"İnşallah Ənvər Rzanın növbəti yubileyləri Kəlbəcərdə - Dədə Şəmşir yurdunda keçiriləcək"

Hörmətli mərasim iştirakçıları, Sizi Kəlbəcər rayon ictimaiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin çoxsaylı üzvəri və şəxsən öz adımdan salamlayıram!
Babam Ağdabanlı Şair Qurbanın saz-söz çələngi ilə çiçəklənən və atam Aşıq Şəmşirin sənət dünyası ilə zirvələşən Kəlbəcər ədəbi mühiti Azərbaycana bir-birindən gözəl onlarla şair bəxş edib. Həmin sənətkarlar sırasında bənzərsiz ədəbi dili, zəngin obrazlar aləmi, orijinal təfəkkürü ilə seçilən Ənvər Rza yalnız Kəlbəcər ədəbi mühitinin deyil, XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli şairlərindən biridir. İlhamını Kəlbəcərin əsrarəngiz təbiətindən, minillik folklorumuzdan alan Ənvər Rza poeziyası zaman keçdikçə püxtələşmiş, şairin özünəxas üslubu, fərdi intonasiyası formalaşmışdır. Vətənimizin hər hansı guşəsində yaşayıb-yaratmasından asılı olmayaraq Ənvər Rza poeziyasının baş obrazı, şah bəndi hər zaman Kəlbəcər olmuşdur. Öz ilhamından nigaran qalanda doğma yurda üz tutan, doğma yurdla hər görüşündə nə yaxşı görüşdük, nə yaxşı yenə ovqatına köklənən və köksünü şeirlə hörən şair vətənimizin gözəlliklərini, adət-ənənələrini vəsf etmiş, bir-birindən gözəl sənət nümunələri yaratmışdır. Eyni zamanda cəsarətlə söyləmək olar ki, Ənvər Rza özünün obrazlar sistemi, mövzu dairəsi baxımından yalnız Kəlbəcər ədəbi mühitinin, XX əsr Azərbaycan ədəbiyyatının deyil, eyni zamanda XX əsr dünya ədəbiyyatının böyük şairidir.
Bir yaradıcı insan kimi Ənvər Rzanın yaradıclığı çoxşaxəli və rəngarəngdir. Azərbaycanda onu yalnız görkəmli şair kimi deyil, həm də istedadlı tərcüməçi və orijinal təfəkkürlü alim kimi də tanıyır və dəyərləndirirlər. Eyni zamanda Ənvər Rzanın ideal müəllim obrazı da onu tanıyanların qəlbində daim yaşayır. Əminəm ki, Ənvər Rzanın zəngin yaradıcılığı gələcəkdə geniş şəkildə araşdırılacaq, haqqında elmi-tədqiqat əsərləri, monoqrafiyalar yazılacaqdır.
Onu da təəssüf hissi ilə qeyd edirəm ki, Ənvər Rzanın doğulduğu, boya-başa çatdığı və məzarının uyuduğu Kəlbəcər torpağı bu gün işğal altındadır. Amma eyni zamanda hər birimiz ürəkdən inanırıq ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Ənvər Rzanın doğma yurdu Kəlbəcər azad onucaq və görkəmli ədibin növbəti yubileyləri Kəlbəcərdə - Dədə Şəmşir yurdunda keçiriləcəkdir.
Ənvər Rzaya Allahdan rəhmət diləyirəm və inanıram ki, qədirbilən xalqımız onun xatirəsini, zəngin ədəbi-bədii irsini daim yaşadacaqdır.

Dərin hörmət və ehtiramla,
Qənbər Şəmşiroğlu - “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri