"Hər il Kəlbəcərə gedirdik. Getməyəndə də ürəyim rahat idi, bilirdim ki, orada bir dünyam var&q



"Gözümə Kəlbəcər torpağı tökün".

O özünü şeirində belə tanıdırdı: Tənha zirvələrin yar-yoldaşıyam Quşqonmaz dağların ağır qışıyam Mən qaya parçası, çaxmaq daşıyam Mən çətin adamam, asan deyiləm. Bəlkə təbiətindəki bu azadlığı, bu məğrurluğu vurğunu olduğu o yerlərdən öyrənmişdi. Məmməd Aslanın 1939-cu ilin 24 dekabrında dünyaya göz açdığı yurd - Kəlbəcər rayonunun Laçın kəndi dağlar qoynunda yerləşirdi. O balaca kənd Məmməd Aslana təbiəti, dünyanı sevməyi öyrətdi. Kəlbəcərin, Laçın kəndinin dağları, buz bulaqları, gül-çiçəkli yaylaqları, al-əlvan çəmənləri, meşələri onu şair etdi. Poeziyaya məhəbbəti həm də atasından görüb öyrəndi. Klassik ədəbiyyatın, şifahi xalq ədəbiyyatının bilicilərindən olan atası Muxtarın gözəl təbi də vardı. Amma şeirlərini çap etdirməzdi. 

Məmməd Aslandan qabaq dünyaya gələn qardaşları çox yaşamamışdılar. Doğmaları onun da eyni taleyi olacağından qorxmuşdular. O vaxtlar yolu Laçına düşmüş iranlı molladan kömək də ummuşdular. Məmməd Aslan bu əhvalatı gülə-gülə danışırdı. Sonra təəssüflə deyirdi: "Bu dünya o doqquz qardaşın çəkəcəkləri qədər mənə çəkdirdi". Sağ qalan iki bacısı - Əzizə və ata bir ana ayrı olan Xublar onu çox sevirdilər. Ümumiyyətlə, sevgi sarıdan bəxti həmişə gətirmişdi. Məmməd Aslan sevilən adam idi.

...Başından çox qovğalar ötdü. Onun qismətinə uşaqlıq illərindən ayrılıqlar düşdü. Kəlbəcərin hörmətli ziyalılarından sayılan atasını erkən yaşlarında itirdi. Uşaqlığı İkinci Dünya müharibəsinin ağır vaxtlarına düşdü. Müharibə başa çatandan sonra da uzun illər onun yaraları sağalmadı, gətirdiyi aclıq, yoxsulluq bitmədi. Ancaq Məmməd Aslan gələcəyə ümidlə baxır, arzular, xəyallar qururdu. Bəlkə ən böyük dərsini həyatdan aldığı üçün sonralar nə qədər çətinliklərlə qarşılaşsa da, özündə dözüm tapdı. Sınmadı. 

Məktəbdə böyük həvəslə oxuyurdu. Kəlbəcərin qaynar poeziya mühiti ona da böyük təsir göstərirdi. İlk şeirlərini yazmağa başlamışdı. Bir də gözəl əl qabiliyyəti var idi. Müsahibəsində deyirdi: "Rəssamlığı da, şairliyi də o dağlardan, bənövşəli yamaclardan öyrəndim. Yeniyetmə vaxtlarımda rəssam olmaq arzusuyla Bakıya gəldim. Rəssamlıq məktəbində yataqxana şəraiti olmadığından Kəlbəcərə qayıdıb təhsilimi orda davam etdirdim"

Orta məktəbi Kəlbəcər qəsəbəsində gümüş medalla bitirdi. Ali təhsil almaq üçün Bakıya yollandı. 1957-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti - Z.F.) tarix-filologiya fakültəsinə daxil oldu. Tələbəlik illərində bədii yaradıcılıqla daha böyük həvəslə məşğul olmağa başladı. 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində ilk dəfə şeiri dərc edildi.

Təhsilini 1962-ci ildə başa vurdu. Təyinatla doğulduğu Kəlbəcər rayonuna getdi. Həmin rayonun Yanşaq, İstisu kənd məktəblərində bir müddət Azərbaycan dili və ədəbiyyat müəllimi işlədi. Bədii yaradıcılığa marağı onu rayonda nəşr olunan "Yenilik" qəzetinin redaksiyasına apardı. Qəzetin məsul katibi vəzifəsində çalışdı. Müəllim işlədiyi, rayon qəzetində çalışdığı illərdə şeirləri, publisistik yazıları respublikanın müxtəlif qəzet və jurnallarında dərc olundu. 


1970-ci ilin yanvarında Bakıya köçdü. Burada "Ulduz", "Azərbaycan təbiəti", "Pioner" jurnalları və "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetləri redaksiyalarında, "Yazıçı" nəşriyyatında müxtəlif vəzifələrdə çalışdı. 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət Televiziyasının "Ekran-efir" qəzetinin baş redaktoru işlədi. Eyni zamanda Azərbaycan televiziyasında "Əkil, Bəkil quş idi" və "Dərədən- təpədən" verilişlərinin müəllifi və aparıcısı oldu. Son illər "Xəzər TV"də "Sözün özü" adlı verilişi yayımlanırdı. Şair Azərbaycan televiziyalarında uzun illər apardığı verilişlərdə ana dilimizi, milli adət-ənənələrimizi, folklorumuzu təbliğ etdi. Məmməd Aslanın ədəbiyyatımızda ən böyük xidmətlərindən biri də dilimizin qorunması yolunda illərdən bəri apardığı mübarizədir. O, bədii yaradıcılığa başladığı vaxtlardan, "ömrü söz uğrunda girov qoymuşam" dediyi gündən həyatını sözə, şeirə, ədəbiyyatımıza, dilimizə həsr elədi. Dilimizin şirinliyini, saflığını qorudu. Şair, publisist, folklorçu, türkoloq kimi ədəbiyyatımızı zənginləşdirdi. Şair yazırdı: Bu yolu seçdim ki, yanam, tutuşam, Alovlar içində qovrulan quşam. Ömrü söz uğrunda girov qoymuşam, Başqa sənətim yox, başqa işim yox... O, tərcüməçiliklə də məşğul olurdu. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüydü. Beynəlxalq və respublika mükafatları laureatıydı. Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, "Şöhrət" ordenli sənətkarıydı. 1969-cu ildə "Gənc şairin ilk kitabı" seriyasından buraxılmış "Dağ ürəyi" kitabına 22 şeiri daxil edildi. Sonralar 50-dən artıq şeir və publisistika kitabı işıq üzü gördü. "Dağ ürəyi", "Səhəri kim açır", "Səsimə səs ver", "Bizdən sonra nə qalır", "Ürək möhlət verəydi", "Durnalar lələk salır", "Ərzurumun gədiyinə varanda", "Ömrün yarı yaşında", "Saxla izimi, dünya", "Nur içində nur", "Allahın rəsulu", "Bir sultan yaşardı Sultantəpədə", "Varlıqla yoxluq arasında" və digər kitabları öz oxucularını tapdı. Məmməd Aslan rəssamlığı da unutmurdu. Kitablarındakı illüstrasiyaların müəllifi özü idi. 

...Məmməd Aslan Vətən aşiqiydı. Hələ 1990-cı ilin 20 yanvarında vətənimizin paytaxtında qanlı qırğınlar törədiləndə, Sovet qoşunları silahsız insanları qətlə yetirəndə şair haqq səsini ucaldanlardan biri oldu. O gün bütün Azərbaycan şəhid balalarına ağlayırdı. Sankı onların üzərinə səpilmiş qərənfillər də fəryad edirdi. Məmməd Aslan da "Ağla, qərənfil, ağla" adlı şeiri ilə xalqımıza ağı deyirdi: Bu günahsız qanlara, Bu didilmiş canlara, Bu cansız cavanlara, Ağla, qərənfil, ağla! Amma çox təəssüf ki, 20 Yanvar faciəsi bu millətə çəkdirilən sonuncu müsibət olmadı. Sonrakı illərdə Azərbaycan torpaqları ermənilərin işğalına məruz qaldı. Şair əlinə qələm aldığı vaxtdan doğulub boya-başa çatdığı yerlərdən böyük məhəbbətlə söz açırdı. Doğma yurdunu, onun gözəlliyini heyranlıqla vəsf edirdi. O yerlər ermənilərin tapdağı altında qaldıqdan sonra şairin Vətən sevgili, torpaq ətirli şeirlərinə bir ayrılıq havası, həsrət yanğısı qarışdı.

Məmməd Aslan gözəllik səltənəti, alınmaz qala bilirdi Kəlbəcəri. Bakıda yaşasa da, ürəyi ordaydı. Deyirdi: "Hər il Kəlbəcərə gedirdik. Getməyəndə də ürəyim rahat idi, bilirdim ki, orada bir dünyam var". 

Bu dünyanın çox dərdlərini görmüşdü, çox haqsızlıqla qarşılaşmışdı. Sağlamlığı da şairi yarıyolda buraxmışdı. Şəkər xəstəliyi ilə 30 ildən artıq yoldaş oldu. Çox vaxt özü-özünə həkimlik edirdi. Cürbəcür şəfalı bitkilərlə, otlarla xəstəliyi ram etməyə çalışırdı. Bir tərəfdən də televiziyada çəkdiyi zəhməti itirmişdilər. Onun on dörd il yaradıcısı və aparıcısı olduğu "Dərədən-təpədən" televiziya verilişi geniş auditoriyaya malik idi. Xalqımızın tarixi, mədəniyyəti, folkloru barədə məlumat verən həmin veriliş Türkiyədə, İranda, Dağıstanda da maraqla qarşılanırdı. Ancaq "Dərədən-təpədən" verilişini bağladılar. Belə gərəkli verilişin də yerini ekranlarda baş alıb gedən bayağı şou proqlamları tutdu. İşindən, sevimli verilişindən uzaqlaşdırılan Məmməd Aslanı ən çox ağrıdan bir də bu oldu: bu haqsızlığı sükutla qarşıladılar, dilimizin saflığını qoruyan, onu zənginləşdirən, təbliğ edən şairin, ziyalının kənarda qalması kimsəni düşündürmədi.

Şair Sumqayıtda, binanın 5-ci mərtəbəsində yaşayırdı. Ağrıyan ayaqlarıyla mənzilinə qalxmaq çətin idi. Ağır həyat şəraiti, Vətən nisgili sanki anbaan ömrünü qısaldırdı. Məmməd Aslan zəngin kitabxanası olan evində sanki ayrı br aləmdə ömür sürürdü. Şəxsi həyatından danışmazdı. Bilinən o idi ki, şair ikinci həyat yoldaşından da boşanıb. Bu ayrılıqdan 30 ilə yaxın vaxt keçirdi. Həyatından başqa sevgilər də keçən şair sonunda tək qalmışdı. Tənha yaşamağa alışmışdı. Çox maraqlı həmsöhbətiydi Məmməd Aslan. Onu böyük maraqla, yorulmadan saatlarla dinləmək olardı. Son zamanlar sanki bir az küskünləşmişdi. Qarabağın taleyi, Kəlbəcərin düşmən əlində olması onu sarsıtmışdı. Məmməd Aslan doğulub boya-başa çatdığı, onu şair olmağa məhkum edən Kəlbəcərin nə zamansa yenə bizim olacağından ümidini tamamilə kəsməmişdi. Onun qorxuları başqaydı. Şeirlərindən birində: "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər..." demişdi. Müsahibələrindən birində həmin şeirinə bu cür açıqlama verdi: "Qarabağı almaq o demək deyil ki, Kəlbəcər əbədi erməniyə qalacaq. Mən deyirəm ki, "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər". Kəlbəcər eldən-obadan, mərkəzdən uzaq bir yer idi, onun ağsaqqalı, qarasaqqalı vardı. Onun deyib-gülən, bir-birini sevən, bir-birinin başına dönən əhalisi vardı. Ölkənin 50-60 rayonuna dağılışdıq. Kəlbəcər qayıtsa, insanlar o şəkildə, o mənəviyyatla qayıtmayacaq. Səhhətim sözümə baxmır, xəstəyəm. Amma ən böyük narahatlığım Kəlbəcərdən, bir də mənəviyyatımızın korşalmasındandır. Gəncliyimiz dəyişir və bu, məni çox üzür. Kəlbəcərdən çıxandan sonra çox şey dəyişib, buralarda çox üzlər gördük. İnsanlarda mənəviyyat, abır-həya azalır. Ona görə də yaşamaq çətinləşir. Çox şeylər əlimizdən gedib".

Bir də qorxusu Kəlbəcəri görmədən bu dünyadan köçəcəyindən idi. Kəlbəcəri sonuncu dəfə görmədən bu həyatı tərk etmək istəmirdi. İçində böyük bir yük daşıyırdı şair. Həsrət yükü… Murovun zirvəsindən doğma yurduna baxmaq Məmməd Aslanın bu dünyada ən böyük arzusu, son istəyi idi. Yaşı artdıqca bu həsrət daha da çəkilməz olurdu. "Kəlbəcər gözlərimin önündən getmir", - deyirdi. O doğma yerləri yenidən görmək, ziyarət etmək üçün ümidi yuxularınaydı. Son illər yuxuları da şairə vəfasız çıxmışdı. Yata bilmirdi.

Gözləri Kəlbəcərdə gördüyü dağlara bənzər dağlar, yaylaqlara bənzəyən yaylaq axtarırdı. Yayda Zaqatalada dincəlir, həm də müalicə olunurdu. Qızı Təbrizə və onun həyat yoldaşı şairə qulluq edirdilər. Bir də nəvələri Firuzə və Məmməd Kamalla ovunurdu. 

Məmməd Aslan 2015-ci ilin 23 sentyabrında Zaqatalada dünyasını dəyişdi. Masazır qəbiristanlığında dəfn olundu. Vəsiyyətini şeirində etmişdi Məmməd Aslan. "Gözümə Kəlbəcər torpağı tökün", - demişdi. Ancaq bu arzusuna da qovuşmadı. 

Zöhrə FƏRƏCOVA

#Şeir #Şair

18 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev