''Kəlbəcər mühasirə illərində'' Mirvari Verdiyeva yazır


Kəlbəcər uğrunda şəhid olanları yuyub kəfənə bükmək üçün dözümlü ürək sahibi olmaq lazım idi...Bu da mənim qismətimə yazılmışdı...


“Kəlbəcər mühasirə illərində” kitabımı yazarkən, Kəlbəcərdə fədəkarlıqla çalışan bir şəxsin də haqqında yazmağı özümə borc bilirdim. Bu səbəbdən də Yahya Mehdiyevin ünvanını soraqlayıb tapdım. Bakıda məskunlaşmışdı. Lakin mən görüşünə gedəndə, Yahya dayı evdə yox idi. Ünvanımı qoyub, geri döndüm. Bir müddət keçdi və bir gün qapımız döyüldü... Yahya dayını qarşılayıb içəri dəvət etdim. Onu nə üçün axtarmağımın səbəbini söylədim: -Yahya dayı, sizin üçün xatırlamağın nə qədər çətin və ağrılı olduğunu bilirəm. Lakin sizin əziyyətlərinizi qələmə almamaq mənim tərəfimdən günah olardı. İcazə ver, birlikdə ötən illərə qayıdaq. O illərə ki, Azərbaycanın müxtəlif guşələrindən Kəlbəcərin müdafiəsinə tələsən, lakin evinə qara tabutda dönən o igidlərlə son dəfə siz vidalaşmısınız. Gəlin birlikdə o vida gününüzü xatırlayaq...Siz o cəsur, igid gənclərlə necə vidalaşırdınız? Nə qədər igid yola saldınız? Siz də Mirzəli kimi oğul itirmisiniz. Ata qəlbiniz necə dözürdü?... Yahya dayı hüzünlü baxışlarla üzümə baxdı...Gözləri dolmuşdu. Danışdıqca səsi titrəyirdi: -İlk dəfə şəhərə çıxıb sərhədlərdən gələn xəbərləri öyrənmək istəyirdim ki, eşitdim şəhidlər gətirilib. Onları yuyub kəfənə büküb tabuta qoymaq və öz rayonlarına yola salmaq lazım idi. Bu çətin və ürək ağrıdan işi heç kəs cəsarət edib üzərinə götürmək istəmirdi. Sanki daxilimdən bir qüvvə məni irəli itələdi və o gündən bu ürək ağrıdan, çətin, məsuliyyətli yükün ağrlığını çiyinlərimə götürdüm...Şəhidləri yuduqca, göz yaşlarıma hakim ola bilmirdim. Adətən:-Kişilər ağlamaz!-deyirlər. Lakin qızım, mən kişi olsam da, ata ürəyim gənc yaşlarında ömrünə nöqtə qoyulan bu igidləri səssiz yola sala bilmirdi. Qadın kimi səslə ağlayırdım. Bayatı, ağı deyə-deyə. Əllərimlə yaralarına sığal çəkə-çəkə... Şəhidlərimizin dərdi məni şairə döndərmişdi... Bəzən də onlarla xəyalən həmsöhbət olurdum... 

Eləmi tikə-tikə... Kəs bağrım tikə-tikə. Dayı, məni az ağla, Kəfənim tikə-tikə. Ağaclar yarpaq olar, Gül açar, yarpaq olar. Qıyma Yarəb, igidə! Cürüyər, torpaq olar. Eləmi, yazdı yerdə, Gül açıb, yazdı yerdə. Belə igid oğullar, Ölürlər tozlu yerdə. Dayı, sorma kiməm mən, Neyləyirsən kiməm mən. Gəldim sizə havadar, Kim bilir ki, kiməm mən. Mən aşiq tutulubdu, Göydə gün tutulubdu. Şəhid ağlayan gözlər, Kor olub, tutulubdu. Dağ dumana bükülüb, Qönçə tülə bükülüb. Şəhid dərdi çəkməkdən, Şux qamətim bükülüb...

-Yahya dayı, şəhidlərin hamısını bala qədər sevdiyini anlayıram. Amma o şəhidlərin içində eləsi varmı ki, heç vaxtı unutda bilmirsən? -Eh ay qızım...Gəl ata ürəyimin qaysaqlaya bilməyən yaralarını qanatma... Yuyub, kəfənə bükdüyüm iki şəhidin surəti gözlərimin önündən heç getmir... Biri Levdən 25 yaşında bir igid idi... Ağdabanda şəhid olmuşdu. Kəfənə bükmək istəyəndə bir anlıq gözlərim üzünə sataşdı və əlimi saxlayıb bu yaraşıqlı oğlana baxdım. Qara telləri sürüşüb gözünün üstünə tökülmüşdü...O anda sinəmdən bir el bayatısı qopdu:

Tellərin dəstə imiş, Gözünün üstə imiş. Səni yaradan Xaliq, Nə kamil usta imiş...

Bir zabit ermənilərlə təkbətək döyüşdə 20-yə qədər düşməni öldürmüşdü. Son gülləsini özünə saxlamışdı. Bu zaman qarşıdan gələn erməni komandirini görür və özünə saxladığı sonuncu gülləni 2-3 addımlığında dayanıb ona baxan düşmən komandirinin sinəsinə sıxmışdı... Ermənilər zabitin sağ qolunu diri-diri kəsmişdilər. Qanı axıb ölənə qədər ona tamaşa edib, sonra cəsədini orda qoyub getmişdilər. Zabit sürünüb arxadakı yarğana söykənmişdi. Cəsədini bir aydan sonra tapıb gətirmişdilər. Mən qolunu bədənə tikib səsizcə yudum. Çalışırdım ki, başımı qatım, işimi tez qurtarım. Çünki ürəyim dözmürdü...Amma yox, ata qəlbim fələklərə ün salan üsyan edirdi...

Mən aşıqəm yarğana... Yar oxuya, yar qana. Söykəyə girənim yox, Söykənmişəm yarğana...

-Beləcə, nə az, nə çox Kəlbəcərə havadar gələn igid oğullardan 388-ni qara tabutda ailələrinə göndərdim...Kaş mənim də oğlumun tabutu əlimə çataydı, gözlərim itkin yollarından yığılaydı... Yahya dayı danışırdı...Mən dərddən beli bükülmüş bu dağlar oğluna baxıb düşünürdüm...Yahya dayı əsil qəhrəman idi...Azərbaycanın qəhrəman kişisi... Mirvari Verdiyeva ADPU-nun dosenti, fəsləfə doktoru


11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev