Kəlbəcər vurğunu, Yanşaq sevdalısı, el ağsaqqalı...



UNUDULMAZ TƏHMƏZ CƏFƏROVUN ƏZİZ XATİRƏSİNƏ

"Sən burda qəribsən, yurd orda qərib".

Hüseyn Arif

Bilirdim ki, Təhməz müəllim haqqında yazmaq mənim üçün çətin olmayacaq, axı heç nə yadımdan çıxmayıb, onun siması, uca qaməti, əsl dağ adamına xas olan boy-buxunu, yaraşığı gözlərimin önündən getməyib.

Tay-tuşları arasında öz boy-buxunu, qüvvətli, cüssəli görkəmi ilə seçilirdi. Onun uca qaməti, işıqlı gözləri, iti baxışı, şux yerişi, nurlu siması hamını məftun edir, hər kəsin diqqətini özünə çəkirdi. Kəlbəcərdə doğulan, böyüyən hər kəs üçün doğma, əziz olan bu adamı necə unutmaq olar?Təhməz müəllim kimi şəxsiyyət haqqında eşitdiyimi, bildiyimi, gördüyümü yazmağı özümə mənəvi borc bilirəm. Kəlbəcərin ən sanballı adamlarından, el ağsaqqallarından olan, Kəlbəcərin həyatında müstəsna rol oynayan Təhməz müəllim barədə söz demək mənim üçün həm məsuliyyətli, həm də şərəflidir.

Təhməz Cəfərov uzun illər Kəlbəcərdə yüksək, məsul vəzifələrdə çalışmış, Kəlbəcər rayon partiya komitəsinin ikinci katibi olmuş, böyük və şərəfli həyat yolu keçmişdi. Onu hər yerdə Cəfərov Təhməz kimi tanıyırdılar. Təhməz Cəfərovun adı çəkiləndə həmişə danışırdılar ki, hansı məsələdən söhbət gedirsə getsin, Təhməz müəllimin söykənəcəyi yalnız haqq, ədalət, düzgünlük, dürüstlük olub. Elə buna görə də camaatımız arasında böyük hörməti vardı. Öz bacarığı, savadı və qabiliyyətiylə cəmiyyətdə özünə yaxşı mövqe qazanıb, camaatımız arasında böyük nüfuz, hörmət sahibi olub. Elə gənc yaşlarından insanlara xoş münasibəti, səmimi rəftarı ilə seçilirdi. Fəallığına, işgüzarlığına görə onu Kəlbəcər rayon partiya komitəsində işə dəvət etdilər. Neçə adamdan eşitmişəm ki, ikinci katib olduğu vaxtlar büro iclaslarında ədalətsiz bir qərara qol qoymadı, belə qərarlara etiraz elədi. Yaxşı bilirdi ki, o qərarlar onun doğma camaatının əleyhinə olar. Çünki o özü bu camaatın içindən çıxmışdı, bütün varlığıyla doğma Kəlbəcərə, kəlbəcərlilərə bağlı idi.

Mən Təhməz müəllimi Kəlbəcərdə orta məktəbdə oxuyandan tanısam da, onu ilk dəfə yaxından 70-ci illərin ortalarında Bakıda gördüm. Xalam oğlu Ariflə yaxın dostluqları var idi. Eyni vaxtda Bakıda ali təhsil almışdılar, bir həmyerli kimi də yaxın idilər. O vaxt Arif bizi tanış elədi. Həmin illərdə Təhməz müəllim Kəlbəcər rayon partiya komitəsinin ikinci katibi idi. Xalam oğlu Arif isə Bakıda o vaxtkı "26-lar" rayonunda sahə müvəkkili işləyirdi. İş yeri Xaqani küçəsiylə Qoqol küçəsinin kəsişdiyi tində idi. Mən də M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alırdım, tez-tez Arifin yanına gəlirdim. Mən bu dağcüssəli, az qala iki metr boyu olan adamları görəndə öz-özümə: "Əsl kişi belə olar",- deyirdim. Özümün 1 metr 75 santimetr boyum olsa da, mənə elə gəlirdi, Ariflə Təhməz müəllimin yanında mənim kimiləri çox cılız görünür, odur ki, onlara altdan yuxarı baxırdım. Mən dəfələrlə onların elimizlə, obamızla bağlı duzlu-məzəli söhbətlərini dinləmişəm.


Təhməz müəllim Yanşaq kəndində doğulmuşdu.Yanşaq kəndi Kəlbəcər rayonunun ən füsunkar, ən gözəl təbiətə malik məşhur kəndlərindəndir. Kəndin bir yanı meşə, bir yanı dağlarla əhatə olunub. Olduqca gözəl mənzərəli, öz füsunkarlığı ilə hamını heyran qoyan bir kənd idi. Hər kimKəlbəcərdə olubsa, təsdiq edə bilər ki, Murovdağın ətəyində yerləşən Yanşaq kəndi Kəlbəcərin gözəlliyinin misilsiz parçasıydı. Yanşaq sözünün bir mənası aşıq deməkdir. Bəlkə elə bu kənd bədahətən şeir deyən, sinədəftər aşıqlar-şairlər diyarı olduğundandı. Mərhum sevimli şairimiz Məmməd Aslan da əmək fəaliyyətinə Yanşaq kəndində başlayıb, şübhəsiz, bu kəndin gözəlliyi də şairin yaradıcılığına təsir edib. Aşıq Ələsgər də uzun müddət Yanşaq kəndində yaşamış, orada ailə qurmuşdu. Aşıq Qurban, Aşıq Şəmşir kimi sənətkarlar bu kənddə neçə-neçə məclis qurub, dastan söyləyiblər. Bu kəndin tanınmış ziyalıları, şairləri, iş adamları var.

Onu da deyim ki, Cəfərovlar nəsli Kəlbəcərdə yaxşı tanınan, seçilən nəsildir. Təhməz müəllimin atası İlyas kişi (camaatımız ona Ellaz kişi deyərdi) Yanşaq kəndinin nüfuzlu adamlarından idi. İlyas kişi ilə onun vəfalısı Xatın nənə 100 iləcən xoşbəxt ömür sürmüşdü. Təhməz müəllim məhz belə bir ailədə doğulub, böyümüşdü.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Həmin qurultaya Rusiyadan 4 nəfər kəlbəcərli - Yusif Əmiraslanov, Sərdar Abdullayev, Fazil Hacıyev və mən nümayəndə seçilmişdik. Bakıda, Binə hava limanında bizi qarşıladılar.Qarşılayanlardan biri də Təhməz müəllim idi. O, Sərdarın qurultaya gələcəyini bilib, bacısı oğlunu qarşılamağa özü gəlmişdi.

Bir neçə il əvvəl Sərdar müəllimin atası Süleyman kişinin dünyasını dəyişməsi xəbərini alıb Bakıya gəldim.

Yas mərasimində Təhməz müəllimlə, yaxın qohumum Elman müəllimlə, elimizin-obamızın insanlarıyla, doğma camaatımızla görüşdüm. Təhməz müəllim üzdən gümrah görünsə də, qəlbində Kəlbəcərin dağları boyda dərd daşıdığı hiss olunurdu. Xeyli söhbət elədik. O isə sözü hey hərləyib-fırlayıb gətirirdi Kəlbəcərin üstünə.

Təhməz müəllim deyirdi ki, kəlbəcərlilər Kəlbəcərə kəlbəcərli kimi qayıtmalıdırlar. Ona görə də kəlbəcərlilərə öz övladlarını Kəlbəcər ruhunda tərbiyələndirməyi tövsiyə edirdi. Kəlbəcərsiz böyüyən insanların kəlbəcər ləhcəsiylə danışmamağını da qəbul etmirdi. Təhməz müəllim deyirdi ki, kəlbəcərlilərə məxsus olan nə varsa qoruyub, saxlamaq lazımdı: "Bizim camaat qoçaq camaatdır, zəhmətkeşdir, çörəyini daşdan çıxarar, özünə dolanışıq, gün-güzaran düzəldər, təki torpaqlarımız azad olsun. Güclü dövlətimiz var və dövlətimiz öz qayğısını vətəndaşlarından əsirgəməyəcək, talan edilmiş yurdlarımız bərpa olunacaq, insanlarımız öz doğma ocağına dönəcəklər, yenə də təsərrüfatla məşğul olacaqlar. Ancaq kəlbəcərliliyimiz itirilsə, sonra çox çətin olacaq. Ona görə də torpaqlarımız mənfur işğalçılardan azad olunanda oraya məhz kəlbəcərli kimi qayıtmaq əsas şərtdir.Bu da əxlaqca təmizlik, mənəviyyatca zənginlik, doğma yurda bağlılıq deməkdir".

O söhbətdən də gördüm ki, Təhməz müəllimin, Kəlbəcərə, doğulub boya-başa çatdığı Yanşaq kəndinə qayıtmaqdan böyük arzusu-istəyi yoxdur.

Xatırlayıram ki, 2011-ci il dekabrın 10-da Moskvadakı "Millətlər Evi"ndə Azərbaycanın Xalq yazıçısı, görkəmli dövlət adamı və ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr edilmiş gecə keçirildi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, yazıçının qızı, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru Solmaz İbrahimova da o tədbirdə iştirak edirdilər. Mən həmin tədbirdə əsas təşkilatçı kimi çıxışımda M. İbrahimovla bağlı xatirələrimi bölüşdüm, onun Kəlbəcərə birinci səfərindən söz açdım, Yanşaq kəndindən Cəfərovlar ailəsiylə, İlyas kişiylə dostluğundan danışdım. Solmaz xanım tədbirdə həmin günləri yaxşı xatırladığını dedi: "Atam bizi Göygöldə qoyub Kəlbəcərə getdi. Atamın at üstündə qayıtdığı və bizim onu sevincdən qışqıra-qışqıra qarşıladığımız o gün indi də gözlərimin önündədir!"

Mən Bakıda institutda oxuduğum illərdə hərdən Mirzə İbrahimovla görüşürdüm. Onun Xaqani küçəsindəki evinə gedirdim. Məni "Nəsib bala" - çağırardı. Bir dəfə o mənə ilk dəfə Murov yoluyla at belində Kəlbəcərə getdiyini danışdı. Deyirdi ki, Nəsib bala, mən Azərbaycanın böyüklüyünü ilk dəfə Murovun zirvəsində gördüm.

Mirzə İbrahimov 1954-cü ildə Respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçiləndən sonra ilk dəfə Kəlbəcərə gəlib, Yanşaq kəndində camaatla görüşmüşdü. Ömrünün sonuna kimi kəlbəcərlilərə olan hörmətindən ürək dolusu danışar, bu camaatın sadiqliyindən, mərdliyindən, qeyri-adiliyindən söz salardı.

Yanşaq kəndinin ağsaqqallarından İlyas kişiylə dostluğundan ürəkdolusu danışardı. O vaxt Kəlbəcərdə I katib işləyən Səfər Verdiyevlə də, xalam oğlu Ariflə də yaxın münasibətləri vardı.

Mirzə İbrahimov Kəlbəcərdən qayıdanda yanşaqlılar onu tək buraxmamışdılar. Bir neçə bələdçiylə dağ yolu ilə Göygölə yola salmışdılar. İlyas kişi də inad göstərmiş, hörmətli qonağı özü yola salacağını demişdi.

Yanşaq kəndinin sakinləri onunla mübahisəyə girməkdən çəkinərdilər, özünəməxsus hökmündən ehtiyat edərdilər.

Murovun ətəklərində sıldırım qayalıqların yanında bir dar cığırlara keçərkən, İlyas kişi atını saxlayıb, yoldaşlarına uzaqdakı bir qayalığı göstərib və "Onu görürsünüzmü" - deyə soruşub. Onlar heç nə görmədiklərini deyiblər. İlyas kişi anda tüfəngini qaldıraraq bir güllə atıb. Sonra tüfəngi yerə qoyaraq deyib ki, bir az gözləyin, gəlirəm. Çox keçmədən, çiynində bir gülləyə vurduğu dağ keçisiylə qayıdıb. M. İbrahimov: "İlyas kişi, nahaq vurdun bunu", - deyib. İlyas kişi isə cavabında: "Ay Mirzə müəllim, mən sizin kimi hörmətli qonağı bu dağlardan əliboş yola sala bilmərəm", - söyləyib.

M. İbrahimov dağ camaatının vurğunuydu və bilirdi ki, təbiətin sərtliyi istər-istəməz dağ adamlarında qoçaqlıq, igidlik kimi xüsusiyyətlər formalaşdırır. Dağ adamları insanlarla çox mülayim danışa bilməzlər. Həmişə təmiz, səmimi danışırlar, nə fikirləşirlər, onu deyirlər, dildə bir söz deyib ürəkdə başqa niyyət tutmurlar. Kəlbəcərlilər də düşünürdülər ki, dağlarda, hündür yerlərdə yaşamaq onlara Allahın verdiyi bir qismətdir, onları özünə daha yaxın bilərək bu diyarda yerləşdirib.

1988-ci ildə Kəlbəcərin Ağdərədən keçən yeganə yolunu ermənilər bağlamışdılar. Bu yolda çox hadisələr baş verir, günahsız insanlarımız tələf olurdular. Kəlbəcərliləri xilas etmək, gediş-gəlişin təhlükəsizliyi üçün başqa bir yol çəkilməliydi. Murov dağlarını piyada aşmaq heç də asan deyildi. Bu dağ Azərbaycanın ən uca, başı buludlara çatan və hər zaman qarla örtülü, yüksəkliyindən baxanda ətəyi görünməyən əzəmətli dağlarındandır. Kəlbəcərlilərin başqa çıxış yolu yox idi. O vaxt Təhməz Cəfərov, çətin də olsa, Murovdan Gəncəbasara yeni bir yol çəkilməsi üçün əlindən gələni əsirgəmədi. Kəlbəcər-Xanlar yolu çəkildi. Yaxşı ki, o yolu çəkdilər, yoxsa 1992-1993-cü illərdə Laçın və Kəlbəcər əhalisinin böyük qisminin oradan sağ-salamat çıxması mümkün olmazdı. Həmin günlərdə Təhməz müəllim Kəlbəcərdən mülki əhalinin sağ-salamat çıxarılması üçün əlindən gələni elədi. Kəlbəcərlilərin ağır günlərində onlara dayaq oldu, öz taleyini həmyerlilərinin taleyindən ayırmadı.


Kəlbəcərin işğalından sonra Təhməz müəllim Göygöl rayonunda məskunlaşmışdı. Onda şəkər xəstəliyi vardı.

Bir-iki ilin söhbətidir, eşitdim ki, Təhməz müəllim bərk xəstələnib, cib telefonuna zəng etdim. Zəngimə çox sevindi, doyunca söhbət elədik. Şəkərin ona möhkəm əziyyət verdiyini dedi. Mənim əlimdən isə təsəlli verməkdən başqa bir şey gəlmirdi. 2015-ci il martın 14-də Sərdar müəllim zəng eləyib mənə dedi ki, dayım rəhmətə getdi. Mən dərin hüzn içində ona başsağlığı verdim və bu misralar da elə o hüzndən yarandı:

Ürək ağrısıyla açdın səhəri,

Haqq dedin, haqqından dönmədin geri.

Qəlbində yurd saldı elin qəhəri,

Arzunu aləmə yayıb getmisən!

Qaçdı dodağından məzə, bilmədin,

Vətəndə yer tapıb gəzə bilmədin,

Dağlar həsrətinə dözə bilmədin,

Dağların dərdini duyub getmisən!

Düşmənin qurduğu sədlər çapılmır,

Şeytan qəlblilərin suçu tapılmır,

Kələflər dolaşıb, ucu tapılmır,

Min cürə yalandan doyub getmisən!

Zirvədə yaşayan enməz aşağı,

Zirvə yaraşığı, dağ yaraşığı,

Söndü könlündəki ümid işığı,

Vallah, qəlbimizi oyub getmisən!

Əbədi lampası, göydəki ayı,

Ucalıq - Allahın verdiyi payı,

Axı nəyi deyim, ay Təhməz dayı,

Bizi dərd içində qoyub getmisən!

Bilirəm, Təhməz müəllim, bilirəm ki, sənin narahat ruhun Murovun o üzünü qayğılı-qayğılı dolanmaqdadır. İnanıram ki, yalnız torpaqlarımız, Kəlbəcərimiz, doğma Yanşağımız azad olunandan sonra sənin o qərarsız ruhun rahatlıq tapacaq və inanırıq, ümid edirik ki, o möhtəşəm günə çox qalmayıb.

Nəsib NƏBİOĞLU

525-ci qəzet.- 2015


40 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev