Könlüm Kəlbəcərə köçüb yuxuda - Ələmdar Cabbarlının şeirləri



Kalbajar.com tanınmış şair Ələmdar Cabbarlının şeirlərini təqdim edir: SƏNSİZ ÜŞÜDÜM, KƏLBƏCƏR Hara getdim, gözlərimdə Səni daşıdım, Kəlbəcər. Dərdindən tamam qocaldım, Oldum yaşıdın, Kəlbəcər. Gəlmədim – məni dara çək, Adımı üzüqara çək. Orda elə bir nərə çək – Burda eşidim, Kəlbəcər. Nə bir dərdindən halıyam, Nə dərdindən aralıyam... Arsız aşıq misalıyam – Elsiz yaşadım, Kəlbəcər... Bəxtimiz dərd hörgüsündə, Gözümüz vəd mürgüsündə... Bakının bu bürküsündə Sənsiz üşüdüm, Kəlbəcər. DAĞLAR Bircə gün də kövrəlməyə bilmirəm, Ha deyirəm mətin olum, a dağlar. Səndən ayrı mən bəxtəvər, bəxtiyar Çətin olum, çətin olum, a dağlar. Sən anamsan, dərdin alım, anacan Elə dedik, heç qıymadıq sənə can. Qıyma mənə sənsiz qalım sonacan- Qıyma mənə yetim olum, a dağlar. Ta ürəyim tab gətirmir ağrıma Gəlim məni ömürlük bas bağrına. İnsan olmaq ta çıxıbdı axırıma- Gülün olum, otun olum, a dağlar. KÖNLÜM KƏLBƏCƏRƏ KÖÇÜB YUXUDA... Vətən həsrətiylə, yurd həsrətiylə Gözümdən tökülən yaşım göynəyir. O eli, obanı xatırladıqca Yaddaşım od tutur, huşum göynəyir. Qalmışam dünyanın dar qəfəsində Gedib yetişəydim son nəfəsimdə Bahar həvəsində, yaz həvəsində İçimdə köç salan qışım göynəyir. Könlüm Kəlbəcərə köçüb yuxuda Özünə yurd-yuva seçib yuxuda. Dağların suyundan içib yuxuda Səhər dururam ki... dişim göynəyir... DƏRDİM GİRİR YUXUMA Əvəlliylə, axırıyla bir yerdə, Çalasıyla, çuxuruyla bir yerdə, Sürüsüylə, naxırıyla bir yerdə - Aman Allah... kəndim girir yuxuma. Gözəllik var – bir az da get irəli, Qarlı dağlı, sərt yamaclı, dərəli. Baldırğanlı, əvəlikli, zirəli – Bərəm girir, bəndim girir yuxuma Ələmdaram, haqq divanı qurulmur, Bulanıbdı, çeşmələrim durulmur. Gündüz mənlə dolaşmaqdan yorulmur. Dərdə bax ki... dərdim girir yuxuma. DƏYMƏDİM XƏTRİNƏ Sifəti tanışdı, üzü tanışdı, Bu qız zəmanənin öz uşağıdı. Məni görən gündən yalan danışdı, Dedi inanacaq, söz uşağıdı. Üzdü işvə məni, üzdü naz məni, Bu yollarda az gözlətdir, az məni. Dedi kənddən gəlib, anlamaz məni Dərə uşağıdı, düz uşağıdı. Düşündü atmağa nə var ki bunu. Özgəyə satmağa nə var ki, bunu. Dedi aldatmağa nə var ki, bunu – Əyri zəmanənin düz uşağıdı. Bitib yollarında qala bilərdim, Yarı öz günümə sala bilərdim. Mən ondan intiqam ala bilərdim – Dəymədim xətrinə – qız uşağıdı… HƏR GÜN Bu axşam gələcək qonağım-qaram, Bu axşam dərdimin yaşı olacaq. Hamıdıan birinci təbrikə gələn Gözümün bir gilə yaşı olacaq. Biz dərddən tutulan səmayıq, göyük, Sevinci heç yoxdur, kədəri böyük. Mən hardan biləydim yapışdığım yük – Dünyanın ən ağır daşı olcaq. Qaçıb gətirmişəm tək Sənə pənah. Qoyma gora gertsin mənlə bu günah; Hər gün aldadıram anamı, Allah Hər gün deyirəm ki, yaxşı olcaq… SAÇLARINDAN BİR TEL GÖNDƏR Fürsət ver sənə bir şeir Yazım–özümü öldürüm. Saçlarından bir tel göndər– Asım özümü öldürüm. Yox daha könlümün tabı, Bağlandı ömrün kitabı. Bu dünyayla haqq-hesabı– Kəsim özümü öldürüm; Saçlarından bir tel göndər– Asım özümü öldürüm. Arzularım kəm,yarımçıq, Taleyimə qəm qarışıb. İnsanlardan sən qarışıq– Küsüm özümü öldürüm; Saçlarından bir tel göndər– Asım özümü öldürüm. YADIMDAN ÇIXIB Bizi qovuşduran o ilk görüş də, Yersiz inadın da yadımdan çıxıb. Yoxluğun canımı elə dondurub İstin də,odun da yadımdan çıxıb. Gerçəkdin,doğruydun,yoxsa xəyaldın Sən məni nə təhər əlimdən aldın. Bilmirəm zəhərdin,bilmirəm baldın Tamın da,dadın da yadımdan çıxıb. Tanıtma özünü rastına çıxsam Əl atıb qaldırma qəm məni yıxsa. Adını qızıma verərdim yoxsa- Hayıf ki,adın da yadımdan çıxıb. GİLEY Sənnən qurtarmışam, dünya, Heç nəyin gəlmir eynimə. Səndən əl çəkməkdən başqa Bir fikir batmır beynimə. Elə yanımdan keçmisən, Nə saymısan, nə seçmisən. Qəmindən libas biçmisən Mənim bu yalın əynimə. Ha özünü qızıla tut, İlkin beşik... sonun tabut... Dünya, məni bir yolluq ud, Məni bir belə çeynəmə. Bağrımı köz üstə qoydum, Ömrümü söz üstə qoydum. Dərd verdin – göz üstə qoydum, Niyə çıxartdın çiynimə?.. ARZU Ölüm də özünə yem gəzir hər gün – Ölüm də istəyir yavan olmasın. Dünyada hər nə var, cavan olsa da – qəbiristanlıq cavan olmasın. ATƏŞKƏS DÖVRÜNÜN ƏSGƏRİ Atəşkəs dövrünün əsgəri olmaq yazıldı alnıma – Nə qazi olmaq şansım var, Nə şəhid olmaq xoşbəxtliyim... Elini, obasını itirmiş biri üçün atəşkəs dövrünün əsgəri olmaqdan böyük dərd yoxdur, qardaşım. ATA, QƏBİRİSTANLIQ YAMAN BÖYÜYÜB Ata, qəbiristanlıq yaman böyüyüb, Səni dəfn edəndə beş-on məzardı. Ölüm sudan ucuz, amma məzarın Üstündə növbədi, giley-güzardı. Vallah, qayğılarım başımdan aşıb, Sınıq ürəyimi dur bağla görək. Ata, qəbiristanlıq yaman sıxlaşıb, Yanında yerimi bərk saxla görək. Sevincdən qismətim o qədər kəm ki, Kədər çalışır ki, qəsdimdə olsun. Qəbrinin səmtində ev tikmişəm ki, Qoy gözün hər zaman üstümdə olsun. Ata, qəbiristanlıq yaman böyüyüb, Yaman çoxalıblar, qoşun olublar. Allah behişt versin – kənd qonşuların Gəlib şəhərdə də qonşun olublar. Ruhuna yazmışam bu sətirləri, Bir az ağı olsun, şeir olsun bir az. Bir az da ağlayım qəlbim boşalsın, Qoy təzə dərdlərə yer olsun bir az. A DÜNYA Küsüb-barışmaqdan yoruldum daha, Gəl səndən biryolluq küsüm, a dünya. Mən ha çağırsam da kardı qulağın - Boğulur içimdə səsim, a dünya. Qüssə verib - vaxtsız əymə belimi, El içində gödək etmə dilimi. Ətəyinə uzatdığım əlimi - Bəlkə ətəyindən kəsim, a dünya. Yurd seçə bilmirəm başqa bir yeri, Daha nə tab yeri, nə səbir yeri. Versən Kəlbəcərdən bir qəbir yeri - Bəsimdi, bəsimdi, bəsim, a dünya. 

Manera.az

Kalbajar.com olaraq bugün Ələmdar müəllimi doğum günü münasibətilə təbrik edir,yaradıcılıq uğurları arzulayırıq..

#Şairlər #Şeir #ƏlamətdarGünlər

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev