli-albom.. 12. 2017 ci ilin yanvarında "Ömrü Örnək Olanlar" Kəlbəcərdə ailə mədəniyyətini tərkib hissəsi kimi..300 tirajla..rəngli albom.. 13. 2017 ci il. "Ömür nağıl imiş"..şeirlər kitabı..NURLAN nəşriyyatı...300 tirajla..
Məhəmməd NƏRİMANOĞLU