HƏR KÖNÜLDƏ YERİ OLAN


HƏR KÖNÜLDƏ YERİ OLAN İsmayıl Cabbarovun ömür yolundan söz açan kitab


Tarixin yaddaşına yazılanları dünyanın bəxtəvəri sayırlar. Doğrudanmı onlar bəxtəvərcəsinə ömür sürüblər? İctimaiyyət arasında sayılıb-seçilənlər el-obanın qayğısını çəkənlər, cəmiyyətin inkişafına öz töhfəsini verənlərdir. Kəlbəcərdə də belə ziyalı ağsaqqalların odlu ürəklərinin işığına və istisinə yetişən gənclik təlim-tərbiyəsi ilə seçilib. Ötən əsrin ortalarından başlayaraq, Kəlbəcərdə elmə, təhsilə maraq daha kütləvi hal almışdır. Ailələr var idi ki, burada böyüyən uşaqları yalnız oxumaq, elmə, biliklərə yiyələnmək düşündürürdü. Belə ailələrdən biri də Kəlbəcərin Dalqılınclı kəndində və ümumiyyətlə, beş para kənd olan Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Əmrallar, daha geniş mənada rayon miqyasında sayılıb-seçilən İsmayıl Məşədi Kazım oğlununku idi. Ali təhsillilər ailəsi kimi tanınan bu ocaqdan pöhrələnənlər hələ orta məktəb illərindən öz qabiliyyət və əxaqları, sonra bilik və bacarıqları, zaman keçdikcə üzə çıxan ziyalılıqları ilə barmaqla göstəriliblər. İsmayıl dayı kənd-kəsəklərimizin ağsaqqalı kimi, ötən əsrin 70-ci illərində kolxoz sədri vəzifəsində olarkən hamının rəğbətini qazanmış, torpaq adamlarının alın tərini, əlinin qabarını daim əsas tutaraq, kimsəni incitmədiyi barədə bu gün də ağızdolusu danışılır. Ailənin ikinci böyüyü olan Hərgül xalanın balalarının çox yüksək səviyyədə oxumaları, hər yerdə birinci olmaları üçün verdiyi tərbiyə, çəkdiyi zəhmət isə daim nümunəyə çevrilmişdir. İsmayıl Cabbarovun nəsil şəcərəsi də sübut edir ki, davamçıları yalnız el-oba adamı, xeyirxah, insanpərvər olmalı idi. Və onların belə olmamağa haqları çatmırdı. Şünki onlardan əvvəlkilər də belə olmuşdular. Son illər nəsil şəcərələrinə həsr olunmuş publisistik kitabların nəşrinin çoxalması bəzi dairələrdə dodaqbüzmələrə səbəb olsa da, əslində, burada bir həqiqət var ki, tariximizin indiyə kimi yazılmamış qaranlıq səhifələri (sovet hakimiyyəti illərində ideologiya imkan vermirdi ki, insanların kimliyi şəcərə şəklində yazılıb gələcək nəsillərə çatdırılsın) bu kimi yazılar və tədqiqatlarda üzə çıxmış olur. Yazıçı-publisist Yusif Mirzənin toplayıb tərtib etdiyi və böyük şairimiz Məmməd Aslanın qələmi və nəfəsi ilə bir qədər də oxucuya doğmalaşan "Hər könüldə yerin var" kitabını vərəqləməklə İsmayıl Cabbarovun nəsil şəcərəsi barədə, sadəcə, məlumat almaq olar. Niyə belə deyirəm? İsmayıl dayının bu gün balalarının şərəflə daşıdığı nəsil şəcərəsi barədə ətraflı söz açmaq üçün istənilən qədər faktlar və arqumentlər gətirmək olar. Kəlbəcərdən kimi dindirsən, İsmayıl dayının ailəsinin - el-oba üçün necə gərəkli olduğu barədə yorulmadan danışar. Kitabın ön söz yerindəki "Bu, nağıl deyil" sərlövhəli yazıdan da aydınca görünür ki, haqqında danışdığımız topludakılar nağılabənzər həqiqətlərdir. Kitabın girişində bu gün təkcə kəlbəcərlilərinin deyil, bütünlüklə yurd-yuvasından perik düşmüş insanların doğmasına çevrilmiş Xəqani Kazımovun Həzrəti Məhəmmədin "Atanın haqqı - Allahın haqqıdır" kəlamı ilə açmasını təsadüfi saymaqmı olar? Hər şey yoldan başlayır: mədəniyyət də, iqtisadiyyat da. Bir sözlə, inkişafın rəhni olan yol təkcə eldən-elə yox, könüldən-könüllərə də açılır. Bu yolları isə əməlisalehlər, xeyirxahlar açırlar. Xəqani Kazımovun 1993-cü ildən indiyədək könüllərə açdığı yol onun şərəfli ömrünün mənasının ana xəttini təşkil edir. Kitabda da məhz bu istiqamətdə söz açılır. Kitab təkcə şəcərə xarakterli deyil. İsmayıl Məşədi Kazım oğlunun ailəsində dünyaya göz açmış övladlarının Azərbaycan xalqını layiqincə və ləyaqətlə təmsil etmələri əsas qayə kimi diqqət mərkəzində saxlanır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 20 fevral 2009-cu il tarixdən "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş Xəqani Kazımovun qardaş-bacılarının ziyalılığından, uşaqlıq yaşlarından zəhmətlə böyümələrindən danışılır. Məhz bu zəhmət Musa müəllimi professor, Əlövsət və İsmət Cabbarovları kollektiv rəhbəri, Kifayət xanımı söz adamı olaraq, kitabların sevimli dostuna çevirib. Sona xanımın ağ xalatının işığı isə neçə-neçə qəlb ağrısına, ürəyinə şəfa verib. Bu ocağın çox erkən itirdikləri də az olmayıb. Ömrünün gənclik illərində sağalmaz bir dərd Sevil müəlliməni təkcə balalarından deyil, sevimli şagirdlərindən də çox erkən və amansızcasına ayırdı… Ailənin bütün üzvləri haqqında geniş şərhə ehtiyac olmasa da, qeyd etməliyik ki, İsmayıl Cabbarovun övladlarının da ailəsində nəsil şəcərəsini layiqincə təmsil edən gənclər yetişməkdədir. Hər biri ilə fəxr ediləsi olan gənc cabbarovlar yaxşı bilirlər ki, kimlərin davamçılarıdırlar. Elə ona görə də hələ erkən çağlarından hər biri müstəqil Azərbaycanın ayrı-ayrı sahələrində öz üzərlərinə düşən borcu vətənpərvərliklə yerinə yetirir. Bunu istər memar Azər Kazımovun, istər həkim Vüsal Xəqani oğlunun, hüquqşünas Vasif Ələmdar oğlunun, istərsə də digər gənc və yeniyetmələrin şəxsində görmək mümkündür. İsmayıl dayının övladlarının ata haqqında fikirlərindəki özünəməxsusluq da onların ziyalı ailəsində böyümələrinin təsdiqidir. Şair Məmməd Aslan onları yeri gəldikcə xarakterinə görə təhlil edən müəllifin düzgün istiqamət götürdüyünü qeyd edir. Bir nəslin şəcərəsini səhifələrinə sığışdıran kitaba ad seçimi də yerinə düşüb: "Hər könüldə yerin var". İsmayıl dayı, ruhun şad olsun ki, özündən sonra cəmiyyətimiz və Vətənimiz üçün layiqli övladlar qalıb. PIÇILTILARINDAN DUYMAQ OLAR Kİ... Kifayət İsmayılqızının ürək boyda kitabında  təkcə vəznə - hecanın, əruzun, sərbəstin boyuna biçilməyən Şeirlərində azad nəfəs, həlim, iliq bir doğmaliq var. Söz ipək kələfi olduğu kimi, həm də zəhərlə sulanmış xəncərə də çevirilə bilir. Belə olmasaydı, dahilərin fikir dünyasında söz su kimi lətafətə çevrilməzdi. Sözü qədərincə işlətmədikdə, qədir-qiymətini bilmədikdə özü ilə bərabər müəllifini də hörmətsiz edir. Amma, nə yaxşı ki, ilahi Sözün keşiyini çəkən, onun nazından və qəzəbindən mənən zənginləşən Söz adamları zaman-zaman xalqımızın mədəni tarixində barmaqla sayılmayıb. Ümumiyyətlə, Söz millətimizin və xalqımızın başı üzərində dalğalanıb, müdrikləşib, ilahiləşib… Bu bir qədər pafoslu ifadələrin ünvanı da Söz adamıdır, həm də elə Söz adamı ki, təkcə xarakterinə deyil, şəxsiyyətinə və qələminə görə də sayılıb-seçilən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və birdən də təpələri vahiməyə gətirən (dağları yox, onlar əlimiz çatmayan, ünümüz yetməyən uşaqlıq illərimizin şahidi, həm də əzəmət, qeyrət simvoludur) şimşəyə, coşqun dağ çayına bənzəyən. Ədəbi aləmin yenilikləri ilə tanış olmaq imkanını verən vasitələrdən biri də təbii ki, oxucu auditoriyasına çıxarılmış nəşrlərdir. Doğrudur, ictimai-iqtisadi formasiyaların yerdəyişməsi dövründə (oxu: keçid dövrü-M.N.) bu sahənin də özünəməxsus problemləri mövcud idi. Lakin son illər adıçəkilən sahədə, konkret olaraq, kitab nəşrində yaradılmış nizam-intizam və mizan-tərəzinin şahidiyik. Oxucu zövqünü korlayan, heç bir ictimai əhəmiyyət kəsb etməyən, bayağı dil və üslubda, zəif yazılmış «əsər»lərin, həmçinin qafiyəpərdazların sayı azalmaqda, əvəzində kamilliyə xidmət edən bədii sənət nümunələri yaranmaqdadır. Bu da imkan verir ki, oxucu öz zövqünə uyğun bədii əsərləri seçə bilsin. Vaxt-zaman, tale-bəxt, ömür-gün, sevgi-məhəbbət, Ana-Vətən, ayrılıq-hicran, dərd-möhnət (necə də tanış ifadələrdir: klassik ədəbi nümunələrin hər birində bu mövzu, nədənsə, aparıcı olub-M.N.) haqqında poetik dillə söz açan «Uzaqlıq» kitabı Azərbaycan Milli Kitabxanasındakı xidmət şöbəsinin əməkdaşı, hər gün kitablarla nəfəs-nəfəsə olan Kifayət İsmayılqızını, bir müəllif olaraq, oxucularla ilk dəfədir ki, görüşə gətirib. Ermənistanın işğalı nəticəsində tapdaq altında qalan yurdların həsrəti, o yerlərin doğma insanlarının isə qaçqın-köçkün taleyinin ağrı-acılarının nəzmə çəkilmiş harayları da adlandırmaq olar bu şeirləri. Sevimli qələm dostum, poeziyasının vurğunu olduğum və ağsəsli, ağ nəfəsli, işıqlı-nurlu misraları ilə, daha doğrusu, fikir yükünü oriæinal formada daşıyan Qulu Ağsəsin yazdığı ön sözdəki pıçıltılardan da duymaq olar ki, müəllifin bir ürək boyda (boyu balaca, çəkisi az, həcmi, ölçüsü kiçik olsa da, dəyərli) olan kitabında vəznə - hecanın, əruzun, sərbəstin… boyuna biçilməyən şeirlərində azad nəfəs, həlim, ilıq bir doğmalıq duyulur: Xəyalımda qəmli qalan dağların İtib-gedən o üzündə Göyçədi. Əlçatmazdı, bunu billəm əzəldən, Uzaqlığı sanki yerlə-göycədi… Kitabın ön söz yerində Qula Ağsəsin ruhundan qopan və qələminin mürəkkəbli dilindən süzülən sətirlərindən sonra nə müəllif barəsində, nə də bu poetik ovqat haqqında nəsə deyə biləcəyimə əmin deyiləm. Ona görə də müəllifdən üzr istəyib, onun ailəsi, ata ocağı barəsində bir-iki kəlmə deməyi özümə borc bildim. Kifayət xanımın dünyaya göz açdığı (ata-baba yurdu) Dərəqışlaq kəndi Kəlbəcərin Göyçə ilə çiyin-çiyinə duran Göyçə gədiyinin axarındakı Dikyurd yaylağı, Otaqlı ilə Barmaqbinənin kürəyini söykədiyi indi kimsəsiz qalan Yazyurdunun ətəyindədəir. Dalqılıncı kəndi isə onların sonradan məskən saldığı yurddur ki, on yeddi ildir oradan kiminsə xəbər-ətər gətirməsi mümkün deyil. Kifayət xanım peşəkar kitabxanaçıdır: kitabsevən, onunla hər an təmasda olan, əzizləyən, barmaqlarının sığalı ilə oxşanan kitabların dostudur. Onun şeir yazmasının tarixi isə, özü də kitabın adında göstərdiyi kimi («Uzaqlıq»), uşaqlıq illərindən yol gəlir. Poetik ovqatın təlx edən və ya ruhunun laylasını çalan iztirablar boy verəndə pıçıltısı qələminin gözündən damıb. Damcı-damcı daman damlalar muncuqlanıb, sırğalanıb sinə dolu… İlk şeirləri müəllifin çoxdan işıq üzü görüb. Lakin 2005-ci ildə çapdan buraxılan «Kəlbəcər: yüz şairin bir kitabı» antologiyasında Kifayət İsmayılqızının şeirləri dərc olunub və həm də xüsusi seçilmiş müəlliflərdən biri kimi. Şeirlərinə müəllif bu kitabında bir görün hansı bəndlə ilmə atıb: Yaylaqlarda nə qış olur, nə də yay, Orda il dolanmır, dayanıbdır ay... Didərgin, qəribik, nidamız-haray, Dönəmi bilərik üzü dağlara?.. Müəllifin hicran, qəm-kədər, möhnət yüklü misralarından göz yaşı yox, yurd ağrısı süzülür: Bir itiyim itib, tapanım yoxdu, Atını dördnala çapanım yoxdu. Geriyə dönməyə gümanım yoxdu, Bəs kim aparacaq bizi dağlara?! Selləri, suları gözümün yaşı, Döyüş vaxtı kim zirəkmiş, kim naşı, Koroğlu tək igid tapılsa yaxşı, Bəlkə aparacaq özü dağlara? Kəndi varmı, qayası nə, dağı nə? Ona qoşum oxşamamı, ağı, nə? Yenə tutub yollarını yağı nə! Sancılıbdı yağı gözü dağlara. Kifayət müəllimənin şeirlərini oxuyan hər kəs onda daha yaxşı bilər ki, qəriblik, qaçqınlıq-köçkünlük və qürbətdə torpağa doğmalar tapşırmaq nə deməkdir. Atası İsmayıl Məşədi Kazım oğlunun ölümünə, çox erkən yaşlarından ata niskilinə, qərib məzarını ziyarətə gedə bilmədiyi, bəlkə də dünyanın ən əzablı günlərini yaşamış, balalarını xoş günə çıxarmaq üçün özü qaragünlülüyü qəbul edən Hərgül ananın, gəlinkən doğmalarına vida nəğməsi oxuyan bacısı Sevil xanımın (yox, yox, oxuya bilmədi…amansız xəstəlik onun nitqini də əlindən almışdı) anasız balalarına layla çalan xala deyilmiş sanki bu insan. Dilindəki şirinlikdən əsər-əlamət yoxmuş. Budur həmin ağının bir bəndi: Yol gözləyən baxışların korlaşdı, Ümidlərin qırılaraq dolaşdı. Yurd yanğısı cəmi dərdlərdən başdı, Yurdu viran, qəlbi talan atam hey! Qərib eldə, qürbət eldə yatan hey!.. Kifayət xanımın poetik ovqatından duyğulanmaq nə qədər asandırsa, ondan uzaqlaşmaq yurddan qaçmaq, yadlaşmaq, tərki-dünya olmaq qədər çətindir. Və belə şeirlərin çevrəsindən uzaqlaşmağın özü uzaqlıq qədər çətindir. Əslində, bu məqaləni yzmaqda məqsəd kəlbəcərlilərin, xüsusən onun beş-para kəndinin mərkəzi ssayılan Dalqılınclının bir ailəsi haqqında deyil, onun bir nəfərinin haqqında söz açmaq idi. Ailənin nə ilki, nə də sonbeşiyi olmayan Xəqani Kazımovun ömrünün ahıllıq çağında nəinki el-obasında. Vətənində qazandığı hörmət və nüfuzdan danışmaq istərkən təbii ki, qata-anası, qardaş-bacıları barədə də qısaca məlumat vermək yerinə düşdü… *** …Xəqani müəllimin uşaqlığından bu günə qədər keçdiyi ömür yolu özünün xeyirxah əməlləri ilə işıqlanır, nurlanır. Xaraktercə mülayim, ipək kələfi olan qardaşımızın qranitdən sərt, əsl kişi üzünü də görmüşük, sədaqətli, səxavətli, mərhəmətli, ünsiyyətli, ülfətli keyfiyyətlərini də. Bu gün çoxları deyə bilər ki, bu qardaş-bacıların uşaqlıqdan heç bir qayğısı, problem olmazdı yəqin, çünki atası vəzifə sahibi olmuşdu - rayonda sayılıb-seçilən idi. Civə zavodundan başlamış, Kalinin adına kolxozun sədri vəzifəsini daşıyanadək (el-obasını torpaqla təmin edib, hər birinin öz həyəti, ev-eşiyi olsun deyə, bəzən qanunu “pozaraq”, onlara halal torpaq paylarını verib xeyir-dua alanadək. Sonralar isə rayon mərkəzi xəstəxanasında – böyük bir personlla birlikdə çalışana kimi hər kəsin işinə yaramış, onların məhəbbətini qazanmışdı. Amma Xəqani müəllim böyük qardaşı, hazırda Neft Sənaye Universitetinin professoru Musa Kazımovla və böyük bacıları Kifayət xanımla keçirdiyi tələbəlik illərində çəkdikləri əziyyəti bəlkə də sadə fəhlə balaları çəkməmişdi. İsmayıl dayı onları əməyə, zəhmətə öyrədərək böyütmüşdü. Hər yay tətilində bu qardaş-bacılar Bakıdan rayona dincəlməyə yox, ata-anaya, ev-eşiyə kömək eləməyə gələrdi. Bunu hər kəs görür və alqışlayırdı. Xəqani müəllimlə Musa Kazımov qardaşları İsmətlə Əlövsət qardaşlarını da bax beləcə - özlərinə oxşatdılar - zəhmətsevərlikdə. Yaylaqda ot biçini zamanları bu ailənin bütövlüyü daim nümunə göstərildi…. Xəqani müəllim yol mühəndisliyini bitirdi. Ailə-uşaq sahibi olanda da özünü ata-ana yanında uşaqdan-uşaq kimi göstərdi. Bu, onun gələcəkdə daha böyük nüfuz sahibi olacağından soraq verirdi. İllər bir-birini qovduqca onun sədaqətli ömür-gün dostu, yoldaşı Gülnaz xanım iki gül balanın – Vüsalla Bənövşəsinin yalnız nəvazişini çəkmirdi, həm də onları ailəyə məxsus xüsusi tərbiyə ilə böyüdürdü. Məhz bunun nəticəsidir ki, hər ikisi də ata-ananın xoşbəxt balaları kimi sevilirlər, öz ailə-uşaqları ilə… Xəqani müəllim yalnız kollektiv rəhbəri deyil, həm də özü sadiq və etibarlı dostdur. İllərdir ki, bu gün çiyin-çiyinə bir təşkilatda Vətənə xidmət göstərdikləri, Dədə Şəmşir ocağının layiqli davamçısı, kəlbəcərlilərinin sevimlisi, Milli Məclisdə Kəlbəcərin deputatı kimi, kəlbəcərlilərinin və ümumiyyətlə, yurd-yuvasından didərgin salınmış məcburi köçkün soydaşlarımızın hüquqlarının bərpası yolunda mühüm addımlar atan, dövlətimizə və dövlət başçımıza sədaqətli xidmətləri ilə seçilən, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qənbər oğlu Qurbanovla dostluqları nümunədir! Bax, dost olanda da belə olasan! Xəqani Kazımov mədəniyyət adamıdır. O, saza-sözə vurğundur (Cavid müəllim kimi). Saz onun sinəsndə “Dilqəmi”də dil açır, “Kərəmi”də odda yanır, “Ruhani“ onu ruha çevirir, “Yurd yeri“ndəki ocaqda od kimi, qor kimi közərir. Xəqani müəllim Allah adamıdır! Əlsiz-ayaqsızlar (əslində, hər kəs, ancaq xəstə, şikəst yox, imkansızlar ona üz tutanda əllərindən tutur, yardım göstərir, yenə də Cavid Qurbanov kimi) daim onun nəzərlərindədir, əli onların üstündə… Xəqani müəllim el-oba canlıdır. Yurdsuz qalmış kəlbəcərlilərini görəndə bağrı yarılır, amma qürurlu olmağı sevir. Hər kəsə də belə olmağı tapşırır! Xəqani Kazımov yaşa dolduqca müdrikləşir, alicənablığı bir az da artır. Səxavət əlinin bərəkəti birə-min artır. Artıqca onun qəlbi bir az da genişlənir. Nəhayət, bu günlər hörmətli ziyalımızla, elimizin və kəndimizin sayılıb-seçilən ziyalısı ilə ömrünün 65-ci fəslində görüşürük. Güman edirəm ki, əvvəlkilərində olduğu kimi, bu dəfə də - 65 illik yubileyini Kəlbəcərdə keçirmək arzusunun qanadlarında boylanıb Kəpəzə, Murovdağa… Qəlbindən nələr keçməyib görəsən?! El-obanın dağdan arana, kəndə enən vaxtlarıdır. Dikyurdun yetim qalan günləri. Ehh! Onsuz da 24 ildir ki, Dikyurd Xəqani müəllimi və başının dəstəsini gözləyir. Bu kiçik yazını - Xəqani Kazımovun 65 illik yubileyinə yazdığım təbrik şeiri ilə sona çatdırmaq istəyir, yubilyarımıza Allahdan cansağlığı, uzun ömür, balalarının və dostlarının yanında daim bax beləcə sayılıb-seçilməsini, bundan sonar da çox sevilməsini arzulayıram: ƏLLİYƏ DAĞLARDA ÇATA BİLƏYDİK (Əməkdar mühəndis Xəqani Kazımovun 65 illiyinə) Ömrün zirvəsinə, Xəqani müəllim, Kaş, o dağlarda çata biləydik. Dərib dağçiçəyin biz qucaq-qucaq, Çəməni çiçəyə qata biləydik, Əlliyə dağlarda çata biləydik. Quraydıq məclisi göy çəmən üstə, Gələydi dost-tanış hey dəstə-dəstə. “Yurd yeri” üstündə, həzin, ahəstə, Bulaq nəğməsinə yata biləydik, Əlliyə dağlarda çata biləydik. Qol götürüb asta-asta süzəydik, Hər çəməndən bircə çiçək üzəydik. Ayaqyalın, başı açıq gəzəydik, Çiçək dənizinə bata biləydik, Əlliyə dağlarda çata biləydik. Dilim yenə yaman yerdə kiridi, Yurd həsrəti min dərdimdən biridi. Çeşmə kimi gözüm nuru əridi, Hardan gəldi bir bu xata biləydik, Əlliyə dağlarda çata biləydik. Çəkəmmədik Göyçəmizin nazını, Çalammadıq Ələsgərin sazını. Məhəmmədə yazdıranda yazını, Kəlbəcər ruhunu tuta biləydik, Əlliyə dağlarda çata biləydik. Məhəmməd NƏRİMANOĞLU


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev