Göy-Göl rayonunda "Gənc aşıqların Dədə Şəmşir adına" müsabiqəsi keçirildi-FOTOLAR

Azərbacan Aşıqlar Birliyi, Kəlbəcər rayon İcra hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 126-cı ildönümü münasibətilə Gəncə şəhərində “Dədə Şəmşir – saz-söz bayramı” keçirlib. Tədbir iştirakçıları əvəlcə görkəmli sənətkarın Göygöl rayonundakı büstünü ziyarət ediblər.
Sonra Göygöl şəhərində ustad sənətkarın adını daşıyan musiqi məktəbində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Dədə Şəmşirin xatirəsinə həsr olunmuş Yeniyetmə Aşıqların Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yeniyetmə gənc aşıqlar iştirak ediblər.
50-dən çox gənc aşığın qatıldığı tədbirdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Laçın, Şirvan, Göygöl və Kəlbəcər bölgələri təmsil olunub. Yeniyetmə gənclər klassik saz havaları üstündə Dədə Şəmşirin sözlərini səsləndiriblər. Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, ustad aşıqlar-Əməkdar Mədəniyyət işçisi Mais Gəncəli, Fətulla Göyçəli, Əhliman Kəlbəcərli və digər ustad sənətkarların münsiflik etdiyi müsabiqə uğurla yekunlaşdırılmış, qaliblər mükafatlandırılmışlar.