Kəlbəcər deputatının 1992-ci ildə parlamentdəki harayı... - Nədən eşidilmədi?


”Biz Kəlbəcərə kömək eləməliyik!.. Konkret tədbirlər görülməsə, ikinci Xocalı orada da təkrarlana bilər!..”


...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasi idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi. Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır... 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır. (Ali Sovetin 1992-ci il martın 24-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: moderator.az/news/219034.html “Vətəndən, qeyrətdən dəm vuranların əksəriyyəti Kəlbəcərin xəritədə harada yerləşdiyini bilmir...” “...Kəlbəcərdən olan deputat Sahib Əkbərov göstərdi ki, Tərtər-Kəlbəcər yolu ermənilər tərəfindən bağlanmış və rayon blokadaya alınmışdır. “...Erməni blokadasından çıxmaq üçün dəniz səviyyəsindən 3500 metr yüksəklikdə olan Murov dağından müvəqqəti avtomobil yolu açılmalıdır. Üç aydır rayona gələn elektrik xətti erməni yaşayış məntəqələrinin ərazisində darmadağın edilmiş və rayon işıqsız qalmışdır. Fevral ayının 27-də erməni hərbi vertolyotları rayonun səmasına soxularaq rus raketləri ilə radiorele stansiyasını sıradan çıxarmış, nəticədə respublikanın rayon və kəndləri ilə telefon əlaqəsi kəsilmişdir. 30 nəfərdən çox kəlbəcərli erməni gülləsi ilə qətlə yetirilmiş, yüzlərlə adam güllə yarası almışdır. Ermənistan Respublikası tərəfindən hava sərhədlərimiz hər gün pozulur. Rayon ərazisi üzərində gündə 10-15 düşmən vertolyotu erməni separatçıları üçün əsgəri qüvvə, döyüş sursatı daşıyır. Lakin mən başa düşə bilmirəm, niyə bizim əlaqədar nazirliklərimiz, ilk növbədə sərhədlərin mühafizəsi komitəsi, müdafiə naziri bunların qarşısının alınması üçün qəti tədbirlər görmürlər?!.. Axı gözümüz qarşısında düşmən qüvvələrinin Qarabağda möhkəmlənməsinə, kəndlərimizin, şəhərlərimizin dağıdılmasına və minlərlə günahsız, dinc insanın qanının tökülməsinə şərait yaradılır!.. Ali Sovet 9 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında” Qanununu qəbul etdi. Qanunun qəbul edildiyi vaxtdan xeyli müddət keçsə də, sərhəd hissələri və bölmələri təşkil olunmamışdır. Mən buraya gələrkən Ağdərə rayonunun Narınclar və Çərəkdar kəndlərinin camaatı ilə görüşdüm. Həqiqətən orada vəziyyət olduqca gərgindir. Narınclar kəndindən arvad-uşaq çıxarılmış, orada ancaq kişilər qalmışdır. Həqiqətən Narınclar və Çərəkdar kəndi, demək olar ki, ağır vəziyyətdədir. Onlara təcili kömək olunmalıdır!.. Bu gün qeyrətdən, vətəndən dəm vuranların əksəriyyəti, mən üzr istəyirəm bu ifadəyə görə, bəlkə də xəritədə Kəlbəcərin harada yerləşdiyini bilmir. Biz Kəlbəcərə kömək eləməliyik, sərhədlərin möhkəmləndirilməsi üçün vaxtında konkret tədbirlər görülməsə, cəsarətlə deyirəm, ikinci Xocalı faciəsi orada da təkrarlana bilər...” P.S. Sahib Əkbərovun Ali Sovetdəki bu çıxışından cəmi iki həftə sonra Kəlbəcərin Ağdaban kəndinin 100-dən çox sakini erməni terrorçu dəstələrinin vəhşi qətliamına məruz qaldı... Bir il sonra isə Kəlbəcər rayonu bütövlükdə işğal edildi... (Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 109-110) (Davamı var)

Moderator.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev